Hüquq islahatları və məhkəmə hakimiyyətinin özünüidarəetmə sistemi Məhkəmə-Hüquq Şurası— 10

Azərbaycan xalqının ümummilli lideri, bənzərsiz tarixi şəxsiyyət, dünya şöhrətli siyasət və dövlət  xadimi Heydər Əliyevin mükəmməl dövlətçilik konsepsiyasında ədalət, müdriklik və həqiqət kimi üç ali dəyər üzvi şəkildə bir-birini tamamlayır. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətçilik tariximizdə hakimiyyət bölgüsü prinsipini qəti olaraq təsbit etmiş, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının möhkəm təməlini qoymuşdur.

Ulu öndərin suveren Azərbaycan dövlətinin lideri kimi 22 fevral 1998-ci il tarixdə imzaladığı “İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanda insan hüquqlarına “bəşər sivilizasiyasının ən müdrük kəşflərindən biri” olaraq önəm verilmişdir. Böyük dövlət qurucusu dönə-dönə xatırladırdı ki, müasir dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibətilə müəyyən olunur. Bu baxımdan beynəlxalq hüquqi dövlət quruculuğu təcrübəsindən əxs etdiyi demokratik dəyərlərə sədaqətinə görə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının qapısı Azərbaycanın üzünə açıqdır. Bu, Heydər Əliyevin sivil dövlətçilik kursunun təntənəsi, ümummilli liderin cəmiyyətdə qanunun aliliyinin təmin edilməsi üçün gerçəkləşdirdiyi hüquqi islahatların nəticəsidir.

Konstitusiyamızda müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması ilə bağlı bir sıra mühüm müddəalar əks olunmuş, bu təsisatın dövlət idarəçiliyi sistemində layiqli yeri və rolu müəyyənləşdirilmişdir. Müstəqil dövlətimizin memarı Heydər Əliyev xüsusi qeyd edirdi ki, hüquqi dövlətin ən prinsipial şərti məhkəmə sistemində islahatların keçirilməsidir. 1996-cı il fevralın 21-də yaradılmış Hüquq İslahat Komissiyasının hazırladığı “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar ölkədə məhkəmə-hüquq islahatları sahəsində ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin fəaliyyət göstərməsini təmin etmişdir.

Bu qanunların qəbulu məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından da mühüm əhəmiyyət daşımışdır. Müvafiq hüquqi baza  əsasında məhkəmə-hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında” 1999-cu il 17 iyun tarixli fərmanına əsasən, qanunun aliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda yeni üçpilləli məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır.

Ötən dövrdə şəffaf prosedur qaydada yeni tipli hakim korpusu formalaşdırılmışdır. Ümumiyyətlə, 1993- 2003-cü illərdə reallaşdırılan məhkəmə-hüquq islahatı ölkənin siyasi və iqtisadi sisteminin kökündən dəyişdirilməsinin tərkib hissəsi kimi həyata keçirilən və mahiyyətcə təkamül xarakteri daşıyan islahatların həm ilkin şərti, həm də obyektiv nəticəsi olmuşdur.

İctimai münasibətlərin qanunlarla tənzimləndiyini, cəmiyyət həyatındakı mühüm yeniliklərin hüquq sistemində də əsaslı dəyişikliklər və yeniləşmə tələb etdiyini nəzərə alan ulu öndər Heydər Əliyev insan hüquqlarının qorunmasını həmişə ön plana çəkirdi. Ümummilli liderin  əsasını qoyduğu məhkəmə-hüquq islahatlarının növbəti uğurları son 12 ildə onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısı sosial-iqtisadi tərəqqinin miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması vacib şərtlərdən biridir. Məhz ölkə rəhbərinin iradəsi və təşəbbüsü ilə 2004-cü ildən başlayaraq məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işi uğurla davam etdirilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər çərçivəsində, Avropa Şurası ilə əməkdaşlıq şəraitində hazırlanaraq qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlar bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Fəaliyyətinin əsasında Azərbaycan Respublikasının Konstitusiyası, müstəqil dövlətimizin tərafdar çıxdığı beynəlxalq müqavilələr, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar və digər normativ- hüquqi aktlar dayanan Məhkəmə- Hüquq Şurası respublikamızda məhkəmə hakimiyyətinin özünüidarə orqanı olaraq 2005-ci ilin fevral ayından fəaliyyətdədir. Yeni qanunvericiliklə ötən dövrdə hakimlərin immunitetinə və səlahiyyət müddətlərinə yenidən baxılmış, hakim vəzifəsinə müddətsiz təyinat müəyyən olunmuş, onların intizam məsuliyyəti, fəaliyyətlərinin qiymətləndirilməsi, iş yerlərinin dəyişdirilməsi və digər məsələlərin həll olunması kimi çox məsuliyyətli vəzifələr şuranın səlahiyyətinə aid edilmişdir.

Hakim vəzifələrinə namizədlərin seçilməsi üçün yeni qurum –  Hakimlərin Seçki Komitəsi yaradılmışdır. Bununla yanaşı, Məhkəmə-Hüquq Şurasının nəzdində 2007-ci ildən hakimlərin və dövlət ittihamçılarının, o cümlədən hakimliyə namizədlərin hazırlıq dərsləri ilə məşğul olan ayrıca bölmə fəaliyyətə başlamışdır.Tədris sektoru işini müasir normaların tələblərinə uyğun qurmuşdur.

Məhkəmə- Hüquq Şurası fəaliyyətə başladığı 10 illik zaman kəsiyində işlərini beynəlxalq norma və prinsiplərə uyğun, sivil qanunlar əsasında quraraq on illərə bərabər nailiyyətlər qazanmışdır. Məhkəmə hakimiyyətinin bu  yeni özünüidarə orqanının uğurları şura rəhbərliyinin, üzvlərinin, işçi kollektivinin gərgin, demokratik, prinsipial fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 10 illik yubileyi münasibətilə onun uğurlarını təmin edən heyətin hər bir üzvünü təbrik edir, onlara məsul və şərəfli  işlərində yeni-yeni uğurlar arzulayırıq.

Prezident  İlham Əliyevin uğurla həyata keçirdiyi hüquqi  islahatlar Məhkəmə-Hüquq Şurasının məqsədyönlü fəaliyyəti ilə ölkəmizdə məhkəmələrin fəaliyyətinin daha da müasirləşdirilməsinə, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsinin yüksəldilməsinə, ədalət mühakiməsinin daha səmərəli mexanizmlər əsasında həyata keçirilməsinə gətirib çıxarmışdır. Yeni tipli hüquqi qurum olan Məhkəmə-Hüquq Şurasının 10 illik fəaliyyətinin önəmli yekunu budur.

Fəxrəddin AĞAMİRZƏYEV,
Füzuli Hərbi Məhkəməsinin hakimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında