İlin bu çağlarında adamın ürəyi təbiət istəyir: dağlara çıxmaq, düzlərə, dərələrə, meşələrə doyunca baxmaq, minbir rəngə çalan güllərin, çiçəklərin ətrinə hopmuş sərin dağ havası ilə nəfəs almaq, bulaq başına enmək, dincəlmək, bu mənzərədən, bu gözəllikdən zövq almaq, yaşamaq istəyirsən...
Elə ona görə də Göygöl Rayon İcra Hakimiyyətində Şəhriyar kəndinə getməyimizi məsləhət biləndə ürəyimcə oldu. Orası da var ki, Göygöl rayonunun coğrafi vəziyyəti elədir ki, yaşayış məntəqələrinin, demək olar, hamısı bağlarda, dağətəyi zonada yerləşir. Ancaq, hər halda, Şəhriyar kəndinə getmək dağların döşü ilə uzanan yollardan ötmək, qıjıltı ilə axan dağ çaylarından keçmək, az qala, hər addımda buz kimi bulaqlardan su içmək, palıd, ulaş, çinar ağaclarının qalın kölgəsində dincəlmək demək idi. Ona görə də dərhal yola çıxdıq.
Yol-yoldaşım, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Rauf Nəsirov bu yerlərin hər qarışına yaxşı bələddir. Keçdiyimiz yerlər, kənd-kəsəklər haqqında maraqla danışır, son illər görülmüş işlər, yaxın illərdə nəzərdə tutulmuş tədbirlər barədə məlumat verir. Müsahibim deyir ki, indi kənd də dəyişib, kəndli də. Azad sahibkarlara, fermerlərə, iş adamlarına dövlət səviyyəsində göstərilən diqqət və qayğı, geniş tətbiq olunan və hər yerdə böyük maraqla qəbul edilən güzəştli şərtlər və s. nəticə etibarilə kənd təsərrüfatı məhsulları istehsalının ildən-ilə artırılımasına səbəb olur.
Təsadüfi deyildir ki, hazırda kənd yerlərində bir metr də olsun əkilməmiş torpaq sahəsi qalmır. Kənd adamı yaxşı bilir ki, onun çörəyi, dolanışığı, gün-güzəranı torpaqdan çıxır. Ona görə də gecəli-gündüzlü iş üstündə, əkində-biçindədir. Harda nə əkməyi, nə qədər əkməyi özü müəyyənləşdirir. İllik azuqəsinin demək olar ki, hamısını torpaqdan götürür. Qalanını isə aydın məsələdir ki, bazara çıxarır. Düzdür, dağ kəndlərində əkin-biçin işləri aran yerlərinə nisbətən çətindir. Ən əvvəl, əlbəttə, suvarma suyu cəhətdən. Digər tərəfdən, dəmyə şəraitində, dağ yamaclarında, talalarda, çay kanallarında əkin-biçin işləri ikiqat zəhmət və vəsait tələb edir. Buna baxmayaraq, olduğumuz başqa kəndlərin, elə Şəhriyar kəndinin sakinləri də torpaqdan istədikləri barı-bəhəri götürə bilirlər.
Şəhriyar kəndində doğma ata-baba yurd yerlərindən didərgin düşmüş insanlar yaşayır. Taleyin amansız zərbələrinə tuş gələn bu insanların əvvəllər yaşadığı ünvanlar da müxtəlifdir: Göyçə, Laçın, Kəlbəcər, Ağdam ... Həyatın sərt sınaqları, çətinlik və yurd-yuva həsrəti onları daha da möhkəmləndirmiş, qayğıkeş və mehriban etmişdir. İndi burada özlərinə ev-eşik, gün-güzəran qursalar da, ürəkləri doğma yerlərə qayıtmaq arzusuyla döyünür.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kəndi üzrə nümayəndəsi Abdulla Cahangirov son illər görülmüş işlərdən, vacib sosial məsələlərdən, əkin-biçin işlərinin gedişindən söz açdı:
– Gördüyünüz 180 yerlik orta məktəb binası son illər tikilib. Uşaq bağçası isə əsaslı təmirdən sonra köhnə məktəb binasına köçürüldü. Su xəttinin çəkilişi artıq başa çatmaq üzrədir. Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksi də əsaslı təmir olunmuşdur. Elektrik enerjisi, yol və başqa sosial məsələlər də çoxdan öz müsbət həllini tapıb. Kənd təsərrüfatı məhsulları istehsalına gəlincə, onu deyək ki, son 5 ildə taxıl, bostan-tərəvəz, ət, süd, yumurta istehsalı 3 dəfədən çox artıb. Bu isə, hər şeydən əvvəl, bol gəlir, əlavə qazanc, firavan yaşayış deməkdir.
Əli Həsənovun yaşı 75-i ötüb. Əslən Göyçə mahalının Qaraqoyunlu kəndindəndir. Məlum hadisələrdən sonra ailəsi, qohum-əqrəbası isə bura — Şəhriyar kəndinə köçüb. İstili-soyuqlu, enişli-yoxuşlu ömür yaşayıb. İki dəfə doğma yurd-yuvasından didərgin düşüb. Axırıncı – 1989-cu ilin payızı isə daha dəhşətli, daha faciəli oldu. İxtiyar yaşlı qoca üçün o günləri xatırlamaq çətin olsa da ürəyindən keçənləri dilinə gətirir:
– Dolu ev-eşiyimizdən bir çöp də çıxarda bilmədik. Mal-qaramız, ev əşyalarımız yağıya qismət oldu. Quruca canımızı götürüb çıxdıq. Təkcə bizim kənddən onlarla dinc sakin şəhid oldu. Yağı düşmən nə qocaya, nə qadına, nə də uşağa rəhm elədi. Mən hələ uzaq, soyuq dağ yollarında əziyyətə, zülmə tab gətirməyib dünyasını dəyişənləri demirəm.
Gəlib burada nə görsək yaxşıdır? Köçüb getmək istəyən erməni ailələri üçün yük maşını ayırır, onları xətir-hörmətlə yola salırdılar. Bax, bizi yandırıb tökən də elə bu idi. O zamankı respublika rəhbərlərinin qorxaq, aciz, satqın mövqeyi bizdə haqlı olaraq hiddət və nifrət yaradırdı. Ancaq nə etməli? Yaşamalı, özümüzə yenidən ev-eşik, həyət-baca qurmalı, necə deyərlər, ayaq üstə durmalı idik.
Yaxşı ki, ulu öndər Heydər Əliyev yenidən respublika rəhbərliyinə gəlməyə razılıq verdi. Həmin tarixi qayıdışdan sonra səsimizi eşitdilər, diqqət və qayğı artdı. Gördüyünüz bu kənddə inkişaf və yüksəlişin bünövrəsi də o vaxtlar qoyuldu.
Şəhriyar kəndində qabaqcıl əmək adamları, fermerlər, sahibkarlar çoxdur. Onlardan biri də Əli Ağamalıyevdir. Öyrəndik ki, əslən Laçın rayonunun Əlikli kəndindəndir. Laçının işğalından sonra bu kənddə məskunlaşıb. Qohum-qonşu birləşib kiçik bir təsərrüfat da yaradıblar. Taxıl da əkirlər, heyvandarlıqla da məşğul olurlar, bostan-tərəvəz məhsulları da yetişdirirlər. Builki göstəriciləri ilə maraqlandıq. Bildirdi ki, havalar kənd təsərrüfatı üçün əlverişli keçir. Dəmyə olsa da, bol taxıl yetişdirmişik. Biçinə tam hazırıq. İlkin hesablamalara görə, zəmilərin hər hektarından 30 sentner məhsul götürüləcəkdir. Heyvandarlıq, meyvə-tərəvəzçilikdə də məhsul ötən ildəkindən çoxdur. Deməli, gəlirimiz də çox olacaqdır. Ə.Ağamalıyev bir məsələyə də toxundu:
– Düzdür, kəndimizdə hamının az-çox torpaq sahəsi var, əkir-becərir. Ancaq münasib iş yerləri axtaranlar da çoxdur. Yaxşı olar ki, burada kiçik emal müəssisələri yaradılsın. Məsələn, bizim meşələrdə müxtəlif meyvələr yetişir. Üstəlik, həyətyanı sahələrdə də meyvə boldur. Ancaq hamısını bazara çıxarda bilmirik. Nəticədə, zay olub gedir. Əgər burada kiçik bir emal müəssisəsi yaradılsa həm ekoloji cəhətdən təmiz məhsul götürülər, həm də gənclər işlə təmin olunar.
Şəhriyar kəndindən aşağı enirik. Bu yerlərə yaxşı bələd olan sürücü sərt döngələrin birində, iri qoz ağacının yanında maşını saxlayır.
– Burada yaxşı bir bulaq var, – deyir. – Suyu bal kimidir...
Ensiz cığır bizi bulaq başına gətirdi. İri qayanın dibindən çıxan gur su çiçəklərin, otların arası ilə axıb gedirdi. Ağacdan iri nov da düzəltmişdilər. Knyaz Atayevlə də burada tanış olduq. O da yol üstəydi, su içməyə düşmüşdü. İri dolçanı doldurub bizə uzatdı:
– Min bir dərdin dərmanıdır, – dedi. – Mən özüm əslən göyçəliyəm. 20 ildən çoxdur ki, bu kənddə məskunlaşmışıq. Doğma yurd yerlərimiz bax o dağların arxasındadır. Orada belə bulaqlar çoxdur. Təbiəti də, meşələri də bizim tərəflərə çox oxşayır. Bizi burada yaşadan da ölkə Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı, bir də bu təbiət, bu dağlar, bu bulaqlardır...
Yeri gəlmişkən, qeyd edək ki, 2015-ci ilin ötən ayları ərzində, bütövlükdə, Göygöl rayonunda iqtisadiyyatın dinamik inkişafı təmin olunmuş, sosial obyektlərin tikintisi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər daha sürətlə davam etdirilmişdir.
Göygöl şəhərinin Həsənbəy Zərdabi və Mir Cəlal Paşayev küçələrinə asfalt örtük salınmış, Böyük Vətən müharibəsində həlak olanların Xatirə kompleksinin əsaslı təmiri, abidənin ətrafındakı parkda təmir-bərpa və yenidənqurma işləri başa çatdırılmışdır.
Ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ağacəkmə kampaniyası davam etdirilmiş, meşə dolaylarında 14350 ədəd, şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 4700 ədəd müxtəlif növ ağac əkilmişdir.
Rayonda 2015-ci ilin ötən ayları ərzində 302 yeni iş yerləri açılmışdır, bunun da 190-ı daimidir.
İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 31094,9 min manat təşkil etmişdir.
Aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticəsi olaraq, 2014-cü ildə 1652 kənd təsərrüfatı məhsulları istehsalçısına yanacaq və motor yağlarına, buğda əkininə, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 768,3 min manat yardım verilmişdir. Bu da rayonda aqrar sahənin dinamik inkişafına səbəb olmuşdur. Bu ilin məhsulu üçün 9956,1 hektar payızlıq, 416,4 hektar yazlıq səpin aparılmış, istehsalçılara 70 faiz güzəştlə 108,2 ton azot gübrəsi satılmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə 743,2 min manat çox olmaqla, 7606,7 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür.
İri malın sayı 20420, xırda heyvanların sayı isə 169786 başa çatmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 208,9 ton, ət 2,1 ton, yumurta 8,9 min ədəd artmışdır.
Göründüyü kimi, kənd təsərrüfatı ili təkcə Şəhriyar kəndi deyil, bütövlükdə, Göygöl rayonu üçün böyük uğurlar, geniş imkan və hədəflər vəd edir. Nəzərdə tutulmuş vəzifələrin uğurlu icrası üçün bütün qüvvə və səylər hərəkətə gətirilmiş, əlavə imkan və ehtiyat mənbələri müəyyən edilmiş, bütün sahələrdə ciddi intizam və tələbkarlıq yaradılmışdır. Əsas diqqət ona yönəldilmişdir ki, ölkənin ümumi ərzaq təminatında Göygölün payı daha da artsın.
Dağlar qoynunda qərar tutmuş, sərin havalı, buz bulaqlı, minbir çiçəklərin, güllərin, ağacların dili ilə nəfəs alan Şəhriyarda bir gün olduq. Kənd adamları ilə görüşdük, söhbət etdik. Qəlbi bu dağlar kimi uca, təmiz olan insanların qonağı olduq, gün-güzəranları, qayğıları, arzuları ilə maraqlandıq.
Bəli, bu ilin bərəkətli baharı, ümidli yayı çox şey vəd edir. Bolluq, bərəkət özü qapımızı döyür. Şəhriyarın – bu kiçik dağ kəndinin sakinləri məhz belə düşüncələrlə, arzu və qayğılarla yaşayır, sabaha böyük ümidlə baxırlar.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.