Qarabağ torpağına bu il yay erkən gəlib. İnsanlar sərinləmək və dincəlmək üçün park və xiyabanlara axışırlar. Onların ən çox üz tutduqları məkanlardan biri Bərdədəki Heydər Əliyev adına park-bulvardır. Bu ünvanın şəhərin xəritəsinə yazıldığı gündən o qədər də çox vaxt keçməyib. Ancaq sorağı bütün bölgəyə yayılıb. Yeni park-bulvarın qısa müddətdə məşhurlaşmasının səbəbi onun bir çox özəllikləri ilə bağlıdır.
Bir yay günündə mən də Tərtər çayının hər iki sahili boyunca uzanan bu istirahət məkanının seyrinə çıxıram. Jurnalist müşahidələrimə və bilgilərimə əsaslanıb əminliklə deyə bilərəm ki, 47 hektar ərazini əhatə edən park-bulvarın genişliyinə görə bölgədə, yaxın-uzaq şəhərlərdə bənzəri yoxdur. Təkcə genişliyinə görəmi? Burada yaradılan şərait, təklif olunan xidmətlər də keyfiyyətinə və çeşidinə görə seçilir. Hər şey insanların rahatlığına və mənalı istirahətinə hesablanıb.
Eni 36, hündürlüyü 12 metrə çatan əzəmətli giriş qapısından başlayaraq hər bir guşədə yüksək zövq, yaradıcı təxəyyül özünü büruzə verir. Çayın üzərində salınmış asma körpülər, fəvvarələr, süni göllər bir-biri ilə üzvi şəkildə birləşərək harmoniya yaradır. Sahəsi 10 hektar olan iki süni göl təkcə sərinlik mənbəyi deyil, eyni zamanda, qayıq gəzintisinə çıxmaq üçün ideal məkandır. Bu məqsədlə alınan qayıqlar istirahətə gələnlərin sərəncamına verilib. İstəsən arxayınca velisoped də sürə bilərsən. Bunun üçün 1,2 kilometr uzunluğunda ayrıca yol salınıb.
Min tamaşaçı yeri olan süni örtüklü stadion, əl oyunları meydançası, min yerlik yay kinoteatrı, iki min kvadratmetr ərazini əhatə edən uşaq əyləncə mərkəzi, ana-uşaq kafesi, ikimərtəbəli çay evi, kölgəliklər, ticarət və iaşə obyektləri uşaqdan-böyüyədək hər kəsə park-bulvarda ürəyincə istirahət etmək, əylənmək imkanı yaradır.
Park-bulvar başdan-başa yaşıllığa, gül-çiçəyə qərq olub. Burada əkilmiş 20 mindən çox çiçək, gül kolu və ağac göz oxşamaqla yanaşı, ətrafa sərinlik yayır, xoş rayihə saçır. Ərazi ən müasir işıqlandırma sistemi ilə təmin olunub və gecəsi gündüzündən fərqlənmir.
Bu da hələ son deyil. Tərtər çayı boyunca bulvarı daha 4,3 kilometrə qədər uzatmaq, 30 hektar ərazidə yeni göllər yaratmaq nəzərdə tutulur. Park-bulvar ərazisində Qarabağ dövlət tarix muzeyi yaradılacaq. Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin ideyası olan bu layihə Prezident İlham Əliyev tərəfindən də dəstəklənib. Beləliklə, kompleks yalnız istirahət-əyləncə məkanı olaraq qalmayacaq, eyni zamanda, bölgənin mədəni mərkəzi statusu qazanacaq.
Axşamlar park-bulvar daha qələbəlik, daha əzəmətli olur. Burada, necə deyərlər, iynə atsan yerə düşməz. Özü də istirahətə, dincəlməyə gələnlər təkcə rayon sakinləri deyil. Park-bulvara ətraf rayonlardan da üz tutanlar çoxdur. Biz onlardan bir neçəsi ilə söhbət edirik.
Yaşar Ağayev:
– Mən Ağdamın “Dördyol” adlanan qəsəbəsində yaşayıram. Ancaq hər axşam ailəliklə bura gəlirik. Gərgin iş günlərindən sonra park-burvarda dincəlmək üçün hər cür şərait yaradılıb. Süni göl, asma körpü, yaşıllıq, gül-çiçək adamda xoş duyğular yaradır. Mən bu gözəlliyi, bu rahatlığı yaradanlara “çox sağ olun” deyirəm.
Məhəbbət Bədəlov:
– Naftalandan gəlmişəm. İşimlə əlaqədar tez-tez Bərdədə oluram. Ancaq, sözün düzü, əvvəllər burda dincəlmək üçün elə bir istirahət guşəsi tapa bilmirdik. İndi isə, görürsünüz, adam əlindən tərpənmək olmur. Bərdənin tarixinə, bugününə yaraşan gözəl istirahət məkanıdır. Əlbəttə, ilk növbədə, ölkə Prezidenti İlham Əliyevə bölgələrə göstərdiyi belə diqqət və qayğı üçün təşəkkürümüzü bildirirəm.
... İsti, bürkülü yay günü, aran yeri, Bərdə rayonu... İlk baxışda əlbəttə, darıxdırıcı, narahat mənzərədir. Ancaq tələsməyin. Bu əvvəllər belə idi. Qadir insan əli, yaradıcı, qurucu insan təxəyyülü indi bu yerləri gülüstana çevirib. Heydər Əliyev adına park-bulvarda olduğu kimi...
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.