Dağlar diyarı Lerikin Rəzgöv kəndi dağdan ağır kişiləri, igid oğulları, alimləri ilə fəxr edir. Onlardan biri ömrünün 91-ci ilini yaşayan, iki cəbhənin veteranı olan Daşdəmir Paşayevdir.
El ağsaqqalının yubiley tədbirində də qeyd olunduğu kimi, zəhmətkeş bir ailəni təmsil edən Daşdəmir rayonda orta məktəbi bitirdikdən sonra Bakıya üz tutub. Texniki-peşə məktəbində oxuyub, neft mədənlərində çalışıb. Sonra onun yolu İkinci dünya müharibəsi cəbhələrindən keçib. Döyüş yolu Moskva ətrafından başlanıb. Belarusun Vitebsk şəhərində gedən döyüşlərdə yaralanıb, hospitalda müalicə olunaraq yenidən xidmət etdiyi hissəyə qayıdıb. Belarus düşməndən azad ediləndən sonra Litvanın Kaunas şəhərində vuruşub. 1944-cü ilin payızında ağır yaralanıb və uzun müddət müalıcə edilib. Qələbə sorağını Qorki şəhərində eşidib.
Daşdəmir Paşayev 1946-cı ildə ordudan tərxis olunaraq doğma kəndinə qayıdır. O, təsərrüfatda öncül kollektiv başçısı, zəhmət adamı kimi hörmət qazanır. Bu keyfiyyətləri diqqətdən yayınmır və dörd il sonra zirək, savadlı bir gənc kimi rayon milis şöbəsinə xidmətə göndərilir.
...Müharibə illərində ucqar bölgələrdə doğulan uşaqların əksəriyyətinin doğum haqqında şəhadətnaməsi yox idi. Onlar məktəb yaşına çatanda çətinliklər yaranırdı. Gənc milis işçisi Daşdəmir Paşayev kəndbəkənd gəzərək bu problemin həllinə çalışır. Sonra Bakı Milis Məktəbinə oxumağa göndərilir və təhsilini başa çatdırandan sonra doğma rayona qayıdaraq milis şöbəsində pasport masa rəisi vəzifəsinə irəli çəkilir. Daha sonra baş əməliyyat müvəkkili təyin olunur. Nazirlik tərəfindən Astara, Lənkəran, Neftçala rayonlarına da ezam edilərək ağır cinayətlərin açılmasına nail olur. Ona vaxtından əvvəl mayor rütbəsi verilir. Şöbə rəisinin müavini vəzifəsinə yüksələn mayor Paşayev ömrünün on ilini də bu vəzifədə çalışır, nümunəvi xidməti ilə fərqlənir və kollektivin ağsaqqalı kimi hörmət qazanır.
Daxili işlər orqanlarında çalışdığı 35 ildə gənc polis işçilərinin bu çətin və şərəfli peşəyə ürəkdən bağlanmasında Daşdəmir Kazım oğlunun böyük zəhməti olub. Ramazan Mirzəyev, Vaqif Hüseynov, Vəliağa Şahpələngov, Ənvər Məmmədov və başqaları onu özlərinin peşə müəllimi, yolgöstərəni sayırlar.
1984-cü ildə təqaüdə çıxan polis veteranı rayonun qaynar həyatından kənarda qalmayıb. Daşdəmir Paşayevi qələm əhli kimi də tanınır. O, təqaüddə olduğu illərdə qələmə aldığı “Lerik polisinin tarixindən”, “Qisas və özünəqəsd” , “Ulu kəndim Rəzgöv”, “Geriyə boylananda” kitablarının müəllifidir.
Daşdəmir Paşayev ömür-gün dostu Tahirə Hənifə qızı ilə 68 illik tarixi olan nümunəvi bir ailə ocağını sidq-ürəklə hifz edir. Səkkiz qız, bir oğul böyüdüblər. Nəvə və nəticələrinin sayı 90-a çatır. Ailənin əziz-xələf oğlu Rahim ata yolunu seçib, qabaqcıl polis işçisidir.
Ehtiyatda olan polkovnik-leytenant yubileyi ərəfəsində çoxlu məktub alıb. Zərflərin üstündə “Lerik şəhəri, Daşdəmir Paşayev” sözləri yazılsa da, poçtalyonlar dəqiq ünvanı yaxşı bildikləri üçün çətinlik çəkmədən məktubları sahibinə çatdırırlar. Ötən il Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun imzası ilə aldığı məktub veteranı xüsusilə sevindirib. Məktubda yazılmışdı: “Hörmətli Daşdəmir Kazım oğlu!
Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 70 illiyi və Belorus Respublikasının müstəqillik günü münasibətilə təbriklərimi qəbul edin... Xoşbəxt həyatımıza görə Sizə və azadlığımız uğrunda vuruşanlara borcluyuq. Sizin və müharibədən sonraki illərdə respublikamızın dirçəlişi uğrunda çalışanların qarşısında baş əyirik. Belorus xalqı göstərdiyiniz hünəri heç zaman unutmayacaq”.
Bundan bir ay keçməmiş veteran Bakıya çağrılıb, Belarus Respublikasının Azərbaycandakı səfiri 70 illik yubiley medalını ona təqdim edib.
Daşdəmir Paşayevin adı Vitebsk şəhərinin fəxri vətəndaşları kitabına yazılıb.
Bu yaxınlarda Lerik Rayon Mədəniyyət Evində Böyük Vətən müharibəsi iştirakçısı, uzun illər dövlət qulluğunda çalışmış Daşdəmir Paşayevin 90 illik yubileyi qeyd olunub. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov yubilyara təbriklərini çatdırıb, ona fəxri fərman təqdim edib. Rayon polis şöbəsinin rəisi, polis polkovniki Hüseynəli Məlikov, Daxili İşlər Nazirliyinin əməkdaşı, polis polkovnik-leytenantı Üzeyir Məmmədov çıxışlarında Böyük Vətən müharibəsinin odlu-alovlu yollarından keçmiş, xalqına və Vətənə sədaqətlə xidmət edən Daşdəmir Paşayevi həm də sadiq dost, elinə-obasına bağlı ağsaqqal kimi xarakterizə ediblər. Rayonun ağsaqqalları, polis veteranları Daşdəmir Paşayev haqqında ürək sözlərini söyləyiblər.
Yubilyar ona və bütün veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək, ölkəmizə və xalqımıza firavan həyat arzulayıb.
Mərasimdə Vətəni tərənnüm edən şeirlər səsləndirilib, yubilyara ünvanlanmış təbrik teleqramları oxunub, ona hədiyyələr təqdim edilib.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.