“Təhsil millətin gələcəyidir” - illər ötür, zaman dəyişir, ancaq Azərbaycan dövlətinin qurucusu, ümummilli lideri Heydər Əliyevin böyük müdrikliklə dediyi bu sözlər öz məna və mahiyyətini daha da artırır, biz təhsil işçilərinin məsuliyyətini yüksəldir, gələcək fəaliyyətimizi istiqamətləndirir. Ulu öndərin rəhbərliyi ilə təhsil sahəsində başlanmış islahatlar ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Dövlət başçısının gündəlik diqqət və qayğısı nəticəsində 2003-cü ildən bəri Azərbaycanın təhsil sistemində ciddi islahatlar həyata keçirilmiş, irimiqyaslı proqramlar qəbul olunmuşdur. Bu gün böyük fərəh və qürur hissi ilə deyə bilərik ki, müvafiq dövlət proqramlarının, fərman və sərəncamların qəbul edilməsi həyatımızın bütün sahələrində öz konkret və real nəticələrini verməkdədir.
Mən bu sözləri deyərkən, hər şeydən əvvəl, Ağcabədi Pedaqoji Kollecinin tarixini, keçdiyi yolu, əldə edilmiş uğurları nəzərdə tuturam. Mübağiləsiz demək olar ki, bu təhsil müəssisəsi uzun illərdir ki, respublikanın ən qabaqcıl kolleclərindən biri hesab olunur. İlk növbədə, burada yaradılmış güclü maddi-texniki bazanı, tədrisin kefiyyətini daha da yüksəltmək üçün həyata keçirilən tədbirləri, məzunlarımızın xoş soraqlarını və s. nəzərdə tuturam.
Son bir ildə Təhsil Nazirliyinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin yaxından köməyi ilə görülüb başa çatdırılmış əsaslı tədbirlər, əldə edilmiş uğurlar və hədəflər barədə isə ayrıca danışmaq lazımdır. Ona görə ki, məhz bu dövrdə əvvəllər müşahidə oplunan bir sıra nöqsanlar aradan qaldırılmış, kollektivdə sağlam və işgüzar ab-hava yaradılmış, tədrisin kefiyyəti diqqət mərkəzində saxlanılmışdır.
Ondan başlayaraq ki, təhsil müəssisəsində təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. İndi burada yaradılmış səliqə-səhman, yüksək zövq də ilk addımdan adama xoş təsir bağışlayır. Əlavə fənn kabinetləri təşkil edilmiş, komputer dəstləri alınmış, semestr və dövlət imtahanlarında ehtiyac olan hallarda valideynlərin də iştirakı təmin edilmişdir. Bir sözlə, ona nail olmağa çalışırıq ki, tədris və tərbiyə işlərində maksimum şəffaf və obyektiv şərait yaradılsın, tələbə-müəllim münasibətləri ancaq qarşılıqlı inam və səmimiyyətə söykənsin. Dərs ilinin yekunlarına nəzər salarkən, əldə edilmiş nəticələri təhlil edərkən görünür ki, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin həllinə nail olmaq üçün bütün qüvvə və səylər hərəkətə gətirilmişdir. Əlbəttə, biz heç də iddia etmirik ki, burada əvvəllər müşahidə edilən bəzi nöqsan və çatışmamazlıqların hamısı qısa müddət ərzində aradan qaldırılmışdır. Açıq demək lazımdır ki, görüləcək işlər hələ çoxdur. Başlıca məsələ ondan ibarətdir ki, kollektivin hər bir üzvündə yüksək intizam və məsuliyyət hissi yaradılmış, müasir tədris üsullarından istifadə olunması hədəf seçilmiş, yaradıcı mühit formalaşmışdır. Bu isə uğurlara aparan əsas yoldur.
Hazırda Ağcabədi Pedaqoji Kollecində 1500 tələbə təhsil alır ki, onların da 1200-ü əyani, 300 qiyabi şöbədədir. Tələbəlin təlim-tərbiyyəsi ilə 76 müəllim məşğul olur. Bu statistikaya onu da əlavə edək ki, kolecdə 5 ixtisas üzrə - məktəbəqədər təlim və tərbiyə, fiziki tərbiyə, təsviri incəsənət, musiqi müəllimi və s. ixtisasları üzrə tələbə hazırlanır. Fərəh hissi ilə bildirmək istəyirəm ki, bu təhsil ocağına həvəs və maraq ildən-ilə artır. Bunu belə bir fakt da sübut edir ki, hazırda kollecdə 60-dan çox rayondan tələbə var. Bu, kollektivimizin hər bir üzvünün məsuliyyət hissini daha da artırmaqla yanaşı, kadr hazırlığı sahəsində dünya təcrübəsindən ardıcıl və əzmkarlıqla istifadə etməyi tələb edir.
Aydın məsələdir ki, müasir təhsil müəssisəsi, hər şeydən əvvəl, öz xarici görünüşü, müasir tələblərə cavab verən daxili quruluşu, tərtibat və dizaynı, bir sözlə, yüksək texniki- estetikimkanları ilə diqqəti cəlb etməlidir. Bu baxımdan deyə bilərik ki, müəssisəmizə qədəm qoyan hər kəsin diqqətini burada yaradılmış yüksək zövq, səliqə-səhman cəlb edir. Hər şey tələbələri elmə, təhsilə, tərbiyyəyə çağırır, yüksək duyğular oyadır, gərəkli vərdişlər aşılayır. Divarları ulu öndərimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin müəllimə, təhsilə, xalqımızın tarixinə, ölkəmizin keçdiyi yola, bugünümüzə aid söylədiyi qiymətli fikirləri əks etdirən stendlər, ekspozisiyalar bəzəyir.
Məktəbin foyesində ulu öndərimizin hamıya nümunə ola biləcək həyatını, keçdiyi şərəfli ömür yolunu əks etdirən guşə də düzəldilmişdir. Bura müəllim və tələbələrin ən çox ayaq saxladıqları, ziyarət etdikləri yerdir. Ümumilli liderimizin elm, təhsil, ədəbiyyat və incəsənət xadimləri ilə keçirdiyi görüş və söhbətləri əks etdirən şəkillər sabahın müəllimlərinin dünyagörüşünə güclü təsir edir, qazanılmış tarixi uğurlar onların qəlbində haqlı qürur və iftixar hissi oyadır.
İkimərtəbəli bina bütünlükdə yenidən qurulmuş, müasir tələbata uyğunlaşdırılmışdır. Audtoriyalar, fənn kabinetləri yeni avadanlıqlarla təchiz edilmiş, bina tamamilə monitorlaşdırılmışdır. Burada eyni vaxtda bütün otaqlarda aparılan dərslərin gedişini dinləmək mümkündür. Əlavə, müasir kabinetlər yaradılmışdır. Tələbələr bu yaxınlarda daha bir hədiyyə almışlar - müasir tələblərə cavab verən idman kompleksi istifadəyə verilmişdir. Burada idmanın ən müxtəlif növləri ilə məşğul olmaq imkanı yaradılmışdır.
Kollecin həyətindəki kiçik park yüksək zövq və səliqə ilə salınmış təbiət güşəsidir. Burada müəllim və tələbələrin boş vaxtlarını məzmunlu keçirmələri üçün hər cür şərait var. Bir sözlə, Ağcabədi Pedaqoji Kolleci əsaslı təmir və yenidənqurmadan sonra nümunəvi təhsil ocağına çevrilmişdir.
Prezident İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər respulikanın bütün təhsil işçiləri kimi bizim kollektiv üçün də strateji istiqaməti müəyyən edir, qarşımızda tarixi vəzifələr qoyur: “Dünyada gedən tərəqqinin əsas əlaməti və səbəbi bilikdir, savaddır. Ona görə Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyyə olunmasında təhsilin, məktəbin çox böyük əhəmiyyəti var. Azərbaycanda büdcənin ən böyük hissəsi təhsil xərclərinə yönəlibdir. Bu bizim siyasətimizi göstərir, bizim prioritetləri göstərir. Azərbaycanda bütövlükdə təhsil infrastrukturu yeniləşməlidir.”
Ölkə başçısının qarşımızda qoyduğu bu mühüm vəzifənin öhdəsindən gəlmək, yeni tipli orta ixtisaslı kadrlar hazırlamaq üçün kollektivimizdə bir neçə istiqamətdə ardıcıl iş aparılır. Əvvəla, təhsilin milliləşdirilməsi ilə bağlı ötən illərdən başlanmış tədbirləri davam etdiririk. Ikincisi, təhsil prosesini keyfiyyətcə yaxşılaşdırmaq üçün müəllim heyətinə tələbkarlığı yüksəltmişik. Üçüncüsü, məşğələ və dərsləri yeni metodlarla aparır, şagirdlərin nəzəri və təcrübi bilikləri maksimum mənimsəməsinə çalışırıq. Nəhayət, bu vəzifələri uğurla yerinə yetirməyə kömək edən müasir maddi-texniki bazanın formalaşması üçün mümkün olan hər bir işi təxirə salınmadan yerinə yetiririk.
Azərbaycan Respublikasının hərtərəfli yüksəlişinə əsaslanan təhsil strategiyasında orta ixtisas sahəsinin perspektiv inkişafı, prioritet istiqamələr aşağıdakı kimi müəyyənləşdirilmişdir: orta ixtisas təhsilinin məzmununun təkmilləşdirilməsi, müasir tələbata uyğun kadrlar hazırlanması, təhsil müəssisəsinin profilinin yerli tələbatla əlaqədandirilməsi- bu istiqamətlərin hər birində bu vaxtadək müəyyən uğurlar əldə etmişik.
Bizim hazırladığımız kadrlar ətraf rayonlarda yüksək etimadla işə qəbul olunurlar. Cəbhə bölgəsində yerləşdiyimizə görə, ilk növbədə, Qarabağ zonasının təhsil ocaqlarının tələbatını nəzərə almaqla kadr hazırlığına üstünlük vermişik. Görülmüş işlərlə kifayətlənmədən hər gün axtarışdayıq, qabaqcıl dünya təcrübəsini daim diqqətdə saxlayırıq. Orta ixtisaslı pedaqoji kadrlar hazırlayan nümunəvi məktəb adını qazanmaq üçün səy və təşəbbüskarlığımızı maksimum səfərbərliyə almışıq.
Sonda mən fürsətdən istifadə edərək Respublika Təhsil Nazirliyinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə kollektivizin təşəkkürünü bildirirəm. Kollecdə işin yenidən qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi üçün nə vaxt, hansı məsələ ilə bağlı müraciət etmişiksə, dərhal öz müsbət həllini tapıb. Bu isə, əlbəttə, hər birimizi daha yaxşı çalışmağa ruhlandırır, təhsil-tərbiyyə sahəsində yeni uğurlar qazanmağa səsləyir.
Bu gün kolletivimiz Prezident İlham Əliyevin Azərbaycan təhsilinə və müəllimlərə diqqət və qayğısına cavab olaraq daha böyük uğurlar qazanmaq üçün elmi-pedaqoji axtarışlarını inamla davam etdirir. Təhsilə böyük qayğısı ilə hamımızın dərin məhəbbətini qazanmış Heydər Əliyev adına Fondun Prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” çağrısına inamla qoşulan Ağcabədi Pedaqoji Kollecinin kollektivi müasir təfəkkür tərzinə, yeni təhsil-tərbiyyə texnologiyalarına yiyələnmiş, əxlaqi-mənəvi saflıq, yüksək peşə və ixtisas hazırlığı qazanmış müəllim kadrları hazırlamaq vəzifəsini özlərinin müqəddəs məqsədi hesab edir.
Mirələm İBRAHİMLİ,
Ağcabədi Pedaqoji Kollecinin
direktor əvəzi, Respublikanın Əməkdar müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.