Qısa arayış: Famil ŞƏRİFOV uzun illər ADAU-da üzümçülük və şərabçılıq sahəsində gənc kadrların hazırlanmasında böyük əmək sərf edib. O, ADAU-nun professoru, kənd təsərrüfatı elmləri namizədi, respublikanın əməkdar müəllimidir. Onun əməyi dövlətimiz tərfindən “Tərəqqi” medalına, Beynəlxalq Keyfiyyət Komitəsinin “Qızıl medalına”, bir sıra beynəlxalq mükafatlara, müxtəlif təşkilatların Fəxri fərman və diplomlarına layiq görülüb. Alimin gərgin əməyi sayəsində ərsəyə gələn “Azərbaycan üzümü” adlı atlas da, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə ithaf etdiyi və 50 illik elmi fəaliyyətinin nəticəsi olan “Üzümçülük” monoqrafiyasında dünya üzümçülük elmində yenilik sayıla biləcək bir çox məsələlər öz əksini tapmışdır.
Bu gün dünyada baş verən qlobal proseslər hər bir ölkənin etibarlı ərzaq məhsullar ilə təminatını ön plana çəkir. Təsadüfi deyildir ki, 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmişdir. Qarşıdakı illərdə kənd təsərrüfatının və sənayenin inkişafı qeyri-neft sektorunun əsas istiqamətlərindəndir. Hazırda bu sahələrdə həm struktur islahatları aparılır, həm də kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün tədbirlər görülür.
Ümumiyyətlə, son illər Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Görülmüş tədbirlər nəticəsində aqrar sektorda müsbət dəyişikliklər baş vermiş, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi gücləndirilmişdir. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad ediliblər.
Cari ilin aprelin 3-də Prezident İlham Əliyev “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı “Tədbirlər planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Tədbirlər planında müasir metodlardan istifadə etməklə, sertifikatlı toxum və meyvə tingləri istehsalının artırılması, hər bir iqtisadi rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla, kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşdırılması üzrə təkliflərin hazırlanması və digər tədbirlərin görülməsi də yer almışdır. Sənəddə, eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yataqxanaların tikintisi, tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və məzunların işlə təminatı səviyyəsinin yüksəldilməsi üçün işlərin görülməsi və sair məsələlər nəzərdə tutulur.
Mən də bir mütəxəssis kimi, Azərbaycanın üzümçülük ənənələri və bu sahənin inkişafı haqqında görüləsi vacib məsələlər haqqında fikirlərimi oxucularla bölüşmək istəyirəm.
Bildiyiniz kimi, üzümçülük Azərbaycanda hələ qədim zamanlardan mövcud olmuşdur. Bu faydalı bitkinin digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə üstünlüyü yüksək göstəriciyə malik olmasıdır. Burada ultra-tez yetişəndən, ən gec yetişən üzüm sortlarına qədər hamısı normal yetişir, hətta salxımları kolun üstündə dekabr ayının axırı, yanvarın ortalarına qədər saxlamaq mümkündür. Ölkəmizdə Şirvanşahı kimi üzüm sortları 35 faizə qədər şəkər toplaya bilir. Dünyada tayı-bərabəri olmayan çox yüksək məhsuldar sort Bayanşirə bu torpaqda intişar tapmışdır. Yüksək müalicəvi əhəmiyyəti olan Təbrizi (Gəncə süfrəsi) yalnız Gəncədə və Gəncəbasarda öz xüsusiyyətini saxlaya bilir. Ümumiyyətlə, hər bir ölkədə üzümçülüyün inkişafına təsir edən amillərdən ən vacibi əlverişli torpaq-iqlim şəraitidir. Azərbaycan Respublikasında torpaq-iqlim şəraitininn üzüm bitkisi üçün çox əlverişli olmasını sübut etiməyə ehtiyac yoxdur. Çünki şərab növlərinə gəldikdə isə burada bütün növ şərablar istehsal edilə bilər. Bu məsələdə də yeni və təkmil texnologiyaların olması prioritetlik təşkil edir.
Respublikamızda əvvəllər istər üzümçülük, istərsə də şərabçılıq sahələrində istehsal texnologiyaları bir qayda olaraq aşağı səviyyəli olmuşdur. Bu baxımdan, bizdə üzümlüklərin becərilməsində və şərab emalında mövcud texnologiyaların təkmilləşdirilməsinə və yenisinin gətirilməsinə böyük ehtiyac vardır. Yeni üzümlüklərin salınması işində İtaliyadan gətirilən və lazer şüaları ilə tənzimlənən ting əkən aqreqatı misal göstərmək olar. Bu aqreqat Abşeron rayonunun bir üzümçülük təsərrüfatında işlədilmişdir. Aqreqat tingi avtomatik olaraq əkir və ting əvvəlcədən proqramlaşdırılmış nöqtəyə düşmədikdə və cərgə əyildikdə lazer şüaları xəbər verir.
Bu gün üzümlüklərin becərilməsində maşın və mexanizmlərdən istifadənin səviyyəsi çox aşağıdır. Alaq otlarına qarşı herbisidlər də tətbiq edilmir. Üzümlüklərdə mütərəqqi suvarma üsullarından istifadə olunmur.Yayda suvarma suyu azlıq edən ərazilərdə üzümlüklər sudan çox korluq çəkir. Söz yox ki, dəmyə şəraitində bu hallar tez-tez baş verir. Yeni üzümlüklər salındıqda bir çox ölkələrdə olduğu kimi, mulça pərdəsindən istifadə edilməsi, eyni zamanda iki problemi həll edir. Mulça məqsədilə istehsal olunan material bizdə yoxdur, olsa belə mulça pərdəsindən istifadə texnologiyası da yoxdur. Bu məsələnin həllində xarici texnologiyaların və onları işlədə bilən mütəxəssislərin dəvət olunmasına ehtiyac vardır.
Qeyd edilən məsələnin həyata keçirilməsi çox sadədir. Mulça örtüyündən istifadə məsələsində Fransa və İtaliya sahibkarlarının təcrübəsindən istifadə edilə bilər. Nümunə üçün hər hansı bir rayonda bu işi təşkil edib təcrübə keçmək üçün ora başqa bölgələrin üzümçülərini dəvət etmək olar. Çünki respublikamızın suvarılan üzümlüklərində torpaqlar alaq otları ilə zəngindir və onlara qarşı mübarizə bir problemə çevrilib. Bu baxımdan mulça məsələsinin həlli gündəmdə olmalıdır. Azərbaycan üzümçülüyündə bu məsələ olduqca böyük əhəmiyyət kəsb edir. Ayrı-ayrı illərdə suvarılan üzümlüklərdə suvarma suyunun çatışmazlığı, dəmyə şəraitində isə nəmliyin torpaqda qorunub saxlanması böyük çətinliklər törədir.
Üzümlüklərimizdə dayaq məqsədi ilə şpaler qurulur. Hələ də məftilin makaradan açılması və onun cərgə boyu sərilməsi bizdə primitiv üsullarla həyata keçirilir. Bizdə cərgə boyu bir gedişə 2-3 fəhlə bir məftili əllə dartıb aparır. Ancaq bu məqsəd üçün İtaliyadan gətirilən aqreqat bir gedişdə cərgəyə məftil sərə bilir. Bu prosesdə əmək məhsuldarlığı on dəfəyə qədər yüksəlir.
Azərbaycan üzümçülüyündə ting becərilməsi işi çox geri qalır. Fransa, İtaliya və başqa ölkələrdə calaq ting becərilməsi işi 90-95 faiz mexanikləşdirilmişdir. Ölkəmizdə isə ting istehsalı işi tamamilə əllə aparılır.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın tələblərinə görə, 2020-ci ilə kimi 50 min hektar üzümlük salınmalıdır. Qeyd edək ki, Dövlət Proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir. Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə üzümçülüyə dövlət səviyyəsində göstərilən diqqət və qayğı ötən əsrin 70-80-ci illərində bu sahənin genişlənməsini təmin etmiş, yeni keyfiyyət göstəriciləri əldə edilmişdir. Statistik məlumatlara görə, 1970-ci ildə üzüm sahələri 121,6 min hektar, üzüm istehsalı 351,7 min ton, məhsuldarlıq 46,8 sentner təşkil etdiyi halda, sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq artıq 1984-cü ildə üzüm sahələri 2,3 dəfə, üzüm yığımı 6 dəfə, məhsuldarlıq isə 2 dəfədən çox artaraq ən yüksək həddə çatmaqla 99,2 sentner təşkil etmişdir. Bununla da o dövrdə Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş ittifaqda birinci yerə çıxmışdır.
Üzümçülüyün elmi əsaslar üzərində inkişaf etdirilməsi işində yerli sortlardan ting istehsalı ön plana çəkilməlidir. Hazırda respublikamızda calaq ting istehsalı ilə məşğul olan heç bir müəssisə yoxdur. Ona görə də calaq aparan avadanlıq, müasir tipli stratifikasiya kameraları və peşəkar calaqçılar, demək olar ki, yoxdur. Ən vacibi odur ki, 25-30 il öncə bizdə calaq ting çıxımı ən yaxşı halda 20-25 faiz təşkil etmişdir. Ancaq yuxarıda adları çəkilən ölkələrdə bu göstərici 90-95 faizdir. Bu məsələni innovasiyalı texnologiya hesab edirik və gələcəkdə bu texnologiyanın ölkəmizdə tətbiqinə çalışmalıyıq.
Qeyd etmək lazımdır ki, xaricdən ting gətirilməsi işi davam etdirilsə yerli üzüm sortlarımız tamamilə sıradan çıxmaq təhlükəsi qarşısında qalacaqdır. Üzüm sortları üzrə genofondumuz lazımi səviyyədə deyildir. Dünya üzümçülüyündə kolleksiyaların təşkili metodologiyalarının əldə olunmasına ehtiyac vardır. Üzüm kolleksiyalarında sortların yerləşdirilməsi, uçotun aparılması və sortların yayılması xüsusi bir elmdir və Azərbaycanda heç vaxt əsaslı kolleksiyalar olmamışdır. Belə bir fakta diqqət yetirək: Ukrayna elmi-tədqiqat üzümçülük və şərabçılıq institutu “Maqarac”ın Baxçasarayda 3500 sortdan ibarət genofondu vardır. Təsərrüfat üçün sortlar belə kolleksiyalardan seçilsə daha faydalı olar.
Bu gün üzümçülüyü inkişaf etdirmək üçün xarici dövlətlərdən ən qiymətli sortlardan gətirib kolleksiyalarda və sənaye üzümlüklərində əkib, onların yerli şəraitdə sınaqdan keçirilməsi yalnız fayda verərdi. Ancaq yaddan çıxarmaq olmaz ki, son 30-40 il ərzində yerli üzüm sortlarımızın böyük bir qismi sıradan çıxıb və yaxud sıradan itmək üzrədir.
Heç kimə sirr deyil ki, üzümçülüyün müvəffəqiyyətli inkişafında innovativ becərmə texnologiyalarının tətbiqi çox önəmlidir. Bir daha vurğulamaq istəyirəm ki, respublikamızın torpaq-iqlim şəraiti üzümçülük üçün olduqca əlverişlidir və dünyanın ən keyfiyyətli şərab istehsalçısı olan ölkələrlə rəqabətə girə bilər. Bütün üzüm sortları hər bir bölgəmizdə uğurla becərilə bilər. Ancaq onların hər birinin becərilməsində və emalındakı incəliklərin öyrənilməsi vacib şərtdir. Üzümlükdə aqrotexniki tədbirlər faydalılığı, eyni zamanda torpaq-iqlim şəraiti ilə də müəyyən edilir. Bir vaxtlar üzüm sortlarının rayonlaşdırılması məsələsi dövlət tədbiri kimi qiymətləndirilirdi. Rayonlaşdırılmış sortlar haqqında üzümçülərimiz müəyyən bilik və təcrübəyə malikdirlər. Ancaq indi xaricdən gətirilən çoxsaylı üzüm sortlarının bölgələrimizin hansında daha çox fayda verəcəyi haqqında üzümçülərdə bilgilər azdır. Bu sortlar ayrı-ayrı bölgələrdə öyrənilməlidir.
Daha bir vacib məsələ yarım avtomat və avtomat tənəkkəsən aqreqatlardan və üzümyığan kombaynlardan hələ də istifadə edə bilməməyimizdir. Üzümyığan kombayn çox bahadır. Bir neçə qonşu fermer və sahibkarlar birlikdə belə bir kombayn ala bilərlər. Belə ki, bir çox xarici ölkələrdə üzümyığan kombayndan müvəffəqiyyətlə istifadə edilir. Məsələn, Fransada fermerlərin istifadə etdikləri kombaynın qiyməti 150-160 min avrodur. Orada qonşu təsərrüfatlar yığışıb bir kombayn alır və növbə ilə hamısı istifadə edir. Yaddan çıxarmaq olmaz ki, texniki üzüm sortları texniki yetişməyə və tam yetişməyə çatdıqda yığılmalıdır. Belə çeviklik kombaynı işlətməklə əldə oluna bilər. Bütün bunlar kənardan gətirə biləcəyimiz işlərdir və bunları da innovativ texnologiyalar sırasına daxil edirik.
Son illərdə üzümçülüyün bir çox məsələləri üzrə yeni becərmə texnologiyalarını işləyib hazırlamışıq ki, bu texnologiyalar nəinki ölkəmizdə, bir çox xarici dövlətlərdə də tətbiq oluna bilər. Bunlardan biri ting mərhələsini keçmədən üzümlüyün birbaşa çubuqla salınmasıdır. Üzümçülər uzun müddət bu qaydadan istifadə etmişlər, ancaq belə üzümlükdə seyrəkliyin çox olması və kolların gec məhsula düşməsi onların bağsalmanın bu üsulundan imtina etmələri ilə nəticələnmişdir. Köklü əkin materialı ilə üzümlüyün salınmasının faydalılığının sübuta ehtiyacı yoxdur. Ancaq ting istehsalına bir il vaxt və əlavə vəsait tələb olunur. Birbaşa çubuqla üzümlük salınması işi yeni hesab edilməsə də, bu işdə yenilik çubuğun xüsusi üsulla əkinə hazırlanmasıdır. Bu məsələnin başqa bir müəmmalı tərəfi odur ki, filloksera olan ərazilərdə filloksera təhlükəsi həmişə gündəmdədir.
Üzüm becərən Avropa ölkələrinin hamısında yeni üzümlüklər fillokseraya davamlı calaqaltı anaclar üstündə olan calaq tinglə salınır. Calaqaltılar həqiqətən üzüm kolunu müəyyən müddət fillokseranın öldürücü təsirindən qoruya bilir. Nə üçün müəyyən müddət deyirik, ona gərə ki, calaqla salınan üzümün ömrü az olur. Ancaq uzun illərin müşahidələrinə əsasən deyə bilərik ki, başdan-başa filloksera ilə sirayətlənən respublikamızın ayrı-ayrı bölgələrində 35-40 yaşında calaqsız üzümlüklərə, həyətyanı sahələrdə isə yaşı 50-60 il olan kollara rast gəlinir. Məgər bu böyük elmi axtarışların başlanğıcı və əsas obyekti hesab edilə bilməzmi? Bəzən uzun illər kök salmış və dəbdə olan qaydaların əsiri oluruq, onu dəyişməyə və yaxud başqa səmtə yönəltməkdə acizlik edirik. Belə məsələlərin araşdırılması ilə məşğul olan Dövlət Komissiyasının yaradılması ümumi işimizə fayda verərdi.
Onu da deyək ki, bu gün respublikamızda calaq əkin materialı ilə üzümlük salınmasının əleyhinə deyiləm, əksinə, respublikamızın azı 2-3 bölgəsində calaq ting istehsal edən müəssisələrin açılması layihələrinin tərəfdarıyam və onun nəzəri məsələlərinin hazırlanmasında yaxından iştirak edirəm. Ancaq calaq işində bizim mütəxəssislərimizin və fəhlələrimizin nəzəri biliyi və praktiki vərdişləri yoxdur. Bunun üçün üzümçü kardların hazlrlanması işi də vacib məsələlərdəndir.
Etiraf edək ki, respublikamızda savadlı və səriştəli üzümçülərimiz çox azdır. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində üzümçülük fakültəsinin açılması, üzümçülük təsərrüfatı çox olan rayonlarda üzümçülük üzrə texniki-peşə məktəblərinin təsis olunması, yaxud mövcud texniki-peşə məktəblərində üzümçülük ixtisaslarının açılması, ayrı-ayrı üzümçülük təsərrüfatlarının maliyyə vəsaiti hesabına onların özü üçün üzümçü mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır. Çünki bu gün üzümçülük sahələrində çalışan kadrların hazırlamasına diqqət artırılmazsa, yaxın 5-10 ildən sonra vəziyyət daha da acınacaqlı olacaqdır.
Üzümlüyün salındığı birinci ildə torpaq becərmə, suvarma və xəstəliklərə qarşı mübarizə işləri istisna olmaqla başqa işlərin, məsələn, bilavasitə kol üzərində işlərin aparılması, üzümlüyün dayağa qaldırılması, gələcəkdə kolun (2-ci ilində) məhsula salınması kimi işlərin nəzərdə tutulmaması demək olar ki, dünya üzümçülüyündə kök salmış, daha doğrusu, qanuniləşmiş məsələ olaraq qalmaqdadır. Ancaq 30 ilə yaxın müddətdir ki, respublikamızda üzümçülükdə intensiv və super-intensiv becərmə texnologiyaları üzrə tədqiqat işləri aparmaqla məşğuluq. Bu arada bir neçə əsaslı məsələlərin həllinə nail olmuşuq. Onlardan birincisi üzüm bitkisinin birinci ilində onun ikinci il üçün bara hazırlanmasıdır. Tətbiq etdiyimiz super-intensiv becərmə texnologiyası nəticəsində ikinci il hər hektardan 6-8 ton, 3-cü il 30-40 ton, 4-cü il 60-70 ton, 5-ci il 80-100 ton məhsul verə bilir. Bu rəqəmlər 3-5 ilin məlumatı deyil, 30 ilə yaxındır ki, bu işlər təsdiqlənmiş reallıqdır. Bu nailiyyəti əldə etmək adi becərmə texnologiyasının və adi üzüm sortunun işi deyil. İşləyib hazırladığımız nəzəri bilik və sınaqdan keçirilmiş, mürəkkəb və çox dəqiqlik tələb edən super-intensiv becərmə texnologiyasının işidir.
Ötən illərdə də, indi də bu becərmə texnologiyasının mahiyyətinə bələd olmayanlar göstərdiyimiz yüksək məhsuldarlığın reallığına inanmır, inananlar isə bu qədər məhsul verən bitkinin tez qocalacağını və növbəti illərdə məhsuldarlığın bu qayda ilə davam etməyəcəyini güman edirlər.
2007-ci ildə Çindən Gəncəyə bizim eksperimental üzümlüyümüzə baxmağa gələn nümayəndə mənim hazırladığım “Azərbaycan üzümü” adlı atlası oxuyaraq demişdir ki, “bu inanılmaz həqiqətdir”. Mənası belədir ki, eşidərsən inanmazsan, baxarsan inanarsan. Bunu biz başqa təsərrüfat və başqa ölkələr üçün innovativ texnologiya hesab edirik.
Tinglikdə olduğu kimi, üzümlükdə də tamamilə yeni becərmə texnologiyası tətbiq etməklə və digər işlərin mexanikləşdirilməsi səviyyəsini yüksəltməklə əl əməyini xeyli azaltmaq mümkündür.
Respublikanın müxtəlif regionlarında ayrı-ayrı üzüm sortları üzərində apardığımız tədqiqatlarla müəyyən etmişik ki, adi becərmə texnologiyasından tamamilə fərqli yeni texnologiya tətbiq etməklə bilavasitə kolla bağlı işləri xeyli yüngülləşdirmək mümkündür. Bu becərmə texnologiyasının mahiyyəti ondan ibarətdir ki, üzüm bitkisinin polyarlıq xüsusiyyətinin əksinə olan bir sistem-zoğların tərsinə böyüdülməsi sistemini tətbiq edərək bir çox işləri ixtisar etmək mümkündür. Nəticədə adi becərmə texnologiyasında bir fəhlə bir ildə 2 hektar üzümlüyü becərdiyi halda, burada 6-8 hektar becərə bilər.
Təsvir etdiyimiz becərmə texnologiyası 1960-80-ci illərdə dünya üzümçülərinin müzakirəsinə verilən Mozer sistemini xatırladır. Lakin bunların arasında kəskin fərq vardır, eyni zamanda isə bu sistem respublikamız şəraitində özünü doğrultmadığı halda, onun müsbət nəticələri haqqında bu sistemi koordinasiya edən ümumittifaq mərkəzə hesabat verirdi. Budur, saxtakarlıq. Həmin sistemə aid eksperimentlər aparılmadığı halda onun müsbət nəticələri haqqında hesabat yazılırdı. Bu və üzümçülükdəki o vaxtlar buna bənzər işləri təhlil edən ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanda üzümçülük sahəsində elm təsərrüfatdan geri qalır.
Yuxarıda qeyd edildiyi kimi, həmin təcrübələri respublikamızın müxtəlif regionlarında müxtəlif sortlar üzərində aparmışıq və hazırda aqronomluq fakültəsinin həyətində bu təcrübə davam etdirilməkdədir. Müəyyən edilmişdir ki, bu məsələ diferensiallıq təşkil edir, yəni müxtəlif torpaq-iqlim şəraitində və müxtəlif üzüm sortlarında eyni nəticəni vermir. Bu qəbildən olan məsələlər üzümçülük üzrə fəaliyyət göstərən elmi müəssisələrin işidir. Bu sistem də digər təsərrüfat və başqa ölkələr üçün innovativ xarakterlidir.
Başqa qida məhsullarında olduğu kimi, üzümçülükdə və şərabçılıqda da ekoloji təmiz məhsul istehsalı hazırda dünyanı düşündürən məsələlərdəndir. Nəzəri cəhətdən üzümçülükdə və şərabçılıqda ekoloji təmiz məhsul istehsal etmək mümkündür. Burada ilk növbədə elə sortlar əkilməlidir ki, onların xəstəliklərinə qarşı dərman preparatlarının verilməsinə ehtiyac qalmasın. Az da olsa belə sortlar vardır, ancaq onların dad keyfiyyəti klassik şərab sortlarından geri qalır. Bu barədə seleksiyaçılar ciddi fikirləşib xəstəliklərə qarşı immun sortlar yaratmalıdırlar.
Qida məqsədilə üzümlükdə mümkün qədər mineral gübrələrdən yox, üzvi və biogübrələrdən istifadə edilməlidir. Xəstəliklərin azalmasını və yox olmasını təmin edən aqrotexniki tədbirlər həyata keçirilməlidir.
Azərbaycan üzümçülüyünün əvvəlki şöhrətini özünə qaytarmaq üçün aidiyyatı dövlət qurumları, elm tədqiqat müəssisələri və fermerlər birlikdə çalışmalı, hər kəs üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, innovativ texnologiyaların tətbiqini sürətləndirməliyik.
Famil ŞƏRİFOV,
ADAU-nun professoru,
Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.