Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə iyulun 3-də Qazax və Sabirabad rayonlarında məcburi köçkünlər üçün salınan yaşayış komplekslərində olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Qazax rayonuna gələn Baş nazirin müavini Əli Həsənov tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə yeni salınan məhəllədə tikinti işləri ilə bağlı müzakirələr aparıb.
Müşavirədə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə şəhərciyin salınması işləri davam etdirilir. Layihəyə uyğun olaraq, ərazidə 10 ədəd 4 mərtəbəli, 304 mənzilli binalar tikilir. Binalarda 52 birotaqlı, 156 ikiotaqlı, 88 üçotaqlı, 8 dördotaqlı mənzillər var. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar inşa edilir. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik enerjisi ilə tam təchiz olunacaq.
Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib, onlara tövsiyələrini verib.
Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.
Baş nazirin müavini Əli Həsənov bir daha vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Qazax rayonu ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamı ilə təsdiqlənən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.
Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.
Tikintisinə bu ilin əvvəlində başlanılan məhəllədəki inşaat işlərinin gedişində heç bir problem yaşanmadığını, istənilən qədər texnika, işçi qüvvəsi, tikinti materialları olduğunu bildirən, ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan məktəb binasının, uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşasını həyata keçirən tikinti təşkilatlarının rəhbərləri müşavirədə hesabat xarakterli məlumat verərək bildiriblər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər.
Qərara alınıb ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov həmin gün Sabirabad rayonuna gələrək rayon ərazisində fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 440 ailəlik bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə inşası aparılan qəsəbədə tikinti işlərinin gedişi ilə də maraqlanıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2007-ci il 31 oktyabr tarixli sərəncamla edilmiş “Əlavələr”in 1.2-ci bəndinin icrası ilə əlaqədar olaraq Sabirabad rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə qəsəbənin salınması işləri davam etdirilir. Layihəyə əsasən ərazidə 44 birotaqlı, 198 ikiotaqlı, 176 üçotaqlı, 22
dördotaqlı mənzil inşa olunur. Ərazidə bundan əlavə, 370 şagird yerlik məktəb binası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina tikilir. Qəsəbə qaz, su və elektrik enerjisi ilə tam təchiz olunacaq.
Baş nazirin müavini Əli Həsənov qəsəbənin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə inşaat sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.