Balakən: işıq-nur ünvanları gündən-günə çoxalır

Bölgə müxbiri kimi, ən çox sevdiyim və  daha tez-tez  söz açdığım rayon barədə  yazının əvvəlində “nur ünvanları” ifadəsini işlətməyimiz təsadüfi deyil. Çünki bu ilin sentyabrında rayonda daha bir nur ünvanı – “Balakən-1” kiçik su elektrik stansiyası  istifadəyə veriləcək. Elə bu stansiyasız da Balakənin işığı, nuru həmişə istənilən qədər olub.

Tanrı  bu diyarın təbiətindən  öz nurunu əsirgəmədiyi kimi, insanlarının qəlbini də kifayət qədər işıqlı yaradıb. Həmin işıq balakənliləri həmişə uğurlara, aydın sabahlara aparıb. Təsadüfi deyil ki, sovet dönəmində Azərbaycanın ən çox əmək qəhrəmanı olan rayonu məhz Balakən idi. Elə müstəqillik dövründə də bu insanların səsi çox-çox uzaqlardan gəlib.

Bu qənaətimi konkret faktla əsaslandırmaq istəyirəm. İki ay–yarım əvvəl, dekabrın ortalarında kütləvi informasiya vasitələrində belə bir xəbər yayılmışdı: “Balakənli müəllim ABŞ-da mükafat aldı”.  Telekanallar Təhsil Nazirliyinə istinadən  bildirirdilər ki, Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili  müəllimi  Məhəmməd Qarakişiyev “Dünya müəllimi mükafatı”nın finalçıları sırasındadır. ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu “Varkey GEMS” Fondu tərəfindən təsis olunmuş bu mükafat barədə məlumat verən nazirlik rəsmisi demişdi ki, Azərbaycan müəllimlərinin dünyanın ayrı-ayrı ölkələrində keçirilən beynəlxaq tədbirlərdə müxtəlif təhsil layihələri ilə iştirakı və ciddi uğurlar qazanması təqdirəlayiq hadisə kimi təhsil sistemimizin inkişafının nailiyyətlərindən hesab oluna bilər.  Gənc müəllim Məhəmməd Qarakişiyev mükafat fondu 1 milyon ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində “məktəb müəllimləri üçün Nobel mükafatı” kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində iştirak edən beş min müəllimdən biri idi və finala cəmi 50 nəfər çıxmışdı. O zaman balakənli ağsaqqal  Rəşid Musayevdən maraqlı fikirlər eşitmişdik:  “Orta təhsili də, ali təhsili də Azərbaycan dilində almış bi əyalət gəncinin dünyanın 50 müəllimindən birinə çevrilməsinin bircə səbəbi var: Balakənin təbii havası və bu gənci yetişdirən mühitdəki sosial-mənəvi ab-hava”.  Bu rayonun sakinlərindəki Vətən sevgisini, yurda bağlılığı, dövlətçiliyə sədaqəti, əməksevərliyi, halallığı, qonaqpərvərliyi, elmə, təhsilə münasibəti uzun illər, həm də, hər addımda görən bir jurnalist kimi qətiyyətlə deyə bilərəm ki, Məhəmməd müəllimin uğurunu Balakənin havası və onun ətrafındakı sosial- mənəvi ab-hava ilə bağlayanlar tamamilə haqlıdırlar.

Söhbət dövlətçiliyə sədaqətdən və yurda bağlılıqdan düşmüşkən, bir məqamı da yada salmaq istəyirəm.  Yaxşı yadımdadır. Ulu öndərimiz Heydər Əliyev 2002-ci ilin noyabr ayında, Şəkidə Olimpiya İdman Kompleksinin açılışında iştirak edirdi. Böyük dövlət xadiminin bütün nitq və çıxışları kimi həmin tədbirdəki çıxışı da izdiham tərəfindən dərin  maraqla dinlənilirdi. Ancaq ulu öndərin çıxışının bir yerində diqqətini konkret  ünvana yönəltməsi sakinlərin daha böyük marağına səbəb oldu:

-"Mən bayaqdan baxıram. Orada, deyəsən bir gənc qızdır. Bayrağı əlində tutubdur. Bayaqdan ona fikir verirəm. Sizin hamınız fikir verin. Bayrağı bir əlində tutub. Külək bayrağı o tərəfə, bu tərəfə vurur. Amma qız bayrağı əlində düz saxlayıbdır. Qızım, sənin üzünü görürəm. Gözəl qızsan. Mən səni öpürəm. Bağrıma basıram. Sən ki, Azərbaycanın müstəqilliyinin rəmzi olan o bayrağı o qədər sevirsən, onu əlində o cür saxlayırsan, buna görə mən  sənə hörmət - ehtiramımı, sevgilərimi bildirirəm. Bu, xalqımızın müstəqilliyidir".

Ulu öndər sonra üzünü Bəxtiyar Vahabzadəyə tutaraq əlavə etdi: “Bu, şeir mövzusudur, hə, gördün? Mərasim başlanandan mən ona baxıram. Bəzən deyirəm, bəlkə başqa adamın əlidir? Deyirəm, bəlkə süni əldir? Görürəm, yox! Özü də qızdır. Heyranam, heyranam. Bu bayraq Azərbaycanın göylərində daim dalğalanacaq və heç vaxt enməyəcəkdir”.

  ...  Milli bayrağımızı küləkli bir gündə öz zərif əlləri ilə düm-düz saxlayan, bir an belə əyilməyə qoymayan  həmin vətənpərvər qız Şəki Tibb Texnikumunun ikinci kurs tələbəsi, balakənli Turanə Məmmədova idi. Həmin tədbirdə mən mikrofondan uzaq olsam da, bayraq saxlayan qıza lap yaxın idim. 2014-cü il dekabrın 12-də Balakən Mədəniyyət Evində ulu öndərin anım günü münasibətiylə keçirilən tədbirdə  həmin lent bir daha nümayiş etdirildi və mən...ulu öndərin bir tələbə qıza ehtiram bildirdiyi kadrları təkrar görəndə sözün həqiqi mənasında  kövrəldim. Tədbirdən sonra Turanə xanımla görüşüb söhbət etdim, ötən-keçənlər barədə xatirələrini eşitdim. Mərkəzi  Xəstəxanada tibb bacısı işləyən Turanə xanım yuxarıda haqqında söz açdığımız məqamı elə danışdı ki, sanki mən həmin anları televizorda görürdüm. Məlum oldu ki, bu xanımın təkcə vətənpərvərliyi, dövlətçiliyə sədaqəti güclü deyil,o, həm də  rəvan nitqə, məntiqli mühakimələrə, fikir ifadə etmək qabiliyyətinə yüksək səviyyədə malik imiş.

Yeri gəlmişkən. Turanə Məmmədova ilə  birlikdə iştirak etdiyimiz həmin tədbirdən üç-dörd gün sonra   Balakən Rayon Mədəniyyət Mərkəzində “Balakən: Azərbaycanın folklor paytaxtı-2014” ili çərçivəsində  keçirilən “Bayatılarımız, laylalarımız nənələrin və gənc nəslin dili ilə” adlı musiqili tədbirdə şahidi oldum ki, bu rayonun  yeni nəsli  arasında Turanə xanım kimi gənclər istənilən qədərdir. Rayonun folklor və musiqi kollektivlərinin iştirak etdiyi musiqili tədbir tamaşaçılara xoş təəssürat bağışlamışdısa, mən bu əyalət rayonunda milli-mənəvi dəyərlərimizin qorunub saxlanımasından sadəcə məmnun olmuşdum.

Həmin hissləri  Heydər Əliyev  Mərkəzində “Ekologiyanın qorunması, ətraf mühitin təmizliyi  hamının  borcudur” mövzusunda  keçirilən “Açıq qapı ”günü də yaşamışdım. Deyirəm, kaş hörmətli oxucular da rayon icra hakimiyyəti başçısının humanitar məsələlər  üzrə müavini Nəzakət Rüstəmovanın rəhbərliyi ilə keçirilən  həmin tədbirdə Balakən gənclərinin nümayiş etdirdiyi  təəssübkeşliyi və təşəbbüskarlığı  görmüş olaydılar. Onda bilərdilər ki, mən nə üçün istənilən yazıda bu rayona olan ehtiramlı münasibətimi dilə gətirirəm.

Amma, deyəsən, Balakənin bu günkü həyatı, sosial-iqtisadi inkişafı barədə qələmə almaq istədiyim yazının girişi çox əhatəli oldu.  İndi hansısa həmkarım deyə bilər ki, o boyda rayonda yada salınmalı faktlar, rəqəmlər yoxdurmu ki, belə əhatəli girişə imza atırıq? Var. Faktlar və rəqəmlər o qədərdir ki, ən geniş qəzet yazısının istənilən cümləsində qeyd etsək belə tükənməz. Onlardan bəzilərini yığcam da olsa xatırladacağam. Daha doğrusu, Rayon icra hakimiyyətinin  başçısı İslam Rzayevlə söhbətimiz zamanı dəftərçəmə  qeyd etdiyim bir çox məqamlar yazını daha  da əhatəli edəcək. Məsələn,  dəftərçəmdə qeyd etmişəm ki, ötən il rayonda ümumi məhsul buraxılışının həcmi 137 milyon manat təşkil edib, 620-si daimi olmaqla 1220 yeni iş yeri açılıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2014-cü ildə rayon üzrə 15 sahibkara 189 min manat məbləğində güzəştli kreditlər verilib.  Başqa bir qeyddə isə göstərilir ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakəndə  həyata keçirilən zəruri tədbirlər nəticəsində 39,6 min ton dən qarğıdalı, 22,2 min ton tərəvəz, 28,6 min ton meyvə, 7,1 min ton kartof və digər növ kənd təsərrüfatı məhsulları istehsal olunub. Məhsul istehsalçılarına dövlət dəstəyi tədbirləri çərçivəsində  2137 nəfər istehsalçıya 218 min manat yardım ödənilib. Pis göstəricilər deyil – desəm, yəqin ki, hamı razılaşar.

 Yaxud, İslam müəllim qeyd etdi ki,  Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən ayrılan vəsait hesabına  Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə başlanılıb və yolun 16,2 kilometrlik hissəsində işlər artıq başa çatdırılıb. Ümumiyyətlə, bu gün Balakən sözün həqiqi mənasında tikinti meydançasına çevrilmiş rayonlarımızdandır. Məsələn,  Talalar kəndində 280 şagird yerlik yeni məktəb binası, Qaysa kəndində 20, Şərif və Şambul kəndlərində isə 40 yerlik yeni uşaq bağçaları tikilib istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının tikintisi artıq başa çatdırılıb və bu məktəbəqədər tərbiyə müəssisəsi yaxın vaxtlarda balacaların istifadəsinə veriləcək.  Yuxarıda qeyd etdiyimiz kimi ötən il “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi davam etdirilib. Stansiyanın cari ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur. Həmin açılış mərasimindən hazırlayacağım yazının bəzi konturları indidən beynimdə dolaşır.

Biz “Xalq qəzeti”ndə bu rayonda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində görülən işlər barədə,  eləcə də əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında dəfələrlə yazmışıq. Indi isə əlavə edirik  ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi, dövlətimizin başçısının ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar  Balakəndə də aqrar sahədə çalışanların qarşısına yeni vəzifələr qoyur.  Məsələn,  2015-ci ildə “Azəryem Sənaye” MMC-nin soyuducu anbar kompleksinin genişləndirilməsi, orada meyvəqurutma və konserv məhsulları istehsalı üzrə sənaye xəttinin açılması, müəssisənin heyvandarlıq kompleksinin daha da inkişaf etdirilməsi və digər tədbirlər nəzərdə tutulur. 

Xatırladım ki, rayon rəhbərliyinin təşəbbüsü ilə  meyvəçiliyin inkişaf etdirilməsinə, yeni intensiv bağların salınmasına və mövcud bağlara qulluq göstərilməsinə diqqət daim artırılır.  Təkcə son bir ildə  bağlardan 28,6 min ton meyvə istehsal edilib ki, onun 14,3 min tonu xurma, 3,9 min tonu fındıq, qalanı isə digər meyvələrdir.

Bununla yanaşı heyvandarlığın inkişaf etdirilməsi də təmin edilir və  damazlıq işlərinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət artırılır. Bayaq adını çəkdiyim  “Azəryem Sənaye” MMC-də məhsul istehsalı artırılıb, müəssisədə tara istehsalı sexi tikilib. Həmçinin, meyvə-tərəvəz məhsullarının  konservləşdirilməsi  və qablaşdırılması üzrə yeni istehsal sahəsinin tikintisi davam etdirilir.

Dövlət siyasətinin mühüm tərkib hissələrindən olan əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı məsələsi Balakəndə də gündəlikdəki əsas mövzulardan  birinə çevrilib. Rayonun fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında fəal iştirak edirlər. Bir ildə həmin  yarmarkalarda 117 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilib. Eyni zamanda, “Novruz”  bayramı,  “31 dekabr – Dünya Azərbaycanlılarının  həmrəyliyi  günü”  və  “Məhsul bolluğu” bayramları ərəfəsində rayonda da   kənd təsərrüfatı məhsullarının satış - yarmarkaları təşkil olunur.  Ötən il aqrar sahədə əldə olunmuş uğurlar Heydər Əliyev parkında “Məhsul bolluğu” bayramı keçirilməklə qeyd olunub. Rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbirində çox sayda rayon sakini və qonaqlar  iştirak ediblər.

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində reallaşdırılan tədbirlər öz müsbət nəticələrini verməkdədir. Bu məqsədlə su anbarları, magistral və şəhər su xətləri təmir olunub, şəhərin Rafiq Səmədov küçəsinin su və kanalizasiya xətləri 1200  metr məsafədə yeni polietilen borularla çəkilib,  Ə. Ansuxski və Nizami küçələrində yerləşən 3 yaşayış binasının su və kanalizasiya xətləri yenilənib, kanalizasiya  baxış quyuları  tikilib.

Xidmət sektorlarının fəaliyyəti rayon sakinləri tərəfindən məmnunluqla qarşılanır. Əhali və qeyri-əhali abonentlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 117 transformator cari, 28 transformator isə əsaslı təmir olunub. Təsərrüfata xidmət edən avadanlıqlar  — güc transformatorları, açar və ayırıcılar yenilənib və ya təmir edilib,  44 dəmir-beton, 57 ağac dayaq basdırılıb,  3,2 kilometr məsafədə SİP kabellər çəkilib. Əhaliyə təbii qazın fasiləsiz verilməsini və təzyiqin tələb olunan rejimdə saxlanılmasını təmin etmək məqsədilə tənzimləyici şkaflara və siyirmələrə, daşıyıcı qaz xətlərinə texniki xidmət göstərilir, zəruri hallarda xətlərin yeri dəyişdirilir.

Öyrəndik ki, əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində də zəruri addımlar atılır. Məsələn, Meşəşambul və Qazma kəndlərində hər biri 256 nömrə tutumlu yeni elektron telefon stansiyası quraşdırılıb. Xətt şəbəkəsi qurulmaqla əhaliyə telefon çəkilişi davam etdirilir.

Yazının əvvəlində qeyd etdiyimiz kimi  Balakəndə xüsusi qayğı və diqqət göstərilən sahələrdən biri təhsildir. Məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində işlər  hər il davam etdirilir. Məktəblərdə müasir avadanlıq və tədris vəsaitləri ilə təchizata, həmçinin qış mövsümünə hazırlıq məsələlərinə böyük diqqət yetirilir. İnformasiya və kommunikasiya texnologiyalarının təhsil müəssisələrində tətbiqi ilə bağlı kifayət qədər  iş görülüb. Hazırda rayon məktəblərində 632 ədəd müasir tipli kompüter vardır və hər 18  şagirdə 1 kompüter düşür. 226 kompüter sürətli internet şəbəkəsinə qoşulub.

Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli  sərəncamı ilə rayonun Texniki və humanitar təmayüllü liseyi “İlin ən yaxşı məktəbi”, 2 müəllim — Aygün Hacıyeva və bayaq adını çəkdiyimiz Məhəmməd Qarakişiyev  isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi elan olunublar. Vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə  “Ölkəmizi tanıyaq” devizi altında rayonun 40 nəfər yuxarı sinif şagirdi 3 gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarında istirahət edib.

 Prezident  İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən rayon əhalisinin tibbi müayinədən mütəşəkkil şəkildə keçirilməsinə rəhbərlik və nəzarəti təmin etmək üçün rayon qərargahı yaradılıb, 17 fevral - 30 aprel tarixlərində rayon əhalisi tibbi müayinədən keçirilib.

Əvvəlki yazılarda qeyd etdiyimiz kimi 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları Proqramı” çərçivəsində Balakən Azərbaycanın Folklor Paytaxtı elan edilmişdi. Bu mədəni tədbirin il ərzində qeyd edilməsi ilə əlaqədar tərtib olunmuş tədbirlər planına əsasən yanvar ayından başlayaraq mədəniyyət və turizm şöbəsi tərəfindən rayonun folklorunu, milli adət-ənənələrini, kulinariyasını əks etdirən 41 rəngarəng  tədbir həyata keçirilib. Həmin  tədbirlərin içərisində 2 xarici ölkənin folklor kollektivinin də qatıldığı “Balakən payızı” folklor festivalı xüsusi qeyd olunmalıdır. Məlumat üçün bildirək ki,  həmin folklor festivalına  artıq  beynəlxalq status verilib.

Şahidi olduğum faktlardan biri də odur ki, gənclər arasında orduya məhəbbət hissinin, hərbi vətənpərvərlik ruhunda tərbiyənin aşılanması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mütəxəssis hazırlanması sahəsində iş qənaətbəxş səviyyədə qurulur.  Təkcə ötən il  505 nəfər çağırışçı müddətli hərbi xidmətə yola salınıb.   Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman  Cəmiyyətinin Balakən Aviasiya Mərkəzində respublikanın hər yerindən gələn idmançı və həvəskarların paraşütdən   tullanma üzrə təlimləri müntəzəm olaraq keçirilir.

Yuxarıda yada saldığımız kimi, Prezident  İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilib.  Deməli, Balakənin   ənənəvi kənd təsərrüfatı rayonu olması, dövlət  başçısının həm bu sərəncamı, həm də ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatının inkişafı    ilə bağlı  verdiyi tapşırıqlar rayon rəhbərliyinin qarşısına böyük vəzifələr qoyur.  Məhsul istehsalının artırılmasını şərtləndirən tədbirlərlə yanaşı, verilən tapşırıqların icrası istiqamətindəki fəaliyyət də genişləndirilir. Bu isə balakənlilərin daha bir mənəvi keyfiyyətinin - məsuliyyətin göstəricisi kimi qəbul edilməlidir.

.. Adətən bu qəbildən olan yazıları rayonda gördüyümüz  hansısa təbiət lövhəsi və ya dünya görmüş  el ağsaqqallarından birinin ifadələri ilə yekunlaşdırırıq.  İndi isə bu sətirləri bilavasitə İslam Rzayevlə söhbətimiz zamanı yaddaşıma köçürdüyüm iki faktla başa vurmaq istəyirəm. Rayon rəhbəri qeyd etmişdi ki, bu il “Balacans” MMC-nin konserv sexində  İtaliya istehsalı olan  müasir şüşə qablardan istifadə  etməklə yeni konserv çeşidlərinin istehsal olunması nəzərdə tutulur. Bundan başqa, Hənifə kəndinin ərazisində keramika məmulatlarının istehsalı üzrə tikintisinə başlanan müəssisə də bu il istifadəyə veriləcək. Bu iki fakt isə  qonaqları gündən-günə çoxalan Balakənin əcnəbi turistlərə özünəməxsus hədiyyə təqdim etmək üçün hazırlıq gördüyünün təsdiqidir. Əminəm ki, tələskən oxucunun “bəs turizm sahəsi barədə nə üçün söz açmadınız?” – sualına cavab vermiş olduq. Bu rayonun turizm obyektlərini isə sadəcə görmək lazımdır. Qələm onları təsvir edə bilməz.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında