Astaranın yaz ovqatı

Bahar, sanki, cənub qapısı Astaradan keçərək ölkəmizə qədəm qoyub. Bu gözəl diyarın hər tərəfində yeni gün, yeni uğur ovqatı yaşanır.

Rayonda hər kəs təmizlik, abadlıq, yaşıllaşdırma işləri ilə məşğul olur. Adamlar torpağa üz tutur, bağları belləyir, əkin-səpin aparır. Astaralılar hələ ötən ilin sentyabrından başlanan ağacəkmə kampaniyasına yenidən qoşulublar. Rayonun yaşayış məntəqələrində bu iş həvəslə davam etdirilir. Artıq xeyli yerli, ekzotik və bəzək ağacı əkilib.

...Camaat hələ də Astara şəhərindəki Heydər Əliyev adına parkda düzənlənən Novruz şənliyinin xoş təsirindən çıxmayıb. Orada hamının çöhrəsi təbəssümlü idi. Müğənnilərin, rəqqasların, pəhləvanların, digər idmançıların çıxışları bayrama rəng qatıb. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev el-obaya təbriklərini çatdırıb. Sənətkarlıq nümunələri qayım-qədim tariximizi göstərib. Şənlik bayram iştirakçılarında böyük coşqu yaradıb. Rayon sakinləri ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq ediblər. Hər kəs dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə dövlətimizin başçısına uğurlar arzulayıb.

Novruz bayramı günlərində Astara sakinləri daha bir yaşayış məntəqəsinə-Telman kəndinə təbii qazın verilməsinə seviniblər. Ölkənin hər yerində olduğu kimi, bu rayonda da qazlaşdırma işləri sürətlə aparılır. Astara şəhəri, Kijəbə və Ərçivan qəsəbələri, əksər yaşayış məntəqələri qazlaşdırılıb.

Son vaxtlar xeyli abadlaşan kənddə yeni məktəb binası tikilib, asfalt yol çəkilib. Hazırda kənddə yeni, müasir çay fabrikinin tikintisi başa çatmaqdadır. Bununla əlaqədar yüzlərlə hektarda yeni plantasiyalar salınacaq, xeyli iş yeri yaradılacaq. Amma sovet dövründə belə təbii qazın olmaması uzun illərdən bəri camaatı narahat edirdi. Nəhayət, burada da təbii qazın alovlanması sakinlərə əsl bayram hədiyyəsi olub. Martın 22-də rayon mərkəzindən 30 kilometr aralıda yerləşən, 314 təsərrüfatı və 1500-ə yaxın əhalisi olan kəndə bu münasibətlə mötəbər qonaqlar da gələrək adamların sevincinə ortaq olublar.

Ərazi dairəsi üzrə nümayəndə Elşad Axundov quruculuq işləri barədə məlumat verib. Kənd sakinləri onlara göstərilən bu qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər. Ağsaqqal Qasım Həsənov belə əziz gündə camaatın sevindirilməsinin əsl savab işi olduğunu vurğulayıb.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsindən ətraflı söhbət açıb. Əhalinin təbii qazla təmin olunması üzrə işləri diqqətə çatdırıb. Deyib ki, bu il Astaranın daha 3 kəndinə təbii qaz veriləcək. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əziz bayramın ilk günlərində kənd sakinlərinin çoxillik arzularına çatmasından məmnun olduğunu bildirib. Onları təbrik edərək mavi yanacağın evlərə, könüllərə hərarət gətirməsini arzulayıb. Mərasimin sonunda alovlandırılan rəmzi məşəl çöhrələri işıqlandırıb.

Fərəhli haldır ki, Astarada son illərdə həyata keçirilən abadlıq-quruculuq tədbirləri səngimir. Ardıcıl icra olunan layihələr şəhər, qəsəbə və kəndlərin üzünü güldürür. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə rayonun Deqədi-Pəlikəş avtomobil yolunun qısa müddətdə yüksək keyfiyyətlə tikintisi, bu yolda 2 yeni körpünün inşası xüsusi qeyd edilməlidir. Keçilməz dağlıq ərazilərdə qərar tutan kəndlərə yeni asfalt yolun çəkilişi əhalinin rahatlığını təmin etməklə bərabər, turizmin inkişafına da geniş imkanlar açıb.

Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yollar təmir olunub, abadlaşdırılıb. Şəhərin Gənclər küçəsində, Suparibağ-Seləkəran, Kakalos kəndlərində kilometrlərlə yol asfaltlaşdırılıb, Pensər-Qamışlı, Pensər-Şahağacı, Astara-Suparibağ-İstisu yolları asfalt-betonla örtülüb. Siyaku-Şağlazüzə, Siyaku-Marzəsəy avtomobil yollarında 4 körpü tikilib. Astara şəhərində Maliyyə İdarəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilib. Asudə vaxtın səmərəli təşkili üçün mühüm önəm daşıyan möhtəşəm park-bulvarın tikintisi vüsət alıb.

Xəzərin sahili boyunca ərazi hamarlanıb, 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir-beton konstruksiyası ilə betonlanıb, müxtəlif növ ağaclar əkilib. Bulvarda 1 min kvadratmetrədək travertin materialı düzülüb, işıqlandırma sistemi quraşdırılıb. İndi 2 şəlalə və su fontanının tikintisi aparılır. Bulvar ərazisində Uşaq idman akademiyasının, mini futbol və voleybol meydançalarının, əyləncə mərkəzinin, çay evi və kafenin, uşaqlar üçün attraksionların quraşdırılması, yaxınlıqda yaşayış massivinin və müasir tipli hotelin tikintisi davam etdirilir.

Züngüləş kəndi ərazisində “Astara-1" kiçik su elektrik stansiyası inşa olunur. Son dövrlərdə rayonda 6498 iş yeri açılıb ki, bunun da əksəri daimidir. Ötən il 625 yeni iş yeri yaradılıb.

Rayonda sahibkarlığın inkişafı məqsədilə iş adamları zəruri həcmdə kreditlər alır, fermer təsərrüfatlarına və fiziki şəxslərə güzəştli şərtlərlə mineral gübrə satılır, kənd təsərrüfatı istehsalçısına isə dəyərli subsidiyalar verilir. Yeni yaradılan şitilliklərin sayəsində çay plantasiyaları genişləndirilir. Ötən mövsümdə sitrus və subtropik meyvə bağlarından 32 min tondan artıq məhsul yığılıb, 163 hektar buğda, 147 hektar çəltik, 512 hektar paxlalı bitkilər, 233 hektar qarğıdalı əkilib. Bununla bərabər, hazırkı “Kənd təsərrüfatı ili”ndə torpaqlardan daha səmərəli istifadə zərurəti özünü göstərir. Aqrar sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün əlverişli şərait yaradır. Rayonda müasir aqroparkın, iri fermer təsərrüfatlarının və kooperasiyaların yaradılması vacibdir.

Səyyar qəbul və görüşlər xalqla iqtidar arasında körpü rolunu oynayır. Astarada bu məsələ daim gündəmdədir. Son vaxtlar bu kimi görüşlərdə Prezident Administrasiyasının məsul əməkdaşı Habil Əzənmədov da iştirak edib. O deyib ki, səyyar qəbulların ümumi ruhu astaralıların ölkə rəhbəri ətrafında sıx birləşməklə dövlətçiliyə necə sədaqətli olduqlarını bir daha göstərir. “Bu tədbirlərdə qaldırılan problemlərin hər biri nəzarətə götürülməklə icrası ilə əlaqədar aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılır. Biz bundan sonra da çalışacağıq ki, əhalinin tələb, təklif, tənqidi qeyd və iradlarına daha həssaslıqla yanaşaq, qaldırılan məsələlərin operativ həllinə nail olaq”.

Bala Şahağac və Kakalos kənd 2 saylı tam orta məktəbləri üçün yeni binaların tikintisi barədə müvafiq sənədlər hazırlanıb. Əhalinin içməli suya olan ehtiyacının ödənilməsi məqsədilə konkret tədbirlər görülməsinə, Xanbulandan rayon mərkəzinə qədər su xətti çəkilişinə başlanıb. Bu xətdən ətraf kəndlərin əhalisi də istifadə edəcək.

Əhalinin rahatlığı üçün neçə-neçə kənddə bankomatlar fəaliyyət göstərir. Yaxın gələcəkdə bu xidmət bütün yaşayış məntəqələrini əhatə edəcək. Keçən əsrin altmışıncı illərində çəkilmiş elektrik xətlərinin istismar müddətinin qurtarmasına baxmayaraq, görülən tədbirlər nəticəsində əhali fasiləsiz işıqla təmin edilir. Bu yöndə dövlət tərəfindən xüsusi tədbirlər görülməsi də nəzərdə tutulur.

Astarada bələdiyyə seçkiləri mütəşəkkil keçib. İndi inkişafa bələdiyyələr də töhfələr vermək əzmindədirlər. Rayon rəhbərliyi dövlət orqanlarının köməkliyi ilə əhalinin içməli su təminatını, Astara şəhərinin kanalizasiya sisteminin qurulmasını, Burzubənd-Tüləgüvan və Taxtanakəran-Miki-Toradi kəndlərarası yollarının asfaltlaşdırılmasını, Düriyə-Şümrüd yolunun əsaslı təmirini, bütün yaşayış məntəqələrinə təbii qazın çəkilməsini, Astara və Pensər çaylarında sahilbərkitmə işlərini, elektrik təsərrüfatının yenidən qurulmasını, vacib sosial obyektlərin inşasını və əsaslı təmirini reallaşdırmaq fikrindədir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında