Gənclik həvəsi tükənmir

Xəzər sahilindəki Sumqayıtla Reyn sahilindəki Lüdviqshafenin “qardaşlaşmış şəhərlər” olmasından 38 il keçir. Ötən müddətdə “qardaş”ların dəfələrlə qarşılıqlı səfərləri olub, bir sıra mühüm layihələr gerçəkləşdirilib. Buna misal olaraq Sumqayıtın N.Nərimanov küçəsində alman dili mərkəzinin açılmasını, Sumqayıtda vəfat etmiş alman əsirlər qəbiristanlığının bərpasını göstərmək olar.

Çoxları bilmir ki, iki şəhərin qardaşlıq əlaqələrinin yaradıcılarından biri alman dili müəllimi Leyla Qasımzadə olub. Əlli iki il pedaqoji sahədə çalışmış Leyla xanım hələ 1968-ci ildə işlədiyi məktəbdə Vilhelm Pik adına Beynəlmiləl Dostluq Klubu yaradaraq Almaniya məktəbləri ilə məktublaşmanın əsasını qoyub. Tədricən məktəblərin dostluğu şəhərlərin dostluğuna çevrilib və daha da möhkəmlənib.

Səksən yaşını qeyd etməyə hazırlaşan Leyla xanım Əməkdar müəllimdir. Hələ sovet dövründə “Xalqlar dostluğu” ordeni və “Ernst Telman” medalı ilə təltif edilib. Sumqayıtda alman dili müəllimləri birliyinin sədridir. 1990-cı ildən fərdi təqaüddədir. Düz on beş il Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranları şəhər şurası sədrinin müavini işləmiş yorulmaz insan 2010-cu ildən bu quruma rəhbərlik edir.

Leyla xanım ictimai fəallığının özəyini təşkil edən almanlarla dostluq missiyasını yenə də həvəslə davam etdirir. Onun həyat eşqinə heyran qalmamaq olmur.

– Müharibə başlayanda cəbhəyə yollanan atam Məmməd Qasımov döyüş yolunu Berlində sona çatdırıb. Onun döyüşçü kimi gedib çıxdığı Almaniyaya mən dostluq carçısı kimi dəfələrlə getmişəm. “Avropada qarşılıqlı anlaşma” proqramı çərçivəsində 2001, 2005 və 2009-cu illərdə İtaliya, Avstriya və Almaniyada keçirilmiş qurultayların iştirakçısı olmağımla fəxr edirəm. İki il öncə isə alman dili müəllimləri birliyinin sədri kimi yenidən Almaniyaya səfər edərək Azərbaycanımızın haqq işini minlərlə həmkarıma çatdırmışam. II Dünya müharibəsindən sonra Sumqayıta işləməyə gətirilən və burada dünyasını dəyişən 311 alman, avstriyalı və macar əsirinin məzarlarını ehtiramla qoruyub saxladığımızı xəbər vermişəm. Onların qohumları dəfələrlə Sumqayıta ziyarətə gəlib, qonaqpərvərliyimizi görüblər. Berlin, Maqdeburq, Frankfurt, Yena, Lüdviqshafen, Qraç, Vyanada etibarlı dostlarım var. Bütün bunlar barədə “Dostluğa sərhəd yoxdur” və “Müəllim ömrünü əbədiləşdirən illər” adlı kitablar yazmışam.

Onu da deyək ki, məhz Leyla xanımın fəallığı ilə təməli qoyulmuş dostluq zəminində Lüdviqshafen şəhəri 1988-ci ildə ermənilərin törətdiyi Sumqayıt hadisələrinin azsaylı düzgün təbliğat mərkəzlərindən birinə çevrilib. Həmin il Lüdviqshafendən kiçik bir nümayəndə heyətinin Azərbaycana qonaq gəlməsi lap yerinə düşüb. Səfərin nəticəsi olaraq alman nümayəndə heyəti gerçək təəssüratları ilə əsl həqiqətləri ən azı öz həmvətənlərinə çatdırmaqla ermənilərin iç üzünü açıblar.

Ömrünün 80-ci baharını qarşılayan, gənclik həvəsi tükənməyən Əməkdar müəllim Leyla Qasımzadə sonda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə zərif cinsin bütün nümayəndələrinə qəzetimiz vasitəsilə təbriklərini çatdırmağı xahiş etdi və onların hər birinə ailə səadəti, uğur sevinci arzuladığını bildirdi.

Yüz yaşayın, Leyla xanım!

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında