Jurnalist sənətkarlığı məsələlərinə çağdaş elmi- təcrübi baxış Yeni kitablar

Cəmiyyətdə ictimai fikrin formalaşmasında mətbuatın artan rolu jurnalistlərin peşəkarlığı, intellekti, əxlaqi saflığı, vətəndaşlıq məsuliyyəti kimi amillərlə təmin olunur. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Alxan Bayramoğlunun “Elm və təhsil” nəşriyyatında yenicə çapdan çıxan “Jurnalist sənətkarlığı” kitabında medianın bu aktual nəzəri və təcrübi məsələləri ətraflı şərh edilmiş, bu yöndə jurnalistlərin üzərinə düşən vəzifələrin dəyəri, əhəmiyyəti göstərilmiş, onların yerinə yetirilməsinin vasitə və yolları barədə faktların köməyi ilə söhbət açılmışdır.

Tədqiqatçı jurnalist Alxan Bayramoğlu 20 il mətbuatda çalışmış, “Elm” qəzetinin ictimai müxbiri, “Respublika” qəzetinin müxbiri, sonra şöbə müdiri olmuş, “Təhsil ocağı” jurnalını təsis etmişdir. O, mətbuat tarixinə və publisistikaya dair elmi araşdırmalar da aparmış, mətbuatşünaslığa dair onlarca elmi məqalə və beş kitab çap etdirmişdir. Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru kimi 10 ildən artıqdır ki, həm bakalavr, həm də magistr pilləsi üzrə dərs deyir. Beləliklə, onun fəaliyyətində elmi araşdırma, nəzəri təhlil və təcrübə ilə pedaqoji fəaliyyət bir-birini tamamlayır. “Jurnalist sənətkarlığı” kitabı da həmin cəhətlərin sintezi kimi ortaya çıxdığı üçün özündə nəzəriyyə ilə təcrübə və elmi-metodiki tədrisi birləşdirir.

Kitabın başlanğıcında göstərildiyi kimi, milli-əxlaqi dəyərlərin və dövlətçiliyin qorunaraq möhkəmləndirilməsində humanitar düşüncənin, o cümlədən jurnalistikanın rolu böyükdür. Həmin böyük və vacib “vəzifələrin vətəndaşlıq məsuliyyəti və peşəkarlıqla yerinə yetirilməsi üçün jurnalistlərimiz dərin elmi-nəzəri biliyə, geniş dünyagörüşə, ayıq siyasi və hüquqi düşüncəyə, sağlam vətəndaş mövqeyinə, mənəvi- əxlaqi dəyərlərə, milli və dövlətçilik sevgisi ilə süslənmiş təəssübkeşliyə, taktiki vərdişlərə, iradi möhkəmliyə əsaslanan mübarizliyə və s. keyfiyyətlərə malik olmalı, bütün bu əsaslar üzərində yetişdirilməlidirlər.” Müəllifin əsas qayəsi göstərilən keyfiyyətləri özündə birləşdirə bilən jurnalist kadrların yetişdirilməsinə xidmət etməkdir.

A. Bayramoğlu bu kitabında bəzi anlayışlara aydınlıq gətirməyi, jurnalistin malik olduğu keyfiyyətləri, onların mövzu seçimindən tutmuş material axtarışları, faktların çeşidlənməsi, məqalə və ya xəbərin hazırlanması zamanı istifadə edilən hər bir yazı qaydasının xüsusiyyətlərini və s.izah etməyi qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. O, publisistika və publisistika sənətkarlığı məfhumları ilə jurnalistika və jurnalist sənətkarlığı məfhumlarının bir-biri ilə qarışıq salınmasının düzgün olmadığını bildirir və öz fikrini inandırıcı şəkildə izah edir: “ Publisistika jurnalistikanın hazırlayıb ortaya çıxartdığı və artıq emala hazır etdiyi mətndir. Eyni zamanda, bədii-publisistik janrdır. Publisistika sənətkarlığı da bu hazır mətnin ideya-estetik xüsusiyyətlərini, onun uğurlu və kəsir cəhətlərini müəyyənləşdirməklə məşğul olur”.

Müəllif daha sonra göstərir ki, jurnalistika sənətkarlığı fənni jurnalistin həmin hazır mətnə qədər gördüyü mürəkkəb, maneələrlə dolu ağır və eyni zamanda, maraqlı və romantik zəhmətinin xüsusiyyətlərini, xarakterik cəhətlərini, qarşıda duran çoxnövlü vəzifələrin yerinə yetirilməsi yollarını və prinsiplərini öyrənir. Daha doğrusu, əgər belə demək mümkünsə, jurnalist sənətkarlığı fənni jurnalistin publisistik (və ya xəbər və s.) mətni meydana çıxarana, yazı masasının arxasından durana qədər gördüyü və görməli olduğu texniki və təşkilati işlərin, mürəkkəb texnoloji gedişlərin reallaşdırılması proseslərini və onların prinsip və üsullarını öyrədir. Bütün bunlar əsl jurnalist peşəsinə yiyələnməyin elmi-texniki, təşkilati, hüquqi və sosial-psixoloji yolları haqda bir təlim rolunda çıxış edir.

A.Bayramoğlu jurnalistin intellektual səviyyəsinin, onun bilik və bacarığının, peşəkarlığının yüksək olmasının vacibliyini, müxbirin öhdəsinə götürdüyü işin həm dövlətçilik, həm də milli maraqlar baxımından yüksək əhəmiyyəti ilə izah edir. Ona görə də alim jurnalistin vətəndaşlıq borcu və məsuliyyəti məsələlərinin izahını önə çəkir. Kitabda göstərildiyi kimi, əgər jurnalist intellekti dedikdə malik olduğu bilik, əxlaq, mənəviyyat və bütün bu sistemin gündəlik fəaliyyətdə ifadə imkanları başa düşülürsə, onun sosial vətəndaşlıq məsuliyyəti öhdəsinə düşən vəzifələri milli və dövləti təəssüb hissi, vətənpərvərlik duyğusu ilə bütün fəaliyyəti boyu doğrultmaqdan ibarətdir. Bu baxımdan jurnalist, sözün geniş mənasında, əsl vətəndaşdır.

Qeyd etdiyimiz kimi, kitabda jurnalistin mövzu seçimi, material toplaması, onun yazıya çevrilməsi prosesləri və s. haqda ətraflı izahat verilmişdir. Həmin yazı qaydalarından tərsinə çevrilmiş piramida, normal piramida, düzbucaqlı yazı qaydaları, onların tətbiqinin yeri, forma və üsulları, həmçinin yazının yenidən işlənməsi, zəncir metodu, abzas qarmağı, ceviz abzas və sair metod və üsullar, onların tətbiqi qaydaları, məqamı, yeri haqda ətraflı məlumat verilir. Jurnalistin yazı yazması, həmin yazının kamil sənət nümunəsinə çevrilməsi prosesi memarlıq və heykəltaraşlıqla müqayisə edilir. Göstərilir ki, hər hansı jurnalist mətni bir abidəyə – söz abidəsinə bənzədiyi üçün onun bütün məna, məzmun və şəkil simmetriyasının harmoniyası göz oxşamalıdır. Daha doğrusu, jurnalist buna nail olmaqla oxucunu əldə saxlamağı, onun sayını artırmağı bacarmış və öz uğurunu təmin etmiş olur. Buraya jurnalistin daim axtarışda olması, öz üzərində işləməsi, redaksiyada həm daimi, həm də gündəlik tematik tapşırıqla çalışmasından asılı olmayaraq, yaradıcılıq axtarışında olması, fərdi jurnalist imicini formalaşdırması və s. də daxildir.

Bildiyimiz kimi, jurnalist fəaliyyəti daim insanlarla ünsiyyətlə bağlıdır. Bu adamlar müxtəlif əxlaqa, peşə və davranış xüsusiyyətlərinə malikdirlər. Onlarla müxtəlif səbəblərlə, məqsədlərlə qurulmalı olan hər bir ünsiyyətin öz mürəkkəblikləri var. Buna görə də professor Alxan Bayramoğlu ünsiyyətin bəzi psixoloji məqamlarına da toxunur. Bu zaman o, verbal nitq və qeyri-verbal nitq, ilkin ünsiyyət, əlverişli məqamın seçilməsi iltifatlı, qılıqlı atmosferin yaradılması, etibarlığın qorunub saxlanılması, fərdi marağın və peşə psixologiyasının nəzərə alınması və s. bu kimi məsələlərə aydınlıq gətirir. Fikrinin inandırıcılığını təmin etmək üçün tədqiqatçı yeri gəldikcə həm elmi-nəzəri ədəbiyyata, həm də həyati fakt və hadisələrə bacarıqla istinad edir.

Fotojurnalistika da “Jurnalist sənətkarlığı”ndan kənarda qalmayıb. Müəllif fotojurnalistika ilə radio və telejurnalistikanın oxşar və fərqli, özünəməxsus cəhətlərinə diqqət yetirir, onlara aydınlıq gətirdikdən sonra fotojurnalistikanın xüsusi və mühüm bir sahə olduğunu, onun “dil səddi tanımadığını” bildirir. O, fotoların çəkilməsinə, onların səhifədə yerləşdirilməsi məsələlərinə, bu zaman nəzərə alınması vacib cəhətlərə, o cümlədən şəkilaltı sözlərə diqqəti cəlb edir.

Qəzet səhifələrini mağazanın, marketin vitrininə bənzədən Alxan Bayramoğlu maketin tutulması məsələlərindən, hər səhifə və rubrikaya uyğun material seçlməsi məharətindən, tematik səhifələrdən, materialın həcminə uyğun şaquli və ya üfiqi yerləşdirilməsindən, başlıq və ya mətnə aid şiriftlərin seçilməsindən və s. mövzulardan peşəkarlıqla söhbət açır. Bu zaman o, mətbuat orqanının adı, onun sifəti (çöhrəsi), rəngi, onların ifadə etdiyi məna, bütün bunların dəyişməz qalmasının zəruriliyi və ya dəyişdirilməsinin doğurduğu qaçılmaz problemləri də izah edir.

Jurnalistikanın funksiyaları, onun bütöv bir istehsalat sahəsinin tərkib hissəsi olması, KİV-in təsisi, təşkili və kadr toplanması, jurnalistikanın bazar qayğıları, digər fəaliyyət sahələri ilə əlaqələri və s. məsələlər kitabda yerli-yataqlı və aydın bir dillə izah edilmişdir.

Yeni nəşrin hər bir mətninin əvvəlində onun planı, sonunda isə istifadə edilmiş ədəbiyyatın adı və konkret səhifəsi göstərilmişdir. Bu da vəsaitə elmi və təcrübi bir aydınlıq, etibarlıq gətirir. Sonda isə ümumi ədəbiyyat siyahısı verilmişdir.

Bütövlükdə, “Jurnalist sənətkarlığı” kitabı özündə nəzəriyyə ilə təcrübəni birləşdirən gərəkli bir əsərdir. İnanırıq ki, jurnalistikanın sənətkarlıq məsələlərinə yeni baxışı əks etdirən bu kitab media dairələrində maraqla qarşılanacaq, jurnalistlərin təcrübi fəaliyyəti ücün faydalı olacaq.

Tahir AYDINOĞLU,
Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında