Daxili İşlər Nazirliyi, polis Azərbaycan
dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır.
Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi,
Ali Baş Komandan kimi sizə
etibar edirəm, sizə inanıram, sizə arxalanıram.
Heydər ƏLİYEV
Ümumilli lider
Azərbaycanda ictimai-siyasi sabitliyin ölkəmizin müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biri olduğunu hamı bilir. Əlbəttə ki, sabitliyin qazanılmasının böyük qurbanlar və zəhmət bahasına başa gəldiyi də danılmaz faktdır. Respublikamızın dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşməsi yaxın tariximizin reallığıdır. Həmin dövrdə Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi də bir həqiqətdir.
Daxili işlər orqanları ötən illərdə olduğu kimi, bu gün də şərəfli və əvəzolunmaz fəaliyyətini ləyaqətlə davam etdirir və Azərbaycanın əldə etdiyi böyük uğurların daha da inkişaf etməsinə öz töhfəsini verir.
Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanlarının oynadığı rol danılmazdır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır”. Müstəqillik illərində Azərbaycan polisinin qısa zaman kəsiyində fədakar yol keçməsi və qanun pozucularına qarşı barışmaz mübarizə aparması ümummilli liderimizin polis orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaratmışdı. Ölkə daxilində hakimiyyət uğrunda aparılan mübarizənin doğurduğu vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü yeni müstəqillik qazanmış respublikanı fəlakətə sürükləyirdi. Vətənin belə ağır anında ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda vətəndaş qarşıdurmasına son qoymağa, ölkədə sabit inkişafın əldə olunmasına imkan verdi. Həyata keçirilən zəruri tədbirlər ölkənin ictimai-siyasi həyatında hərtərəfli islahatların gerçəkləşməsi ilə nəticələndi. Müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atıldı.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlar çərçivəsində daxili işlər orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası yaradıldı, nazirlik sistemində günün tələblərinə cavab verən yeni qurumlar təsis edildi. Həyata keçirilmiş islahatlar nəticəsində də ölkədə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə start verildi, vətəndaşlarımızın dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradıldı. İctimai-siyasi sabitliyin yaradılması da milli iqtisadiyyatın inkişafına, xarici sərmayədarların Azərbaycana maraq göstərmələrinə təkan verdi. 1994-cü il sentyabrın 20-də böyük neft şirkətlərinin iştirakı ilə “Əsrin müqavilə”sinin imzalanması ölkənin böyük tərəqqi yoluna çıxmasını təsdiqləməklə yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycanda ictimai-siyasi sabitliyin bərpasına yönəlmiş hərtərəfli islahatlardan qaynaqlanan bəhrələrin də təntənəsi idi.
Bu günlərdə bütün dünya Azərbaycanın növbəti uğuruna şahidlik edir. Belə ki, ölkəmiz Avropa xalqlarının tarixində ilk dəfə keçirilən “Bakı-2015" Oyunlarına ev sahibliyi edir. 50 ölkədən 6 mindən artıq idmançının qatıldığı Oyunlara hazırlığın yüksək səviyyədə aparılmasında, əlbəttə ki, daxili işlər orqanlarının əməkdaşlarının da böyük əməyi olmuşdur. On minlərlə xarici vətəndaşın ölkəyə gəlməsi də hüquq-mühafizə orqanları tətəfindən təhlükəsizlik tədbirlərinin görülməsinə zərurət yaratmışdı. İlk Avropa Oyunlarının rəsmi açılış mərasiminin yüksək təhlükəsizlik şəraitində keçməsi, sərnişinlərin və qonaqların daşınması məsələsində tətbiq olunmuş qaydaların dəqiq işləməsi Daxili İşlər Nazirliyi əməkdaşlarının vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini bir daha təsdiqləmiş oldu. Oyunların keçirildiyi idman obyektlərində təhlükəsizliyin təmin olunmasında müşahidə olunan yüksək səviyyə də daxili işlər orqanları əməkdaşlarının mühüm tədbirə peşəkarcasına hazırlaşmasından xəbər verir.
Qarşıdan 2 İyul–Polis Günü gəlir. Ölkədə hökm sürən sabitliyin, inkişafın, gələcəyə olan inamın yaranmasında Azərbaycan polisinin rolu böyükdür. Prezident İlham Əliyevin də dediyi kimi, “polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da möhkənləndirir”. Uzun illər dövlətçiliyimizə xidmət etmiş biz veteranlar da ulu öndərin ideyalarına sadiq olan daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə mühüm xidməti vəzifələrini həyata keçirən polis əməkdaşlarımızı peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və məsuliyyətli işdə dəstəyimizi həmişə göstərməyə hazır olduğumuzu bildiririk. Ümidvarıq ki, dövlətçiliyimizin keşiyində dayanan polis əməkdaşları bundan sonra da xalqımıza layiqincə xidmət edəcək və Azərbaycanın çiçəklənməsinə öz töhfələrini verəcəklər.
Müzəffər Novruzəliyev,
ehtiyatda olan polkovnik
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.