Salyan rayonunun Azərbaycan xəritəsində yeri və mövqeyi məlumdur. Salyanlıların da necə qonaqpərvər və zəhmətsevər olduqlarını kiməsə xatırlatmağa ehtiyac yoxdur. Bir vaxtlar bu torpaqda yaradılan xariqələr xatirələrdə indi də yaşayır. Doğma Vətənimizin şöhrətini ucaldan, adını iftixar və qürurla andığımız yüzlərlə tanınmış şəxsiyyətlər yetirib müqəddəs Salyan torpağı.
“Dəli Kür” də “Coşqun Xəzər”ə Salyandan keçib qovuşur. Və bu qovuşmada hansısa mistik çalarlar, lirik notlar axtarmadan da, əslində yüz illərdir məlum olan bir həqiqətə işıq tutmaq olar: mehribanlıqla “Ana Kür”ü ağuşuna alan Salyanın dünəni nə cür şöhrətli olubsa, bu günü də, sabahı da firavan, xoş ovqatlı olacaq. Son illər rayonda yaşanan əsaslı dəyişikliklər, qurub-yaratmaq əzmi, hərtərəfli sürətli inkişaf bunu bir daha təsdiqləyir.
Yola saldığımız 2014-cü ildə də Salyanda xeyli yaddaqalan işlər görülmüşdür. İşdən, yenilikdən danışılırsa, heç şübhəsiz ki, rayonda aparılan abadlıq-quruculuq işlərini xüsusi qeyd etmək yerinə düşər. Bəri başdan deyək ki, Salyanın abadlaşmasına xüsusi diqqətlə yanaşan dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına rayonda xeyli işlər görülmüş və görülməkdədir. Məsələn, Salyan şəhərinin küçələri təmir olunaraq 2100 kvadratmetr üzlük daşları döşənmiş, 332 kvadratmetr sahəyə tamet-plitə düzülmüşdür.
Yeri gəlmişkən, şəhərdə 5 mərtəbəli yaşayış binasının və ticarət mərkəzinin, prokurorluğun, ərazi kənd təsərrüfatı idarəsinin inzibati binalarının tikintisi davam edir. YAP rayon təşkilatı üçün yeni inzibati binanın və rayonlararası ağciyər xəstəlikləri xəstəxanasının tikintisi isə başa çatdırılmışdır.
Bundan başqa, rayon ərazisində 38 mindən çox ağac və gül kolları əkilmişdir. Məhz həyata keçirilmiş bu və digər tədbirlərin nəticəsidir ki, Salyanın siması, necə deyərlər, günbəgün gözümüzün önündəcə təzələnir, daha da yaraşıqlı olur.
Yerli sahibkarlıq güclənir
Ölkə başçısının sahibkarlığın inkişafına yaratdığı münbit şəraitin nəticəsidir ki, hazırda Çuxanlı kəndində “Şəfa” Quşçuluq ASC-nin istehsal gücü 450 min ədəd yumurta olan inkubator sexinin, Qaraçala qəsəbəsində “Hacı Camalxan” kəndli fermer təsərrüfatının 10 min tonluq taxıl anbarının tikintisi başa çatdırılmış, 2400 başlıq beynəlxalq standartlara uyğun süd-əmtəə kompleksinin və Qırxçıraq qəsəbəsi ərazisində “Ələddin Fermer” MMC-nin illik istehsal gücü 600 ton olan quru meyvə istehsalı müəssisəsinin, Kürsəngi kəndində illik istehsal gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi davam etdirilir. Kür Qaraqaşlı kəndində “Nurgün Aqro” MMC-də 24 başlıq süd sağım sexinin tikintisi başa çatdırılmışdır. Qeyd etmək lazımdır ki, sahibkarlığın inkişafı rayonda keyfiyyətli məhsul istehsalının güclənməsinə əlverişli şərait yaratmaqla bərabər, həmçinin əhalinin işlə təmin olunmasında da mühüm əhəmiyyət daşıyır. Yeri gəlmişkən deyək ki, müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində 2014-cü ildə Salyan rayonunda 751 daimi iş yeri yaradılmışdır.
Rəqəmlərin dili ilə
Bu məqamda Salyan rayonunun 2014-cü ildə qazandığı iqtisadi göstəricilərə qısaca da olsa nəzər salmaq yerinə düşər. Beləliklə, məlum olsun ki, 2014-cü ildə rayonda məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 7 faiz artaraq 245 milyon 814 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 9 faiz artaraq 141 milyon 569 min manat, rabitə işlərinin həcmi 11 faiz artaraq 545 min manat, nəqliyyat işlərinin həcmi 27 faiz artaraq 1 milyon 775 min manat, pərakəndə ticarət dövriyyəsi 17 faiz artaraq 154 milyon 990 min manat, əhaliyə göstərilən pullu xidmət 20 faiz artaraq 44 milyon 417 min manat olmuşdur. Sənaye məhsulunun ümumi həcmi 49 milyon 280 min manat, əsas kapitala yönəldilən investisiya 49 milyon 396 min manat təşkil etmişdir. Bir nəfərə düşən məhsul buraxılışının həcmi 1865 manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 280,3 manatdır.
Bundan əlavə, 2014-cü ildə hektardan məhsuldarlıq 29,5 sentner olmaqla 17899 hektardan 52717 ton taxıl, 6230 hektardan 29,7 sentner olmaqla 18521 ton buğda, 11669 hektardan məhsuldarlıq 29,3 sentner olmaqla 34196 ton arpa istehsal olunmuşdur.
Ötən il 370 kilometr kollektor dren şəbəkəsi, 840 kilometr suvarma kanalları lildən təmizlənmişdir.
2014-cü ildə 10673 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 30673,19 hektara görə 122697,6 manat subsidiya verilmişdir. “Aqrolizinq” ASC-nin Salyan filialı və “Aqrokimya” MMC tərəfindən onlara güzəştli şərtlərlə 3800 ton mineral gübrələr (azot, fosfor) satılmışdır. Göründüyü kimi, dövlətin torpaqla bağlı olanlara müxtəlif vasitələrlə yardım etməsi torpaqdan daha səmərəli istifadə etməyə və məhsul bolluğuna güclü təməl yaradır.
Yeni məktəblər təhsilə marağı daha da artırır
Son illər Salyanda geniş vüsət alan proseslərdən biri də təhsil sahəsinə diqqət və qayğının artırılmasıdır. Məhz bunun nəticəsidir ki, bir-birinin ardınca yaraşıqlı, hər cür şəraitlə təmin olunmuş təhsil ocaqları tikilib məktəblilərin ixtiyarına verilir. Tikintisi 2014-cü ildə tamamlanmış Peyk kəndinin 220 yerlik yeni məktəb binası da bu təhsil müəssisələrindən biridir.Elə yeri gəlmişkən, bu məlumatı da qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyilə hazırda Kürqaraqaşlı və Qarabağlı kəndlərində və Babazanlı yaşayış sahəsində hər biri 100 yerlik olmaqla yeni uşaq bağçaları tikilir. Sözsüz ki, yaradılmış şəraitin nəticəsidir ki, ali məktəblərə qəbul zamanı salyanlı məzunların göstəriciləri kifayət qədər yüksək olmuşdur.
Ötən il ali məktəblərə sənəd vermiş 700-dən çox məzunun 352-si tələbə adını qazanmışdır. Onlardan 18 nəfəri 600-dən çox bal toplamışdır. 4 saylı tam orta məktəbin məzunu Fəqan İslamov orta məktəbi “qızıl medal”la bitirərək Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, həmin məktəbin məzunu Xalıq Dadaşzadə isə 686 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuş, Prezident təqaüdünə layiq görülmüşdür.
Şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Razıgül Dadaşova və 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin kimya müəllimi Gülşən Piriyeva “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş, 4 saylı tam orta məktəb “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür.
Sağlamlığın keşiyində duranlar
Səhiyyə xidmətinin gücləndirilməsi, əhalinin sağlamlığı Salyanda bu gün prioritet məsələlərdən biridir desək, yanılmarıq. Rayonda mövcud səhiyyə ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi ilə bərabər, yeni tibb müəssisələri də tikilir. 2014-cü ildə rayonlararası Şorsulu Əsəb-Nevroloji Xəstəxanası üçün 100 çarpayılıq yeni korpusun tikilib istifadəyə verilməsini buna misal göstərmək olar. Yeri gəlmişkən, xəstəxana zəruri inventar və tibbi avadanlıqlarla təmin edilmişdir. Bundan başqa, hazırda 50 çarpayılıq rayonlararası Ağciyər Xəstəlikləri Xəstəxanasının inşasında son tamamlama işləri aparılır.
Məlumdur ki, Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda fevral ayının 17-dən may ayının 1-nə kimi əhalinin tibbi müayinəsi aparılır. Qeyd edək ki, bu tədbir Salyanda da mütəşəkkilliklə həyata keçirilmişdir. 18 yaşdan yuxarı əhalinin 61037 nəfəri, yəni 87 faizi tibbi müayinədən keçmişdir.
Həmçinin rayonda uşaqların icbari dispanserizasiyası da təşkil edilmiş, müayinədən keçmiş 36460 uşağın 4531-i dispanser nəzarətinə götürülmüşdür.
Bundan əlavə, uşaqların demək olar ki, yüz faizə yaxını yoluxucu xəstəliklərə qarşı peyvənd olunmuşdur.
Aprel ayında Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, iyun ayında isə Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadaları rayonda olaraq ümumilikdə yeddi yüzdən çox vətəndaşı müayinə etmişlər.
Mərkəzi rayon xəstəxanasında könüllü olaraq keçirilmiş qanvermə aksiyası da səhiyyə sahəsində diqqətçəkən tədbirlərdən biri olmuşdur.
Salyanda mədəniyyət sahəsini əhatə edən tədbirlərin keçirilməsi də son illər ənənəvi xarakter almışdır. Bakı şəhərində keçirilən Novruz şənliklərində rayon mədəniyyət evinin 3 kollektivi “ Cəngi” və “Mahirlər” ansamblları, “ Hünər” sirk kollektivi çıxış etmiş, 18 adda Salyan məhsulları və qədim toxuma əl işləri nümayiş etdirilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rayonun mədəniyyət müəssisələrində vətənpərvərlik mövzusunda şeir, mahnı, rəsm müsabiqələri keçirilmiş, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzularında konfrans və “dəyirmi masa”lar təşkil edilmiş, Heydər Əliyev adına parkda böyük konsert proqramı təşkil edilmiş, “Gül bayramı” keçirilmişdir.
20 Yanvar faciəsinin 24-cü ildönümü, Xocalı faciəsinin anım günü keçirilmiş, faşizm üzərində qələbənin 69-cu ildönümü, 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı geniş qeyd edilmiş, “Təbiətin dostları” adlı aksiya keçirilmiş, çağırışçı gənclərin hərbi xidmətə yola salınma mərasimi ilə əlaqədar tədbir keçirilmişdir. Əlamətdar tədbirlərdən bəhs edərkən, ötən il dövlət başçısının sərəncamına əsasən Muğan-Babazanlı abidələrinin 2800 illik yubileyini xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, yüksək səviyyədə keçirilən yubiley tədbirində salyanlılarla birlikdə Milli Məclis deputatları, xarici səfirliklərin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak etmişlər.
Səmimi ünsiyyət işin xeyrinədir
Bu gün Salyan rayonunun rəhbərliyi öz fəaliyyətini vətəndaşları narahat edən problemlərin müntəzəm surətdə öyrənilməsi, onların müraciətlərinin təhlili əsasında qurmağa çalışır. Əhalinin irəli sürdüyü təkliflər, tənqidi qeydlər diqqətlə təhlil edilərək ümumiləşdirilir, mümkün olduqca qısa müddətdə problemlərin həllinə çalışılır.
Səyyar qəbullarda edilmiş müraciətlər əsasında 2014-cü ildə Peyk kəndində yeni məktəb binasının tikilməsi, Kürqaraqaşlı kəndində 170 evə təbii qazın verilməsi, Qardili, Birinci Varlı və Yeni Uluxanlı kəndlərində sutəmizləyici qurğuların tikilməsi, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun 10 kilometrinə asfalt döşənməsi, Sarvan və Xalac kəndlərində təbii qaz infrastrukturunun yenidən qurulması, Qarabağlı, Kürqaraqaşlı kəndlərində və Babazanlıda uşaq bağçalarının tikintisinə başlanılması, ərazilərdə 52 kilometr suvarma kanalının və 41,5 kilometr kollektorun təmizlənməsi (əlbəttə, bu siyahını xeyli uzatmaq da olar) və s. Salyanda, doğrudan da, inkişafın dinamikasını və rayon rəhbərliyi ilə vətəndaşlar arasında ünsiyyətin səmimiliyini bir daha təsdiqləyən amildir.
...2014-cü ildə Salyanda sosial-iqtisadi inkişafın bütün sahələri üzrə xeyli işlər görülmüş, uğurlu göstəricilər qazanılmışdır. Bütün bunları isə bir yazıda əhatə etmək, sadəcə, imkansızdır. Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovun bir fikri ilə bu yazını tamamlamaq lap yerinə düşür: Salyanın tarixi qədim, keçmişi parlaq, mədəniyyəti zəngin olduğu qədər, uğurlu gələcəyini də təmin etmək üçün kifayət qədər güclü potensialı var.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.