Balkan yarımadasında Albaniyanın daha az tanınan ölkə olduğunu desək, çox güman ki, yanılmarıq. Əlbəttə, internet əsrində bir-iki dəqiqə ərzində istənilən ölkəyə virtual səyahət etməklə arzu olunan məlumatları əldə etmək mümkündür. Amma Adriatik və İon dənizlərinin sahillərində yerləşən Albaniyanı yaxından tanımağın başqa zövqü var.
Zəngin, qədim tarixə, mədəni irsə və füsunkar dəniz sahillərinə malik bu ölkənin turizm sektoru da əcnəbilərə
“Albaniya-Aralıq dənizində yeni sevgi” deyə səslənir. Turistlər də 50 il qapalı yaşamış bu ölkəni yenidən kəşf etməyə tələsirlər.
Maraqlıdır, Balkan Albaniyası ilə Qafqaz Albaniyasını nə birləşdirir? Bu iki fərqli regionda yerləşən ölkələrin ortaq keçmişi varmı? Tarixi dərinliyə varmaq araşdırmaçıların işidir, amma adların eyni olmasının hansısa əlaqələrin mövcudluğuna dəlalət etmədiyini də vurğulamaq yerinə düşərdi. Bununla belə, albanların əcdadlarının pelasqların olmasına dair mülahizələr var. Pelasqların da Avropanın ən qədim etnik qrupu olması barədə məlumatlara rast gəlmək mümkündür. Maraqlıdır ki, yunanlar da köklərini pelasqlara bağlayırlar. İlliriyalıların və pelasqların Helen qəbilələrindən olan dorlar ilə qohumluğunu önə çıxaran bəzi tarixçilər Helen mədəniyyətinin yaradıcılarının da məhz bu iki qəbilənin olduğunu ehtimal edirlər. Amma bu gün albanlar öz ölkələrini “Şqiperiya”, yəni “Qartallar diyarı”, özlərini isə “Şqiptar” adlandırırlar. Albaniyanın dövlət bayrağında da qartal rəsmi var. Qırmızı fonda ikibaşlı qara rəngdə qartal həkk olunmuş dövlət bayraqlarına hər yerdə rast gəlmək olar. Bir sözlə, Albaniya maraqlı keçmişə malik ölkədir.
Müasir Albaniya hazırda NATO ölkəsidir, Avropa İttifaqı üzvlüyünə namizəddir, BMT-nin, ATƏT-in, Avropa Şurasının, Dünya Ticarət, Qaradəniz İqtisadi Əməkdaşlıq və İslam Əməkdaşlıq Təşkilatlarının üzvüdür. Halbuki, 50 il öncə bunu təsəvvür belə etmək mümkün deyildi. Çünki 1946-cı ildə keçmiş SSRİ-nin təsirilə ölkənin gələcəyini kommunizm ideyalarına bağlayan Ənvər Xoca Albaniyanın yerinin kapitalistlərin yanında olmadığını bildirirdi. 1965-1970-ci illərdə başlamış “İdeoloji inqilab” elan etmiş Ənvər Xoca sıra ilə artıq keçmişə dönmüş Yuqoslaviya və SSRİ ilə, sonra da Çin Xalq Respublikası ilə əlaqələrini kəsmişdi. Sonradan kapitalistlərin hər an hücum edəcəyi qorxusu ilə yaşayan kommunist lider Albaniyanı bunkerlər ölkəsinə çevirməyə başlamışdı.
Albaniyada olarkən ölkə ərazisinə yayılmış və göbələk formasında tikilmiş bunkerlərlə bağlı maraqlı, eyni zamanda, təəssüfedici məlumatlar da öyrənmək mümkün oldu. Hərbi təcavüzü gözləyən Ənvər Xoca düşmənlərə uzunmüddətli müqavimət göstərmək məqsədilə bunkerlər inşa etmək qərarına gəlmişdi. Bunkerin ilk nümunəsini hazırlayan mühəndis də tapılmışdı. Amma tikiləcək “göbələklərin” möhkəmliyini də yoxlamaq lazım idi. Bunun üçün həmin mühəndisin inşa etdiyi bunkerə daxil olduğu və tankdan atəşə tutulduğu barədə iddialar var. Atəşdən sonra mühəndisin bunkerdən sağ-salamat çıxdığını görən Ənvər Xoca Albaniyada 700 min ədəd hərbi məntəqənin inşasına başlamaq barədə sərəncam vermişdi. O zaman 1,5 milyon əhali yaşayan Albaniyada bu qədər bunkerin tikilməsinə, sözün əsl mənasında, israfçılıq demək olar. Çünki həmin illərdə Abaniyada yollar, binalar, elementar infrastruktur bərbad vəziyyətdə idi və bu sayda bunkerin inşası ölkənin böyük ehtiyatlarını aparmışdı. Bunkerlərin inşası prosesi
Ənvər Xocanın vəfatınadək, yəni 1985-ci ilə qədər davam etmişdi.
İndi hətta dəniz sahillərində belə, həmin bunkerlərə rast gəlmək mümkündür. Betondan tikildiyinə görə dağıdılması da mümkün olmayan bu bədheybət “memarlıq incisi”nin Albaniyanın bir növ vizit kartına çevrildiyini də demək olar. Məsələnin tragikomik tərəfi də bundan ibarətdir ki, bu qədər bunker tikilməsinə rəğmən, Albaniya İkinci Dünya müharibəsi istisna olmaqla, qonşu ölkələrlə hər hansı bir hərbi münaqişəyə girişmədi. Yəni, Ənvər Xoca yanılmışdı. Amma indi çoxsaylı bunkerlərə alışan albanlar onlardan müxtəlif məqsədlər üçün istifadə etməyə çalışırlar. Hətta turistlərin diqqətlərini cəlb etmək üçün bunkerləri sənət obyektinə də çevirirlər. Müxtəlif rənglərlə boyanmış bunkerlər də əcnəbilərdə maraq doğurur.
Bəs Ənvər Xoca və o zamankı iqtidarın gizlənməsi üçün bunkerlər tikilmişdimi? Albanlar deyirlər ki, ən böyük bunker də elə keçmiş lider üçün inşa olunmuşdu. Ənvər Xocanın doğma Vətəni Hirokastra şəhərində tikilmiş yeraltı bunkerin böyüklüyü təəccüb doğurur. Təəssüf ki, həmin bunkerə baş çəkmək mümkün olmadı. Amma yeraltı tikilinin çoxsaylı otaqlardan ibarət olduğu və hücum olacağı təqdirdə ölkə rəhbərliyinin fəaliyyət göstərməsi üçün bunkerdə zəruri şəraitin yaradıldığı deyilir. 2010-cu ildən etibarən turistlər ölkənin ən məşhur bunkerinə baş çəkə bilirlər.
Albaniyaya gələn əcnəbini maraqlandıran ilk suallardan biri də albanların turistlərə olan münasibətidir. İlk gündən albanların qonaqlara həddən artıq yaxşı münasibət göstərdiklərini müşahidə etdik. Dil baryerinin olmasına baxmayaraq, qonaqlara kömək etməyə tələsirlər. Amma bunu da qeyd etməyə bilmərik ki, Albaniyada ingilis dilində danışanların sayı çox deyil. Halbuki, uzun illər dünyaya qapalı qalmış və son iyirmi üç ildə xarici sərmayəyə açıq elan edilmiş ölkədə xarici dil məsələsinə böyük diqqət yetirilməlidir. İstədiyimiz küçəni tapmaqda çətinlik çəkdiyimiz zaman gənc albanın gülümsəyərək- “Bəxtiniz gətirdi, şəhərdə ingilis dilində danışan nadir adamlardan birinə rast gəlmisiniz”- deməsi Albaniyada ingilis dilinin vəziyyəti barədə düşündüklərimizi təsdiqləyirdi. Ancaq istənilən halda, albanlar ünsiyyətcil və qonaqpərvərdirlər və onların bu davranışları da əcnəbilərdə rəğbət doğurur. Çoxəsrlik adət-ənənələrdən gələn bu müsbət xüsusiyyət albanlara Balkan xalqları arasında özünəməxsus yer tutmağa imkan verir.
Albanların məişət mədəniyyəti də çox müxtəlifdir. 28 min kvadratkilometr ərazidə ailə və nikah adətlərində, yaşayışda, memarlıqda, geyimlərdə bu qədər müxtəlif ənənələrin yaranmasına təəccüblənməmək olmur. Belə müxtəlifliyin başlanğıc səbəblərinin az sayda əhali qrupunun ölkənin dağlıq şəraitində yaşaması ilə əlaqələndirilir. Tarixin gedişində alban xalqının həyatının müstəmləkələrlə, müharibələrlə, sonsuz sayda inzibati sərhədlərin dəyişməsilə, mədəni və siyasi təsirlərə qarşı mübarizələrlə mürəkkəbləşdiyini deyirlər. Buna görə də, Balkanları çox vaxt “Qərb və Şərq sivilizasiyalarının kəsişdiyi qovşaq” adlandırırlar və bu ifadəni, ilk növbədə, əlverişli dəniz limanları və yolları olan Albaniyaya aid etmək olar. “Qartallar diyarı”nın Şimalda Serbiya və Monteneqro ilə 287 kilometrlik, şimal və şərqdə Makedoniya ilə 151 kilometrlik, cənub və cənub-şərqdə Yunanıstanla 282 kilometrlik ümumi sərhədləri var. Belə əlverişli coğrafi mövqedə yerləşməsi də Albaniyaya diqqəti artırmışdır. Yunanlarla, serblərlə, bolqarlarla savaş və istilalarla dolu əsrlər yaşayan albanlar sonradan Osmanlı İmperiyasının rəhbərliyi altına düşmüşdülər.
Osmanlı dövrünün Albaniyanın həyatında ciddi izlər buraxdığını hər addımbaşı müşahidə etmək olar. Möhtəşəm məscidlər, türbələr və minarələr türk-müsəlman mədəniyyətinin təsirindən xəbər verir. Maraqlıdır ki, Albaniya Osmanlı imperiyasından ayrılan sonuncu Balkan ölkəsidir. Osmanlılar bu ölkəyə 1417-ci ildə girmiş, 1913-cü ildə də oranı tərk etmişdilər. Tam 500 il türklərlə birgə yaşayışın Albaniyada həyatın bütün sahələrinə güclü təsir göstərdiyini demək olar. Ölkə əhalisinin 56 faizinin müsəlman olduğu Albaniyada xristianlar da rahat yaşayırlar. Ölkədə islamlaşmanın XVİ əsrin ortalarınadək davam etdiyi bildirilir. Osmanlıların başqa din mənsublarına xoş münasibəti Albaniyada da özünü göstərmişdi. Doğrudur, xristianların islamlaşmaya qarşı müqavimət göstərdikləri də məlumdur.
Albaniya tarixində öncə xristian olub, sonra islamı qəbul etmiş, daha sonradan siyasi vəziyyətə uyğun xristianlığı qəbul edərək, Osmanlı İmperasiyasına qarşı vuruşan albanın da olduğunu qeyd etmək yerinə düşərdi. Həmin şəxs Albaniyanın milli qəhrəmanı İsgəndərbəy və ya Georgi Kastriotidir. İstanbulda girov olduğu zaman islamı qəbul edən İsgəndərbəy 20 ildən çox Osmanlılara qarşı mübarizə aparmışdı. Hazırda Albaniyanın mərkəzi meydanını İsgəndərbəyin heykəli bəzəyir. Osmanlılarla həlledici döyüş ərəfəsində malyariya xəstəliyindən dünyasını dəyişməsinə baxmayaraq, bu tarixi şəxsə albanların hörməti böyükdür.
Albaniya haqqında maraqlı faktlardan biri də budur ki, “Qartallar diyarı” dünyada ilk dəfə olaraq rəsmən ateist ölkə olduğunu bəyan etmişdi. Kommunizm quruculuğunda dini etiqadın maneə olacağını düşünən Ənvər Xoca belə bir “ilkə” imza atmışdı. 1992-ci ildə qapılarını yenidən dünyaya açan Albaniyada hazırda dini liberalizm hökm sürür. Bəzən albanların dini fanatiklər olması barədə məlumarlara da rast gəlmək olar. Amma ölkə ilə yaxından tanış olarkən albanların tolerant xalq olduqları üzə çıxır. Doğrudur, Albaniya Avropada yeganə ölkədir ki, müsəlman çoxluğa malikdir. Lakin bu reallıq digər dinlər üçün problem yaratmır, əksinə, Albaniyanın etnik müxtəlifliyini zənginləşdirir.
Bu ölkə ilə bağlı digər maraqlı fakt ondan ibarətdir ki, əvvəllər Albaniyada şiəliyə yaxın olan, Osmanli imperiyasında yeniçərilərin ideoloji təriqəti hesab edilən bəktaşiliyin mərkəzi fəaliyyət göstərmişdi. Hazırda ölkədə bəktaşi təriqəti
tərəfdarlarının sayının, təqribən, 60 min nəfər olduğu bildirilir. Katoliklərin, pravoslavların və digər dini təriqət nümayəndələrinin yaşadıqları bugünkü Albaniyada hər kəs azad düşünə və yaşaya bilir. Müsəlmanların çoxluq təşkil etmələrinə baxmayaraq, paytaxt Tirana küçələrində müasir dəblə geyinən oğlan və qızları da tez-tez görmək mümkündür.
İndi ölkədə bunkerlər əvəzinə, müasir binalar tikilir. Uzun illər müşahidə edilən boşluqları sürətlə yeni yaşayış binaları, otellər, yollar doldurur. Müasir binaları yan-yana sıralamaqla albanlar, sanki, qapalı sistemdə yaşadıqları zaman itirdikləri imkanların əvəzini çıxmaq istəyirlər. Bir sözlə, Albaniyaya səfər müsbət təəssürat yaratdı və bu olkə haqqında olan bəzi stereotipləri dağıtdı. Albaniyanın nə vaxt həqiqi Avropa ölkəsi olacağını demək çətindir, amma albanlarda müşahidə etdiyimiz sosial optimizm və həyat enerjisi belə düşünməyə əsas verir ki, “Qartallar diyarı”nın gələcəyi qaranlıq deyil.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
Bakı-Tirana-Bakı
Fotolar müəllifindir
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.