Həmişə belə olur. Zaqatala barədə nə isə yazmaq istəyəndə mütləq digər rayonlardan olan çoxsaylı dostlarımdan xahiş edirəm ki, heç biri məndən inciməsin. Çünki bura mənim üçün daha əziz, daha doğma və görmək üçün darıxdığım bir yerdir. Balakəndən, Qəbələdən, İsmayıllıdan olan dostlarım inciməsə də, doğulub boya-başa çatdığım Gəncədən umu-küsülü sədalar eşidirəm. Amma neyləyəsən, fakt faktlığında qalır. Bu diyarın tarixi, təbiəti, mədəniyyəti, insanları və bir də mətbəxi haqqında nə yazsaq, neçə dəfə yazsaq, yenə də azdır. Amma, onu da deyim ki, uzun müddət idi ki, bu əsrarəngiz diyar barədə heç nə yazmırdım. Bu sətirlərin qələmə alınmasının “əsas səbəbkarı” isə Dədə Qorqud oldu...
Bu günlərdə Zaqatala əhalisinin və rayonun qonaqlarının sevimli istirahət yeri olan Dədə Qorqud meydanında uzun illərdən bəri dostluq etdiyim rayon icra hakimiyyəti başçısının müavini Tofiq Əhmədovla görüşəndə söhbət “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında “Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli sərəncamının icrası ilə bağlı Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Kitabi-Dədə Qorqud"un Zaqatala bölgəsində izləri" mövzusunda “dəyirmi masa”dan düşdü. Xeyli söhbət etdik və dostum sonda mənim Zaqatalaya olan xüsusi rəğbət və sevgimi özündə əks etdirən bir məqamı yada saldı:" İndiki kimi yadımdadır, —dedi, - Təxminən beş il qabaq, may ayında “Xalq qəzeti”ndə “Dağlar süfrə açır... qonaqdan ötrü” adlı bir yazı vermişdin. Zaqatalanı o qədər gözəl vəsf eləmişdin ki... Bax, səndən elə yazılar gözləyirik. Niyə yazmırsan? Orada bir bənd şeir də vermişdin:
Dağlar süfrə açır, bahar gələndən,
Yaxınlı, uzaqlı qonaqdan ötrü.
Yay boyu süfrəyə gələn nemətin
Damaqda dadı var, budaqda ətri.
Gözəl idi, çox gözəl. Haqqında söz açılan rayon Zaqataladırsa, və qələmi ələ götürən sənsənsə yazı elə olmalıdır. Təəssüf ki, son zamanlar yazılarını görmürük. Bu gün Zaqatalada böyük işlər görülür, rayon yenidən tikilir, gözəl obyektlər istifadəyə verilir.
Düz sözə nə deyəsən? Tofiq Əhmədovun haqlı iradlarına susmaqla cavab verməkdən başqa çarəm qalmadı. Yenə qələmi götürmüşəm. — bu dağlar və elə dağlar qədər də ulu olan insanlar barədə yenə də yazmaq istəyirəm. Amma bilmirəm dostumun ürəyinə beş il əvvəlki yazı kimi təsir edə biləcəkmi?
... Tez-tez gördüyüm, hələ dördüncü sinifdə oxuyanda Zaqatala haqqında mənə şeirlər söyləyən, bir vaxtlar nənəsinin - Zaqatala təhsilinin inkişafında əvəzsiz xidmətləri olmuş Ulduz müəllimənin əlindən tutub məktəbə gedən Füzuli Rzayev artıq on birinci sinifə keçib. Maşallah, böyük oğlan olub. Bir ildən sonra müstəqil həyata qədəm qoyacaq. Bir zamanlar öz doğma rayonu haqqında uşaq təfəkkürü ilə şeir yazan və oxuyan Füzuli indi Azərbaycana şan-şöhrət gətirən yaşıdlarının uğurları ilə fəxr edir. Bizi isə əmin etməyə çalışır ki, Zaqatalaya üzağlığı, başucalığı gətirmək üçün çox işlər görülüb və görülməkdədir:
Sevinclə danışır; - Güləşçi Rəsul Cunayevin birinci Avropa Oyunlarında qazandığı qələbə öncə onun doğulub böyüdüyü Balakən rayonuna, sonra Şəki-Zaqatala bölgəsinə, bütövlükdə isə Azərbaycana şöhrət gətirdi. -Biz onunla fəxr etdik. Ancaq hamı idmançı, güləşçi ola bilməz. Hərənin tutduğu bir yol var və o yolun dəyəri qazanılan nailiyyətlərlə ölçülür. Əminəm ki, valdeynlərimin və müəllimlərimin verdiyi təlim-tərbiyə nəticəsində həm Zaqatalaya, həm də Azərbaycana layiqli övlad ola biləcəyəm. Mən Zaqatalanı valideynlərimi sevdiyim qədər sevirəm. İnanıram ki, Rəsulun idmanda qazandığı uğurları mən başqa bir sahədə əldə edəcək və insanların “Füzuli Rzayev zaqatalalıdır”- ifadəsini işlətməsinə nail olacağam. Bu elə nənəmin də arzusudur. Biz həmin günə mükəmməl bir komanda kimi hazırlaşırıq: valdeynlərim, müəllimlərim, doğmalarım və mən."
Maraqlıdır, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimizdə də “birgə fəaliyyət göstərən komanda ” ifadəsi gündəmə gəldi. Mübariz müəllim təkcə bir kollektivdə, bir kənddə və ya bir rayonda deyil, bütövlükdə ölkədə vahid komanda şəklində göstərilən fəaliyyətin möhtəşəm uğurlarla nəticələndiyini söylədi və konkret misal çəkdi:
— Bakıda keçirilən birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılar, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və xarici tərəfdaşlarımızla keçirilən görüşdə çıxış edən ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dövlət başçımıza müraciətlə dedi: -"Mən idman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq".
Mübariz müəllim vahid komanda şəklində fəaliyyət göstərilməsinə bizim milli düşüncə tərzimizdə verilən qiymətdən, onun səmərəsindən konkret faktlarla danışdı və nəhayət, bu prinsipin Zaqataladakı uğurlarının üzərinə gəldi: “Cənab Prezidentin regionların sosial-iqtisadi inkişafına verdiyi önəm bizim gündəlik fəaliyyətimizin əsasını təşkil edir. — Bu gün Zaqatalada həyata keçirilən tədbirlərdə, qazanılan nailiyyətlərdə rayonun birinci şəxsindən tutmuş ən sadə bir kənd sakininə qədər hamının payının olması da elə dövlət başçımızın iş prinsiplərinə əməl etməyimizin nəticəsidir. Əhali tərəfindən irəli sürülən elə bir təklif və ya təşəbbüs ola bilməz ki, diqqətdən kənarda qalsın. İstənilən məsələ dərhal gündəliyə gətirilir və öz həllini tapır”.
Sonra Mübariz müəllim öz söhbətini konkret faktlar əsasında davam etdirdi və bildirdi ki, Zaqatalanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində çox böyük işlər görülüb. Höytala, Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb, bu yaşayış yerlərinə təbii qazın verilməsinə başlanılıb.
Yeri gəlmişkən, qeyd edim ki, keçən ayın ortalarında bu münasibətlə keçirilən mərasimdə biz - mətbuat təmsilçiləri də iştirak edirdik. Elə buradaca rayon əhalisinin “mavi yanacaq”la təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edilərkən bildirildi ki, 1184 abonenti olan bu kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 61 min 755 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Xatırladım ki, hazırda Zaqatala rayonunda bu kəndlər də daxil olmaqla, 16 min 600 abonent təbii qazdan istifadə edir. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, mərhələli şəkildə rayonun digər yaşayış məntəqələrinin də qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Hazırda Car, Yengiyan və Aşağı Çardaxlar kəndləri istiqamətində qaz xətlərinin çəkilişi aparılır. Bir sözlə, sakinlərin sosial-rifahı daim diqqət mərkəzindədir.
Ötən ay Zaqatalada iştirakçısı olduğumuz başqa bir tədbir də elə əhaliyə göstərilən xidmətlərin daha da yaxşılaşdırılması və müasirləşdirilməsi istiqamətində idi. Belə ki, Milli Qurtuluş Günü — iyunun 15-də rayonda yeni avtovağzal kompleksi istifadəyə verilirdi. Müasir memarlıq üslubunda inşa edilən yeni avtovağzalın ümumi ərazisi bir hektara yaxındır. Tikintisinə 2013-cü ildə başlanan avtovağzal kompleksinin əsas binasında sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. Binada müasir havalandırma sistemi quraşdırılıb. Yüz nəfərlik geniş gözləmə salonunda sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb, rahat oturacaqlar qoyulub.
Avtovağzal kompleksində avtomobillər üçün texniki müayinə, avtoyuma və digər yardımçı binalar da fəaliyyət göstərəcək. Kompleksin ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Avtovağzal kompleksinin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək sakinləri əlamətdar bayram - Milli Qurtuluş Günü münasibətilə təbrik etdi, onlara xoş arzularını çatdırdı. Mübariz müəllim vurğuladı ki, obyektin açılışı çox əlamətdar bir vaxta - birinci Avropa Oyunlarının keçirildiyi dövrə təsadüf edir. Yadımdadır, həmin gün yarışlarda Azərbaycan idmançılarının 13 medalla birinci pillədə qərar tutması zaqatalalılar tərəfindən də böyük sevinclə qarşılandı. Rayon rəhbəri qeyd etdi ki. zaqatalalılar idmançılarımızın uğuruna ürəkdən sevinir və onlara gələcək yarışlarda da parlaq qələbələr arzulayırlar.
Mən bir məsələni də yada salmaq istəyirəm. Təkcə ölkəmizdə yaşayan soydaşlarımız deyil, bütün dünyadakı 50 milyondan artıq azərbaycanlılar və xalqımızın, dövlətimizin sayı yüz milyonlarla hesablanan dostları iyunun 12-də birinci Avropa Oyunlarının təntənəli açılış mərasimini səbirsizliklə gözlədiyi saatlarda Zaqatalada yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində rayonun Aşağı Tala kəndinin Hacıbulaq ərazisində yeni qazılmış artezian quyusu sakinlərin istifadəsinə verilirdi. Görəsən bu təsadüf idi, yoxsa zaqatalalılar birinci Avropa Oyunlarına aydınlıq arzulamaq məqsədilə yeni su mənbəyini məhz həmin gün istifadəyə verirdilər? Bəlkə Avropa Oyunları kimi möhtəşəm tədbiri bir kəndə su verilməsi ilə əlaqələndirməyimi qəbul etmədiyindəndir, ya nədənsə, bu sualıma Mübariz müəllim də konkret cavab vermək istəmədi. Amma bilirdi ki, əhalinin su ilə təminatı üçün çox işlər görülüb. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təkcə keçən il 17 artezian qazılıb. Qarşıda bununla əlaqədar xeyli layihələrimiz var.
Yazdıqca ardı gəlir, maraqlı məqamlar davam edir. Çünki Zaqatalada həyata keçirilən elə bir tədbir yoxdur ki, onun haqqında ayrılıqda söz açmağa ehtiyac hiss olunmasın. Məsələn, rayonun ən iri yaşayış məntəqələrindən olan Əliabad qəsəbəsindəki XVII əsrə aid məsciddə bərpa işlərinə başlanılması ilə bağlı təşkil edilən tədbirdə rayon rəhbərliyinin, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlarının, qəsəbə sakinləri və dini icma üzvlərinin iştirak etməsi bu mərasimin möhtəşəmliyindən xəbər verir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev tədbirdə bildirib; “Respublikamızda yaşayan xalqların sahib olduğu etnik-dini dəyərlərin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ötən il Əliabad qəsəbəsində keçirilən görüşdə qəsəbə sakinləri 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı zərər görmüş məscid binasının bərpası ilə bağlı quruma müraciət ediblər. Sakinlərin müraciətləri nəzərə alınıb və artıq xeyriyyəçi qurumların sponsorluğu, eləcə də dövlətin dəstəyi ilə Əliabad məscidinin bərpası layihəsi üzrə işlərə başlanılıb.
Orada eşitmişdim ki, məscidin bərpası üçün müxtəlif mənbələrdən göndərilən vəsaitlərdən əlavə şəxsən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tərəfindən də müəyyən məbləğdə vəsait ayrılıb. Xatırladaq ki, məscidin bərpası Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında həyata keçiriləcək. Bərpa işləri zamanı XVII əsrə aid olan bu tarixi abidə öz görkəmini tamamilə qoruyub saxlayacaq.
Beləcə, bu yazı üçün lazım olan faktları, məqamları dəftərçəmdə qeyd etdim və gecəni cənnətmisal Zaqatalada qalıb səhər tezdən Bakıya yola düşmək istəyəndə sanki təbiəti başqa rəngdə gördüm. Elə bil üfüq daha işıqlı, yollar daha aydın, dağlar daha əzəmətli idi.Sanki bu yerləri birinci dəfə görürdüm və bu qeyri-adiliyi yol yoldaşıma izah etməyə çalışanda qəribə cavab eşitdim: — “Zaqatalada hər səhərin öz rəngi, gözəlliyi var. Sadəcə bunu görmək və qiymətləndirməyi bacarmaq lazımdır.”
Həmin anda mənim çaşmağım o rəngləri görməyim idi. Bəs görəsən bu sətirlər həmin rənglərin qiymətləndirilməsi ola bildimi? Kaş ki...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.