Ölkəmizin inşaat sektorunda onu tanımayan az adam tapılar. Bu, heç şübhəsiz, onun həssas, istiqanlı, dost-yoldaşlığa sadiq olmasından irəli gəlir. Ömrü qurub-yaratmaqda keçən inşaatçı-mühəndis kimi, o, sanki, mənəvi aləmini, şəxsiyyətini də kərpic-kərpic ucaldıb. Yaradıcı fantaziyasının hüdudsuzluğu, zəngin rəhbərlik təcrübəsi onu tikinti meydançalarında pillə-pillə yüksəldib. Qazandığı uğurlar bu fədakar, bacarıqlı inşaatçını respublikamızın tikinti sektorunun nüfuzlu simalarından biri kimi tanıdıb.
Haqqında söz açdığım insan tanınmış inşaatçı-mühəndis Qərib Kamran oğlu Dadaşov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə texnik kimi başlayıb. 1977-ci ildən Sənaye Tikinti Nazirliyinin 2 nömrəli Tikinti Trestində və “Azsantexquraşdırma” Trestinin Sumqayıt Quraşdırma İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Həmin illərdə o, gənclik şəhərində aparılan tikinti-quruculuq işlərində xüsusi fəallığı ilə seçilib. 1991-ci ildə “Rəmz-1" kiçik müəssisəsində direktor, elə həmin ildən iki il müddətində təsərrüfat hesablı Santexelektrikquraşdırma İdarəsisində sahə rəisi, 1994-cü ildən isə “Sənayesantexquraşdırma” İdarəsində rəis olub.
O, 1977-1987-ci illərdə Bakı-Abşeron iqtisadi rayonunun artan tələbatı üçün önəmli olan Ceyranbatan su kəmərinin çəkilişində, bütün SSRİ-yə səs salan Sumqayıtın yeni kimya nəhənglərinin - “EP-300”, “Polimer-120”, “Divinil”, “LVJ”, “Lindan” kompleksi kimi müəssisələrin, Sumqayıt Şüşə zavodu və Alüminium zavodunun elektroliz sexinin, paytaxtda Dərin Özüllər, Yeni Bakı Neftayırma zavodlarının inşasında müstəsna xidmətlər göstrərmişdir.
1986-cı ildə Çernobıl atom-elektrik stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılması üçün keçmiş İttifaqın hər yerindən səriştəli, bacarıqlı kadrlar səfərbərliyə alınanda respublikamızdan göndərilən nümayəndə heyətinin tərkibində Qərib Dadaşov da varıydı. Keçmiş İttifaqın peşəkar inşaatçılarından biri kimi Çernobıl qəzasının ləğvi ilə əlaqədar “Slavutiç” şəhərinə ezam olunan həmyerlimiz 1987-1990-cı illərdə burada “Bakı məhəlləsi”nin tikintsində beynəlmiləlçilik borcunu ləyaqətlə yerinə yetirib.
Dünyanın dincliyini pozan “atom fırtınası”nın ram edilməsində fədakarlıq göstərən soydaşımız respublikamıza qayıtdıqdan sonra gəncliyin hünər meydanı—Sumqayıt şəhərinin 10, 13 və 18-ci mikrorayonlarında, 47-48-ci məhəllələrində yeni yaşayış binaları ucaldıb, yüzlərlə ailəyə isti “yuva” qurub, burada bir sıra sosial obyektlərin və məktəblərin tikintisinə rəhbərlik edib.
Böyük quruculuq məktəbi keçmiş Qərib Dadaşov müstəqillik illərində daha məsul tikinti meydanlarına üz tutub, Şamaxı rayonunda Milli Ordu obyektlərinin tikintilərinə rəhbərlik edib. Rəhbər inşaatçı kadr kimi 1996-cı ildən fəaliyyətini “Azərsənayetikinti” Dövlət Şirkətində davam etdirən Q. Dadaşov 2001-ci ildə “Tunel-Metro İnşaat” MMC özəl şirkətini yaradır. Onun rəhbərliyi etdiyi şirkət 2001-2010-cu illərdə “Azərtunelmetrotikinti” ASC arasında bağlanan subpodrat müqaviləsi əsasında metro tikintisində sanballı işlər görür. Məhz bunun nəticəsində o, 2010-cu ildə “Azərtunelmetrotikinti” ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinin rəisi təyin olunur. Beləliklə də, tikinti sektorunun ən çətin və xüsusi bir sahəsi olan tunel tikintisi sahəsində özünü peşəkar inşaatçı kimi təsdiq etməyə nail olur.
Müstəqillik illərində Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının və “28 May” stansiyası üçün yeni çıxışın istifadəyə verilməsində xüsusi xidməti olmuş bu idarə Qərib müəllimin yaratdığı intizam və mütərəqqi iş qaydalarına əsaslanaraq “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül”, “Avtovağzal” və “Əcəmi-2" stansiyalarının tikintisinin sürətlə və keyfiyyətlə aparılmasına töhfəsini artırmışdır.
Məlum olduğu kimi, son illər məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən çoxsaylı fərman və sərəncamlar imzalanıb, müxtəlif qanunlar təsdiqlənib. Qərib Dadaşovun rəhbərlik etdiyi tikinti təşkilatı da bu vacib sahə üzrə nəzərdə tutulmuş tədbirlərin rellaşdırılmasına mühüm töhfələr verib. Məhz onun tikinti kompleksində qazandığı nüfuzun və yaratdığı azməsrəfli, sürətli və etibarlı inşaat mexanizmi sayəsində Goranboy şəhəri ərazisində 688 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 45 mənzilli beşmərtəbəli, Müşfiqabad qəsəbəsində 1410 məcburi köçkün ailəsi üçün yaradılan yaşayış massivində 40 mənzilli beşmərtəbəli yaşayış binalarının, Mərkəzi Hərbi Hospitalın ərazisində üç iri su anbarının nasosxana ilə birlikdə tikintisi, Müdafiə Nazirliyinin məhkəmə tibbi ekspertiza korpusunun orijinal memarlıq nümunəsi məhz bu idarənin fədakar əməyi nəticəsində ərsəyə gəlib.
Abşeron rayonu Masazır bələdiyyəsi ərazisində 758, Bərdə rayonu ərazisində 195, Ağcabədi rayonu ərazisində 556, Şəki şəhəri ərazisində 423, Mingəçevir şəhəri ərazisində 502, İmişli rayonu ərazisində 550, Gəncə şəhəri ərazisində 1500 məcburi köçkün ailəsi üçün salınan qəsəbələrin və məhəllələrin qaz təchizatı sisteminin yaradılması, xətlərin çəkilməsi Qərib Dadaşovun rəhbərliyi ilə həyata keçirilib. Bərdə rayonu Həsənqaya bələdiyyəsinin ərazisində 866 məcburi köçkün ailəsi üçün salınan məhəllədə beşmərtəbəli 60 mənzilli binanın və bir sıra tikililərin infrastruktur layihələrini də elə bu kollektiv gerçəkləşdirib.
Bu gün müxtəlif sahələrdə gerçəkləşdirilən irili-xırdalı inşaat layihələrinin uğurla həyata keçirilməsində fəal iştirak edən podrat qurumu yaratmağa nail olmuş Qərib Dadaşovun rəhbər inşaatçı və kamil mühəndis kimi yetişməsində 2001-ci ildə təsis etdiyi “Tunel-Metro İnşaat” MMC geniş meydan açıb. Bu özəl tikinti müəssisəsi ötən illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qəsəbələrin və məhəllələrin tikintisi ilə bağlı keçirilən tenderlərdə ardıcıl iştirak edib və bir sıra tikintiləri aparmaq hüququ qazanıb. Ağdam, Biləsuvar və Goranboy rayonlarında, Füzuli rayonunun Zobucuq qəsəbəsində məcburi köçkünlər üçün qəsəbələrin, Bakı şəhəri Binəqədi rayonunun ərazisində doqquzmərtəbəli yaşayış evlərinin tikintisində və digər obyektlərdə “Tunel-Metro İnşaat” MMC-nin kollektivi tender şərtlərinə yüksək səviyyədə əməl edib. Cəmiyyətin inşaatçıları 2014-cü ildə də “Dövlətqaçqınkom”un Ağdam rayonu ərazisində 632, Bərdə rayonu ərazisində 588, Beyləqan rayonu ərazisində 320, Mingəçevir şəhərində 594, Saatlı rayonu ərazisində 230 və Göygöl rayonu ərazisində 600 məcburi köçkün ailəsi üçün salınan qəsəbələrin qaz təchizatı sistemlərinin yaradılmasını və 47 ədəd fərdi yaşayış evinin tikintisini həyata keçirib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun aparılan tikinti- quruculuq işlərində obyektivliyi və aşkarlığı təmin etməsi, yeni tipli inşaat kollektivlərinə geniş meydan yaratması Qərib Dadaşovun bioqrafiyasına yeni öyünclü səhifələr yazmışdır. Son illərdə ölkənin tikinti kompleksinin inkişafına verdiyi töhfələrə görə bu il aprelin 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Qərib Kamran oğlu Dadaşov “İnşaatçılar Günü” peşə bayramı münasibətilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür. Bu, Qərib müəllimin çoxillik səmərəli fəaliyyətinə, Vətən və xalq üçün gərəkli əməyinə dövlətin verdiyi yüksək qiymətdir. O bu adın ucalığına uzun illər tikinti meydançalarındakı gərgin işi, məsul layihələri uğurla həyata keçirməsi ilə addım-addım yüksəlmişdir.
Ölkəmizin adlı-sanlı, mötəbər inşaat komandirləri sırasında yüksək nüfuz və hörmət qazanmış Qərib Dadaşovun şərəfli əməyinə, peşəkarlıq səviyyəsinə verilən yüksək dəyər onu tanıyanların hamısını ürəkdən sevindirdi. Onu tanıyanların “Bu ad Qərib müəllimə ana südü kimi halaldır” sözləri məni də bu fədakar inşaatçı ilə görüşüb qəzetimiz üçün məqalə yazmağa, onun 40 illik quruculuq yoluna nəzər salmağa sövq etdi. Onunla görüşüb söhbətləşdik, həmişəki kimi yenə də çox danışmadı, dedikləri isə hazırda gördükləri işlər barədə oldu:
– İnşaatçının işi tikməkdir, ucaltmaqdır, rahatlıq yaratmaqdır. Həyatın artan ehtiyaclarının qabağına yalnız bu yolla çıxmaq olar. İnşaatçı peşəsinin bir özəlliyi də odur ki, gördüyü işlər həmişə göz qabağında olur. Yaxşı iş üzağlığı, pis iş töhmət gətirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bir qrup inşaatçının zəhmətini yüksək qiymətləndirməsi bir daha məni inandırdı ki, yaxşı əməl mükafatsız qalmır. Fəxri ada layiq görülməyimin məsuliyyəti də böyükdür. Gərək bir addım da geri qalmayasan, bir az da irəli gedəsən, dövlət başçısının etimadını həmişə doğruldasan. Dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm, onun Azərbaycanda apardığı yeniləşmə və yüksəliş siyasətinin gerçəkləməsinə daha çox töhfə verməyə çalışacağam.
Müsahibim daha sonra qazandığı uğurlarda “Tunel-Metro İnşaat” MMC kollektivinin hər bir üzvünün payı olduğunu da vurğulayaraq əlavə etdi:
– Məni bu mərtəbəyə yayın qızmarında, qışın sazağında hər bir tapşırığımı artıqlaması ilə yerinə yetirən, ağır və halal zəhmətdən yorulmayan iş yoldaşlarım ucaldıblar. Kamandar Bayramov, Kərim Kərimov, Misir Dadaşov, Şövqi Seyfullayev, Əhməd Talıbov, Faiq Abbasov, Nüsrət Gərayev, Sahib Rəhimov və Vaqif Məhərrəmov kimi inşaatçılarla dağı dağ üstə qoymaq mümkündür, Hamılıqla arzumuz budur ki, bu gün Prezident İlham Əliyevin xoş məramı ilə ölkənin müxtəlif bölgələrində “Vətən qəribləri” üçün tikdiyimiz bina və evləri tezliklə onların doğma yurdlarında ucaldaq...
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.