Şamil Seyfulla oğlu Fətullayev

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli memarlıq tarixçisi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, memarlıq doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın Əməkdar memarı Şamil Seyfulla oğlu Fətullayev 2015-ci il martın 10-da ömrünün 87-ci ilində vəfat etmişdir.

Şamil Fətullayev 1928-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində ali təhsil almış, 1956-1959-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda aspiranturada oxumuşdur.

Əmək fəaliyyətinə 1954-cü ildə Bakı Dövlət Layihə İnstitutunda başlayan Şamil Fətullayev 1956-cı ildən etibarən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlamış, burada aspirantura təhsilini başa vurduqdan sonra 1988-ci ilədək Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri, 1988-1993-cü illərdə isə direktor vəzifələrində çalışmışdır. O, 1993-cü ildən ömrünün sonunadək həmin İnstitutda memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsinin müdiri olmuşdur.

Şamil Fətullayev 1963-cü ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır. O, 1989-cu ildə memarlıq ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Şamil Fətullayev Azərbaycanda memarlıq tarixi və nəzəriyyəsi, eləcə də milli memarlıq abidələrinin bərpası sahəsində mühüm xidmətlər göstərmiş görkəmli elm xadimlərindəndir. Yarım əsrdən artıq bir müddəti əhatə edən elmi fəaliyyəti ərzində o, Azərbaycan memarlıq tarixinin müxtəlif mərhələlərini araşdıraraq milli memarlığın ayrı-ayrı dövrləri ilə bağlı sanballı əsərlər meydana gətirmişdir. Alimin diqqət mərkəzində XIX əsrin sonu – XX əsrin əvvəllərində memarlıq-planlaşdırma quruluşunda ciddi dəyişikliklərin əmələ gəldiyi Azərbaycan şəhərlərinin tədqiqi dayanmış, Bakı şəhərinin memarlıq tarixi isə bir neçə kitabının başlıca mövzusunu təşkil etmişdir. Azərbaycan memarlığı və şəhərsalma tarixinin araşdırılması istiqamətində əldə etdiyi nailiyyətləri ilə alim dövlət qoruğu kimi təsdiq olunmuş neçə-neçə memarlıq abidəsinin aşkara çıxarılmasında əhəmiyyətli rol oynamışdır.

Şamil Fətullayev əsas memarlıq üslubları və milli memarlıq ənənələrinə aid 100-dən artıq araşdırmanın və 9 monoqrafiyanın müəllifidir. Alimin “Bakının memarlıq ensiklopediyası” və bir sıra digər fundamental əsərləri xarici dillərə tərcümə edilərək nüfuzlu elm nəşriyyatlarında işıq üzü görmüş və elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Mötəbər beynəlxalq simpozium və konfranslarda memarlıq və şəhərsalmanın aktual problemlərinə dair dolğun məruzələri ilə Azərbaycan elmini o, həmişə layiqincə təmsil etmişdir.

Məhsuldar elmi yaradıcılıqla yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün də zəngin bilik və bacarığını əsirgəməyən Şamil Fətullayevin rəhbərliyi altında memarlıq üzrə çox sayda fəlsəfə doktoru və elmlər doktorları yetişdirilmişdir.

Akademik Şamil Fətullayevin çoxillik səmərəli elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Görkəmli alim, təvazökar və səmimi insan Şamil Seyfulla oğlu Fətullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,

Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV,

Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ,

Akif ƏLİZADƏ, Əbülfəs QARAYEV,

Abbas ƏLƏSGƏROV, Ömər ELDAROV,

Rasim ƏLİYEV, Elbay QASIMZADƏ,

Gülçöhrə MƏMMƏDOVA, Ərtəkin SALAMZADƏ,

Nazim HACIBƏYOV

Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il martın 11-də saat 12.00-dan 14.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında