Bir ömürdə min ömür yaşayan görkəmli alim və pedaqoq

Tarixən hər yerdə və hər zaman mütəfəkkir elm adamlarının şəxsiyyəti, intellekti, istedadı, həyata real baxışı, elmə gətirdikləri yeniliklər yüksək qiymətləndirilir. Onlar oxuduqlarını, eşitdiklərini və gördüklərini dərin təfəkkür süzgəcindən keçirir və obyektiv qiymətləndirirlər. Mütəfəkkir alimlərin hər yeni axtarışı yuxusuz gecələr, narahat gündüzlər, alın təri, zəhmət hesabına hasil olur. Məhz buna görə də yaradıcı insanlar mənəvi saflığı, nəcib davranışı, yüksək şəxsiyyəti, ləyaqəti, ədalətli mövqeyi ilə cəmiyyət üzvlərinin hörmət və ehtiramını qazanırlar.

Texnika elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli professor Kamal Abdullayevin yaxınları, dostları bu günümüzün reallığı zəminində milli dəyərlərimizin müasirləşdiyi və zənginləşdiyi zamanda düşünürlər ki, görəsən bu qədər böyük ürək, bu qədər yüksək mədəniyyət, qeyrət, əxlaq, tərbiyə, iti ağıl, dərin təfəkkür, nəciblik, bu böyük milli dövlətçiliyimizə birmənalı sədaqət mövqeyi insanın kiçik qəlbində necə yer tutmuşdur?

 O, yüksək mədəniyyəti, təşkilatçılıq qabiliyyəti, kübar davranışı və müasir intellekti ilə Azərbaycanda formalaşan ziyalı elitanın ləyaqətli nümayəndələri səviyyəsinə ucalmışdır.

Biz keçən iyirmi beş il ərzində professor Kamal Abdullayevlə birgə əməkdaşlıq etdiyimiz, gündəlik ünsiyyətdə olduğumuz və onun xarakterinin ən dərin və hətta görünməyən qatlarını intuitiv dərk etdiyimiz üçün qətiyyətlə deyə bilərik ki, o, Vətənə, milli dövlətçiliyimizə, ulu öndərimiz Heydər Əliyevin və onun ləyaqətli davamçısı Prezident İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edən görkəmli ictimai xadim, tanınmış alim, peşəkar təşkilatçı və bütöv insandır.

 Professor Kamal Abdullayev 1936-cı il dekabr ayının 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Mehman Hacıbala oğlu Abdullazadə Qusarda maarifçilik sahəsində böyük xidmətlər göstərmiş, uzun illər müəllim və məktəb direktoru vəzifələrində işləmiş və böyük nüfuza malik şəxsiyyət olmuşdur. Kamal müəllim körpə ikən atası Mehman Abdullazadə əks inqilabçı adı ilə 1937-ci ildə tutulub güllələnmiş və 1956-cı ildə isə bəraət qazanmışdır. Hazırda Əcəxur kənd orta məktəbi Kamal müəllimin atası Mehman Abdullazadənin adını daşıyır və  məktəbin həyətində onun heykəli qoyulmuşdur. Atası güllələndikdən sonra Kamal müəllimin ailəsi rayondan sürgün olunmuş, evləri, əşyaları və atasının kitabxanası müsadirə edilmişdir. Mərhum anasının sözlərinə görə, Kamal müəllimin atası uşaqlarının gələcəkdə elm və təhsil sahəsində fəaliyyət göstərməsini arzu etmişdir. Sürgündən kəndə qayıtdıqdan sonra Kamal müəllim məktəbi əla qiymətlərlə bitirib “İstilik texnikası” ixtisası üzrə Bakı Energetika Texnikumuna qəbul edilmiş və texnikumu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) imtahansız qəbul edilmişdir.

 İnstitutun axırıncı kursunda oxuyanda onun diplom rəhbəri olan “Azərenerji” Baş İdarəsinin texniki şöbəsinin rəisi, milliyyətcə yəhudi olan D.Draxman diplom işini bəyənib onun xüsusi istedadı barədə “Azərenerji”nin rəhbəri, Azərbaycan energetiklərinin banilərindən biri professor E.B.Bayramzadəyə məlumat vermişdir. O, Kamal Abdullayevi qəbuluna çağırmış, sual-cavabdan sonra diplomu müdafiə etməmiş kimya xidməti şöbəsində mühəndis, institutu bitirdikdən iki il sonra 1963-cü ildə bu şöbənin rəisi vəzifəsinə təyin etmişdir. O zamanlar keçmiş İttifaqın energetika sistemində Kamal Abdullayev ən cavan şöbə rəisi idi. “Azərenerji”də işlədiyi dövrdə görkəmli alim professor İ.Z.Makinskinin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə etmiş və sonralar həmin şöbənin üç əməkdaşı Kamal müəllimin elmi rəhbərliyi ilə namizədlik dissertasiyaları müdafiə etmişdir.

O zamanlar Əlibayramlı, Gəncə və Sumqayıt şəhərlərində tikilən istilik elektrik stansiyalarında su hazırlama və su kimyəvi rejimlərini sazlama və düzgün təşkili məsələlərində Kamal müəllimin böyük xidmətləri olmuşdur. O, Sumqayıt, Şirvan və Şimal istilik stansiyalarının tikintisi ilə əlaqədar texniki ekspert kimi “Azərenerji” xətti ilə İran İslam Respublikasında, Türkiyədə və Çində ezamiyyətdə olmuş və yeni texnikanın tətbiqində böyük rolu olmuşdur. Kamal müəllim, eyni zamanda, 1966-cı ildən 1972-ci ilə kimi institutda dosent vəzifəsində fəaliyyət göstərmişdir. 1972-ci ildən indiyə kimi isə Azərbaycan Dövlət Neft Akademiyasında “İstilik energetikası” kafedrasının müdiri və kafedranın nəzdindəki problem laboratoriyasına rəhbərlik edir. 20 ilə yaxın energetika fakultəsinin dekanı vəzifəsində də çalışmışdır.

Kamal Abdullayev 1978-ci ildə Moskvada Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etmiş və 1980-ci ildə professor elmi adını almışdır. O, beynəlxalq və Gürcüstan Milli Energetika akademiyalarının həqiqi üzvü seçilmiş və 2000-ci ildə ekologiya sahəsindəki elmi işlərinə görə M.Lomonosov adına medalla, elmi nəticələrinə görə isə keçmiş SSRİ  Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif olunmuşdur. 1981-ci ildə isə o, mühəndis və elmi kadrlarının hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və keçmiş İttifaqın “Əlaçı fəxri energetik” adı ilə təltif edilmişdir. 2000-ci ildə ona Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adı verilmiş və Y.Məmmədəliyev adına medalla təltif olunmuşdur. Kamal müəllim uzun müddət ADNA-da fəaliyyət göstərən və istilik energetikası üzrə bütün Qafqazı əhatə edən Dissertasiya Müdafiə Şurasının sədri olmuşdur. Hazırda müxtəlif texniki və elmi şuraların üzvü və Təhsil Nazirliyinin Elmi Metodik Şurası Energetika bölməsinin sədri, müxtəlif texniki, o cümlədən beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür.

2012-ci ildə Kamal Mehman oğlu Abdullayev əldə etdiyi elmi nailiyyətlərə görə ABŞ-ın Bioqrafiya İnstitutunun “Elmin açarı” mükafatına layiq görülmüşdür.

Kamal müəllim dünya miqyasında ilk dəfə olaraq istilik energetikasında şəhərin çirkli sularının şirin suyun əvəzinə istifadə edilməsi probleminin həllinin əsasını qoymuş və qısa müddətdə bu sahədə çox vacib elmi nəticələr əldə etmişdir. Kamal müəllimin elmi tədqiqatının nəticələrinə həsr olunmuş iri həcmli monoqrafiyaları Moskvada və İngiltərədə nəşr olunmuşdur. Bu sahədə əldə etdiyi elmi nəticələrə görə onun rəhbərlik etdiyi kafedra keçmiş İttifaqın Elm və Texnika Komitəsinin qərarı ilə ittifaq üzrə elmi işlərinin koordinasiyası məqsədilə baş təşkilata çevrilmiş, SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə o,  EA-nın nəşr etdiyi “Kimya və suyun texnologiyası” jurnalının redaksiya heyətinin üzvü seçilmişdi.

Təsadüfi deyildir ki, dünyanın bir sıra tanınmış alimləri, həmçinin SSRİ Elmlər Akademiyasının vitse-prezidenti mərhum akademik M.A.Stırikoviç və başqaları Kamal müəllimin rəhbərlik etdiyi kafedrada olmuş, onun elmi işlərini yüksək qiymətləndirmişlər. 

Kamal müəllim dünya istilik energetikasında ilk dəfə olaraq istilik elektrik stansiyalarının baraban tipli buxar generatorlarının bilavasitə yumşaldılmış dəniz suyu ilə işləməsinin mümkünlüyünü isbat etmiş və elmi cəhətdən əsaslandırmışdır. O, dəniz suyunun yumşaldılması zamanı tullantıların kimyəvi məhsulları kimi utilizasiya texnologiyasını işləmiş və yarım-sənaye miqyasında oprobasiya etmişdir. Kamal müəllim dünya miqyasında ilk dəfə olaraq dənizkənarı istilik elektrik stansiyalarının çoxməqsədli tullantısız istilik-elektrik-su-kimya kombinatına çevrilməsi ideyasını təklif etmiş və elmi cəhətdən əsaslandırmışdır.

O, eyni zamanda, dəniz suyunu şirinlləşdirmək məqsədilə son illərdə geniş tətbiq olunan əks-osmos üsulunu təkmilləşdirilmiş və onun yeni variantını təklif etmişdir. Kamal müəllim 50-dən artıq elmlər namizədi və 4 elmlər doktoru yetişdirmişdir. O, İngiltərədə və Moskvada nəşr olunmuş 4 monoqrafiyanın və 300-dən artıq elmi əsərin və 20-dən artıq ixtiranın müəllifidir.

Məlumdur ki, müstəqilliyin ilk dövrlərində ali texniki məktəblərdə əsasən texnika sahəsində Azərbaycan dilində dərsliklər yox dərəcəsində idi. Bu vacib məsələyə böyük əhəmiyyət verən Kamal müəllim ilk alimlərdəndir ki, Azərbaycan dilində istilik energetikası sahəsində dərsliklər yazmağa başlamış və nisbətən qısa bir müddət ərzində onlarca böyük həcmli dərsliklər nəşr etdirmişdir.

Görkəmli elm xadimi, professor K.M.Abdullayev doğma Vətəni Azərbaycanın müstəqilliyinin, azadlığının, ərazi birliyinin keşiyində dayanan qeyrətli və sədaqətli vətəndaşdır. Keçən əsrin səksəninci illərinin sonunda Azərbaycanda yaranan gərgin ictimai-siyasi mühitdə ölkəmizin bəzi bölgələrində xarici qüvvələrə satılan bir sıra mənəviyyatsız  adamlar respublikamızı parçalamaq və kimlərlə birləşdirmək ideyasını mübarizə obyektinə çevirməyə çalışırdılar. Belə bir şəraitdə o, respublikamızın şimalında fəallaşan  “sadval”çılara qarşı həmişə kəskin mövqedə dayanır, onlara layiqli cavab verirdi.

Təsadüfi deyildir ki, dövlətçiliyi və müstəqilliyi qorumaq və milli birlik sahəsindəki mövqeyinin nəticəsi olaraq, o, 2003 və 2008-ci illərdə keçirilən prezident seçkilərində hörmətli Prezidentin səlahiyyətli vəkili, sonuncu prezident seçkilərində isə Qusar rayonu üzrə müşahidəçi olmuş, dövlətçiliyimizə, YAP-a sadiq, ləzgi millətinin nüfuzlu, ziyalı ağsaqqalı və böyük hörmətə layiq görkəmli, çox məhsuldar alimi və pedaqoqu olduğunu təsdiq etmişdir.

Professor Kamal Abdullayevin yüksək əxlaqi keyfiyyətləri, dərin intellekti ailəsinin genindən gəlmiş, orta və ali məktəbdə, ictimai həyatda formalaşmışdır. Onun intellekti, möhkəm əqidəli vətəndaş mövqeyi bu zəmində püxtələşmiş, mətinləşmiş, Vətənə, xalqa sədaqətlə xidmət etmək amalına çevrilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik və idarəçilik məktəbinin yetirməsi olan professor Kamal Abdullayev yüksək insani keyfiyyətləri, mədəni və elmi səviyyəsi ilə fərqlənir, həmişə etik normaları gözləyir, azərbaycançılıq ideologiyasına birmənalı sədaqət nümunəsi göstərir. O, bütün şüurlu həyatının mənasını ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın möhkəmləndirilməsinə, onun ləyaqətli davamçısı Prezident İlham Əliyevin sivil dövlətçilik siyasətinə sədaqətlə xidmət etməkdə görür.

İşgüzarlıq, təşkilatçılıq, insanpərvərlik onun zəngin mənəvi aləmindən irəli gəlir. O, demokratik və humanizm prinsiplərinə əməl edir, bütün vacib məsələlərin həll edilməsində dövlətçilik mövqeyində dayanır.

Biz milli dövlətçiliyimizi, Prezident İlham Əliyevin daxili və xarici siyasətini dönməz əqidə ilə dəstəkləyən insan kimi professor Kamal Abdullayevin şəxsiyyətinə, yüksək insani keyfiyyətlərinə, zəngin dünyagörüşünə, prinsipial və ədalətli mövqeyinə böyük hörmətlə yanaşır, onunla bir yerdə işləməyi, təmasda olmağı özümüz üçün məktəb hesab edirik.

Prezident İlham Əliyevin dövlətçilik siyasətini birmənalı müdafiə edən, humanizmə, demokratik prinsiplərə və sivil etik normalara söykənən professor Kamal Abdullayevin təhsilin və elmin Avropa standartları səviyyəsində təşkili sahəsində böyük xidmətləri bizim hamımız üçün nümunədir.

Astan ŞAHVERDİYEV,
Azərbaycan Texniki Universitetinin
“İstilik və soyuqluq texnikası” kafedrasının müdiri,
texnika elmləri doktoru, professor,
Milli Məclisin deputatı


İmran CƏFƏRZADƏ,
Azərbaycan Dövlət Neft
Akademiyasının “İctimai elmlər”
kafedrasının müdiri, fəlsəfə
elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında