Gənc kimyaçı alimin uğurları

Azərbaycan təkcə zəngin nefti ilə deyil, neft-kimya elmi sahəsində dünya səviyyəsində böyük uğurlar qazanmış görkəmli alimləri ilə də məşhurdur. Təkcə böyük alimlərimiz - akademik Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Əli Quliyev, Musa Rüstəmovun və başqalarının adlarını çəkmək kifayətdir ki, bu sahədə elmimizin nə qədər geniş üfüqlərə çıxdığını təsəvvür etmək mümkün olsun.

AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru Akif Əzizov deyir: Yaxşı haldır ki, Azərbaycanda neft-kimya sənayesi sahəsində uzun onillər boyu əldə olunan ənənələr uğurla davam edir. Bu sahədə ölkəmizdə çox istedadlı və perspektivli gənc alimlər yetişir. Akademikin sözlərinə görə, belə ümidverici alimlərdən biri də Azərbaycan Dövlət Neft Akademiyasının ümumi və qeyri-üzvi kimya kafedrasının assistenti, kimya elmləri üzrə fəlsəfə doktoru Günel Əmənullayevadır.

Qeyd edək ki, Günel kimya elminə hələ məktəb yaşlarından böyük maraq göstərib. Orta məktəbi bitirən kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə qəbul olunub, bu təhsil ocağının magistraturasını da əla qiymətlərlə bitirib. Müsabiqə yolu ilə AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına qəbul olunub. Burada istedadlı alim, kimya elmləri doktoru, professor Reyhan Əliyevanın elmi rəhbərliyi ilə 2012-ci ildə “Yeni kationit və calanmış ion-maye tipli katalizatorların iştirakı ilə efirləşmə və transefirləşmə reaksiyalarının tətbiqi” mövzusunda uğurla namizədlik dissertasiyası müdafiə edib.

AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Dissertasiya Şurasının elmi katibi, kimya elmləri doktoru, professor Münəvvər İbrahimova deyir ki, Günelin tədqiqat apardığı mövzu dünyanın müasir kimya elmində olduqca perspektivli sahədir və gənc azərbaycanlı alimin tədqiqatları artıq dünyanın nüfuzlu alimlərinin diqqətini özünə cəlb edib. Alim dərin məmnunluq hissi ilə bu sözləri əlavə etdi:

– Günel çox istedadlı kimyaçı alimdir. Həm də çox çalışqandır. İstedad, üstəgəl zəhmət onun elmdə böyük uğurlarına yol açacaq. Mən Günelin kimya elmində daha böyük zirvələr fəth edəcəyinə ürəkdən inanıram.

Günel tez-tez nüfuzlu beynəlxalq elmi simpoziumlara dəvət olunur. 2008-ci ildə Dünya Alimləri Federasiyasının İsveçrənin Lozanna şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak edib. Federasiya azərbaycanlı gənc alimin uğurlarına dəstək olaraq, onu bir illik təqaüdlə mükafatlandırıb. Son illər Günel Əmənullayeva Ufa, Moskva və başqa şəhərlərdə keçirilən görkəmli alimlərin  elmi konfranslarında ölkəmizi böyük uğurla təmsil edib. Elmi məqalələri ingilis, fransız, alman, rus dillərində bir sıra xarici ölkələrin nüfuzlu nəşrlərində dərc olunub. Bir neçə dəfə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfindən təşkil olunan “İlin gənc alimi” müsabiqəsinin qalibi olub, priz və pul mükafatlarına layiq örülüb.

Günel elmi-tədqiqat işlərinə qəlbən bağlıdır. Yaxşı başa düşür ki, böyük elmdə fasilə olmur. Elmi tədqiqatlar aparmaqla yanaşı, bir gənc pedaqoq olaraq kimya elminin sirlərini Neft Akademiyasının kimya texnologiyası fakültəsinin tələbələrinə öyrədir. Özü kimi istedadlı tələbələri görəndə, təbii ki, çox sevinir, onlara məxsusi qayğı göstərməyə çalışır.

Sonda gənc və istedadlı alimi 8 Mart-Beyənlxalq Qadınlar Günü münasibəti ilə ürəkdən təbrik edir və ona elmdə olduğu kimi, şəxsi həyatında da uğurlar və xoşbəxtlik arzulayırıq. Günel ən yaxşı arzulara həqiqətən layiqdir.

M.HACIXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında