Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyası 1989-cu ildə qəbul olunsa da, 1990-cı ildə qüvvəyə minmiş və elə həmin il Ümumdünya Uşaq Sammiti keçirilmişdir. Sammitdə iştirak edən dövlət başçılarının hamısı ümumi razılığa gələrək UHK-nı dəstəkləmişdir.
Artıq Uşaq Hüquqları haqqında Konvensiyanın rəsmi şəkildə qüvvəyə minməsindən və Ümumdünya Uşaq Sammitinin keçirildiyi vaxtdan 25 il ötür. Onların hər ikisi dünyanın marağını uşaqların üzərinə yönəltdi. Konvensiya tez bir zamanda tarixdə ən çox ratifikasiya edilmiş insan hüquqları haqqında sənədə çevrildi. Konvensiyanın, demək olar ki, hər bir ölkədə qəbulu ona dəyişiklik edilməsi üçün müstəsna hüquq verdi. Lakin lazımi dəyişikliklərin əldə edilməsində irəliləyiş müxtəlif idi. Buna baxmayaraq, problemlər də qalmaqdadır və onları aradan qaldırmaq üçün mühüm işlər görülməlidir.
Digər ölkələr kimi, Azərbaycan da BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını qəbul etmişdir. Konvensiyada qeyd olunur ki, hər bir uşaq doğularkən, digər insanlar kimi, azadlıqlara və ayrılmaz olan vətəndaş, siyasi, iqtisadi, sosial və mədəni hüquqlara malikdir. Hər hansı bir səbəbə görə uşağın cəmiyyətdən təcrid olunması uşaq hüquqlarının təmin edilməməsi və onların kəskin surətdə pozulması deməkdir.
UHK-nın 1-ci maddəsində göstərilir ki, hər bir insan 18 yaşına çatanadək uşaq sayılır. Bu şərtlə ki, həmin uşaq barəsində tətbiq edilə bilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmamış olsun. Hər bir uşaq şəxsiyyətin tam və ahəngdar inkişafı üçün ailə mühitində sağlam, xoşbəxt, şən və qarşılıqlı anlaşma ruhunda böyüməli, öz potensialından tam istifadə etmək imkanı ilə təmin edilməli və zorakılığa məruz qalmamalıdır.
1989-cu ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində respublikamızın 20 faiz torpağı işğal olunmuş və bunun nəticəsində bir milyon vətəndaşı öz yurd-yuvasından didərgin düşmüşdür. Əlbəttə, bundan daha çox və ilk növbədə əziyyət çəkən uşaqlardır. Azərbaycanda 20 minə yaxın uşaq internat və internat tipli müəssisələrdə yaşayır və təhsil alır.
İnkişaf etməkdə olan ölkələrdə təqribən 143 milyon uşaq və yaxud, hər 13 uşaqdan biri öz valideynlərindən ən azı birini itirmiş vəziyyətdədir. Ciddi yoxsulluq vəziyyətində olan uşaqların valideynlərindən birini itirməsi (xüsusilə də ananı) onların sağlamlığına və təhsilinə ağır zərbə vurur.
Dünya üzrə 10 milyonlarla uşaq həyatının böyük bir hissəsini küçələrdə keçirir, bu da onların hər cür təhqirə və istismara cəlb olunmasına şərait yaradır. Bir milyondan çox uşaq təcridxanalarda yaşayır və onlardan böyük əksəriyyəti kiçik cinayətkarlığa görə məhkəmə qarşısında cavab verməli olur. Bu uşaqlardan çoxu diqqətsizlikdən, zorakılıqdan əziyyət çəkir. Bəzi uşaqlar məcburiyyət qarşısında qalıb fahişəliyə qurşanır. Təqribən 2 milyon uşaq insan ticarətində istifadə edilir. Burada onlar cinsi və fiziki zorakılığa məruz qalırlar.
Statistikaya görə, milyonlarla uşaq xüsusi evlərdə xidmətçi kimi işləyir. Onlardan çoxu məktəbə getməkdən məhrumdur, fiziki təhqirlərə məruz qalır, lazımi qədər qidalanmır və həddindən artıq çox işlədilirlər. Dünyada hər gün saysız-hesabsız uşaq təhlükələrə məruz qalır. Onlar müharibələr və zorakılıqdan zərər çəkənlər qismində irqi ayrı-seçkiliyin, təcavüzün, işğalın qurbanları qismində evlərindən və tarixi köklərindən ayrı düşmüş qaçqın və məcburi köçkün qismində, etinasızlığın, qəddarlığın və istismarın qurbanları kimi əziyyət çəkirlər.
Ailədə qadın zorakılığı kimi uşaqlarla pis rəftar da çox vaxt illərlə davam edir və nəticədə uşaq böyüyərkən bu acılar və təhqirlər içində yaşayır. Ailədə zorakılığın şahidi olan uşaqlar çox vaxt elə eyni əlamətdən özləri cismani və ya mənəvi zorakılığa məruz qalan uşaqlar kimi əziyyət çəkirlər.
Dünyada insan alveri yüksələn xətt üzrə inkişaf edir. Hər il Cənub-Şərqi Asiyada 200–250 min qadın və uşaq alınıb-satılır. Dünyada uşaq alveri ciddi problemə çevrilərək bir sıra ölkələrdə və regionlarda mürəkkəb, qeyri-qanuni şəbəkə yaratmışdır. Hər il 1,2 milyon uşaq bu şəbəkənin qurbanına çevrilir.
Uşaqların hüquqlarının xüsusi müdafiə olunmasına ciddi ehtiyac var. Çünki onlar böyüklərə nisbətən daha həssasdırlar. Onların böyüklərin nəvazişinə, xüsusi qayğısına və yardımına ehtiyacları var, təhlükəsizlikdə, əmin- amanlıqda yaşamaq məsələsində onlar böyüklərdən asılıdır.
İnsan hüquqları azadlığın, ədalətin və sülhün əsasıdır və dünyanın istənilən yerində azadlıq və bərabərlik uğrunda mübarizəyə gətirib çıxarır. İnsan hüquqlarının əsası insan həyatına və insan ləyaqətinə hörmətlə yanaşmaqdır. Bütün dövlətlərdə uşaqlara qarşı zorakılıq çox çətinliklə aradan qaldırılır. Xüsusilə, ev şəraitində baş verən zorakılıqlarla mübarizə aparmaq valideyn və uşaqlar arasında münasibətlərin şəxsi məsələ kimi qəbul edildiyi ölkələrdə bu, çox çətindir.
Uşaqların qorunması ilə məşğul olan dövlət orqanlarının üzləşdiyi problem bu uşaqların hər birinin həyatı kimi mürəkkəbdir. İnsan hüquqları nöqteyi-nəzərdən baxıldıqda, uşaqlar ayrılmaz və bir-biri ilə əlaqəli hüquqlara malikdir.
UHK-da qeyd olunmuşdur ki, uşaqlar öz hüquqlarından ayrı-seçkilik olmadan istifadə edə bilməlidirlər. Yəni, heç bir uşağın (digərinə nisbətdə) daha çox hüququ yoxdur.
Bu gün dünyada milyonlarla uşaq yoxsulluq və iqtisadi böhranlardan, aclıqdan, evsizlikdən, epidemiyalardan və savadsızlıqdan, ətraf mühitin pozulmasından əziyyət çəkir.
Azərbaycanda isə uşaqların hüquqlarının qorunması, onların diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkədə cəmiyyətimizin gələcəyi olan uşaqların hüquqlarının qorunması, onların xoşbəxt gələcəyinin təmin edilməsi məqsədilə mühüm addımlar atılır. Bu məqsədlə indiyədək xeyli sayda qanun və hüquqi aktlar qəbul olunmuşdur.
Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə ölkə Prezidenti cənab İlham Əliyev 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu ili “Uşaq ili” kimi elan etmişdi. Bununla bağlı tədbirlər planı da təsdiqlənmişdir. Tədbirlər planında Azərbaycan uşaqları haqqında məlumat bankının və internet saytının, xüsusi portalın, müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, respublika uşaq yaradıcılıq festivallarının, habelə Beynəlxalq Bakı uşaq rəsm müsabiqələrinin və “Şərq-Qərb” beynəlxalq uşaq rəqs festivalının keçirilməsi, eləcə də BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi, uşaqların intellektual inkişafına, onların vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması və tolerantlıq ruhunda tərbiyə edilməsinə yönəldilmiş müxtəlif tədbirlərin təşkil edilməsi, xaricdə yaşayan azərbaycanlı uşaqlara ana dilinin öyrədilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, “Uşaq ili” ilə bağlı yeni teatr tamaşalarının hazırlanması, dövlət uşaq müəssisələrində tamaşaların və konsert proqramlarının təşkili nəzərdə tutulmuş və həyata keçirilmişdir.
Tədbirlər planına əsasən, “Uşaq ili” çərçivəsində uşaqların sağlamlığı və təhsili ilə bağlı uşaq müəssisələrində kütləvi tibbi müayinələr keçirilmiş, sağlamlaşdırıcı tədbirlərin və sağlam həyat tərzinin təbliğinə diqqət yetirilmişdir. Hələ də uşaqlarda yoluxucu xəstəliklərin immunprofilaktikası işinin təkmilləşdirilməsi tədbirləri davam etdirilir, irsi qan xəstəliklərinə düçar olmuş uşaqlar üçün qanvermə aksiyaları mütəmadi olaraq həyata keçirilir, sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı standartlar təkmilləşdirilir. Tədbirlər planına əsasən, müasir tipli ümumtəhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının müasir standartlara uyğun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, uşaqlar arasında intellektual yarışların keçirilməsi və s kimi tədbirlər görülməkdədir.
Uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur.
Heydər Əliyev Fondunun ideyaları ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi dayanır. Heydər Əliyev Fondunun bu günə qədər həyata keçirdiyi irimiqyaslı layihələrinin hər biri humanizm prinsiplərinə söykənərək, xalqın sosial rifahının yüksəlməsinə yönəlmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, uşaq evlərini tərk edən qızlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 50 mənzillik yaşayış binası tikilmiş və istifadəyə verilmişdir. Bu tədbirlər planı çərçivəsində həmçinin kor və zəif görən uşaqlar üçün musiqi məktəbi açılmışdır. İndi Azərbaycan uşaqlarının ən müasir texnologiyalara yiyələnmələri və inkişaf etməsi üçün bütün lazımi tədbirlər həyata keçirilmiş və bu iş davam etməkdədir.
Digər tərəfdən, qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramının təqdimatı mərasimindəki çıxışında qeyd etmişdir ki, son 10 ildə Azərbaycanda 2 min 700 yeni məktəb binası tikilib və ya təmir olunub. Yararsız vəziyyətdə olan bütün məktəblər təmir edilir və ediləcəkdir.
Uşaq hər bir ailəni möhkəmləndirir. Ailə dövlətçiliyimizin təməlidir, ailələr və dövlətimiz möhkəm olsun deyə, uşaqlara daha məsuliyyətli, vicdanlı və qayğı ilə yanaşmalıyıq. Gəlin gələcəyimizi qoruyaq, uşaqlara sahib çıxaq, çünki hər bir dövlətin gələcəyi onun uşaqlarıdır. Gələcəyini parlaq və işıqlı görmək üçün hər bir insan özündə məsuliyyət hiss etməlidir.
Elmira İSMAYILOVA,
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının baş müəllimi,
ədliyyə müşaviri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.