“Mütləq çox güclü ictimai nəzarət olmalıdır”. – Bu qətiyyətli fikir Prezident İlham Əliyevə məxsusdur. Dövlət başçımızın bu tələbi elmi-nəzəri baxımdan da əsaslıdır. Məsələyə ictimai və sosial-hüquqi kontekstdə nəzər yetirək. Bəşər tarixini iki yerə ayırmalı olsaq, iki halla üzləşərik. Əvvəla, mədəni cəmiyyətlərdə insanlar birlikdə özlərinin haqq və hüquqlarını müdafiə etmək üçün dövlət qurub, onları idarə edən qurumlar yaradıblar. İkinci, məhz dövlət və hakimiyyətdən həm də özlərini qorumaq üçün müxtəlif metodlar, üsullar axtarmağa cəhd ediblər. Təbii ki, ən müvafiq təsirli metod ictimai nəzarət məsələsidir. İctimai nəzarətin təşkilində bütün vətəndaşlar, ictimai və siyasi təsisatlar, eyni zamanda, QHT sektoru və media da əhəmiyyətli rol oynamalıdır. Əslində, bu, bütövlükdə nəzəri məsələdir. Praktik aspektdə problemə yanaşdıqda ictimai nəzarətin bazis tərkibi olaraq, ictimai davranışın, ictimai məsuliyyətin, hətta ictimai rəyin önə keçməsi zəruriləşir.
İctimai nəzarətin həyata keçirilməsi metodunda hakimiyyət strukturlarının üzərinə müəyyən vəzifələr düşür. İlk növbədə, bu sahədə qanunvericilik dövrün və zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməli, bəzi məqamlar yumşaldılmalı, bəzən də şərtləşdirilməlidir. İkincisi, ictimai institutların fəaliyyəti və təsir mexanizmləri artırılmalıdır. Bu yöndə xüsusən də QHT sektoru və sosial media daha da aktiv olmalıdır. Üçüncüsü isə, institusional və peşəkar resursların fəaliyyəti yüksəldilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin I bəndində: “Əmək fərdi və ictimai rifahın əsasıdır”, VI bəndində: “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək .... hüququ vardır” (1;14); 41-ci maddənin III bəndi: “İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunun əsasında məsuliyyətə cəlb edilirlər” kimi və 46-cı maddənin I bölümü: “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır” kimi, II bölümü isə “şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz” (1;17) kimi təsbit olunmuşdur.
Bəs Azərbaycan Respublikası Əmək Məcəlləsində nə deyilir? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin c)bəndində: “həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək” üzrə hər bir işçinin əsas hüquqları açıqlanır. Məcəllənin 10-cu maddəsinin b) bəndi: “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”, e) “iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq” kimi əsas vəzifələri göstərilir. Həmçinin 31-ci maddənin n) bəndində “iş yerində və ya işlə əlaqədar olaraq, ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləri və təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımı tədbirlərin göstərilməsi” təsbit olunmuşdur. Məsələn, peşəkar resurslar deyəndə, ulu öndər Heydər Əliyev tərəfindən 1999-cü il 28 oktyabrda imzalanan “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin II hissəsinin birinci bölümü problemin mahiyyətini açır: “ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin vəzifəsidir”. 10-cu maddənin II bölümündə isə: “Hər bir şəxs polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərə bilər” ifadəsi də vardır”.
2013-cü il noyabrın 22-də Prezident İlham Əliyev tərəfindən imzalanan, 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq haqqında” Qanunun 1.0.1.bəndində deyilir ki, “ictimai iştirakçılıq - dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, .... ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının bu qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsi və ictimai rəyin nəzərə alınması üçün və vətəndaş cəmiyyəti institutları — QHT, KİV, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri” və “ictimai iştirakçılığın həyata keçirilməsi ilə bağlı bu qanunda nəzərdə tutulmamış digər hüquqlarını məhdudlaşdırmır”. Bu baxımından adıçəkilən qanunda ictimai iştirakçılığın formaları da göstərilir. Bu isə ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə və s. kimi fəaliyyətdir.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.0.3. bəndində deyilir: “İctimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir” və bu qanunun 4.1.3. bəndində “informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi” qaydaları da açıqlanır.
Bəs bu barədə fəlsəfi, hüquqi lüğətlərdə nə yazılır? “Fəlsəfə” ensiklopedik lüğətində “ictimai münasibətlər” insanlar arasında onların birgə əməli və mənəvi fəaliyyəti prosesində qərarlaşan münasibətlərdir; İctimai rəy isə “xalqın, sinifin (yəni, əhali qrupu, əhali təbəqəsi - R.M.), sosial qrupun əksəriyyətinin onların təlabat və mənafelərinə toxunan gerçəkliyin fakt, hadisə və proseslərinə real münasibətlərinin ifadə olunduğu, kütləvi şüurun movcudluğu və təzahürü üsullarından biridir. İctimai rəyin formalaşması və inkişafı istər məqsədyönlü şəkildə – siyasi təşkilatların və sosial -sinfi təsisatların və idarələrin kütlələrin şüuruna təsiri nəticəsində, istərsə də kortəbii şəkildə, yəni, həyat hadisələrinin, sosial təcrübənin və ənənələrin bilavasitə təsiri altında baş verir. İctimai rəyin əlamətlərinə onun intensivliyi və sabitliyi aiddir. İctimai rəy rasional, emosional və iradi ünsürlərin üzvü vəhdətidir. İctimai rəy üç səviyyədə təzahür edə bilər: Birincisi, mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsilə); ikincisi, mənəvi -praktik münasibət (emosional -iradi meyillər, səylər, niyyətlər və s); üçüncüsü isə, praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə.
Bəs ictimai rəyin nüfuz gücü nədir? Bu güc əksəriyyətin şüuruna əsaslanaraq təzahür edir. Həmin əksəriyyət, yəni, çoxluq düzgün, real həqiqəti əks etdirən mövqedədirsə, bu əksəriyyətin — çoxluğun yetkin rəyi kimi nəzərə alınır. Məhz bu nöqteyi -nəzər ictimai rəyin sosial əhəmiyyətini və praktik təsirliliyini artırır.
Bəs ümümilikdə “ictimai nəzarət” anlayışı nədir? Hüquq ensiklopedik lüğətində “ictimai nəzarət sosial nəzarətin kütləvi növüdür” kimi göstərilir. İctimai nəzarət dövlət, dövlət - ictimai (xalq) nəzarətindən ibarət olan nəzarət sisteminin mühüm tərkib hissəsidir. İctimai nəzarət demokratiyanın həyata keçirilməsinin bir forması, geniş kütlələrin cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu, ...aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri şərtidir” kimi açıqlanır.
Bəs ictimai təsir özünü nədə ehtiva edir? İctimai təsir hüquqi tərbiyə, xəbərdarlıq tədbirləridir. İctimai təsir ictimai rəyə, ictimaiyyətin təşkilatı və tərbiyəvi iş sisteminə əsaslanır. İctimai təsir şəxsə onun davranışının ziyanlı olmasını izah etməkdən, ictimai təşkilatın, kollektivin adından bunun pislənməsindən, qaydanı pozan üzərində sosial nəzarətin artırılmasında və onun pozitiv maraq sahəsinə cəlb edilməsindən ibarətdir. İctimai təsir söhbətlərdə, iclaslarda müzakirə, mətbuatda tənqid, hamilik, nizamnamə tənbehləri, müvəqqəti olaraq imtiyazlarından məhrumetmə, bəzən isə yoldaşlıq məhkəməsində (iş əməkdaşlarından ibarət komissiyada – R.M.) baxma və s. yolla həyata keçirilir” kimi ifadə olunur.
Belə olan surətdə “ictimai rəy” anlayışı nəyi ehtiva edir? “İctimai rəy” - insanların sosial gerçəkliyin hadisə və faktlarına, müxtəlif qrupların və ayrı- ayrı şəxsiyyətlərin fəaliyyətinə münasibətlərini (gizli və ya açıq çəkildə) təsbit edən qeyri-rəsmi, kütləvi şüurun mövcud olması üsüludur. İctimai rəydə insanların həyat hadisələrinə, siyasi partiyaların, ayrı-ayrı qurumların fəaliyyətinə münasibəti öz əksini tapır”. Məhz bu yanaşmadan da “ictimai münasibətlər” termininə də nəzər yetirək. İctimai münasibətlər – insanlar arasında onların birgə təcrübi və fəaliyyəti prosesində yaranan münasibətlərdir. İctimai münasibətlər maddi və ideoloji münasibətlərə bölünür”.
Təhlil olunan mövzuda digər bir “sosial nəzarət” termini də diqqət çəkir. Bəs sosial nəzarət nədir? Sosial nəzarət sosiologiyada hamılıqla qəbul olunan mühüm anlayışlardan biridir. Özünün qeyri-itaətkar üzvlərini nizama çəkmək üçün hər bir sivilizasiyalı cəmiyyət onun tətbiqinin ən müxtəlif vasitələrindən istifadə edir. Heç bir cəmiyyət sosial nəzarətsiz ötüşə bilməz. Hətta adamların təsadüfən bir araya gəlmiş kiçik bir qrupuna öz nəzarət mexanizmlərini işləyib hazırlamaq lazım gəlir”.
Hüquqi dövlətdə mövcud demokratik institutların möhkəmləndirilməsində sosial nəzarət mexanizmi vacib rola malikdir. Bu baxımdan sosial nəzarət demokratik institutların əsas atributlarından olub, əsasən sosial davranış qaydalarını tənzimləməklə, cəmiyyətdə davranış normalar sistemini təsbit edir. Sosial nəzarət dedikdə, normativ tənzimetmənin praktiki-mənəvi vasitələrinin köməyilə sivilizasiyalı sistemi nizamlı, dinamik-müvazinətli vəziyyətdə saxlamaq üsulu başa düşülür". Deməli, ictimai qaydanın və onun xüsusi mexanizmlərinin qorunması üçün hakimiyyət səlahiyyətlərindən istifadə olunur. Bu zaman sosial normalar, sanksiyalar tətbiq edilir və hakimiyyət anlayışı ön plana çəkilir. Başqa sözlə, cəmiyyət üzvlərinin fəaliyyətinə dövlət və cəmiyyətin özü tərəfindən nəzarət keçirilir.
Sosial davranışın özü nədir? Sosial davranış fərdlərin tam olaraq cəmiyyətin həyatına, fəaliyyətinə dövlət və sosium tərəfindən nəzarətin sosial mexanikasıdır. Sosial davranışın məqsədli tənzimlənməsi incə və zərif xarakter daşıyır, eləcə də dəyər yönümlərinin seçilməsində sərbəst və azad iradənin maksimum fəal iştirakını nəzərdə tutur. Bu baxımdan əsrlərlə formalaşan adətlər, yazılmamış qanunlarla riayət edilən ənənələr, iman və inamdan irəli gələn dini ayinlər, əxlaq normaları bəzən hüquqi qanunlarsız belə insanlar tərəfindən nəzarət edilir. Məhz bu ictimai, başqa sözlə, hüquqi müdaxiləsiz sosial nəzarət insanların davranışının təmin edilməsini göstərən çeşidli münasibətlər, qayda və normalar, həmçinin demokratik insanlararası institutların münasibətlərinin qaydalar məcmusudur.
İctimai nəzarət mexanizmləri fərdi yox, məhz fərdin öz davranışından yaranan xətalar, qüsurları və ifadə etdiyi qeyri-etik sözlər onu qınaq obyektinə çevirir. Məhz burada fərd qeyri-etik davranışı ilə “təcrid olunur”, onun nəinki özü, həmçinin digər şəxslərə münasibətdə davranış və ifadələri, onu “arzu olunmayan şəxsə” çevirir. Bəzən də ətrafın loyallığı da belə davranışlara stimul verir. Akademik Ramiz Mehdiyev çox haqlı olaraq göstərir ki, “insanlar bu və digər hərəkətləri avtomatik şəkildə deyil, tamamilə şüurlu surətdə, müəyyən məqsədlərə istiqamətlənərək yerinə yetirir. Bundan əlavə, insanların davranışı dərk edilmiş maraq və emosiyalarla yanaşı, ənənələr, dil, tərbiyə və dinin müəyyən etdiyi dünya mənzərəsi ilə şərtlənir”. Bu baxımdan da məhz Ramiz Mehdiyev məntiqində sosial davranış termininin izahına müraciət edək. Akademik “Fəlsəfə” dərsliyində açıqlayır ki, “fərdin və qrupun davranışının həm obyektiv, həm də subyektiv ilkin şərtlərinin nəzərdən keşirilməsinə əsaslanan sosial davranış kateqoriyası cəmiyyətin mənəvi həyatının başa düşülməsi və qiymətləndirilməsi üçün həlledici əhəmiyyətə malikdir”.
İctimai nəzarət özündə ictimai norma və qaydalar, sosial göstərişlər və hüquqi cəzalar kimi anlamları da birləşdirir. Sosioloq P.Bergerin fikrincə, “sosial nəzarət” konsepsiyasına uyğun olaraq, insan öz ətrafında baş verənlərin və sosial nəzarətin müxtəlif növlərindən, tiplərindən və formalarından ibarət olanların mərkəzində dayanır. İnsanı əhatə edən hər bir dairə yeni nəzarət sistemidir. Dövlət aparatından ibarət olan siyasi-hüquqi sistem ən böyük dairədir”.
İctimai və ya sosial nəzarətdən bəhs edərkən, ilk öncə, hər bir fərdin məhz özünənəzarət— yəni daxilən nəzarət məsələsi əsas önəm daşıyır. Hər bir kəs (fərd, şəxs, vətəndaş) öz davranışını bütövlükdə cəmiyyətdə qəbul olunmuş normalarla uyğunlaşdıraraq tənzimləməlidir. İkincisi, xarici nəzarətdir. Bu isə ümumilikdə qəbul edilən qanunlar, davranış tərzi – normalarına əməl edilməsinə məsul olan institut və mexanizmlərin məcmusudur. Təbii ki, burada da (xarici nəzarətdə) iki hal meydana çıxır. Birinci, qrupdaxili — yəni qeyri- formal nəzarət. Burada əsasən iş yoldaşları, həmkarlar, qohum və qonşular, tanış və dostlar qeyri- formal sürətdə, əsasən, fərdin qeyri-etik davranışını tənqid etməyə əsaslanaraq, tövsiyə, məsləhət və s. şəkildə ictimai rəyi dəstəkləyir, hətta tənbeh də edirlər.
İkincisi isə, institusional – formal nəzarətdir. Burada daha çox rəsmi strukturlar və ya bəzən də inzibati orqanlar cəlb edilməklə tədbirlər görülür. Burada ailə və iş kollektivi daha çox ictimai (sosial) nəzarəti yerinə yetirməyə dəstək olur. Unutmayaq ki, ailə institutu ən önəmli sosial institut, iş – kollektiv isə həmkar–əməkdaşlıq institutdur. Deməli, həm ailə, həm də kollektiv qeyri-formal nəzarətin subyekti, aparıcı vahidi, yaxud sosioloji anlamda desək, agentləridir.
Bir halı da qeyd edək ki, formal nəzarət qeyri-formal nəzarətdən sonra yaranmış və reallıqda ondan sonra gəlir. Əgər qeyri-formal nəzarəti kiçik qrup, dəstə və kollektivdə həyata keçirmək mümkünsə, formal nəzarətin böyük insan çoxluğu çərçivəsində tətbiqi qeyri- mümkün olur. Məhz burada inzibati institutlar daha çox önəm daşıyır. Bu baxımdan da qeyri–formal nəzarət əgər
lokal-yerli xarakter daşıyırsa, formal nəzarət isə dövlətin bütün ərazisində səlahiyyət kəsb etdiyi üçün qlobal nəzarətdir. Formal nəzarəti təhsil ocaqları, istehsalat müəssisələri, ordu, məhkəmələr, KİV, siyasi qurumlar, QHT və s. ictimai təsisatlar həyata keçirməklə məşğuldurlar. Təbii ki, bu zaman qanunlar, hökumət qərarları, sərəncam və s. bu kimi təlimatlar ictimai (sosial) nəzarətin əsasını təşkil edir. Bu isə institusional dəstəkdir.
Sosial nəzarətin bəs hansı nəzarət üsulu – forması vardır? Burada bir neçə amil qarşılaşdırılır. Belə ki, a) yüngül -asan forma; b) dolayı (yanaki) forma; c) birbaşa (düzünə) üsul; d) sərt üsuldan istifadə edilir. Nədir bu üsullar? Qeyd etdiyimiz kimi, ailə və kollektiv sosial institutları yüngül və dolayı nəzarəti həyata keçirirsə, birbaşa və sərt üsullar artıq rəhbərlik tərəfindən və qanunlarla tənzimlənir.
Belə bir fikir də var ki, istənilən nəzarət prosesini hətta idarəetmə metodu ilə də uyğunlaşdırırlar. Nəzarət prosesi yalnız fəaliyyətin istiqamətini tənzimləyir. Məsələn, ailədə uşağın təlimi, təhsili, valideynlərin qarşılıqlı hörmətinin qorunması və s. Əmək kollektivlərində isə hər bir müəssisənin öhdəliyi—fəaliyyətinin idarə olunmasına nəzarət tətbiq edilir. Deməli, nəzarət anlayışı məhdud, idarəetmə isə daha genişdir. Və nəzarət prosesi məhz idarəetmədən yaranır. Çünki, idarəetmə zəif olanda, yuxarıda qeyd olunan üsul (metodlar) kollektivdə həyata keçirilməyəndə, orada artıq ictimai nəzarət də zəif olur. Burada akademik Ramiz Mehdiyevin fikirləri yerinə düşür. Akademik R.Mehdiyev yazır: “ Vaxtilə M.Veber qeyd edirdi ki, insan öz fəaliyyəti üçün məqsədlərdən və onlara məna verən dəyərlərdən təkan alır. Əgər bir insanın öz qarşısına məqsəd qoyan varlıq olması fikri ilə razılaşırıqsa, onun davranışının sirlərini hər hansı məqsəd qoymaq prinsipinin müəyyən etdiyi yollarda axtarmaq lazımdır. Dəyərlərin düzgün dərk edilməsi cəmiyyətin mənəvi tənəzzüldən yaxa qurtarmasına kömək edə bilər”.
Həqiqətən də, məhz istənilən fərd fəaliyyət normalarına, əxlaq dəyərlərinə riayət etsə, bütövlükdə ictimai nəzarət də mükəmməl və mühit yüksək mədəniyyətli olar.
Bu mənada, keçmiş sovet təlim–tərbiyə metodikasında həmişə mədəniyyət elementləri yüksək dəyərlər çərçivəsində olurdu. Yazılmamış qanunlarla tənzimlənən ictimai davranış kodeksləri çərçivəsində insanlar yüksək nəzakətlə bir-birilə davranırdılar. Təbii ki, hər fərd qarşısındakına münasibətdə “buyurun”, “bağışlayın”, “rica edirəm”, “zəhmət olmasa”, “mümkünsə” və s. kimi müraciəti ilə seçilirdi. Xüsusən də, təhsil, elm-mədəniyyət ocaqlarında ucadan danışmaq, söhbətləşmək, zaraftalaşmaq, əl-qol hərəkətlərii etmək, şit hərəkətlər, ucadan mahnı oxumaq və s. qeyri-etik davranış tərzi qeyri-məqbul, hətta
qəbuledilməzdir. Bəs demokratiya-müstəqillik dövrünün təlim-tərbiyə metodikası hərəkətlərə də azadlıq verməlidirmi? Söz, fikir, ifadə, əqidə azaddır. Hərəkət, davranış, nizam–intizam, məsuliyyət hissi isə həm də daxilən nəzarətdə olmalıdır. Burada məhz müvafiq qanunlara riayət olunması vacibdir. Hər bir insanda özünə qarşı məsuliyyət hissi güclü olmalıdır. Unutmayaq ki, ulu öndər
Heydər Əliyev daima mənəvi tərbiyəni əsas prioritet saymış və söyləmişdir: “Cəmiyyətimizdə saf mənəviyyatı bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir” və ya “Hər bir insan həyatda yaşamalı, inkişaf etməlidir, öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yeri tapmalıdır. Kim ki, öz bildiyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur. Ulu öndər sanki uzaqgörənliklə bu günümüzü nəzərə alaraq demişdir: “ Biz bütün qüvvələrimizi toplasaq, ziyalılardan, din xadimlərindən, alimlərdən, hörmətli adamlardan istifadə etsək, onlar bu işi mütəşəkkil apara bilsələr, lazımi iş görərək tərbiyə, əxlaq, mənəviyyat məsələlərini ... aşılaya bilərlərsə, mənəviyyatı, iradəni möhkəmləndirə bilsələr, bu, bizim həm siyasi, həm də ideoloji işimiz olacaqdır. Lakin bu iş nəzəri şəkildə deyil, mütəşəkkil aparılmalıdır”.
Məhz bu baxımdan da ölkə Prezidenti İlham Əliyev 2015-ci il mayın 27-də Respublika Gününə həsr olunmuş tədbirdə çox dəqiq və düzgün söyləmişdir: “Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər üzərində qurulubdur. ...Ölkəmizdə ictimai proseslər müsbət istiqmətdə inkişaf edir... idarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. ... İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırlması üçün yeni bir mexanizm yarana bilər... ictimaiyyət də daha fəal olmalıdır.”
Göründüyü kimi, dəyərlər yeniləşir və dəyişir, sosial mədəni-mənəvi ölçülərdə isə bəzən diskriminativ şərait nəzərə çarpır. Təhsil, elm, mədəniyyət nümayəndələri ulu öndər Heydər Əliyev kəlamlarının bu günlə tarazlaşmasında sanki bir qədər biganələşiblər... Ölkədə iqtisadi yönümdə şəhərlə kənd arasında getdikcə fərqlər də dəyişir. Kəndlər, qəsəbələr şəhərləşib, hər yerdə ailəvi park mədəniyyəti formalaşıb, yaşıllaşdırma, asudə vaxtın səmərəliliyi yönümündə modernlik vardır. Bəs dəyişən nədir? Ailə mədəniyyətinə riayətsizlik və ailədaxili qətl, övladdan imtina və uşaqlarını küçələrə atma, ağsaqqal ağbirçək məfhumunun münasibətlərdə bəzən dəyərsizliyi, müəyyən etik normalardan çıxma, hansısa neqativ mənəviyyatsızlığın
“peşə”yə çevrilməsi və bu proseslər çərçivəsində mənəvi zombiləşmə, ictimai nəzarətin, ictimai rəyin, hətta ictimai qınağın belə sönükləşməsi...Elə burada Prezident İlham Əliyevin 10 may 2015 - ci il tarixdə Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı imzaladığı sərəncam da məhz neqativ halların aradan qaldırılmasına qarşı yönəlik müsbət addımdır. Gender strategiyasında yeni metodda qanunvericiliyin tənzimlənməsi reallıqdır.
Bu baxımdan professor Əli Həsənovun fikirlərinə müraciət edək. Ə.Həsənov yazır: “...Dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması, ictimai nəzarət mexanizminin stimullaşdırılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi... kimi məsələlər diqqət mərkəzində olacaqdır. Bu norma və prinsiplərə əməl etməyən, öz işində ardıcıl nöqsanlara yol verənlər...Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarıb, öz işlərində dönüş yaratmalıdırlar, ya da qanunun sərt üzü ilə üzləşəcəklər”.
Bu baxımdan ictimai nəzarət prosesində vətəndaş cəmiyyəti, əsasən də QHT sektorunun və ictimai mühitin yeniləşməsində rolu, yeri və mövqeyi də önəmlidir. Belə ki, daxili resursları olan, özəl keyfiyyətləri inkişaf etmiş, fəal həyat mövqeyi tutan passionar insanları təşkilatlandırmaq vətəndaş cəmiyyətinin ən aktiv vəzifəsidir. Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektualların müxtəlif təşkilatlarda aktivliyi labüddür. QHT-nin sosial, humanitar, ictimai prosesə cəlb edilməsi məqsədilə, onların Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənməsi, konstruktiv ictimai tənqid və tənbeh üçün şərait yaradılması, maddi-texniki bazasının möhkəmlənməsi, habelə aktual sosial və humanitar layihələrin həyata keçirilməsinə kömək ölkədə demokratikləşmə yolunda aparılan mühüm islahatlarda ictimai rəyin formalaşmasına köməkdir. QHT-lərə Dövlət Dəstəyi Şurası ölkədə vətəndaş təşəbbüskarlığı, yeni ictimai davranış normaları mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Bu mənada qismən də olsa, sosial-hüquqi konteksdə araşdırılan “ictimai nəzarət” mövzusunu Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fikirləri ilə yekunlaşdıraq: “Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar bir çox siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin, yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan kişilər və qadınlardan asıldır.”
Rəna MİRZƏZADƏ,
AMEA Fəlsəfə və
Hüquq İnstitutunun
şöbə müdiri, fəlsəfə
elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.