Nədənsə, həmişə Qaxda olanda özüm-özümə heç zaman cavabını tapa bilmədiyim bir sual vermişəm: Görəsən, Səttar Bəhlulzadə bu diyarın dağlarını əks etdirən bir lövhə yaratsaydı, adını nə qoyardı? Axı bu rayonu üç tərəfdən əhatə edən dağların hüsnü böyük ustadın vəsv etdiyi təbiət parçalarının heç birindən geridə qalmayacaq qədər təravətli və əsrarəngizdir.
Mənim doğulub böyüdüyüm Gəncədəki dostlarım inciməsinlər, Qaxın dağlarından axan bulaqlar da elə bizim “Kəpəzin göz yaşları” kimi dumduru deyilmi? Bu sualı bir dəfə rəssam dostuma da verdim və çox maraqlı cavab eşitdim: - Allah öz yaratdığı gözəlliklərin hamısını vəsv eləməyi bir sənətkara qismət edərdimi? Etməzdi. O, dediyin dağları yaradan qüdrət sahibi, bəlkə, haçansa başqa bir Səttar yetirəcək. Hələlik isə, həmin gözəllikləri kiminləsə paylaşmaq istəyirsənsə, səfərlərinin birində dağların fotoşəklini çək, biz də baxıb məmnun olaq. Dedim yox, qətiyyən mümkün deyil. Çünki heç bir alimin yaratdığı fotoaparat bu gözəllikləri olduğu kimi lentə köçürə bilməz. Mən bunu heç sınaqdan keçirmək belə istəməmişəm. Çünki bu dağlarda təkcə təbiət gözəllikləri deyil, həm də qaxlıların hər birinin xarakterik cizgiləri yaşayır. Ona görə də sadəcə bu dağları sevmişəm, vəssalam.
...Sinoptiklər xəbər verirdilər ki, fevralın son günlərində və martın əvvəllərində havalar xeyli isinəcək, mülayim küləklər əsəcək. Amma deyəsən, zoğal ağacları bu barədə sinoptiklərdən də əvvəl bilirmiş. Bilməsəydilər, birinci çərşənbəni geridə qoyan kimi çiçəkləməyə başlamazdılar. Yolun sağ tərəfi boyunca uzanan dərənin hər iki sahilində hələ havanın tam isinməsini gözləmədən öz sarı köynəyini geyinən zoğal ağaclarının hər biri “Bu dərənin uzunu” düzülmüş “Sarı gəlin”i andırırdı. Qaxda baharın addım səslərini çayların səsində eşidir, rəngini isə zoğal ağaclarının səhər küləyindən tir-tir əsən köynəyində görürdük. Bu, təbiətin baharı, gözəllik yaratmaq eşqi, əzmi idi. İnsanların gözəllik yaratmaq əzmi isə heç də təbiətin əzmindən az deyil. Qaxda bunun növbəti dəfə şahidi olduq.
Jurnalist dostum Mustafa Dadaşovla hələ bir neçə il qabaq tamamilə yenidən qurulub bərpa edilən, fəqət dövlət başçımızın tövsiyələri əsasında öz əzəli gözəlliklərini qoruyub saxlayan İçəribazar adlı tarixi məkanda görüşdük. Bu yer yüzlərlə fakta, əlamətdar hadisəyə görə bütün qaxlıların yaddaşında əsrlərdən bəridir ki, əziz bir ünvan kimi yaşayır. Hətta, burada əvvəllər Müslüm Maqomayevin babasının dəmirçi dükanı da olub. Hələ el sənətkarlarının yaratdığı əl işlərinin satıldığı yerləri, ətri beş-on addımdan ruhu oxşayan kəklikotu şayının adına gəlmiş ağsaqqalların söhbətini demirəm. Bu yer, sözün həqiqi mənasında, Qaxın tarixini və bu gününü özündə yaşadır.
Dostumla xeyli söhbət etdik, olub keçənlərdən danışdıq. Soruşdu ki, bu gəlişdə də Camal dayını görəcəksənmi? Xətrini dünyalar qədər istədiyim Camal Muxtarovu deyirdi. Bilirdi ki, mənim Qaxda mütləq baş çəkməli iki ünvanım var idi - biri mərhum həkim Fərman Əhmədzadə, o biri isə Camal Muxtarov. Bu adamların hər ikisini həmişə “qaxlılığın” nümunəsi kimi qəbul etmişəm. Hörmətli oxucuya izah edim ki, bu “qaxlılıq” ifadəsi təsadüfən deyilmədi. Həqiqətən bu camaatın yurda bağlılıq, ənənəyə ehtiram, qonaqpərvərlik, dostluğa sədaqət, qarşılıqlı inam məsələlərində öz nümunəsi formalaşıb. Əsrlər boyu formalaşdırılan həmin ənənələri hamı yaşatsa da, o dəyərlərin ən böyük daşıyıcıları mənim üçün məhz Fərman Əhmədzadə və bir də Camal Muxtarov olublar. Heyif, çox heyif. Qəbri nurla dolsun. Fərman həkim iki ildir ki, dünyasını dəyişib. Düzdür, son vaxtlar bir balaca nasazlasa da, Camal dayı yaşayır. Allah yüz il ömür versin və şükür ki, hər iklisinin əməlləri bu gün hamı üçün örnəkdir. Onların bir sözü həmişə qulaqlarımda səslənir: “Oğul, Qaxın firavan sabahını məhz daha savadlı olan gənclər quracaqlar”.
Qaxda o sabahın təməli bu gün qoyulur, – desək, yanılmarıq. Özü də cəmiyyət həyatının bütün sahələrində. Rayon icra hakimiyyətində olarkən öyrəndik ki, inkişafın bütün istiqamətlərinin təməlində dövlət başçısının tövsiyə və tapşırıqları, xüsusən, göstərdiyi qayğı və kömək dayanır. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamına əsasən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 3,8 milyon manat ayrılması məhz həmin qayğının bir nümunəsi deyilmi? Xatırladaq ki, sərəncamın icrası ilə əlaqədar yolun 9 kilometrlik hissəsinə asfalt-beton örtük salınıb və həmin yolun üzərində aşırımının uzunluğu 33 metr olan körpünün tikintisi başa çatdırılıb. Yəni min illər boyu xalqın inancına görə inam və ümid rəmzi kimi qəbul edilən yol və körpü salınması istiqamətində mühüm addımlar atılıb. Yaxud, başqa bir fakta diqqət yetirək. Bu dəfə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ölkə başçısının sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan 2 milyon manat ayrılmışdı. Həmin vəsait hesabına şəhərin Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Qaxmuğal küçələrində və Heydər Əliyev prospektində başlanılmış bərpa və abadlıq işləri, C.Cabbarlı, M.Məmmədov və M.P.Vaqif küçələrində isə asfalt-beton örtüyün salınması başa çatdırılıb. Bir sözlə, tikinti-quruculuq işləri barədə nə qədər istəsən, danışmaq olar. Tikintidən söz düşmüşkən, Fövqəladə Hallar Nazirliyinin Qax rayon dövlət yanğından mühafizə hissəsinin yeni inzibati binasının inşası da başa çatdırılıb. Rayon kənd təsərrüfatı idarəsi, həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün inzibati binaların tikintisi isə davam etdirilir.
Bütün rayonlar kimi, Qaxda da inkişaf prosesinin təməlində müxtəlif proqram və layihələr dayanır. Məsələn, “Kənd İnvestisiya” layihəsi çərçivəsində rayonun Şotavar, Güllük, Baydarlı, Cəlayir, Qıpçaq, Zəyəm, Zərnə, Marsan,Qaxbaş və Qaxingiloy kəndlərində ümumi uzunluğu 61,8 kilometr yolların təmiri, Ağyazı, İlisu və Qum kəndlərində 9 bulaq tikilib, 9 çən quraşdırılıb və ümumi uzunluğu 15,1 kilometr olan içməli su xətti təmiri edilib. Almalı və Qaşqaçay kəndlərində isə 715 metr uzunluğunda hasar çəkilməklə abadlıq işləri aparıldığını bu istiqamətdə həyata keçirilən tədbirlərdən sayırlar.
Elə, Regionların sosial iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramının icrası ilə bağlı da kifayət qədər işlər görülür. Özüm də həmin işlərdən bir neçəsinin gedişi barədə yazmışam. Məsələn, şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası, həkim məntəqəsi, kəndlərdə sahə baytarlıq məntəqələri tikilib, məktəblərdə, səhiyyə obyektlərində, kitabxana və klublarda əsaslı təmir işləri aparılıb, yeni körpülər salınıb, beton bəndlər istifadəyə verilib, yeni artezian quyuları qazılıb, respublika əhəmiyyətli, kəndlərarası və kəndlərin giriş yollarına asfalt döşənib. Görülmüş işlər nəticəsində təkcə son bir ildə də 472 daimi yeni iş yeri açılıb. Dövlət proqramının icrasının qaxlılara verdiyi töhfələr bunlarla bitmir. Həmin proqram rayonda sahibkarlığın inkişafına xüsusi stimul verib.
Yeri gəlmişkən, rayonda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən ilin noyabrında rayonun Qorağan kəndində “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib. Məlumat üçün bildirim ki, 2002-ci ildən sonra İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 5,9 milyon manat, o cümlədən 2014-cü ildə 28 sahibkara 499 min manat güzəştli kreditlər verilib. Təbii ki, Qaxın iqtisadiyyatında əsas sahələrdən birini kənd təsərrüfatı təşkil edir. Mustafa bu barədə çox yazıb. Danışdı ki, bitkiçilik və heyvandarlıq məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində böyük işlər görülüb. Yerini-yurdunu sevən belə olar. Əzbərdən dedi. Dedi ki, 17 min 420 ton məhsul istehsal olunub ki, bunun da 11 min 660 tonunu buğda, 5760 tonunu isə arpa təşkil edib. Bundan başqa, sahələrdən son il 5254 ton qarğıdalı, 2060 ton tərəvəz, 1367 ton bostan, 9501 ton meyvə, o cümlədən 3002 ton fındıq yığılıb, 196 ton ətirli quru tütün tədarük olunub.
Qax zəngin təbiəti, xüsusən, meşə örtüyü olan rayonlarımızdandır. Ancaq bu təbii sərvətlərin də baxımsızlıq üzündən tükənməsi, ən yaxşı halda azalması mümkündür. Odur ki, Qax Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi, İlisu Dövlət Təbiət Qoruğu tərəfindən mühafizə rejiminə əməl olunması, fauna və flora elementlərinin qorunması, qoruq ərazisində elmi müşahidələrin davam etdirilməsi, “Təbiət səlnaməsi”nin yazılması, ekoloji təbliğat aparılması, yeni meşəliklərin salınması, meşə ilə örtülü olmayan massivlərin bərpası və kənar müdaxilələrin qarşısının alınması sahəsində kifayət qədər işlər görülür. Mal-qaranın meşə massivlərinə buraxılaraq otarılması hallarının, meşə qanunvericiliyinin pozulması sahəsində mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün lazım olan bütün addımlar atılır.
Qax nemətlərinin paytaxt sakinlərinə çatdırılması istiqamətində də uğurlu addımlar atılır. Bakı şəhərinin müxtəlif rayonlarında təşkil olunmuş yarmarkalarda hər il orta hesabla 10 tona yaxın qərzəklilər, 4 ton bal və arıçılıq məhsulları, 3 ton süd, 2 ton ət, 1,5 ton konserv məhsulları, 10 ton meyvə, 8 ton tərəvəz məhsulları, 400 kiloqram təbii dərman bitkilərinin satışı təşkil olunur. İcra hakimiyyətində dedilər ki, bundan sonra da bu sahədə görülən işlərin daha da genişləndirilməsinə diqqət artırılacaqdır. Dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən rayonda imtiyazlı təbəqəyə aid şəxslərin mənzil növbəsinin uçotu və mənzillə təminatı diqqət mərkəzində saxlanılır. Belə ki, ötən il mənzil növbəsinə götürülmüş 36 nəfər imtiyazlı şəxs mənzillə təmin olunub və Qaxbaş kəndində 1 nəfər Qarabağ müharibəsi əlilinə fərdi mənzil tikilib, 13 nəfər Qarabağ müharibəsi əlilinə pulsuz avtomobil və 1 nəfərə əlil arabası verilib. Bundan başqa, 18 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzil növbəsinə götürülüb və hazırda bu kateqoriyadan olan 23 nəfər ev növbəsindədir.
Qaxın gecələrinə baxmaqdan, həqiqətən, doymaq olmur. Rayon başdan-başa işığın içindədir. Qaxın fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində çox böyük işlər görülüb. Əhalinin təbii qazla təmin edilməsi ilə bağlı da nə qədər istəsən, xoş söz söyləmək olar. Təkcə ötən il 521 mənzilə qaz çəkilib. Nəticədə rayon üzrə olan 15567 ev təsərrüfatından 7473-ü təbii qazdan istifadə edir.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə söhbətimizdə də çox məqamlardan söz açmaq istəsəm də, müsahibim öz söhbətinə rayonun kəndlərində əhalinin içməli suya olan təlabatının təmin edilməsi məqsədi ilə görülən işlərlə başladı. Əvvəlcə elə bildim ki, söhbətimiz su çərşənbəsi günlərinə təsadüf etdiyinə görə rayon rəhbəri mövzunu bu istiqamətə yönəldir. Ancaq başçı konkret faktlara istinad edəndə həmin fikrimdən yayındım: Rayonun Meşəbaş, Əmircan, Şotavar, Uzuntala, Şıxlar, Qaysarlı, İngiloy-Kötüklü, Almalı, Ağyazı, Cəlayir və Dəymədağlı kəndlərində subartezian quyuları qazılıb istifadəyə verilib. İlisu kəndindən çəkilmiş yeni su xətti vasitəsilə əhaliyə içməli suyun verilməsi üçün rayon abonentlərinə 3420 ədəd yeni smart-kart tipli su sayğacları quraşdırılıb. Quraşdırılmış sayğacların 2540 ədədi idarə tərəfindən sistemə qoşulub və bunlardan 2137-nə ön ödəməli kart verilib, artıq əhali qəza halları istisna olmaqla günün 24 saatı ərzində fasiləsiz olaraq sudan istifadə edir.
Yuxarıda qeyd etmişdim ki, ağsaqqallar sabahımızı savadlı gənclərin quracağına ümid edirlər. Rayon rəhbərliyi isə həmin məntiqə təkcə ümid etmir, həm də inanır və inamın reallaşdırılması üçün konkret addımlar atılır. Belə ki, dövlət proqramına uyğun olaraq, rayonun təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində zəruri olan bütün işlər görülür. Məsələn, şəhər 4 nömrəli tam orta məktəbin əsaslı təmiri, şəhər 5 nömrəli tam orta məktəbinin təmiri, hər biri 20 yerlik olan Zərnə, İlisu və Qapıçay, 55 yerlik Qorağan kəndlərinin uşaq bağçalarında bərpa-gücləndirilmə işləri başa çatdırılıb, 9 saylı körpələr evi-uşaq bağçası binasının dam örtüyü əsaslı şəkildə təmir olunub. Şəhərdə hər biri 100 yerlik olan 2 uşaq bağçasının tikintisi davam etdirilir. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması və informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması məqsədi ilə məktəblərə 37 ədəd kompüter dəsti, 25 ədəd noutbuk, 11 ədəd proyektor, 9 ədəd ağıllı lövhə komplekti verilib.
Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 448 məzundan 300 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak edib. Qəbulun nəticələrinə görə, 2013-cü ildə 173 nəfər tələbə adını qazanmışdısa (bunlardan 8 nəfəri 600-dən çox), 2014-cü ildə bu göstərici 176 nəfər olub ki, onlardan 19 nəfəri 600-dən çox, 49 nəfəri isə 500-dən çox bal toplayıb.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə şəhər 2 nömrəli məktəb-liseyin müəllimi Gülbəniz Seyidova və şəhər 4 nömrəli tam orta məktəbin kimya müəllimi Şirin Mahmudova “Əməkdar müəllim” fəxri adına, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Elina Əliyeva “Tərəqqi” medalına layiq görülüblər. Respublika Prezidentinin sərəncamı ilə şəhər 2 saylı məktəb-liseyin coğrafiya müəllimi Zalxa Razıyeva və 4 nömrəli tam orta məktəbin tarix müəllimi Nurlanə Əzimova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olublar.
Ötən il Qaxın mədəniyyət işçiləri üçün daha əlamətdar olub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarova və Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudova “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.
Ölkənin ən tolerant rayonlarından olan Qaxda yaşayan milli azlıqların sosial-məişət şəraitinin yaxşılaşdırılması, inkişafı daim diqqət mərkəzində saxlanılır və onların sosial-iqtisadi, mədəni və sair problemlərinin öyrənilməsi və həlli istiqamətində lazımi işlər aparılır. Rayon etnik cəhətdən zəngin olduğundan keçirilən sosial-iqtisadi, ictimai-siyasi tədbirlərdə burada yaşayan bütün milli azlıqların nümayəndələrinin də iştirakı təmin olunur.
Yeri gəlmişkən, mən Qaxda çağırışçıların əsgərliyə yola salınması mərasimlərində tez-tez iştirak edirəm. Ötən il 346 nəfər belə gənc hərbi xidmətə yola salınıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsi, rayon təhsil şöbəsi və rayon gənclər və idman idarəsi ilə birlikdə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində onlarda Vətənə sevgi, dövlətə sədaqət, Konstitusiyaya və qanunlara hörmət, dövlət rəmzlərinə, hərbi anda və döyüş bayrağına ehtiramın aşılanması istiqamətində tədbirlər keçirilir.
Əziz oxucu! İndiyədək Qaxdan çox yazmışam. İnanın, hər dəfə bu gözəl, əsrarəngiz yerlərə ayaq basanda adam ruhən təzələnir, saflaşır. Hər gün dəyişən Qaxın belə göz oxşamasında xüsusi xidmətləri olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin adını çəkməsəm, insafsızlıq olar. Burada görülən möhtəşəm işlərin bir çoxu məhz onun təşəbbüsü və bilavasitə köməyi ilə ərsəyə gəlib. Belə yurdsevər insanların sayəsində Qaxda rayon həyatının hansı sahəsinə baxsan, hər addımda mütləq yazılmalı, deyilməli, təqdir və təbliğ olunmalı məqamlarla rastlaşarsan.
Addım dedim, bir məqam da yadıma düşdü. Mən rayon icra hakimiyyətinin binasından çıxanda yerli adam olmadığımı hiss edən iki yaşlı qadından biri ənənəvi qonaqpərvərliklə “xoş gəlmisiniz!”, – dedi. – Yaxşı olar ki, rayonumuzu gəzəsiniz”.
Bax beləcə kimliyimi bilməyən bu analar mənim şəhərin küçələri ilə addımlayıb buradakı inkişafın şahidi olmağımı istədilər. “Çox sağ olun,” – dedim. Mən bilmədim ki, onlar rayon icra hakimiyyətinə nəyə görə gəlmişdilər, bəlkə də, şikayətləri vardı, bəlkə də, kiməsə nəsə deyəcəkdilər. Bir onu bildim ki, yuxarıda dediyim kimi, qaxlılar öz doğulduğu, boya-başa çatdığı yurda çox bağlıdırlar.
Mənə belə səmimi münasibət və yol göstərən qaxlı analara isə demədim ki, burada görülən işlərə çox bələdəm. Gəzmişəm də, hər şeyi görmüşəm də... Amma gərək deyəydim...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.