Məhkəmə-hüquq islahatının uğurları dövlətimizin nüfuzunu artırır Məhkəmə-Hüquq Şurası – 10 il

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış olduqca çətin və mürəkkəb bir vəziyyətdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev daxili hərc-mərcliyin aradan qaldırılmasına, vətəndaş müharibəsinin qarşısının aılnmasına, xarici müdaxilənin dayandırılmasına nail olaraq dərhal geniş miqyaslı demokratik islahatlar aparmağa başladı. Ümummilli liderin zəngin idarəçilik təcrübəsi, yenilməz  iradəsi, qətiyyəti və gərgin zəhməti hesabına əldə olunan siyasi və iqtisadi sabitlik şəraitində müstəqil dövlətimizin ilk Konstitusiyası bilavasitə ölkə başçısının rəhbərliyi ilə işlənib hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu.

Uğurla həyata keçirilən demokratik dəyişikliklər prosesində məhkəmə-hüquq islahatına xüsusi əhəmiyyət verilərək, beynəlxalq prinsiplərə və müasir tələblərə uyğun yeni mütərəqqi qanunlar və məcəllələr qəbul edildi. 2000-ci ildə Azərbaycanda ilk dəfə olaraq, test üsulu ilə şəffaf prosedurlar və demokratik seçim əsasında yeni hakim korpusu formalaşdırıldı. Məhkəmələrə müstəsna səlahiyyətlər verildi. Hakimlərin maddi və sosial təminatı ciddi şəkildə yaxşılaşdırıldı. Bütövlükdə, insan hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edən prinsipcə yeni, üçpilləli məhkəmə sisteminin yaradılması ilə səciyyələnən qısa dövrü müstəqillik illərində Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının ilk mərhələsi kimi qiymətləndirmək olar.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü ildə qədirbilən xalqımız tərəfindən ölkə Prezidenti seçilməsi ilə müstəqil Azərbaycan dövlətinin inkişafı yeni mərhələyə qədəm qoydu. Uğurla davam etdirilən köklü islahatlar nəticəsində sərbəst bazar iqtisadiyyatının bərqərar olması bütün sahələrdə sürətli inkişafa təkan verdi. Eyni zamanda, demokratik dəyişikliklərin geniş miqyas alması və ölkənin beynəlxalq qurumlara daha sıx inteqrasiya etməsi bəşəri dəyərlərin və humanist prinsplərin ön plana çəkildiyi Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi zərurətini doğururdu. Ardıcıl şəkildə həyata keçirilən mütərəqqi islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin müstəsna olaraq məhkəmələrin səlahiyyətinə aid edilməsi, sərbəst iqtisadi dövriyyə şəraitində mülki işlərin sayının kəskin şəkildə çoxalması, hakimlərin iş yükünün hədsiz dərəcədə artması ədalət mühakiməsinin qarşısında yeni vəzifələr qoyurdu.

İnsan hüquqlarının etibarlı müdafiəsinə daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə başçısı kimi fəaliyyətinin ilk günlərindən zamanın tələbinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmələrin fəaliyyətindəki problemlərin aradan qaldırılması üzrə kompleks tədbirlər həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verdi və bununla da məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsi başlandı. Bu məqsədlə Azəbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradıldı, ölkəmizin təşəbbüsünə əsasən bu mötəbər qurum tərəfindən nüfuzlu ekspertlər ayrıldı, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması və fəaliyyətinin qiymətləndirilməsi məsələləri üzrə müvafiq Fəaliyyət Planı hazırlandı. Fransa, İspaniya və İtaliyadan olan hakimlərin, təcrübəli mütəxəssislərin, Avropa Şurası nümayəndələrinin yaxından iştirakı ilə ardıcıl şəkildə görüləcək kompleks tədbirlər müəyyən edildi. Qısa müddət ərzində bir sıra normativ-hüquqi sənədlər işlənib hazırlandı, “Məhkəmlər və hakimlər haqqında” qanuna dəyişikliklər və əlavələr edildi, “Məhkəmə-Hüquq Şurası haqqında” qanun qəbul olundu.

2005-ci ilin fevral ayında yeni qanunvericiliyə uyğun olaraq demokratik əsaslarla formalaşdırılmış Məhkəmə-Hüquq Şurası ədliyyə naziri, birinci dərəcəli Dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun rəhbərliyi ilə ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycanda məhkəmə-hüquq islahatlarının yeni mərhələsində görülən işlərin təşəbbüsçüsü və təşkilatçısı kimi mühüm və səmərəli fəaliyyətə başladı. Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yeni təsisat kimi onunla səciyyələnirdi ki, tərkibi prinsipcə dəyişmiş, səlahiyyəti isə müasir tələblərə uyğun xeyli genişlənmişdi.  15 nəfərdən ibarət olan şuranın tərkibinə əsasən hakimlər (9 nəfər), eləcə də hakimiyyətin digər qollarının, habelə prokurorluğun və vəkillərin nümayəndələri daxil oldu. Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli şəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər aid edildi.

Ötən 10 il ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən görülən işlər istər əhəmiyyətinə, istərsə də miqyasına görə seçilməklə, islahatlar prosesində yeniliklərlə zəngin bütöv bir mərhələ təşkil edir. Şuranın yeni tərkibdə fəaliyyət göstərdiyi ötən dövr ərzində ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılaraq fəaliyyətin təkmilləşdirlməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu işlər sırasında Avropa Şurası ilə birgə hazırlanmış Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamənin, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi qaydaları”nın təsdiq edilməsi, ölkəmizdə ilk dəfə olaraq Hakimlərin Seçki Komitəsinin yaradılması və hakimliyə namizədlərin dünyada analoqu olmayan obyektiv və şəffaf prosedurlar əsasında seçilməsi xüsusi qeyd edilməlidir.

Məlum olduğu kimi, ölkəmizdə 2005-ci ilin sentyabr ayından başlayaraq hakimlərin ən mütərəqqi prosedurlarla çoxpilləli seçimi həyata keçirilir. Ötən müddət ərzində yeni qaydalar əsasında keçirilən müsabiqələrdə iştirak etmiş 2600-dən çox hüquqşünasdan 307 nəfər seçilərək hakim vəzifəsinə təyin edilmişdir. Azərbaycanın bu sahədə qazandığı nailiyyətlər cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanmış, beynəlxalq aləmdə geniş əks-səda doğurmuşdur. Təsadüfi deyil ki, Avropa Şurasının ədalət mühakiməsinin səmərəliliyi üzrə komissiyası (CEPEJ) ölkəmizdə hakimlərin seçim prosedurunu Avropada örnək kimi dəyərləndirmiş, Avropa İttifaqı tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda isə bu seçim nümunə kimi qiymətləndirilərək digər üzv-dövlətlərə tövsiyə edilmişdir.

Ölkəmizdə məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçməsində Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli fərmanının  müstəsna əhəmiyyəti olmuşdur. Fərmanın icrası məqsədilə  regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün yeni regional məhkəmələr yaradılmış, vətəndaşların narazılığına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması, vətəndaşların məhkəmələrə inamının təmin edilməsi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin maddi-texniki təminatının gücləndirilməsi, məhkəmə aparatlarının strukturunun və işinin təkmilləşdirilməsi üzrə mühüm işlər görülmüşdür. Ümumiyyətlə, son illərdə Məhkəmə-Hüquq Şurasının təklifləri əsasında 20-dək yeni məhkəmə yaradılmış, hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırılmış, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılaraq hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Bu islahatların tərəqqisini görən nüfuzlu beynəlxalq təşkilatların və maliyyə qurumlarının Azərbaycanın ədliyyə və məhkəmə sistemindəki tədbirlərə dəstək təşəbbüsünü də qeyd etmək lazımdır.

Məlum olduğu kimi, Dünya Bankı maliyyə dəstəyinin göstərilməsinə dair təşəbbüs göstərmiş və 2006-2014-cü illər üzrə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 40-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 5 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni bina tikilərək istifadəyə verilib, 11 məhkəmə üçün bina və komplekslərin isə intensiv inşası gedir. Ötən ilin sonunda Quba Rayon Məhkəməsinin ən müasir tələblərə cavab verən yeni binasının açılış mərasimində iştirak edən Dünya Bankının nümayəndəsi xanım L.Leşçenko çıxışında Azərbaycanla birgə fəaliyyətin səmərəliliyini və əldə olunmuş nəticələri yüksək qiymətləndirərək qeyd edib ki, təmsil etdiyi bankın ekspertlərinin rəyinə görə, Azərbaycanda inşa olunan məhkəmə binalarının səviyyəsi hətta Avropa standartlarını üstələyir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin ilkin və davamlı tədrisinə, peşəkarlıq səviyyələrinin yüksəldilməsinə Məhkəmə-Hüquq Şurası tərəfindən mühüm əhəmiyyət verilir. Bu işin vacibliyi nəzərə alınaraq şuranın nəzdində yüksək məhkəmə hakimlərindən ibarət “Hakimlərin və dövlət ittihamçılarının tədris sektoru” yaradılmışdır. Hakim korpusunun peşəkarlığının və hazırlığının artırılması daim diqqət mərkəzində saxlanılaraq nüfuzlu beynəlxalq təşkilatlar və hüquq təsisatları ilə işgüzar əlaqələr qurulmaqla silsilə xarakterli treninq və kurslar, davamlı tədris tədbirləri təşkil olunur.

Ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tövsiyələrinin icrası da Məhkəmə-Hüquq Şurası tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə keçirilən tədbirlərə Avropa İnsan Hüquqları Məhkəməsi hakimlərinin dəvət olunması ənənə halını almışdır. Belə tədbirlərin keçirilməsində Ədliyyə Akademiyası ilə Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyalarının qarşılıqlı əməkdaşlığı da öz bəhrəsini verir.

Ölkəmizdə uğurla aparılan məhkəmə-hüquq islahatları çərçivəsində son vaxtlarda reallaşan ən mühüm yenilik Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli  sərəncamına əsasən “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasına başlanılmasıdır. Bu ən mütərəqqi sistemin tətbiqindən sonra məhkəmələrə iddia ərizələri elektron qaydada göndəriləcək, ifadələr elektron daşıyıcılara qeyd olunacaqdır. Tərəflər vəsatətləri və şikayətləri informasiya texnologiyalarından istifadə etməklə elektron poçt vasitəsilə göndərəcək və qəbul edəcəklər. Bu isə məhkəmə prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcəkdir. Bundan başqa, məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən istifadə etməklə qeydə alınması, prosesi onlayn rejimdə müşahidə etmək imkanının yaradılması mühüm yeniliklərdən biri olacaqdır. Məhkəmə-Hüquq Şurasının işinin əsas istiqamətlərindən biri də hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, məsuliyyət hissinin və onlara qarşı tələbkarlığın artırılması, yol verilmiş nöqsanların və hüquq pozuntularının aradan qaldırılmasıdır. Bu məsələyə şura tərəfindən prinsipial yanaşmanın nəticəsidir ki, 10 il ərzində hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticəsində və kobud pozuntulara yol verdiklərinə görə 70-dən çox hakimin fəaliyyətinə xitam verilmişdir.

Məhkəmə-hüquq islahatlarının uğurlu nəticələri şübhəsiz ki, dövlətimizin nüfuzunu artırır, onun demokratik imicini möhkəmləndirir. Son vaxtlar Bakıda məhkəmə fəaliyyətinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi, ədliyyə fəaliyyəti ilə bağlı Avropa Şurasının və ölkəmizin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri, Dünya Bankı ilə ədliyyə sahəsində növbəti layihənin imzalanması Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun nə dərəcədə artdığını təsdiq edir. Mükəmməl qanunvericilik bazasının  yaradılması, hakimlərin ən şəffaf seçimi qaydasının təsbit edilməsi, yeni məhkəmələrin təsis olunması, infrastrukturun müasirləşdirilməsi, elekton məhkəmənin tətbiqinə başlanması və digər mütərəqqi yeniliklər beynəlxalq hüquq əməkdaşlığı sahəsində ölkəmizin nümunəvi tərəfdaş kimi tanınmasına səbəb olmuşdur.

Bu gün Azərbaycanda məhkəmə-hüquq islahatları elə bir səviyyəyə yüksəlib ki, vaxtilə beynəlxalq təcrübədən uğurla bəhrələnməklə öyündüyümüz kimi, artıq ölkəmiz özü bu sahədə başqalarına, hətta qabaqcıl Avropa dövlətlərinə nümunə çəkilir, Azərbaycan təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən örnək kimi qiymətləndirilir. Məhkəmə hakimiyyəti cəmiyyətimizlə birgə inkişaf edir və müasirləşir. Bütün bu nailiyyətlərin qazanılmasında ədliyyə naziri, hörmətli Fikrət Məmmədovun rəhbərlik etdiyi Məhkəmə-Hüquq Şurasının layiqli payı vardır.

Şübhəsiz ki, bütün sahələrdə olduğu kimi, ölkəmizin məhkəmə hakimiyyətinin möhkəmlənməsi və müasirləşməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması bilavasitə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin şəxsi təşəbbüsləri, siyasi iradəsi, qətiyyəti, tələbkarlığı və eləcə də bu sahədə çalışanlara qayğısı sayəsində təmin olunur.

Elə bu günlərdə, Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illiyi ərəfəsində bir sıra hakimlərin, ədliyyə işçiləri və digər şəxslərin yüksək dövlət təltiflərinə və fəxri adlara layiq görülməsi insan hüquqlarının etibarlı qorunmasında ədalət mühakiməsinin mühüm roluna və bu sahədə çalışanların əməyinə ölkə başçısı tərəfindən verilən yüksək qiymətin əyani ifadəsidir.

Xəqani TAĞIYEV,
Salyan Rayon Məhkəməsinin sədri,
Məhkəmə-Hüquq Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında