Oruc tutun ki, sağlam olasınız

Sərlövhəyə çıxartdığım bu fikir sevimli Peyğəmbərimiz Həzrəti Məhəmmədə (s.) məxsusdur. Məlum olduğu kimi, bütün İslam dünyası “on bir ayın sultanı” mübarək Ramazan ayını yaşayır. On milyonlarla insan Uca Allahın əmri ilə bu ayın orucunu tutur. Rəbbimiz buyurmuşdur: “Oruc Mənim üçündür, onun mükafatını Mən verəcəyəm”.

Mərhəmət və şəfqət ayı olan Ramazan ayının orucunu tutmaq hər bir insanın həyatında dönüş nöqtəsinə çevrilir. İnsanın ruhu və cismi üçün son dərəcə böyük əhəmiyyəti olan orucluq mənəviyyata müsbət təsir göstərən İlahi gücə malikdir.

Bəziləri bəsit şəkildə belə düşünürlər ki, oruc tutmaqla insan arıqlayır, mədə-bağırsaq sistemi təmizlənir. Lakin bu gözəl ibadətin görünən hissəsidir və heç də əsası deyil. İman sahibi olan insan üçün oruc tutmaq heç də çətin deyil. Belə ki, insan sabahdan oruc tutacağına niyyət edən kimi, onun orqanizmində təbii dəyişikliklər baş verir. İnsan idarə olunan funksional sistem kimi yeni iş rejiminə keçir, metobolizm (maddələr mübadiləsi) dəyişir. Burada, əlbəttə, mərkəzi sinir sistemi, insanın psixologiyası öz işini görür və maddələr mübadiləsi hüceyrə səviyyəsində optimal idarə olunur. Oruc tutan gündə 16-17 saat ərzində ac-susuz qalsa da, heç bir əziyyət çəkmir. Burada insana onun niyyəti və psixoloji hazırlığı çox güclü motivasiya yaradır.

Ən əsası odur ki, Ramazan ayından sonra insan özündə müsbət dəyişikliklər hiss edir və bununla da orqanizmini təşkil edən 130 trilyona yaxın hüceyrələrə istirahət vermiş olur.

İndi isə elmi, fizioloji əsaslarla orucluğun insan sağlamlığına necə təsir etməsinə nəzər salaq. Hüceyrənin ən işlək hissəsi olan mitoxondriya gündə 24 saat durmadan işləyir. Tibbi ədəbiyyatda mitoxondriyaya “həyatın batareyası” deyirlər.

Mitoxondriya necə işləyir? Hüceyrələrdə gedən biokimyəvi proseslərin nəticəsində, “sərbəst radikallar” adlanan “H-O” qrupları parçalanır. Mitoxondriyalar hüceyrədə “sərbəst radikallar”ın miqdarını tənzimləyir. O, iki sərbəst radikalı enerji və bioloji suya çevirir. Beləliklə, mitoxondriyalar insan orqanizmini fəaliyyətə lazım olan enerji ilə təmin edir.

Bədənimizdəki hüceyrələr və onların tərkib hissəsi olan mitoxondriyalar fasiləsiz şəkildə, günün 24 saatını işləyir və enerji yaratmaqdan başqa, həm də hüceyrələri qoruyur. Sərbəst radikallar kimyəvi aktiv olduqları üçün onların sayı çox olduqda, hüceyrənin dayanıqlı iş rejimini qoruyan membranı dağıda bilir ki, bu da hüceyrənin məhv olması deməkdir. Odur ki, mitoxondriyalar iki molekul “sərbəst radikalı” birləşdirərək həm enerji yaradır və həm də, onların sayını tənzimləməklə hüceyrəni qoruyur. Beləliklə, mitoxondriya sərbəst radikalların hamısını enerji və su almaq üçün istifadə etmir. Çünki onların qalan hissəsi insanın immun sisteminin möhkəmlənməsində iştirak edir.

İndi isə əsas məqsədə keçək. Biz harada işləməyimizdən asılı olmayaraq, ildə ən azı 1 aylıq məzuniyyətə çıxırıq. Yəni orqanizmimizə 1 ay istirahət veririk. Fikirləşməliyik ki, bizim hüceyrələrimizdə 24 saat dayanmadan işləyən mitoxondriyalar da istirahət etməlidir. Əgər bir aylıq istirahətimiz makro səviyyədə dincəlməkdirsə, biz hüceyrələrimizə mikro səviyyədə istirahət üçün də  şərait yaratmalıyıq. Çünki biz makro istirahətdə olarkən hüceyrələrimiz dincəlmir və bəlkə də bəzən əksinə, daha çox işləyir.

Bəs bəşəriyyət qədim dövrlərdə nə biləydi ki, insanlara mikrosəviyyədə necə istirahət vermək olar? Baxın, bu sualın cavabını insanlar məhz müqəddəs kitabımız olan Qurani-Kərimdə tapırlar. Budur, Uca Allahın lütfü, müqəddəs Qurani-Kərim vasitəsilə insanlara bəxş etdiyi gözəl hədiyyələrdən biri. Göründüyü kimi, bu ay oruc tutmaq bizim hüceyrələrimizə verdiyimiz istirahətdir. Bu dövrdə orqanizmdə maddələr mübadiləsinin sürəti zəifləyir və mitoxondriyanın işi azalır, o da istirahət edir. Üç-dörd gün keçdikdən sonra orqanizmi enerji ilə təmin etmək üçün autolizm mexanizmi işə düşür və özünün daxili resursları hesabına endogen maddələr mübadiləsi başlayr. Bu zaman qocalmış, yaxud sıradan çıxmış hüceyrələr, orqanizmdə toplanan şlaklar endogen maddələr mübadiləsində sağlam və güclü hüceyrələr tərəfindən istifadə olunur.

Autoliz prosesində bədəndə olan yağ qatları yağ turşularına parçalanaraq hüceyrələrdə istehsal olunan DNK və RNK-lar üçün lazım olan əsas materiala — zülala çevrilir.

Orucluq dövründə insanın qanı da təmizlənir və bu təbii təmizlənmə süni hemodializdən daha keyfiyyətli olur. Bu zaman qanda olan xolestrin lazımsız maddə kimi, sağlam hüceyrələr tərəfindən endogen maddələr mübadiləsində istifadə edilir və nəticədə qanda xolestrinin miqdarı sürətlə azalır. Budur oruc tutmaqla hərtərəfli təmizlənmək, saflaşmaq və sağlamlaşmaq. Oruc tutan hər bir insan Ramazan bayramından sonra orqanizmində müsbət dəyişikliyi açıq-aydın hiss edir. Bununla da insan həm həyat keyfiyyətini yaxşılaşdırmış və həm də ömrünü uzatmış olur. Əgər deyilənlərə Ramazan ayı zamanı namaz qılmağı və digər ibadətləri də əlavə etsək, bunların insanın ruhi və cismani sağlamlığına daha çox müsbət təsirini görmüş olarıq.

Yeri gəlmişkən qeyd etməliyik ki, insan inkişafının fiziologiyasına əsaslanaraq, Ramazan ayında həddi-buluğa çatmamış oğlan və qızların oruc tutmaları məsləhət görülmür. Çünki bu yaşda onların orqanizmi hələ sağlam və təmizdir. Elə Qurani-Kərimdə də uşaqların və xəstələrin oruc tutmaları tövsiyə olunmur.Beləliklə, Ramazan ayındakı orucluq, doğrudan da, Allahın insanlara göstərdiyi sağlamlıq və mənəvi zəngillik yoludur. Qeydlərimi bu fikrin təsdiqi kimi, Rəsuli-Əkrəmin (s.) mübarək sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Ümmətim oruc tutmağın xeyrini və yüksək şərəfini bilmiş olsaydı, bütün ilin Ramazan olmasını arzu edərdi.

Ağacan ABIYEV,
Milli Məclisin deputatı, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında