Onunla fəxr edirik

“... Mən Azərbaycanın sadə  vətəndaşıyam. Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad müəllimlikdir”. Ulu öndərimiz Heydər Əliyev müəllim  əməyini  necə də uca tutub. Ümumiyyətlə, bütün dövrlərdə müəllimin, həkimin və alimin cəmiyyətdə hörməti və  məqamı yüksək olub.  Həyatda elə insanlar da olur ki, onların timsalınıda bunların hər üçü birləşir, yəni  həm qayğıkeş müəllim, həm kamil həkim,  həm də böyük alimdirlər. Belə  nadir insanlardan birini – Azərbaycan Tibb Universiteti daxili xəstəliklər kafedrasının professoru,  tibb elmləri doktoru Sərvər Nəriman oğlu Alimetovu oxuculara təqdim etmək istəyirəm.  Bəri başdan deyim ki, professor Sərvər Alimetov Azərbaycan Tibb İnstitutunda (indiki ATU) təhsil  alarkən mənim müəllimim,   tibb  elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edərkən isə resenzentim olub.

Sərvər  Alimetov 1940-cı il mart ayının 12-də Azərbaycan Respublikası Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. 1956-cı ildə Düztahir kənd orta məktəbini qızıl medalla bitirmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra açılmış bu məktəb o vaxtlar Qusarda “kənd akademiyası” adlanırdı. Burada o zaman tətbiq olunan vahid mütərəqqi proqram üzrə qabaqcıl fənlər yüksək ixtisaslı və təcrübəli müəllimlər tərəfindən tədris edilir, ciddi nizam-intizam gözlənilir, güclü təlim-tərbiyə işi aparılır, şagirdlərə vətənpərvərlik hissi aşılanırdı. Sərvər Alimetov 1956-cı ildə yüksək bal toplayaraq N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur. 1962-ci ildə ali təhsilini də əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Tibb İnstitutunda uşaq cərrahiyəsi kafedrasında saxlanılması haqqında Elmi Şuranın qərarına baxmayaraq, o, təyinatını kəndə götürmüşdür.

1962-1970-ci illərdə Qusar rayonunun Şirvanovka regional xəstəxanasında baş həkim vəzifəsində çalışmışdır. Bu xəstəxana o vaxtlar Nabran, Yalama, Şirvanovka və Samur qəsəbəsi də daxil olmaqla, Azərbaycan-Dağıstan sərhədi boyunca iyirmidən çox kənd və yaşayış məntəqəsinə tibbi xidmət göstərirdi. Həmin illərdə əhali arasında müxtəlif parazitar və infeksiya mənşəli xəstəliklər, yüksək uşaq ölümü faizi, səhiyyə-maarif işinin yoxluğu xüsusilə özünü göstərirdi. Gənc baş həkim yeddi il ərzində peşəkar kollektiv formalaşdıra bilmiş, onun gərgin təşkilatçılıq işi sayəsində diaqnostika, müalicə və profilaktika sahəsində yüksək nəticələr əldə edilmiş, uşaq ölümü faizi xeyli aşağı endirilmiş, Nabran turizm bazasında tibbi xidmətin səviyyəsi yaxşılaşdırılmışdır.

1970-ci ildə səhiyyə sahəsində zəngin praktik təcrübə qazanmış S.Alimetov gərgin müsabiqə üzrə Azərbaycan Tibb İnstitutunun hospital terapiya kagedrasının aspiranturasına daxil olmuşdur. Akademik Cahangir Abdullayevin rəhbərlik etdiyi həmin kafedra N.D.Semaşko adına 1 saylı klinik xəstəxanada yerləşirdi. Akademik C. Abdullayev isə Azərbaycanda kardiologiyanın banisi olmuşdur.

S.Alimetov 1972-ci ildə Azərbaycan Tibb İnstitutunda “Öd kisəsi və ödçıxarıcı yolların xəstəliklərində su və elektrolit mübadiləsinin dinamikası” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək  tibb elmləri namizədi olmuşdur. Bu dissertasiyasında o, duodenal zondun modifikasiyasını və öddə elektrolitlərin alovlu fotometr vasitəsilə müəyyən edilməsi üsulunu işləyib hazırlamışdır.

Tibb elmləri namizədi dissertasiyasının müdafiəsindən sonra, aspiranturanı vaxtından əvvəl müvəffəqiyyətlə başa çatdırmış kadr kimi o, Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasında assistent vəzifəsinə təyin edilmişdir. Bundan sonra müxtəlif illərdə Azərbaycan Tibb İnstitutunda pediatriya fakültəsində elmi işlər üzrə dekan müavini, internatura şöbəsinin müdiri, Azərbaycan Respublikası Tibb-Məhkəmə Ekspertizasında terapevt-ekspert, səhiyyə maarif müşaviri, fakültə partiya təşkilatının katibi və sair vəzifələrdə işləmişdir. 1976-cı ildə Azərbaycan Tibb İnstitutu daxili xəstəliklər kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

S.Alimetov 1977-1980-ci illərdə xüsusi ezamiyyət üzrə bir sıra xarici ölkələrdə, o cümlədən Əlcəzairdə, Benisaf şəhərindəki  çoxprofilli  mərkəzi xəstəxanada həkim işləmişdir. Həmin dövrdə o, Əlcəzair, Mərakeş, Tunis, Macarıstan, Bolqarıstan, Yaponiya və digər ölkələrdə keçirilmiş elmi konfrans, konqres və simpoziumlarda fəal iştirak etmişdir.

Sərvər Alimetov 1998-ci ildə “Xronik ürək çatışmazlığında hemodinamik və homeostaz pozğunluqlarının xüsusiyyətləri və korreksiyası” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru olmuşdur. O, ürək çatışmazlığına düçar olmuş xəstələrdə bəzi toksiki mikroelementlərin çoxluğu sayəsində toksikozlar, bradikardiya, hipotoniya, refrakter vəziyyətlərdə rekompensasiya üsullarını işləyib hazırlamışdır. Yeni klinik əlamət elmi ədəbiyyata Alimetov simptomu adı altında düşmüşdür (Tibb terminləri və klinik simptomlar, Bakı, “Elm və təhsil” nəşriyyatı, 1915, 156-cı səhifə). Alim 1971-ci ildən Azərbaycan və Rusiya Terapevtlər və Kardioloqlar cəmiyyətlərinin üzvüdür.

Professor S.Alimetov Türkiyə, Rusiya, Orta Asiya, Avropa və Amerika ölkələrində çap olunmuş onlarca elmi məqalənin, 300-dən çox elmi işin, 50-dən çox kitabın, o cümlədən 20-dən çox dərsliyin, elmi-praktik vəsaitin, monoqrafiyanın, metodik tövsiyənin, 7 səmərələşdirici təklifin müəllifidir. Azərbaycan Tibb Universitetində fəaliyyət göstərdiyi 45 il ərzində yüzlərlə tələbə, gənc əməkdaş və dissertantların elmi işlərinin yerinə yetirilməsində və formalaşmasında onun yaxından köməyi olmuşdur.

S.Alimetov “İbn Sina” Beynəlxalq və “Qızıl Qələm” media mükafatları laureatıdır, 2005-ci ildə “İlin ən yaxşı tədqiqatçı alimi” seçilmişdir.

Vətənpərvər ziyalı, bacarıqlı terapevt kardioloq, məhsuldar alim və qayğıkeş pedaqoq Sərvər Alimetov bu gün də gənclik həvəsi ilə, yorulmaq bilmədən Azərbaycan Tibb Universitetində daxili xəstəliklər kafedrasında yaradıcılıq işini davam etdirir. Sevimli müəllimimizə uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Əhməd BABAYEV,
Akademik C.Abdullayev adına
Elmi Tədqiqat Kardiologiya İnstitutunun
baş həkimi, tibb elmləri doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında