Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir

Bütün Şərq aləmində, xüsusən də, Azərbaycanda qadına daim böyük ehtiram və hörmət bəslənmiş, Ana həmişə müqəddəs olmuş, qadın – namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin şanlı səhifələrinə əbədi olaraq qızıl hərflərlə yazılmışdır.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir.

Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə yüksək vəzifələr tutan komitə, hökumət və qeyri-hökumət təşkilatlarına, digər özəl qurumlara rəhbərlik edən xanımlarımızın əldə etdikləri nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman-zaman təsdiq etmişdir.

Müasir dövrdə qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Azərbaycanın dahi oğlu, ümummilli lider Heydər Əliyevin 8 Mart Beynəlxalq qadınlar bayramı ilə bağlı fikirlərini də xatırlatmaq istəyirəm: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”

Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli fərmanın icrası ilə əlaqədar belə nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Zaman keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də qadının rolu daha da artır, taleyüklü məsələlərin həlli yönündə qərar vermək səlahiyyəti əldə etməklə bu günün lideri rolunu oynayır.

Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradaraq qadınlarımızın cəmiyyətdəki fəallığının genişləndirilməsinə, daha da artırılmasına əlverişli şərait yaratmışdır. Qadınlarımızın demokratiya yolunda inamla irəliləməsi və beynəlxalq aləmdə yadda qalan uğurlar qazanması ölkəmizdə yüksək qiymətləndirilir.

Bu gün Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir. Mehriban xanımın Azərbaycan mədəniyyətinin, incəsənətinin dünya miqyasında yayılmasında, tanınmasında yorulmadan çalışması, mötəbər beynəlxalq qurumların tribunalarında müxtəlif xarici dillərdə etdiyi məruzələr Azərbaycan qadınının hansı biliyə, hansı qabiliyyətə və siyasi düşüncələrə malik olmasının ən gözəl nümunəsidir. Akademik, mühəndis, müəllim, həkim, memar, rəssam, deputat olan xanımlarımız öz fəaliyyətləri, bacarıqları ilə təkcə vətənimizdə deyil, xarici ölkələrdə də Azərbaycan qadınının nələrə qadir olduğunu dəfələrlə sübut etmişlər.

Qadınlarımızın beynəlxalq aləmdəki rolundan söhbət açanda Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın da rolunu xüsusi qeyd etməliyik. Leyla xanımın Azərbaycan dövləti naminə gördüyü bütün işləri bir kənara qoyub, təkcə təşkilatçılığı ilə həyata keçirilən “Xocalıya ədalət ” kampaniyasından danışsaq, əminliklə deyə bilərik ki, onun beynəlxalq aləmdə böyük əks-səda doğurması, dünya ictimaiyyətinin erməni vəhşiliyi və qəddarlığı ilə daha yaxından tanış olması faktı göstərir ki, yetişən nəslin arasında öz siyasi baxışları, geniş dünyagörüşü ilə beynəlxalq miqyaslı hadisələrə təsir etmək bacarığına malik xanımlarımız var.

Xalqımızın təfəkküründə qadınları birləşdirən yeganə ad – Ana adı, Ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Bu gün analarımızın, bacılarımızın, qızlarımızın bayramıdır: cənnət ayaqları altında olan, sevimli, mehriban, əziz və əvəzsiz analarımızın...

Bütün həyatınız boyu üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif görmək istəyirik. Ana adını daşımağı hər bir azərbaycanlı xanıma ürəkdən arzu edirik. Unutmayaq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında