Böyük nailiyyətlər qazanmış alim

Azərbaycanın beynəlxalq aləmin elm və təhsil sistemində yaddaqalan uğurlar qazanmış alimləri çoxdur. Respublikamız dövlət  müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı elm xadimlərinin, alimlərin və ixtiraçıların sorağı dünyanın ən nüfuzlu elm mərkəzlərindən eşidildi. Belə alimlərimizdən biri də öz uğurlarına  gənc yaşlarından nail olmuş,  elm və təhsil tariximizi dəyərli əsərləri  ilə zənginləşdirmiş Azərbaycan Dövlət Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması kafedrasının müdiri, SSRİ Dövlət mükafatı laureatı, Lütvi  Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru, professor  İsrayıl Əfəndiyevdir. O, həm ölkəmizdə, həm də xaricdə informatika, kibernetika və avtomatlaşdırma sahəsində görkəmli alim kimi tanınır.

Azərbaycan elminin inkişafı, elm xadimlərinə göstərilən diqqət və qayğı dövlətimizin qarşıya qoyduğu prioritet sahələrdəndir. Prezident  İlham Əliyevin elmdə islahatlara dair 2008-ci il aprelin 10-da  imzaladığı  sərəncam və həmin istiqamətdə həyata keçirilən tədbirlər də bunu təsdiqləyir. Dövlətimizin başçısının imzaladığı sərəncamda deyilir: “Sovet elminin ümumi strategiyasına müvafiq olaraq inkişaf edən Azərbaycan elmi ötən əsrin sonlarında təqdirəlayiq nailiyyətlər əldə etmişdir. Bir çox Azərbaycan alimlərinin İttifaq, həm də respublika miqyasında sanballı mükafatlara layiq görülməsi elmimizin qazandığı uğurların parlaq göstəricisidir”.

Professor  İsrayıl Əfəndiyev 1945-ci il martın 29-da Qazax rayonunun Sadıxlı kəndində, kolxozçu ailəsində anadan olmuşdur. O, 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması” ixtisası üzrə bitirmiş və həmin ildə istehsal proseslərinin avtomatlaşdırılması kafedrasında gənc mütəxəssis kimi baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1975-ci ildə namizədlik, 1986-cı ildə isə Moskvada D.İ.Mendeleyev adına Kimya-Texnologiya Universitetində “Texnoloji proseslərin və istehsalatlarının avtomatlaşdırılması” ixtisası üzrə “Mürəkkəb strukturalı neft emalı texnoloji proseslərinin optimal idarəetmə alqoritmlərinin işlənilməsi” mövzusunda  doktorluq dissertasiyasını müdafiə etmişdir. İ.Əfəndiyev 1988-ci ildən professordur və ADNA-nın istehsal proseslərinin avtomatlaşdırılması kafedrasının müdiridir.

Professor İ.Əfəndiyev elmi fəaliyyəti dövründə müasir böyüktonnajlı neft-kimya, neftayırma və kimya sənayesi texnoloji proseslərinin modelləşdirilməsi, optimal idarə edilməsi, avtomatlaşdırılması kimi vacib bir elmi istiqamətin nəzəri və tətbiqi əsaslarını işləmişdir. Bu uğurlarına və elmi nailiyyətlərinə görə professor  həmin dövrdə SSRİ-nin tanınmış elm xadimlərinin böyük rəğbətini qazanmışdır. O dövrdə Sovet İttifaqının  tanınmış akademikləri  həmyerlimiz İ.Əfəndiyev haqqında  yüksək fikirdə olmuş, onun ixtiralarının və elmi əsərlərinin xalq təsəsrrüfatı sahəsində böyük əhəmiyyətə malik olduğunu bildirmişlər. Həmin fikirlərdən bir neçəsini diqqətə çatdırmaq istərdik: SSRİ EA-ın akademiki V.Kafarov, EA-ın “Sistemli təhlil” İnstitutunun  laboratoriya müdiri, akademik S.Korovin,  SSRİ EA-ın Hesablama Mərkəzinin  elmi işlər üzrə direktor müavini, akademik N.Moiseyev, akademik M.Salikvadze, Moskva Ali Texniki Məktəbinin kafedra müdiri, professor V.Solodovnikov, SSRİ EA-ın “İdarəetmə Problemləri” İnstitutunun laboratoriya rəhbəri O.Aven,  Moskva Dövlət Universitetinin kafedra müdiri, professor O.Suvorov, Almaniya Federativ Respublikasının (Aaxen şəhəri) Texnologiya İnstitutunun kafedra müdiri, professor Otto və başqaları professor İsrayıl Əfəndiyevin elmi işlərinə yüksək qiymət vermiş və bu elmi nəticələrin xalq təsərrüfatı sahəsinə böyük fayda verəcəyəni qeyd etmişlər.

Təbii ki, dövrünün ən yüksək elm xadimlərinin həmyerlimiz haqqında belə yüksək fikirdə olmaları heç də təsadüfi  deyildi. Onun  informatika və texnoloji proseslərin optimal idarə edilməsi sahəsində gəldiyi fundamental elmi nəticələr hələ 1982-ci ildə SSRİ EA energetika, maşınqayırma və proseslərin idarə edilməsi bölməsinin qərarı ilə “Texniki kibernetika” sahəsində  keçmiş İttifaqda alınmış böyük elmi nailiyyətlər siyahısına daxil edilmişdir.

Professor İ. Əfəndiyevin 1975-1986-cı illərdə apardığı elmi araşdırmalar sovetlər birliyi dövründə ölkənin ən məşhur elm xadimlərinin diqqətini cəlb etmişdir. Keçmiş ittifaqda ilk dəfə determinə olunmuş və stoxastik  modellərlə yazıla bilən birmərhələli, çoxmərhələli tipik katalitik texnoloji proseslərin optimal idarə edilməsinin elmi əsasları məhz professor İ. Əfəndiyev tərəfindən  işlənilmiş, mürəkkəb struktura malik texnoloji sistemlərin optimallaşdırılması məsələlərinin həll edilməsi üçün orijinal alqoritmlər təklif edilmişdir. Bütün bu elmi nailiyyətlər 1983-cü ildə özünün ən yüksək zirvəsinə qədəm qoymuşdur. Məhz həmin il  professor  İ.Əfəndiyev  “Azərbaycan Respublikasının Neftayırma sənayesinin səmərəliliyinin artırılması üçün informasiya və idarəetmə sistemlərinin yaradılması və geniş miqyasda tətbiqi” işinə görə elm sahəsində SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Professor İ.Əfəndiyev elmi ixtiralarını davam etdirmiş və  İttifaq miqyasında ən görkəmli alimlərdən biri olduğunu təsdiqləmişdir.  Tanınmış elm  xadimi 1986-2012- ci illərdə  elmi axtarışlarında texnoloji proseslərdə qeyri-səlis informasiyanın alınması, qiymətləndirilməsi və emalı sahəsində yeni elmi istiqamətin əsasını qoymaqla, qeyri-səlis informasiya şəraitində işləyən texnoloji proseslərin optimal idarə edilməsi sahəsində anoloqu olmayan elmi nəticələr almışdır. Bu uğurlar həmin dövrdə Sovetlər Birliyi və dünya miqyasında nəşr olunan ən yüksək səviyyəli elmi-kütləvi jurnallarda da öz əksini tapmışdır. Görkəmli alimin nail olduğu elmi nəticələri və ixtiraları əsasında  beynəlxalq aləmdə olduğu kimi, respublikamızın da  neftçıxarma,  neft emalı və neft-kimya sənayesi sahələrində onlarla orijinal idarəetmə sistemləri, unikal avtomatlaşdırma vasitələri yaradılmış və tətbiq edilmişdir. O, ABŞ, Fransa, Moskva, Almaniya və İranda informatika, optimal idarəetmə və kompüter texnologiyası problemlərinə həsr edilmiş ümumdünya konqreslərində proqram komitələrinə üzv seçilmiş və bu elmi forumlarda respublikamızı layiqincə təmsil etmişdir.

Dünya şöhrətli elm xadimi olan həmyerlimizin qazandığı uğurlar və  elmi-pedaqoji fəaliyyəti onun ərsəyə gətirdiyi 3 monoqrafiya, 15 dərslik və dərs vəsaiti, 3 ixtira və 120 elmi məqaləsində öz əksini tapmışdır. Professorun elmi əsərlərinə ölkəmizin elm xadimləri ilə bərabər xarici ölkələrin tədqiqatçılarının elmi araşdırmalarında və dissertasiya  işlərində də istinadlar var.

Professor İ.Əfəndiyev gənc alimlərin yetişdirilməsində də öz səylərini əsirgəməyib. Onun rəhbərliyi altında 14 elmlər namizədi hazırlanmışdır. 1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Avtomatika və robototexnika” elmi-metodik şurasının sədri, 2003-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “İnformatika və Energetika” elm sahələri üzrə ekspert şurasının üzvü və sədri olmuşdur. Hazır doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Şuranın üzvüdür. Professor İ.Əfəndiyev, həmçinin Azərbaycan  Milli Ensiklopediyasının elmi məsləhətçisidir.

 Dünya  şöhrətli alim  İ.Əfəndiyev  elmi nailiyyətlərinə görə 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə “Tərəqqi ” medalı ilə təltif olunmuşdur. Onun ən böyük arzusu ölkəmizin elm və təhsil sahəsinə bundan sonra da yeni-yeni nailiyyətlər, ixtiralar  bəxş etməkdir.

Əliqismət  BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında