Güclü və məğrur qadın obrazları yaradan yazıçı

Bir neçə il əvvəlin söhbətidir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təcrübəli yazıçı Solmaz Muxtarova oxucuları qarşısında yaradıcılıq hesabatı verirdi. Zalda xeyli tanınmış tənqidçi, ədəbiyyatşünas vardı, amma iştirakçıların çoxu ali məktəb tələbələri olan qızlar idi.

Tədbir çox səmimi və maraqlı keçirdi. Aparıcı, birliyin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgərzadə (ötən il vaxtsız dünyasını dəyişib) yazıçı Solmaz xanımın yaradıcılığı barədə arzu və mülahizələrini bölüşmək istəyənlərin hər birinə çıxış etmək imkanı verməyə çalışırdı. Yadımdadır, Bakıdakı orta məktəblərin birinin müəllimi dedi ki, Solmaz xanım özü zərif, incə, həlim təbiətli bir qadındır, amma əsərlərində yaratdığı qadın obrazları güclü, qürurlu, məğrur insanlardır. Onlar həyatda üzləşdikləri haqsızlıq və çətinliklər qarşısında yenilmirlər, bəxtlərinə, talelərinə düşən ağır sınaqlardan üzüağ çıxmağı bacarırlar. Həmin müəllimin sözlərinə görə, belə əsərlər gənc qızlar və xanımlarımızın həyatda ruhən güclü və iradəli olmalarına təsir edir.

Tədbirdə çıxış edən digər oxucular da Solmaz xanımın “Yaşıl dünyanın adamları”, “Qaydasız oyunlar burulğanında”, “Ağ göyərçinlər həsrəti” və başqa kitablarında toplanmış povest və hekayələrində uğurla yaratdığı qadın personajlarını misal çəkdilər. O gün Solmaz xanımın həyatında bəlkə də ən xoşbəxt günlərdən biri idi. Sonda dərin mənalı gözləri ilə bir daha zala göz gəzdirib hamıya minnətdarlıq edərək dedi ki, onun əsərlərindəki qadın obrazları ona görə mərd, qətiyyətli və cəsarətlidirlər ki, onlar zəngin və şərəfli tarixə, yüksək mənəviyyata malik olan Azərbaycan xalqını təmsil edirlər.

...Bu günlərdə Solmaz xanımla yenidən görüşəndə bir daha o tədbiri xatırladıq. Yazıçı dedi ki, həmin tədbirdə iştirak edən bir çox tələbələrlə hələ də əlaqələri qırılmayıb. Ötən il isə “Son döyüşə gedən yol” adlı yeni kitabı nəşr olunub. Burada əsasən yazıçının son illər ərzində Qarabağda Vətəni qoruyan igidlər barədə yazdığı əsərlər yer alıb. Məlum oldu ki, Solmaz xanım nəşrin böyük bir hissəsini gənc oxucularına hədiyyə edib. “Vətənpərvərlik mövzusunda əsərləri gənclərimizin mümkün qədər çox oxumaları vacibdir”, – dedi yazıçı.

Solmaz xanım düşünür ki, insan yaddaşının məhsuludur. Yaddaşı isə xalqın folkloru, adət-ənənələri, mentaliteti formalaşdırır. Yazıçı hesab edir ki, müasir Azərbaycan ədəbiyyatı da bu mənada böyük işlər görə bilər. Buna görə gənclərin “bədii əsərlərlə ünsiyyəti”nin azalmasını yol vermək olmaz. Çalışmaq lazımdır ki, onlar mümkün qədər çox oxusunlar, təbii ki, ən çox da klassiklərimizi mütaliə etsinlər.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Solmaz Muxtarova uzun illərdir ki, yorulmaq bilmədən yazıb-yaradır. Deyir ki, mövzular tükənmir, bir də ki, mövzular tükənsə, ömür də tükənər. Qoy nə ömrünüz, nə də mövzularınız tükənsin, Solmaz xanım! Bir də ki, oxucularınız kaş həmişə çox olsun. Güman edirəm ki, onların bir çoxu bizim təbriklərimizə qoşulub bu gün sevimli yazıçıları Solmaz Muxtarovanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edəcəklər.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında