Yevlax Kürün sahilində bir gözəl şəhər

Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm.

Heydər ƏLİYEV
Ümummilli lider

 

Yevlaxa budəfəki səfərimizdə diqqətimizi ilk çəkən vaxtından qabaq çiçəkləmiş alca ağaclarının bəmbəyaz görkəmi oldu. Bu mənzərə əvvəllər qələmə aldığımız bir müşahidəmizin doğruluğundan xəbər verirdi. Doğrudan da, son on ildə bu bölgədə ən azı bir əsrə bərabər quruculuq işlərinin aparılması nəticəsində Yevlax cənnətmisal məkana çevrilmişdir. Əvvəllər  yayda istisi-bürküsü, qışda sazağı – tüstüsü ilə adamları bezdirən bu yerlərdə indi abadlıq, yaşıllıq, gözəllik, rahatlıq tədbirlərinin genişliyi, əhatəliyi, həqiqətən, ictimai-siyasi mühitlə yanaşı, təbii iqlimi də dəyişdirmişdir. İndi isti aylarda Aranın göydən od yağan bu şəhəri nə qədər kölgəlikləşib-şərinləşibsə, qışı da bir o qədər mülayimləşib-hərarətlənib.

Bu duyğu-düşüncələrlə şəhərin avropasayağı bir abadlıq və rahatlıq qoynunda uyuyan küçə və meydanlarını dolaşıb şəhər icra hakimiyyətinə gəldik. Ötən ilin əsas sosial-iqtisadi yekunları, bu ilin başlıca hədəfləri barədə lazımi materialları topladıqdan sonra konkret işlərlə tanış olmaq, bölgənin uğurları ilə bağlı suallarımıza  cavablar almaq üçün ayrı-ayrı obyektlərə üz tutduq.

Son illər şəhərdə yaranmış idarəetmə ənənəsinə uyğun olaraq rəhbərliyin hər bir işçisi işlər başa çatanadək konkret bir tikinti- quruculuq ünvanına təhkimdir. Hər məsul şəxsin iş günü həmin obyektdən başlanır, sonra kabinetdə davam edir. Təbii olaraq, günün sonunda hamının evə yolu yenidən cavabdeh olduğu iş meydançasından keçir. Şəhər icra hakimiyyətinin başçısını isə gün ərzində kabinetdə tapmaq çətindir. Çünki o, başqalarından fərqli olaraq, bütün şəhəri gəzib-dolaşır, hər gün obyektlərə baş çəkir.  Bundan əlavə, o, rayonun digər yaşayış məntəqələrində də olur, hər yerdə adamlarla sıx ünsiyyət yaradır, “axsayan işlərə” yerindəcə  təkan verir.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovla əvvəllər olduğu kimi, bu dəfə də iş üstündə görüşüb söhbətləşməli olduq. Müsahibimdən əvvəlcə artıq adi qaydaya çevrilmiş bu iş üslubunun məğzini açıqlamasını xahiş etdik. O bildirdi ki, Yevlaxda bu ənənə şəhərin əvvəlki başçısı Elmar Vəliyevin başladığı əsaslı, irimiqyqslı quruculuq işləri dövründə yaranıb:

– Əvvəl belə ikiqat işləmək – həm kabinet məsələlərini yoluna qoymaq, həm də tikinti meydançalarında, çöl- bayırda üzərinə götürdüyün vəzifəni yerinə yetirmək o qədər də asan olmurdu. Vaxt keçdikcə bu çətinliyə alışdıq. Görəndə ki, ellikcə apardığımız quruculuq- abadlıq tədbirləri şəhərimizin və rayonumuzun simasını sürətlə dəyişdirir, ölkə rəhbəri görülmüş işlərə yüksək qiymət verir, inkişafı hərtərəfli himayə edir – onda gücümüz də ikiqat artdı.

Zəhmətimizin bəhrəsi həyatımızı gözəlləşdirdikcə özümüz də otaqlarda qərar tuta bilmirik, bu gözəllikləri yaradanlarla bir sırada olmaqdan öyünc duyuruq. Adamlar da sağ olsunlar, rəhbər işçiləri öz yanlarında görəndə daha şövqlə, ikiqat hünərlə çalışırlar. Elmar müəllim bu iş qaydasını özü ilə Gəncəyə də apardı. Görürsünüzmü, son illərdə orada da genişmiqyaslı və sürətli işlər ölkənin bu ikinci böyük şəhərini necə vüsətli bir inkişaf yoluna çıxarıb.

Qoca Səmədov sözünə davam edərək dedi:

– Ulu öndər Heydər Əliyev Yevlaxın həm coğrafi mövqeyini, həm də potensialını nəzərə alıb onu daha güclü, abad, gözəl görmək istəyirdi. Onun bu arzularının həyata keçdiyinə əmin olan Prezident İlham Əliyev isə Yevlaxın bugününə belə bir yüksək qiymət verib: “Yevlax bu gün Avropanın ən qabaqcıl şəhərlərindən bir addım geri qalmır”. Şübhəsiz, dünya da, Avropa da daim inkişafdadır, ən abad, gözəl şəhərlər də dayanmadan yeni problemlərini həll edir, irəliyə gedir. Dövlətimizin başçısının yüksək dəyər verdiyi Yevlaxı biz daim irəli aparmağa səfərbər olmuşuq.

Müstəqilliyimiz bizə tarixi fürsət və imkan verib ki, sərvətlərimizdən daha çox faydalanaq, şəhər- kəndlərimizi abadlaşdıraq, həyatımızı gözəlləşdirək. Bax ikiqat işləmək zərurəti bundan irəli gəlib. Biz zaman-zaman ağalara çox işləmişik, buna görə də müəyyən qədər geri qalmışdıq. Şükürlər olsun ki, bu geriliyin əvəzini layiqincə çıxırıq. İnkişaf, uğur üçün bütün qapılar açıqdır. Sahibkarlar istədiyi sahədə iş qurur, bolluq yaradırlar. Torpağın sahibi olmuş kəndlilər həvəslə əkib-biçir, dövlətdən hərtərəfli dəstək görürlər. Tikinti-quruculuq işləri üçün artıqlamasilə dövlət vəsaiti ayrılır. Yerli imkanlar da getdikcə artır. Bizə qalır çalışmaq, ehtiyaclarımızı ödəmək. İldən-ilə artan uğurlarımızın özülündə bax bu gerçəklik dayanır.

 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı əhatə edən növbəti Dövlət Proqramına şəhərimizin həyatının bütün sahələrini əhatə edən 18 tədbir daxil edilmişdir. Nəzərdə tutulan layihələr uğurla icra edilir. Prezident İlham Əliyevin Yevlaxın hərtərəfli inkişafına göstərdiyi  böyük diqqət və qayğı, eləcə də ötən illərdə qazandığımız təcrübə, yaratdığımız potensial bizə imkan verir ki, bundan sonra da şəhərimizin inkişafı üçün lazım olan bütün tədbirləri görək. Yeni iş yerlərinin yaradılması, sosial-mədəni quruculuq işlərinin davam etdirilməsi bu il də fəaliyyətimizin əsasını təşkil edəcəkdir. Dövlətimizin başçısını, xalqımızı, yevlaxlıları əmin edirik ki, qarşımızda duran vəzifələri vaxtında və layiqincə yerinə yetirəcək, doğma şəhərimizin daha da inkişaf etdirilməsi üçün bütün qüvvələri səfərbərliyə alacağıq.

Başçı ilə söhbətimizin davamı olaraq yevlaxlıların belə bir aydın məram və yüksək əzmkarlıqla qazandıqları son uğurlara nəzər salaq.  Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də şəhərin hərtərəfli inkişafı üçün bütün qüvvələr səfərbərliyə alınmış, quruculuq, abadlıq, tikinti işləri artan sürətlə davam etdirilmişdir. İnfrastrukturun yaxşılaşdırılmasına, adamları narahat edən çətinliklərin, problemlərin aradan qaldırılmasına xüsusi fikir verilmişdir.

İnkişafın  dinamikası

2014-cü ildə ümumi daxili məhsulun həcmi 518,2 milyon manat – əvvəlki ilə nisbətən 48,1 milyon manat  və yaxud 10,2 faiz çox olmuşdur. ÜDM-in 98,5 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Artım əsasən məhsul istehsalının, tikinti işlərinin və xidmətlərin həcminin artması hesabına olmuşdur. Məhsul və xidmətlərin 20,9 milyon manatını sənaye, 76,5 milyon manatını kənd təsərrüfatı, 102,3 milyon manatını tikinti, 256,3 milyon manatını ticarət, 6,4 milyon manatını nəqliyyat, 1,3 milyon manatını rabitə, 55,5 milyon manatını digər xidmətlər təşkil etmişdir.

2014-cü ildə adambaşına 4152,1 manat ümum daxili məhsul istehsal olunmuşdur ki, bu da 2013-cü ilə nisbətən 352 manat və yaxud 9,3 faiz çoxdur. Şəhərin büdcə xərcləri 24 milyon 182 min manat olmuşdur. Bu isə 2013-cü illə müqayisədə 1 milyon 739,3 min manat çoxdur.  Orta aylıq əmək haqqı 225 manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 9,3 manat çoxdur. 2014-cü ildə əhalinin pul gəliri 269,5 miylon manat olmuşdur. Bu, 2013-cü ilə nisbətən 25  milyon  manat və yaxud 10,2 faiz çoxdur.

2014-cü ildə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin ümumi həcmi 278,4 milyon manat olmuşdur. Bu da 2013-cü il ilə müqayisədə 10,6 faiz və yaxud 26,8  milyon manat çoxdur. İl ərzində 17 ticarət və xidmət obyekti tikilib istifadəyə verilmişdir. Hazırda rayonda mindən çox ticarət, iaşə  və xidmət təşkilatı əhaliyyə müxtəlif xidmətlər göstərir. 499 hüquqi, 6969 fiziki şəxs ticarət, iaşə və digər xidmət sahələrində fəaliyyət göstərir.

 Keçən il  76,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Aqrar sahə istehsalçılarına 1 milyon 62,6 min manat dövlət yardımı verilmişdir. 2015-ci ilin məhsulu üçün buğda və çəltik istehsalçılarına 165,3 min manat dövlət yardımı hesablanmış və sənədlər respublika komissiyasına təqdim edilmişdir. Torpaq mülkiyyətçilərinə 4592 tondan çox mineral gübrə güzəştli şərtlərlə satılmışdır. 13564 hektar sahədə taxıl əkilmiş və 38,9 min ton məhsul istehsal edilmişdir. Bu da 2013-cü ilə nisbətən 4,8 min ton çoxdur. 2013-cü illə müqayisədə 19 ton ət, 236 ton süd, 12 min ədəd yumurta, 14,7 ton yun çox istehsal edilmişdir.

 Yevlax rayon “Aqroservis” filialı 15 ədəd taxılyığan kombayn, 11 ədəd traktor, 6 ədəd taxılsəpən və 2 ədəd qoşqu lapeti almışdır. 2014-cü ildə sahibkarlara, iş adamlarına 40 miylon 196 min manat kredit verilmişdir. 1531 iş yeri açılmışdır. Onlardan 1267-si daimidir. Ümumilikdə, 2004-2014-cü illərdə rayonda 17158 iş yeri yaradılmışdır ki, onlardan 10606-sı daimidir.

Rayonun əhalisi 125 min nəfərdir. İl ərzində əhalinin sayı 1100 nəfər artmışdır. Əhalinin keçən ilə nisbətən artımı əsasən doğuşların və şəhərə gələnlərin sayının artması hesabına olmuşdur. 2014-cü ildə 985 nigah bağlanmışdır.

 “Kənd Yerlərinin Kompleks inkişafı layihəsi” çərçivəsində ərzaq təhlükəsizliyinin və gəlirlərin artırılması imkanlarının təkmilləşdirilməsi məqsədilə Yevlax, Ağdaş, Şəki və Oğuz rayonlarında kompleks tədbirlərin həyata keçirilməsinə yaxın günlərdə başlanacaqdır.  Layihəni Azərbaycan hökuməti, İslam İnkişaf Bankı və İFAD təşkilatı maliyyələşdirəcəkdir.

Tikinti-quruculuq, abadlıq

Ötən il bütün maliyyə mənbələri hesabına şəhərdə və rayon ərazisində kapital qoyuluşunun həcmi 104 milyon 400 min manat olmuşdur. Bu da 2013-cü ilin müvafiq dövrünə  nisbətən 4 milyon 600 min manat və ya 4,6 faiz çoxdur. 240 şagird yerlik 10 nömrəli şəhər tam orta, Əcəmi və Yuxarı Bucaq kəndlərində 180 şagird yerlik ümumi orta məktəblərin, BTC -nin inzibati-tədris korpusunun, Energetika Nazirliyinin Yevlax regional qaz nəzarəti idarəsinin, Kənd Təsərrüfatı Nazirliyinin regional referens və toksikologiya ekspertiza laboratoriyasının inzibati binaları istifadəyə verilmişdir. Şəhərdə 1176 şagird yerlik 3 nömrəli tam orta məktəb binası əsaslı təmir olunmuşdur.

Hazırda Kür çayı sahilində 5 ulduzlu otelin, polis şöbəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran regional inkişaf mərkəzinin, təhsil şöbəsinin, “Azərbaycan Beynəlxalq Bank” ASC-nin Yevlax filialının, Kənd Təsərrüfatı Nazirliyinin Yevlax rayon idarəsinin, 11 saylı Ərazi Vergilər Departamentinin, Qaz İstismar Sahəsinin inzibati və 100 yerlik 2 mərtəbəli uşaq bağçasının binalarının tikintisi aparılır.

Bakı-Ələt-Qazax avtomobil yolunun 297 kilometrliyindən ayrılan 25 kilometrlik Səmədabad-Qaraməmmədli-Qaramanlı-Rüstəmli-Köyük avtomobil yolu əsasən  istifadəyə verilmişdir. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsi, yəni Xaldan-Aşağı Qarxun avtomobil yolunun tikintisi də başa çatmışdır. Bakı-Ələt-Qazax avtomobil yolunun Aran qəsəbəsindən keçən hissəsində isə  körpü tikilərək istifadəyə verilmişdir.

Şəhərdə də abadlıq işləri davam etdirilmişdir. Rəsulzadə, Dostluq, Kamil Sabitov, Fariz Məmmədov, Abbas Səhhət və Koroğlu küçələrində, Bakı yolundan 32-ci məhəlləyədək və Bakı yolundan reablitasiya mərkəzinədək avtomobil yollarında təmir işləri aparılmışdır. Küçələrə 3100 metr dəmir beton səki daşları düzülmüş, yolların əsasına 12 min kubmetr  torpaq, 3500  kubmetr çınqıl verilmiş, 4200 kvadratmetr asfalt örtüyü salınmışdır.

Yevlaxlıların sevimli istirahət və gəzinti yeri olan Kür çayı sahilindəki Bulvar İstirahət Kompleksində yenidənqurma və genişləndirmə işləri aparılır. Artıq ərazidə 3 min kvadratmetr tamet plitəsi döşənmiş, bulvar uzadılmışdır. Nizami prospektində (H.Əliyev prospekti ilə kəsişmədən Qala divarınadək olan ərazidə) abadlıq işləri aparılmışdır. Divarlar və binaların fasadları aqlay daşı ilə üzlənmiş və suya davamlı boya ilə rənglənmişdir. 31 məhəllədə 5 beşmərtəbəli yaşayış binasının fasadlarında üzləmə işləri aparılır.  Şəhərdə geniş yaşıllaşdırma işləri də görülmüşdür. Aeroport, Yevlax-Bərdə, Bakı-Ələt-Qazax avtomobil yollarının kənarlarına və eyni zamanda, prospekt, küçə, park və yaşıllıqlara 15 min kubmetr münbit torpaq, 360 ton üzvi gübrə verilmiş, ərazilərdə 115 min ədəd müxtəlif ağac və gül əkilmişdir. Aran qəsəbəsinin mərkəzindən keçən Bakı-Ələt-Qazax avtomobil yolunun kənarlarında 2013-cü ildə başlanılmış abadlıq işləri davam etdirilmişdir. Yolun sağ tərəfində uzunluğu 341 metr olan qala divarı və bürclər tikilmişdir. Hazırda Qala divarlarında və bürclərdə aqlay daşı ilə üzləmə işləri aparılır.

Rifah, güzəran

Əhalinin içməli su ilə təmin olunması diqqət mərkəzində olmuş, artezianların, kanalizasiya və nasos stansiyalarının istismarı nəzarətdə saxlanılmışdır. Əhalinin və digər istehlakçıların içməli su təminatı normal səviyyədə olmuşdur. Magistral və paylayıcı su xətlərində cari təmir işləri aparılmış, küçələrə 1,6 kilometr uzunluğunda paylayıcı su xətləri və 31-ci məhəllədəki yaşayış binalarına 360 metr uzunluğunda kanalizasiya xətti çəkilmişdir.

Şəhərdə və rayon ərazisində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi  ilə təmin olunması həyata keçirilir. Elektrik şəbəkəsində 65 min manatlıq təmir işləri görülmüşdür. 49 ədəd transformator yarımstansiyası cari, 28 transformator yarımstansiyası əsaslı təmir olunmuşdur. 2,3 kilometrlik elektrik verilişi xətləri dəyişdirilmiş, 561 ədəd sayğac quraşdırılmışdır.

İstehlakçıların təbii qaz təminatının yaxşılaşdırılması işləri davam etdirilmişdir. Yaşayış məntəqələrini təbii qaz ilə təminatını yaxşılaşdırmaq üçün istismar müddətini başa vurmuş 3600 metr orta təzyiqli qaz xətləri dəyişdirilmişdir. 650 abonent təbii qaz ilə təmin olunmuşdur. Rayonun 49 kənd yaşayış məntəqəsindən 27-si qazlaşdırılmışdır.  Hazırda Yuxarı Qarxun, Gülövşə, Ərəş, Yuxarı Salamabad kəndlərində qazlaşma işləri aparılır. 

Təhsil, səhiyyə, mədəniyyət

Məktəblərin maddi-texniki bazasının  əsaslı surətdə inkişafı istiqamətində görülən işlər, təlim-tərbiyənin səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər uğurla davam etdirilmişdir. Şagirdlərin hərbi vətənpərvərlik, dövlətçiliyə inam və sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 11 nəfər Cəmşid Naxçıvanski adına hərbi liseyə, 7 nəfər müxtəlif ali hərbi məktəblərə və akademiyalara qəbul olunmuşlar. Məzunların ali məktəblərə qəbulunda ötən il ən yüksək göstəriciyə nail olunmuşdur. 344 nəfər ali məktəblərə qəbul olunmuşdur ki, onlardan 1 nəfəri 600-dən, 28 nəfəri 500 dən çox bal toplamışdır.

 Rayon əhalisinə yüksək tibbi xidmətin göstərilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. 113744 nəfər şəhər və kənd sakini tibbi müayinədən keçirilmişdir.  İl  ərzində 2109 nəfər uşaq doğulmuş, körpə və uşaq ölümü halı olmamışdır. Yoluxucu və parazitar xəstəliklərin sayı minimuma enmişdir.

Mədəniyyət və Turizm Şöbəsi yeni “Kür” instrumental estrada ansamblı yaratmış və dekabr ayında ansambl yevlaxlılar qarşısında konsert proqramı ilə çıxış etmişdir. Bayramlar münasibətilə böyük el şənlikləri, respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramları təşkil edilmiş, bu tədbirlərdə minlərlə yevlaxlı iştirak etmişdir. Şəhərin Kukla teatrı və Bəşir Səfəroğlu adına Xalq teatrı məktəblərdə, uşaq bağçalarında yeni tamaşalar göstərmişdir. Azərbaycan Milli Dram Teatrının və Gənc Tamaşaçılar Teatrının tamaşaları da yevlaxlılar tərəfindən razılıqla qarşılanmışdır.

Yevlax bu gün inkişafın yüksək mərhələsini yaşayır. Sosial- iqtisadi uğurlar ildən- ilə artdıqca yaşayış məntəqələri daha sürətlə böyüyür, yeniləşir, gözəlləşir. Bütün bunlara uyğun olaraq problemlər azalır, əhalinin ehtiyacları dolğun ödənilir, ümumi rifah yüksəlir. Uğur olsun, yevlaxlılar, sizi daha gözəl günlər gözləyir!

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında