Sabirabadda yeni hünər dastanları yazılır...

Sabirabad  rayonu barədə hansı müsbət epitetləri işlətsən yerinə düşməz ki? Bu rayona “ölkənin ən böyük rayonlarından biridir” deyəndə, düzünü demiş olursan, “sabirabadlılar ən istiqanlı və ən çalışqan insanlar sırasındadır” bənzətməsi də həqiqəti ifadə etmək baxımından  lap yerinə düşür və mübaliğədən tamamilə kənardır.

Sabirabad camaatı həmişə işlə, əməklə bağlı olub, çörəyini alın təri ilə qazanıb. Heç vaxt heç bir çətinlikdən qorxub çəkinməyib. Məhz bu fədakarlığın nəticəsidir ki, bu gün Sabirabadda yeni  abadlıq-quruculuq mərhələsi başlayıb, yeni hünər dastanları yazılır. Yola saldığımız 2014-cü il də bu baxımdan əlamətdar olmuşdur...

 

Prezident İlham Əliyev: Burada çox böyük işlər görülür...

 

2014-cü ilin ən yaddaqalan və əlamətdar hadisəsi hansıdır sualına  sabirabadlılar bir ağızdan “heç şübşəsiz, Prezident İlham Əliyevin rayona növbəti səfəri” deyə cavab verirlər.  Qeyd etmək lazımdır ki, dövlət başçısının rayona ötənilki səfəri doğrudan da,  onlarda xoş ovqat yaratmışdır. Ölkə rəhbəri  dekabrın 15 və 16-da rayonda olarkən 12 yaşayış məntəqəsini birləşdirən 46 kilometrlik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli  avtomobil yolunun, Heydər Əliyev fondunun dəstəyi ilə inşa olunmuş 100 yerlik uşaq bağcasının, regional “ASAN xidmət”i üçün 4 mərtəbəli möhtəşəm binanın, şəhərə çəkilən içməli suyun açılış mərasimlərində, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş Mədəniyyət evinin əsaslı təmirdən sonra təqdimatında iştirak etmişdir.Yeri gəlmişkən, ASAN Könüllülərinin birinci ümumrespublika forumu da ölkə başçısının rəhbərliyi ilə Sabirabadda keçirilmişdir.

Sabirabadlılarla görüşündə dövlət başçısı demişdir: “Burada çox böyük işlər görülür... Çox şadam ki, rayonda işlər yaxşı gedir. Çalışacağam ki, bundan sonra da Sabirabad rayonunun inkişafı üçün öz dəstəyimi verim”.

 

Danışan rəqəmlər

 

2014-cü ildə Sabirabad rayonunda 300 milyon 837 min manatlıq məhsul istehsal olunmuş, əsas kapitala yönəldilən investisiyaların həcmi 47 milyon 886 min manatı ötmüş, 35 milyon 645 min manatlıq tikinti-quraşdırma işləri aparılmış, 6 milyon 390 min manatlıq sənaye məhsulu, 182 milyon 953 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. 477 min manatlıq rabitə, 40 milyon 223 min manatlıq pullu xidmət,  4 milyon 441 min manatlıq nəqliyyat xidməti, 6 milyon 529 min manatlıq iaşə xidməti göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 189 milyon 976 min manata çatmışdır. 2013-cü illə müqayisədə 2014-cü ildə sənaye məhsulu 20,8, kənd təsərrüfatı məhsulu 9,4 faiz artmış, rabitə, pullu xidmətlər, parakəndə əmtəə dövriyyəsi əvvəlki ildən çox olmuşdur. Adambaşına düşən pul gəlirləri, orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən artmışdır.

 

Görülən iş göz oxşayır

 

Rayonda abadlıq-quruculuq işləri davam etdirilir. Şəhərdə üç beşmərtəbəli, iki üçmərtəbəli, bir ikimərtəbəli yaşayış binasının fasadı üzlük plitələrlə üzlənmiş, plastik pəncərələr quraşdırılmış, dam örtükləri dəyişdirilmişdir. Şəhid ailələri və Qarabağ  müharibəsi əlilləri üçün inşa edilmiş ikimərtəbəli binanın dam örtüyü əsaslı təmir olunmuş, Kürkəndi kəndi istiqamətində abadlıq işləri aparılmaqla müasir işıq dirəkləri quraşdırılmış, piyada səkilərə üzlük material döşənərək bardür düzülmüşdür. Bir küçəyə asfalt döşənmiş, səki salınmış, hasarlar suvanaraq rənglənmiş, işıqlandırma sistemi quraşdırılmaqla yeni dirəklər basdırılmış, qaz xətti dəyişdirilmiş, hava rabitə verilişi xətləri yeraltı kabellərlə əvəz olunmuşdur. Şəhərin görkəminə xələl gətirən yararsız ticarət və digər obyektlər qaydaya salınmışdır. Nizami kəndində istirahət parkı salınmış, ticarət və digər obyektlər təmir olunmuş, piyadalar üçün səki çəkilmiş, bir sıra  evlərin dam örtükləri dəyişdirilmişdir.

 

Sahibkarlıq və yeni iş yerləri

 

Ötən il rayonda 75 müəssisə fəaliyyətə başlamış, 924-ü daimi, 111-i müvəqqəti olmaqla 1035 yeni iş yeri açılmışdır. Birinci Dövlət Proqramının qəbul edildiyi vaxtdan 7681-i daimi olmaqla 10778 yeni iş yeri yaradılmışdır. Yeni müəssisələrin yaradılmasında, iş yerlərinin açılmasında dövlətin verdiyi güzəştli kreditlər mühüm rol oynayır. Ötən il 94 layihənin həyata keçirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu 1 milyon 378 min 500 manat güzəştli kredit ayırmış,  nəticədə 225 yeni iş yeri açılmışdır.

 

Bu yollar səsləyir bizi

 

Prezident İlham Əliyevin sərəncamına əsasən, uzunluğu 46 kilometrlik Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun əsaslı təmiri tamamlanmış, Şirvan-Həşimxanlı-Sabirabad avtomobil yolunun 10 kilometri əsaslı təmir olunmuş, Hacıqabul-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolundan Əhmədabad kəndinə qədər olan 6 kilometr yola asfalt döşənmişdir. Məlum olduğu kimi, dövlət başçısı 20 min nəfərin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 kilometr olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı  da sərəncam imzalamışdır. Yolun çəkilişi ilə əlaqədar layihə smeta sənədləri hazırlandıqdan sonra cari ildə işə başlanılacaqdır. Şəhriyar, Axtaçı, Xəlfəli,  Nərimankənd, Yastıqobu, Əsədli, Qalağayın, Balakənd, Zəngənə kəndlərinə də asfalt yol çəkilməsi ilə uzun illərin intizarına son qoyulacaqdır.

Bundan əlavə, ötən il rayon icra şakimiyyəti və Kənd İnvestisiya Layihəsinin birgə əməkdaşlığı çərçivəsində on iki kənddə 22 kilometrdən çox kənd yolu çınqıl döşənməklə cari təmir edilmişdir.

 

Dövlət dəstəyi məhsul bolluğuna şərait yaradır

 

2014-cü ildə 17853 kənd təsərrüfatı məhsulları istehsalçısına 1 milyon 793 min manat, buğda əkmiş 4420 nəfərə 363,6 min manat yardım verilmişdir. “Aqrolizinq” ASC-dən və digər bazalardan 50 faiz güzəştlə 635,2 min manatlıq mineral gübrə alınmışdır.  Bunların nəticəsində 2013-cü ildə 167,1 milyon manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edildiyi halda, 2014-cü ildə ümumi məhsul istehsalı 15,8 milyon manat və ya 9 faiz artaraq 182,9 milyon manata çatmışdır.   Məhsulun 103 milyon manatı və ya 56 faizi heyvandarlıq, 79,9 milyon manatı və ya 44 faizi bitkiçilik sahəsində istehsal olunmuşdur.  57187 hektarda əkin aparılmışdır ki, bu da əvvəlki illərdən artıqdır. Əkin sahələrinin 23850  hektarında taxıl, 22409 hektarında yonca, 7427 hektarında bostan-tərəvəz, 1696 hektarında pambıq, 1291 hektarında kartof, 504 hektarında dənli-paxlalı əkilmiş və məhsulu toplanmışdır. Həmin sahələrdən 2014-cü ildə 2013-cü illə müqayisədə 7 faiz çox- 84403 ton taxıl, 4 faiz çox - 2170 ton dənli-paxlalı, 11 faiz çox- 15956 ton kartof,  4 faiz çox- 112774 ton bostan-tərəvəz, 6 faiz çox-16460 ton meyvə-giləmeyvə və digər kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Keçən il nar istehsalı da xeyli artaraq  10462 tona çatmışdır. Ötən il 1910 kilometr uzunluqda su kanalı və dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinə  ayrılmış 18 milyon  manat vəsait hesabına Sabirabad Aqroservis filialına 22 müasir tipli taxılbiçən kombayn ayrılmışdır ki, bu da taxıl biçini dövründə əvvəllər mövcud olmuş çətinliyi tam aradan qaldırmış və məhsul itkisi olmadan biçin qısa müddətdə başa çatmışdır. Təbii ki,  fermerlər dövlətin bu qayğısını böyük razılıqla qarşılamışlar.

 

İşığın, suyun, qazın varsa...

 

Elektrik enerjisinin dəqiq uçotunun aparılması və enerji verilişində fasilələrin yaranmasının qarşısının alınması məqsədilə Hacıbəbir, Axtaçı, Ulacalı yarımstansiyalarında istismar müddətini başa vurmuş transformatorlar yenisi ilə əvəz olunmuşdur. Muğan Gəncəli, Qaraağac, Axtaçı Muğan və Minbaşı kəndlərində istismara yararsız hava verilişi xətləri, bir sıra kəndlərdə yüksək gərginlikli elektrik xətlərinin dayaqları dəyişdirilmişdir. Sıradan çıxmış 22 transformator təmir olunmuş, 1558 “Smart” kart tipli sayğac quraşdırılmışdır. Hazırda 13846 abonent “Smart” sayğaclarından istifadə edir.  Şəhərdə dairəvi sistem yaratmaq üçün müxtəlif diametrli borularla 1080 poqonometr əlavə qaz xətti çəkilmiş, küçələrə müasir qaztənzimləyici qurğular quraşdırılmışdır. Təbii qaz təchizatında problemləri olan abonentlərin çətinliklərini aradan qaldırmaq üçün qaz xətləri dəyişdirilmişdir. 2014-cü ildə Suqovuşan, Əhmədabad və Məmişlər kəndlərinə təbii qaz verilmişdir. Görülən işlər nəticəsində 1019 abonentə təbii qaz verilmiş və abonentlərin sayı 13965-ə çatmışdır.

İçməli su ilə təminatı yaxşılaşdırmaq məqsədilə Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xətti çəkilmişdir.  Xatırladaq ki, əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının da tikintisi başa çatmaq üzrədir.

Ötən il Əsgərbəyli, Osmanlı, Rüstəmli, Qardaşkənd və Çöl Ağammədli kəndlərində modul tipli sudurulducu qurğular sakinlərin istifadəsinə verilmişdir.

 

Təhsilə maraq artır

 

Şübhəsiz ki, orta məktəblərdə təhsilin əsas göstəricilərindən biri  məzunların ali məktəblərə qəbul imtahanlarında qazandığı nəticələrdir. Bu nəticələr, eyni zamanda, təhsilin keyfiyyəti barədə də dəqiq təəssürat yaradır. Məlumat üçün: 2014-cü ildə 272 məzun tələbə adını qazanmış,  32-si 500-dən yuxarı, 10-u isə 600-dən çox bal toplamışdır. İki məzun isə qızıl medala layiq görülmüşdür.

Həmçinin “ölkəmizi tanıyaq” devizi altında keçirilmiş tur-aksiyada 42  sabirabadlı şagird İsmayıllı, Şəki, Qəbələ rayonları ilə yaxından tanış olmuşdur.

Son iki ildə rayonun 14 məktəbində tikinti, əsaslı təmir işləri aparılmış, Mirzə Ələkbər Sabir adına 1 saylı, Eynulla Nadirov adına 8 saylı şəhər, Nərimankənd və Yuxarı Axtaçı kənd tam orta məktəb binaları tikilərək istifadəyə verilmişdir. Nizami Gəncəvi adına 5 saylı, Hacı Zeynalabdin Tağıyev adına 6 saylı şəhər tam orta məktəb binaları əsaslı təmir olunmuş, əlavə 200 şagird yerlik 10 sinif otağı tikilmişdir. Qaraağac, Kovlar, 1 saylı Qaragüney, Çöl Beşdəli və Xəlfəli kənd tam orta məktəbləri də əsaslı təmir edilmiş və lazımi inventar və avadanlıqlarla təmin olunmuşdur.  Bundan başqa, Səməd Vurğun adına 3 saylı şəhər  və 2 saylı Cavad kənd tam orta məktəblərinin  dam örtüyü dəyişdirilmiş, fasad hissəsi təmir olunmuşdur.  Son illər rayonda uşaq bağçalarının tikintisi də gücləndirilmiş, 2 saylı şəhər uşaq bagçası əsaslı, 5 saylı şəhər uşaq bagçası cari təmir olunmuş, təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş Qasımbəyli kənd uşaq bagçası yenidən tikilmiş, Azadkənd kənd uşaq bagçasının bir hissəsi əsaslı təmir olunmuşdur. Uyğunlaşdırılmış binada yerləşən 3 saylı şəhər uşaq bağçası keçən il Heydər Əliyev Fondunun dəstəyi ilə şəhər mərkəzində tikilmiş 100 yerlik müasir uşaq bağçasına köçürülmüşdür. Dekabrın 15-də Sabirabada səfəri çərçivəsində ölkə başçısı həmin uşaq bağçasının açılışında iştirak etmişdir.

 

Cansağlığı ən gözəl nemətdir

 

 Mərkəzi Rayon Xəstəxanası üçün müasir tələblərə cavab verən 205 çarpayılıq xəstəxana binasının tikintisinin davam etdirilməsi, xəstəxananın bəzi şöbələrində, bir sıra kənd sahə xəstəxanalarında və həkim məntəqələrində cari təmir işlərinin aparılması səhiyyə sisteminə qayğıdan xəbər verir.  Məlumat üçün: Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Bulaqlı kəndində, “Seda” Qeyri Hökumət Təşkilatı tərəfindən Qaralar kəndində tibb məntəqələri tikilib istifadəyə verilmişdir.

Prezidentin tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək 108210 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr nəticəsində ciddi xəstəliyi aşkar edilmiş 191 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir.

Ötən ilin mayında Azərbaycan Dövlət Tibb Universitetinin 8 ixtisas üzrə həkim briqadası Qasımbəyli və Yolçubəyli kənd həkim məntəqələrində 556 nəfəri müayinə etmişdir.

 

Heydər Əliyev Mərkəzi – yeni tədbirlər ünvanı

 

Rayonun möhtəşəm Heydər Əliyev Mərkəzi artıq ümumrespublika tədbirləri keçirilən bir ünvana çevrilmişdir. 2014-cü ildə 14186 nəfər mərkəzi ziyarət etmiş, 412 ekskursiya təşkil edilmişdir. Mərkəzin nəzdində fəaliyyət göstərən tədqiqat qrupunun bilavasitə köməyi ilə müxtəlif mövzularda 79 tədbir keçirilmişdir. Yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi ənənəyə çevrilmişdir. Keçən il mərkəzdə 84 nikah mərasimi qeydə alınmışdır. Həmçinin fevral-may aylarında “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummillli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə keçirilmiş 56 dərsdə 1715 nəfər XI sinif şagirdi iştirak etmişdir.  2014-cü il noyabrın 3-dən yenidən başlanmış tarix dərsləri bu ilin mayına kimi davam etdiriləcəkdir.

 

Faktlar bələdçilik edir

 

... Əlbəttə, görülmüş bütün işlər və həyata keçirilmiş tədbirlər, eləcə də qarşıda duran hədəflər və vəzifələr barədə bu yaxınlarda rayon ictimaiyyəti nümayəndələrinin , ziyalıların və ağsaqqalların iştirakı ilə keçirilmiş  yığıncaqda rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov daha ətraflı hesabat verdi. Rayon rəhbərinin hesabatından bəlli oldu ki, ötən il ümumilikdə Sabirabad üçün düşərli olmuşdur və bütün sahələrdə mühüm uğurlar əldə edilmişdir. Sözsüz ki, rəsmi hesabatda səslənən rəqəmlər də icra başçısının dediklərini bir daha təsdiqləyir.

 

...Və nəhayət

 

...Bu da 2014-cü ildə Sabirabadda görülmüş işlərin qısa mənzərəsi. Bu mənzərədən aydınlaşan çox dəqiq bir məqam var: rayonun, doğrudan da, sosial-iqtisadi inkişaf yolunda qətiyyətlə irəliləməsi, heç şübhə yoxdur ki,  ona bu istiqamətdə daha da böyük uğurlar qazandıracaqdır. 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında