Güclü xarizması, yüksək liderlik keyfiyyətləri, mütərəqqi ideyaları ilə birləşdirici şəxsiyyət olan ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayından etibarən respublikamızda milli birliyi, vətəndaş sülhünü təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürütmüşdür.
Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi, Azərbaycanı özünə Vətən bilən digər xalqların xaricdə yaşayan nümayəndələri ilə əlaqələrin möhkəmləndirilməsi bu siyasətin prioritet istiqamətlərini təşkil etmişdir. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş ulu öndərimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır.
Ötən müddətdə xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla mənəvi, siyasi, iqtisadi əlaqələri daha da güclənmişdir. Onlar dünyanın müxtəlif ölkələrində Azərbaycanın tanıdılması, təbliğ edilməsi, haqq səsinin eşidilməsi üçün əllərindən gələni əsirgəmirlər. Belələrindən biri də Rusiyanın Novosibirsk vilayətində yaşayan Zöhrab Əliyevdir. O, 1965-ci ildə Lerik rayonunun Göydərə kəndində anadan olub. Atası Ağazaman Əliyev ali təhsilli coğrafıya müəllimi idi. Kəndlərində orta məktəb olmadığından 2-3 kilometr aralıdakı qonşu Kəlvəz kənd orta məktəbində dərs deyirdi. Pedaqoji sahənin incəliklərinə dərindən bələd olmaqla yanaşı, əlindən hər iş gəlirdi. Tikinti aparmaq, saç düzəltmək və s. kimi peşələr onun, necə deyərlər, xobbisi idi... Anası Nəzakət Əliyeva isə evdar qadın idi.
Zöhrabgil ailədə 4 qardaş, 4 bacı böyüyüblər. İndi onlardan Zöhrab Əliyev Novosibirskdə, qalanları isə Bakıda və Lerikdə yaşayırlar. Yalnız kiçik qardaşı Şüküran Əliyev Ukrayna Mülki Aviasiya Akademiyasında təhsil alır.
1982-ci ildə Z.Əliyev qonşu Kəlvəz kənd orta məktəbıni əla qiymətlərlə bitirib ali təhsil almaq məqsədilə Bakıya gəlir. Qəbul imtahanlarından müvəffəq qiymətlər alsa da, müsabıqədən keçə bilmir. Sənədləri Neft Texnikumuna göndərilən Zöhrab bu məktəbə imtahansız qəbul olunsa da, adı çəkilən tədris müəssisəsində oxumaqdan daşınır. Hərbi komissarlığa əsgər getmək istədiyini bildırir... Beləliklə, 1983-1984-cü illərdə keçmiş SSRİ Hərbi Dəniz Qüvvələri sıralarında Sakit okeanda matros kimi xidmət edir. Ordu sıralarında xidmət ona çox şey öyrədir. Ən başlıcası isə rus dilini mənimsəyir... Ordudan təxris olunduqdan sonra Qazaxıstana, Semipalatinskdə yaşayan dayısının yanına gedir. Zöhrab Novosibirskdən təxminən 300 kilometr aralı yerləşən bu şəhərin hərbi komissarlığında işə düzəlir, eyni zamanda, Semipalatinsk Pedaqoji İnstitutuna daxil olur. Az sonra komsomol komitəsində təlimatçı kimi fəaliyyətə başlayır. Bununla belə, Altay diyarında və Novosibirskdəki əsgər yoldaşlarını da unutmur. Elə bu münasibətə görə də Semipalatinsk Pedaqoji İnstitutunda oxuya-oxuya (oranı 1993-cü ildə bıtırib) 1991-ci ildə Altay diyarının mərkəzi Barnaul şəhərinə gəlir və burada biznes fəaliyyətinə başlayır. 1996-cı ildə “Altay-İnvest” Rusiya-Türkiyə birgə müəssisəsinin baş direktoru olur.
Z.Əliyev Yarovoy şəhərində yaşasa da, diyarın digər yaşayış məntəqələri ilə sıx təmasda olur. 2000-ci ildən isə “Doverie-İnvest” şirkətinə rəhbərlik etməyə başlayır. Eyni zamanda, Yarovoyun ictimai-siyasi həyatında yaxından iştirakı ilə diqqət çəkir. Elə buna görə də 2007-ci ildə adı çəkilən şəhərin deputatı seçilir, şəhər dumasında büdcə komissiyasına rəhbərlik edir. Bununla yanaşı, 2003-2007-ci və 2008-2012-ci illərdə Rusiya Dövlət Dumasının deputatı olmuş Knerta Andrey Filippoviçin köməkçısi işləyir. 2011-ci ildə, həmçinin Novosıbirsk Dövlət Xidməti Akademıyasını bitirərək ikinci ali təhsilə yiyələnir. ...Qarşımda “Yarovoyskie vesti” şəhər qəzetinin 29 aprel 2013-cü il tarixli nömrəsi var. Qəzetin 1-ci səhifəsində həmyerlimizin şəhər soveti administrasiyasının başçısı Nina Martinova ilə birlikdə fotosu yerləşdirilib. Həmin fotoda N. Martınovanın Altay diyar rəhbəri İ. Loranın tapşırığına əsasən, həmyerlimizi Yarovoy şəhərinin sosıal-iqtısadi inkişafındakı xidmətlərinə və xeyriyyəçilik fəaliyyətinə görə minnətdarlıq məktubu təqdim etməsi öz ifadəsini tapıb. Yeri gəlmişkən, belə xeyriyyəçiliyinə və səmərəli xidməti fəaliyyətinə görə Zöhrab Əliyev Qırğızıstandan, Rusiyanın başqa şəhərlərindən də fəxri fərmanlar alıb.
Z.Əliyev söhbət zamanı dedi: —Mən Yarovoy şəhərində olanda “Arsal” MMC fəaliyyət göstərirdi. Bu, xərçəng yumurtalarının duzlu göllərdən toplanması, laboratoriyaya verilməsi, qurudulması ilə məşğul olan bir müəssisə idi. Artıq iki ildir ki, Novosibirskə köçmüşəm, necə deyərlər, “Arsal”dan, Altay diyarından aralı düşmüşəm. İndi Novosibirskdə buna oxşar bir müəssisə yaratmaq fikrindəyəm. Hazırda bu istiqamətdə iş gedir. Onu da xatırladım ki, hələ 2003-2004-cü illərdə Belçikaya gedib bununla əlaqədar lazımi təcrübə toplamışam. Balıq yemi hazırlamaq yeni bir sahədir, yenilik isə həmışə çətin olur... Həmyerlimiz həm də “Primeks Altay” şirkətıni təsis edib. Bu, əczaçılıqla məşğul olan, daha doğrusu, dərman realizə edən bir qurumdur. Hazırda Novosibirskdə adıçəkilən şirkətin aptekləri də fəaliyyət göstərir.
İki qızı, bir oğlu olan Z.Əliyev həm də xoşbəxt ailə başçısıdır. Oğlu Nazim Novosibirsk Şəhər Akademiyasının iqtisadiyyat fakültəsində oxuyur, qızı Elvina Novosıbirsk Tibb Unıversıtetınin əczaçılıq fakültəsində təhsil alır. Evin kiçiyi Nazilə isə orta məktəbin V sinif şagirdidir.
- İndi mənimlə Lerikə gəliblər, bazar günü geri uçmalıyıq. Amma bu səfalı, dağlar qoynunda yerləşən kənddən ayrılmaq istəmirlər-deyir Zöhrab müəllim...
Z.Əliyev söhbətimizin sonunda Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə də danışmağı unutmadı:
—Son illərdə Azərbaycanda baş verən dəyişikliklər, vüsət alan inkişaf hər birimizi sevindirir. Bu gün ölkə başçımız İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Azərbaycanı dünyada tanıtmaq üçün əllərindən gələni edirlər. Bu Oyunlardan əvvəl Azərbaycan “Eurovision” kimi musiqi yarışmasına ev sahibliyi edib. Bundan başqa, bir neçə beynəlxalq tədbirin təşkilatçısı olub. Ona görə də I Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün böyük təcrübəmiz var. Bu Oyunlar ölkəmizin dünyada tanıdılması, təbliği üçün böyük bir şansdır. Sevinirəm ki, doğrudan da, təkcə Avropada deyil, bütün dünyada Azərbaycanı qəbul edirlər. Bilirlər ki, hazırda Azərbaycan sürətlə inkişaf edən, öz yolu ilə gedən ölkələrdən biridir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin ilk olaraq faydası budur ki, dünyada Azərbaycanı daha da yaxından tanıyacaqlar və mötəbər bir dövlət kimi qəbul edəcəklər. Bu Oyunların daha bir xeyri odur ki, ölkəmiz idman tarixində daha bir ilkə imza atacaq. Növbəti Avropa Oyunları başqa ölkələrdə təşkil olunacaq. Amma hər kəs biləcək ki, birinci Avropa Oyunları Avropanın mərkəzi şəhərləri olan Fransada, İngiltərədə yox, məhz Azərbaycanda keçirilib. Bunun özü dünya idman tarixi üçün çox mühüm məsələdir...
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.