“Cənub mirvarisi” Lənkəran hər zaman Azərbaycana gələn müsafirlərin maraq dairəsində olub. Meşə örtüklü sıra dağlar, mavi Xəzər onun hüsnünə özgə gözəllik verir. Hər il minlərlə əcnəbi turist Lənkərana üz tutur. Köçəri quşlar belə qışlamaq üçün bu diyarın qoruqlarını seçir.
Planetimizin nadir relikt bitkiləri - dəmirağac, palıd, nil, azad, şümşad, güləbrişan və digər yüzlərcə yaşıl sərvət buradakı Hirkan milli parkında qorunub artırılır. Ətirli çay, limon, naringi, portağal Lənkəranın “vizit kartı”dır. Lənkəranın mətbəxi zəngindir. Zövqlə tikilmiş ayrı-ayrı binlarının, evlərinin hərəsi bir abidədir. Əməksevər insanlar yurdun gözəlliklərini artırır, cilalayırlar. Yazın üzə güldüyü bu günlərdə Lənkəran daha füsunkar olub. Ərik, alça ağacları ağ duvaqlı gəlinlərə bənzəyir. Tumurcuqlar düymə-düymə açılır. Təkcə dağlarda, düzlərdə deyil, adamların üzündə də güllər açıb. Novruz bayramının ovqatı hələ də könüllərdədir. Həmin günlər təşkil olunan ənənəvi ərzaq satış-yarmarkaları bölgədəki bolluğun, zənginliyin nümayişi idi. Hər bir parkda, klubda, məktəbdə əlvan bayram tədbirləri düzənlənmişdi. Sanki böyük bir xonça idi Lənkəran. Hər yanında musiqi səslənir, rəqqasələr oynayır, müğənnilər oxuyurdu.
Ümumşəhər şənliyi hər kəsə daha ecazkar təsir bağışladı. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıların əziz bayramını təbrik etdi, hamıya ən xoş arzularını çatdırdı. O bildirdi ki, xalqımızın Novruz bayramı hər sahədə uğurlarla, tərəqqi ilə müşayiət olunur. Bunu füsunkar təbiəti baharın allı-güllü naxışları ilə bəzənən Lənkəranda da görmək mümkündür. İndi rayonda yeni ab-hava duyulur, xoş əhval-ruhiyyə hökm sürür. Hər tərəfdə geniş abadlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir. Hazırda yeni infrastruktur layihələrin icrasına başlanıb. Rayon rəhbəri 2015-ci ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzuladı. Sonra mahnılar qanad açdı, çal-çağır, alqış sədaları ətrafa yayıldı. Yaz ətirli həzin meh duyğulara sığal çəkdi...
İndi Lənkəranda “Ümumrespublika Yaşıllaşdırma marafonu” və “Yaşıllaşdırma aylığı” geniş əhatədə davam edir. Əslində, hər il şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamları ilə hər il rayonun idarə, müəssisə və təşkilatlarının, əmək kollektivlərinin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə kütləvi ağac əkini kampaniyaları keçirilir. Sakinlər tərəfindən razılıqla qarşılanan bu kampaniyalar zamanı Lənkəran şəhərinin park və bağlarında, yaşayış massivlərində, küçə və meydanlarda, magistral yollarda, xüsusilə yeni asfaltlanmış yollar boyunca, qəsəbə və kəndlərdə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində on minlərlə müxtəlif növ ağac və gül kolları əkilir, yeni yaşıllıqlar salınır. Təkcə 2014-cü ildə rayonda 53 mindən çox ağac və gül kolu əkilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna Lənkəran birincilər cərgəsində qoşulub. Bu nəcib təşəbbüsə dəstək olaraq hələ ötən il rayonda 10 mindən çox ağac əkilib, becərmə və suvarva tədbirləri həyata keçirilib.
Eyni zamanda, İDEA İctimai Birliyinin yaz mövsümü ilə əlaqədar keçirilən “Ümumrespublika Yaşıllaşdırma marafonu”nun ikinci mərhələsi Lənkəranda uğurla icra edilir. Bu marafon çərçivəsində 35 mindən çox ağac əkilməsi nəzərdə tutulub. Hətta ilk günlər havaların əlverişsiz keçməsinə baxmayaraq, bütün rayon ərazisində, o cümlədən də Lənkəran Dövlət Universitetinin inzibati binası ilə üzbəüz bağda kütləvi ağac əkini keçirilib.
Aksiyada icra aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əmək kollektivləri və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. İştirakçılardan bəziləri ürək sözlərini həvəslə ifadə ediblər.
Sərhad Məmmədov (rayon ağsaqqallar şurası sədrinin müavini, Gərmətük qəsəbə sakini): - Doğma yurdun çöhrəsində gözəllik cizgiləri daim artmaqdadır. Şəhərimizin rəhbərliyi bu baxımdan çox mühüm layihələri həyata keçirir. Minnətdarıq. Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyasına qoşulmağımız da bizi ürəkdən sevindirir. Yaşımın 80-i haqlamasına baxmayaraq, mən də bu xeyirxah təşəbbüsə qatılmışam. Həm ötən ilin payızında, həm də bu bahar günlərində Bakı-Astara magistral yolunun Gərmətük qəsəbə tam orta məktəbinin yerləşdiyi ərazisində bir neçə ağac əkmişəm. Yaşıllaşdırma ekologiyamızın qorunmasında mühüm əhəmiyyət kəsb edir. Nə qədər canımda can var, belə aksiyalarda fəal iştirak edəcəyəm.
Surxay Əliyev (Səpnəkəran kənd sakini): - Ağacəkmə aksiyasında nümayəndəliyimizin və yerli bələdiyyənin üzvləri ilə yanaşı, kəndimizin sakinləri də ruh yüksəkliyi ilə iştirak edirlər. Biz Bakı-Astara magistral yolunun Səpnəkəran kəndi ərazisində xeyli sayda müxtəlif növ ağac əkmişik. Bu xeyirxah təşəbbüsün - ağacəkmənin, yaşıllıqların əhəmiyyəti barədə, xüsusilə məktəblərdə maarifləndirmə xarakterli təbliğatın aparılması olduqca vacibdir. Biz bu istiqamətdə ərazimizdə lazımi işlər görürük. Hər kəs çalışmalıdır ki, rəhbərliyin həyata keçirdiyi quruculuq, abadlaşdırma tədbirlərinə töhfə versin.
Ramazan Rəhimov (Hirkan qəsəb sakini, təqaüddə olan tibb işçisi): - Məhz yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq, insanları ağac əkilməsinə təşviq etmək və ətraf mühitin mühafizəsini daha yüksək səviyyədə təşkil etmək məqsədilə Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan aksiya hamı kimi biz yaşlı nəslin təmsilçiləri tərəfindən də böyük sevinclə qarşılanmışdır. Biz də bu aksiyada fəallıq göstərərək Hirkan Milli Parkının yerləşdiyi magistral yolun ərazisində çoxlu ağac əkmişik. Yaşıllıq təmiz hava, ekoloji durumun saflığı deməkdir. Bu mühüm amili hamılıqla mühafizə etmək, dəyərləndirmək lazımdır. Hərəyə bir ağac əksək, ətraf gülüstana çevrilər.
Eyni zamanda, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 20 fevral tarixli sərəncamı ilə start verilən “Yaşıllaşdırma aylığı” da mütəşəkkilliyi ilə seçilir. Aylıq çərçivəsində dəmirağac, palıd, sərv, eldar şamı, çinar, palma, akasiya və s. ağac növləri əkilir.
Ümumiyyətlə, Lənkəran Şəhər İcra Hakimiyyəti rayonun mədəni-quruculuq işlərinin tərkib hissəsi olan sağlam ekoloji mühitin yaradılması, yaşıllıqların salınması ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasını özünün ümdə vəzifəsi hesab edir və bu istiqamətdə zəruri tədbirləri müntəzəm olaraq həyata keçirir. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müxtəlif sahələr üzrə təşkil olunan tədbirlər, irəli sürülən təşəbbüslər ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da yüksək siyasi fəallıqla qarşılanır, icrasından ötrü əməli işlər görülür.
Azərbaycan rəhbərinin Lənkərana davamlı diqqəti və qayğısı hər addımda hiss olunur. Lənkəran son bir neçə ildə özünün ən parlaq dövrünü yaşayır. Hər tərəfdə təmizlik, səliqə-sahman yaradılıb, yeni-yeni parklar, bağlar salınır, çoxlu sayda sosial əhəmiyyətli obyektlər tikilir, əhali üçün iş yerləri açılır, insanların həyat şəraitini yaxşılaşdırmaqdan ötrü yeni qaz, su xətləri çəkilir, ən ucqar dağ kəndlərinin yolları təmir edilir, körpülər salınır. Dövlət başçısının müvafiq sərəncamları ilə rayonda iri həcmdə tikinti-quraşdırma işləri aparılır, şəhərin küçə və meydanları yenidən qurulur, yollara asfalt çəkilir, səkilərə tamet plitələr düzülür.
Qısa müddətdə rayonun əsas magistral yolları olan Şürük-Vel-Qamışlı, Lənkəran-Vilvan-Osakücə-Türkəncil, Vilvan-Zövlə-Boladi-Liman, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolları tamamilə yenidən qurulub. Görülən işlər nəticəsində 100 mindən çox insanın rahat gediş-gəlişi təmin olunub. Hazırda ümumi dəyəri 210 milyon manatdan artıq olan su-kanalizasiya layihəsi icra edilir. Artıq şəhərdə mindən çox ailə yetərincə təmiz içməli sudan istifadə edir.
Cənab Prezidentin sərəncamı ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanası ən yüksək səviyyədə əsaslı təmir olunub, şöbələr müasir tibb avadanlığı ilə təmin edilib.
Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk aylarda imzaladığı mühüm sənədlərdən biri 2004-2008-ci illər üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı idi. Sonra növbəti illər üçün ikinci proqram qəbul edildi. Bu sənədlərdə hər bir rayonun hərtərəfli inkişafı, əhalinin sosial problemlərinin həlli öz əksini tapmışdı. Həmin illər bölgələr üzrə ilk Olimpiya İdman Kompleksi və Müalicə Diaqnostika Mərkəzi Lənkəranda tikildi. Paytaxtdan kənarda açıq ürək əməliyyatı da ilk olaraq məhz burada aparıldı. Uşaq Sağlamlıq Mərkəzi, Beynəlxalq Hava Limanı, Heydər Əliyev Xatirə parkı, turizm-istirahət mərkəzləri, “Nur-süd” MMC və digər sənaye müəssisələri istifadəyə verildi. İş adamlarına, sahibkarlara, torpaq mülkiyyətçilərinə verilən kreditlər, subsidiyalar yeni iş yerlərinin açılmasına, güzəranın yaxşılaşmasına imkan yaratdı. Cənub Regional Boks Mərkəzi, çay fabriki, 28 çeşiddə dondurma istehsal edən “Pal Food”, meyvə-tərəvəz məhsulları emal edən konserv zavodu və digər müəssisələr işə salındı. Uğurlar, zəfərlər artdıqca Lənkəranın əvvəlki şöhrəti də özünə qayıtdı.
Hazırda 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrası ilə bağlı rayon ərazisində işlər yeni mərhələyə qədəm qoyub. Kənd yollarının abadlaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması, su-kanalizasiya sisteminin yeniləşdirilməsi və digər istiqamətlərdə böyük işlər aparılır.
Bu günlərdə Şıxəkəran kəndinə 22 illik fasilədən sonra təbii qaz verildi. Bu münasibətlə kənddə təntənəli mərasim keçirildi. Tədbirdə rayon rəsmiləri hamılıqla iştirak edirdilər. Agsaqqallar, ziyalılar onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, kənddə uzun illər mavi yanacağın olmaması üzündən sakinlər odundan istifadə edirdilər. Bu da adamların ilboyu çətinliklə üzləşməsinə səbəb olub. Odundan istifadə həm də meşələrin qırılmasına gətirib çıxarır ki, nəticədə təbiətə xeyli ziyan dəyir. Camaata xeyir-dua verən Taleh Qaraşov mavi yanacağın hər bir ailəyə hərarət, bərəkət və sevinc gətirməsini arzuladı. Rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrdən söz açaraq bununla sayca 56-cı yaşayış məntəqəsinin qazlaşdırıldığını, rayon üzrə qazlaşdırmanın 81faizə çatdığını bildirdi.
Tədbirdə qeyd olundu ki, Şıxəkəran kəndində 791 abonentə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında onlarca kilometr uzunluğunda müxtəlif diametrli polietilen və polad borularla qaz xətləri çəkilib, sayğaclar və fərdi tənzimləyicilər quraşdırılıb. Sonda yandırılan rəmzi məşəl hər kəsin üzünü işıqlandırıb.
Bəli, Lənkəranın uğur hekayələri söyləməklə bitən deyil. Bütövlükdə götürdükdə son 11 il Lənkəran rayonu üçün əsl inkişaf, tərəqqi dövrü olub. Əsas makroiqtisadi göstəricilərdə artım əldə edilib. Ümumi məhsul 2,7, sənaye məhsulu istehsalı 4,6, pərakəndə ticarət dövriyyəsi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 16,2 faiz artıb. Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 540 sahibkara 25 milyon manata yaxın güzəştli kredit verilib, torpaq mülkiyyətçilərinə 100 min manata yaxın yardım edilib. Mənzil Fondu 1,8 dəfə artıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 90 mənzildən ibarət 3 yaşayış binası inşa edilib, ümumi sahəsi 390 min kvadratmetrədək olan fərdi evlər tikilib. Su, qaz və kanalizasiya sistemi ilə təchiz edilmiş yaşayış sahələri artıb. İnternet istifadəçilərinin sayı 7,7 dəfə, internetə çıxışı olan evlərin sayı 3,7 dəfə, kompüter istifadəçilərinin sayı 5,6 dəfə və mobil telefon abunəçilərinin sayı 14,7 dəfə çoxalıb. Göstərilən dövr ərzində 18 min 500-ü daimi olmaqla 31 mindən çox iş yeri açılıb.
Rayonda son 11 ildə 10 min 660 şagird yeri olan 35 məktəb tikilib. Bundan əlavə, 5 məktəb binası əsaslı təmir edilib. Hazırda Darquba kəndində 180 şagirdlik yeni məktəb binası tikilir. Bununla yanaşı, rayonda tarixi keçmişi özündə yaşadan Dairəvi qala, Xan sarayı və digər abidələr əsaslı şəkildə yenidən qurulub.
Şəhərin mərkəzindəki Heydər Əliyev Xatirə parkı əhalinin ən çox xoşladığı məkana çevrilib. Yenidən qurulmuş Heydər Əliyev Mərkəzi, habelə Gənclər Mərkəzi də burada yerləşir. Hər iki bina şəhərə xüsusi yaraşıq verir. Lənkəranlılar fəxr edirlər ki, son 11 ildə qazanılmış uğurlar milli liderin ideyalarını ardıcıl şəkildə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində mümkün olmuşdur. Bu müddət ərzində dövlətimizin rəhbəri 9 dəfə Lənkərana səfər edib, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 6 sərəncam imzalayıb. Dövlət başçısı tikilib istifadəyə verilən obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirakı ilə lənkəranlıları sevindirib.
Göründüyü kimi, əyalət şəhəri Lənkəran ilbəil inkişaf edərək nümunəvi bir məkana çevrilir. Onun hər günü qonaq-qaralı, çal-çağırlıdır. Abad yerin sorağı uzaqlara gedib çıxır.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.