Hər daşı-torpağı tarix qoxuyan, keçmişiylə bu gününün əsrarəngiz vəhdətini yaradan gözəl bir ünvan var. Və mən tez-tez bu ünvana tələsirəm. Çünki burada qəribə bir rahatlıq, dinclik tapıram. Adım kimi əminəm ki, bu rahatlığa, bu dincliyə tələsənlərin sayı yüzlərlə, minlərlədir. Ən başlıcası da odur ki, bura Bakının beş-on kilometrliyindədir. Yəqin ki, bildiniz: hər gün gözümüzün önündəcə dəyişən, yeniləşən, böyüyən və hər il on minlərlə insana “qucaq açan” bu doğma ünvan Abşeron rayonudur. O Abşeron rayonu ki, yuxarıda saydığım bu təşbehlərin hamısını son beş-on ildə qazanıb. Bir neçə on ilə sığmayan inkişaf yolunu qısa müddətdə keçən və misilsiz nailiyyətlər əldə edən Abşeron üçün 2014-cü il də əlamətdar oldu. Bunu ötən ilin statistikası da təsdiqləyir.
Bəri başdan qeyd edim ki, dövlət başçısı İlham Əliyevin oktyabrın 3-də Abşeron rayonuna növbəti səfəri abşeronluların yaddaşında silinməz izlər buraxdı. Həmin səfər zamanı Prezident Heydər Əliyev Mərkəzinin, yenidən qurulmuş mədəniyyət və istirahət parkının, Bayraq meydanının, musiqi və şahmat məktəblərinin, “Park Abşeron” əyləncə mərkəzinin, Masazırda 13 min tamaşaçı yerlik müasir stadionun açılışında iştirak etmiş, aparılan abadlıq-quruculuq işləri ilə ətraflı tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.
Görülmüş işləri çox yüksək qiymətləndirən dövlət başçısı Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırmışdır. Eyni zamanda, ötən il Abşeron rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan 14 abşeronlu da müxtəlif fəxri ad və medallarla təltif edilmişdir.
Kimsəsiz məzunlara yeni mənzillər
2014-cü ildə əlamətdar və təsirləndirici, yaddaşlardan silinməyəcək bir hadisə baş verdi. Bu, valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün Masazır kəndində 120 mənzilli 13 mərtəbəli yaşayış binasının açılışı idi. Həmin tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da iştirak edirdi. Çoxdan bəri ictimai narahatlıq doğuran ciddi bir məsələnin- uşaq evlərində tərbiyə alan və 18 yaşı tamam olmuş gənclərin mənzillə bağlı probleminin bu cür həlli, doğrudan da, alqışlanmağa və təqdir edilməyə layiqdir. Bu, eyni zamanda, ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara yüksək diqqət və qayğısının əyani təzahürüdür. Açığı, bu incə məqama 2014-cü ildə sosial-iqtisadi inkişaf yekunlarından bəhs edən yazıının elə başlanğıcında toxunmaq ehtiyacı duydum.
Bir az statistika
... 2014-cü ildə 73 faizi qeyri-dövlət sektorunun payına düşməklə rayonun sənaye müəssisələri 114 milyon manatlıq məhsul istehsal etmişdir.
...2014-cü ildə Abşeron Telekommunikasiya Qovşağı yaşayış massivlərinə 29 min metr müxtəlif tipli yeni kabellər çəkmiş, “Abşeron Gənclər Şəhərciyi”ndə yeni ATS istismara verilmiş, istifadədə olan əsas telefon aparatlarının sayı 3700 ədəd artmaqla hər 100 ailəyə düşən telefon aparatının sayı 98-ə, internet istifadəçilərinin sayı isə 32-yə çatdırılmışdır.
... 2014-cü ildə “Azərpoçt” İstehsalat Birliyinin rayon filialı 562 min manat proqnoza qarşı 686 min manatlıq işlər görmüşdür.
... 2014-cü ildə “Asan xidmət”in Xırdalan şəhərində təşkil olunmuş 10 günlük səyyar fəaliyyətindən 2400 abşeronlu istifadə etmişdir.
... 2014-cü ildə pərakəndə ticarət və iaşə müəssisələrinin xidməti əvvəlki ilin müvafiq dövrünə nisbətən 23 faiz artaraq 254 milyon manat təşkil etmişdir.
...2014-cü ildə yerli büdcəyə 34 milyon 131 min manat vəsait cəlb olunaraq proqnoza 104,3 faiz əməl edilmiş, yerli xərclər 95,3 faiz icra olunmuşdur. İqtisadiyyatın güclənməsi, sahibkarlıq subyektlərinin, istehsal müəssisələrinin fəaliyyəti üçün yaradılmış əlverişli şərait beş ildir ki, dotasiya almadan yerli gəlirlərlə büdcə formalaşdırılmasına imkan vermişdir.
... 2014-cü ildə dövlət əmlakının özəlləşdirilməsi, qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi yolu ilə büdcəyə 804 min manat vəsait cəlb edilmişdir.
... 2014-cü ildə 2349 ailənin 9500 nəfər üzvünə hər ay 128 manat olmaqla ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
... 2014-cü ildə əmək pensiyaçılarının sayı 1346 nəfər artaraq 19799 nəfər olmuşdur.
... 2014-cü ildə 504 nəfər işlə təmin edilmiş, 83 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunmuşdur.
... 2014-cü ildə Abşeron bələdiyyələri, əvvəlki illərdə olduğu kimi, rayonun sosial-iqtisadi, mədəni və ictimai həyatında fəal iştirak etmiş, sosial obyektlərin tikintisi, şəhər, qəsəbə və kəndlərin yol, işıq, su və digər problemlərin həlli ilə bağlı bir çox yerli əhəmiyyətli layihələri həyata keçirmişdir.
... 2014-cü ildə 3083 yeni iş yeri açılmış, bununla da 2004-cü ildən bəri rayonda açılmış yeni iş yerlərinin ümumi sayı 21 mini ötmüşdür. Yeri gəlmişkən, rayonda sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində son 10 ildə 9 mindən çox insanın işlə təmin olunduğu 90 məhdud məsuliyyətli cəmiyyət, 18 mindən artıq fiziki şəxs kommersiya, xidmət, istehsal və emal sahələri üzrə fəaliyyətə başlamışdır.
... 2014-cü ildə 40 min nəfərə yaxın məcburi köçkünün həyat şəraiti daim diqqət mərkəzində saxlanılmışdır.
... 2014-cü ildə Abşerondakı möhtəşəm Heydər Əliyev Mərkəzində 23 gənc ailənin nigah mərasimi keçirilmişdir.
... 2014-cü ildə icra hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondu və digər daxili imkanlar hesabına 1410 nəfərə 254 min manat maddi yardım göstərilmişdir.
... 2014-cü ildə Uşaq şahmat idman məktəbi, Masazır kəndində 13 min tamaşaçı tutan stadion tikilmiş, abşeronlu idmançılar dünya və Avropa birinciliklərində 29 qızıl, 18 gümüş, 12 bürünc medal qazanmışlar.
... 2014-cü illə bağlı statistikanı istənilən qədər davam etdirmək olar. Ancaq ən yaxşısı budur ki, buradaca nöqtə qoyub prioritet sahələrdə göürülmüş işlərə bir qədər ətraflı nəzər salaq.
Təhsil: nəticələr və hədəflər
Təhsilə dövlət qayğısının bariz nümunəsidir ki, 2013-2014-cü dərs ilində Xırdalan şəhərinin “Abşeron Gənclər Şəhərciyi”ndə 600, Mehdiabad qəsəbəsində 400 şagird yerlik yeni məktəb binası tikilmiş, Xırdalan şəhər 1 saylı tam orta məktəbi üçün 840, 4 saylı tam orta məktəbi üçün 400, 7 saylı tam orta məktəbi üçün 240, Aşağı Güzdək qəsəbə tam orta məktəbi üçün isə 200 şagird yerlik əlavə tədris korpusları tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbində əsaslı təmir işlərinə başlanılmışdır.
Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bağça tikintisi ilə bağlı təşəbbüsünə ürəkdən qoşulan Abşeron rayonunda ötən il daxili imkanlar hesabına 22 uşaq bağçasının tikintisinə başlanılmışdır. Xırdalan şəhərində iki, Ceyranbatan qəsəbəsində, Məmmədli kəndində uşaq bağçaları tikilərək artıq istifadəyə verilmiş, Masazır kəndində tikilmiş 6 qrupluq uşaq bağçasında isə son tamamlama işləri görülür. Rayonun şəhər, qəsəbə və kəndlərində 17 uşaq bağçasının tikintisi hazırda davam etdirilir və cari ilin sentyabr ayınadək istifadəyə verilməsi təmin ediləcəkdir.
Əvvəlki dərs ilində olduğu kimi, bu il də ali məktəblərə qəbul imtahanlarında rayon məktəblərinin məzunları yüksək nəticələr əldə etmişlər. Keçən dərs ilinə nisbətən qəbul faizi 3,5 faiz artaraq 65 faiz təşkil etmişdir ki, bu da respublika göstəricisindən yuxarıdır. Ötən il ali məktəblərə sənəd vermiş 1215 nəfər məzundan 785 nəfəri tələbə adına layiq görülmüş, onlardan 81 nəfəri 500-dən, 33 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Saray qəsəbə 3 saylı tam orta məktəbinin iki nəfər məzunu təhsildə qazandıqları nailiyyətlərə gərə Təhsil Nazirliyi tərəfindən qızıl və gümüş medallara layiq görülmüş, hər iki məzun yüksək balla ali məktəblərə daxil olmuşdur. Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbin məzunu Məlikova Aysel Ənvər qızı isə qadınlar arasında keçirilən karate üzrə Avropa çempionatında birinci yeri tutduğuna görə imtahansız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. Xırdalan şəhər 1, 2 və 8 saylı, Qobu qəsəbə 3 saylı, Ceyranbatan qəsəbə 1 və 2 saylı, Saray qəsəbə 3 saylı, Mehdiabad qəsəbə 1 saylı, Güzdək, Hökməli qəsəbəsi, Məmmədli, Fatmayı kənd tam orta məktəbləri yüksək nəticələr əldə etmişlər.
Ötən il keçirilmiş müsabiqədə Xırdalan şəhər 2 saylı və Masazır kənd 2 saylı tam orta məktəbləri ilin ən yaxşı məktəbi adına, Mehdiabad qəsəbə 3 saylı tam orta məktəbin müəllimi Vüsalə Məmmədova və Masazır kənd 1 saylı tam orta məktəbin müəllimi Bilqeys Quliyeva ilin ən yaxşı müəllimi adına layiq görülmüşlər.
Yeniləşən səhiyyə
Abşeronlulara göstərilən səhiyyə xidmətini yaxşılaşdırmaq istiqamətində də bir sıra tədbirlər görülmüşdür. Prezidentin sərəncamı ilə 2012-ci ildə ayrılmış vəsaitlə Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanasının yeni binası tikilir. Eyni zamanda, rayonun daxili imkanları hesabına Fatmayı kəndində tikilən 14 otaqlı, iki mərtəbəli poliklinika sakinlərin istifadəsinə verilmişdir. Hökməli qəsəbəsinin “Atyalı” yaşayış massivində də 11 otaqdan ibarət yeni binanın tikintisi tamamlanmaq üzrədir.
Ölkə rəhbərinin tapşırığına əsasən 2014-cü ilin fevral-may aylarında rayon sakinlərinin həkim müayinəsindən keçirilməsi tədbirləri aparılmışdır. Qeyd edim ki, Prezidentin təşəbbüs və çağırışını böyük rəğbətlə qarşılayan 267 min nəfər tibbi müayinədən keçmişdir. Müayinə zamanı aşkar olunmuş xəstəliklərin vaxtında müalicəsi təmin edilmişdir. Bu tibbi müayinənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Şəkərli diabet, vərəm, onkoloji xəstəliklər, böyrək çatışmazlığı, talassemiya və hemofiliyalı xəstələrin dərman preparatları ilə təminatına 700 min manatdan çox vəsait xərclənmişdir.
Rayon Gigiyena və Epidemiolgiya Mərkəzinin ötən il həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində kütləvi yoluxucu epidemiyalara təsadüf olunmamışdır.
“Azərbaycanın sənətkarlıq paytaxtı”
Mədəni-kütləvi tədbirlərin təşkilinə də diqqət artırılaraq tarixi hadisələr, əlamətdar günlər qeyd olunmuş, ədəbi-bədii gecələr və görüşlər keçirilmiş, həmin tədbirlər televiziya kanallarında və kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Abşeron rayonu 2014-cü ildə “Azərbaycanın sənətkarlıq paytaxtı” elan olunmuşdur.
Ötən il rayon Mədəniyyət evində, Tarix Diyarşünaslıq Muzeyində əsaslı təmir işləri aparılmış, Xırdalan şəhərində müasir tələblərə cavab verən uşaq musiqi məktəbi istifadəyə verilmişdir.
Yol da, yaşıllıq da abadlıqdan xəbər verir
Rayonda irimiqyaslı layihələr çərçivəsində Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yollarının Abşeron rayonu ərazisindən keçən hissəsində yolun hər iki kənarında geniş abadlıq, müasir və zövqoxşayan üslubda yenidənqurma işləri aparılmışdır. Bununla əlaqədar 350 min kvadratmetrdən çox sahədə yaşıl ot (qazon), 500 minə yaxın gül, 20 mindən çox dekorativ kol və ağac əkilmişdir. Yaşıllıqların suvarılması məqsədilə 110 kilometr uzunluğunda su xətti çəkilmişdir.
Abşeron rayonunda ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılır. Ötən il “İDEA” ictimai birliyinin təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayonda genişmiqyaslı ağacəkmə kompaniyası həyata keçirilmişdir. Ümumilikdə ötən il rayon ərazisində 1 milyondan çox ağac və gül kolları əkilmişdir.
2014-cü ildə əsaslı tikinti və təmir-bərpa işlərinin həcmi xeyli artmışdır. 350 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 313 milyon manat investisiya yönəldilmişdir.
Ötən il Xırdalan şəhərində 6 binanın dam örtüyü və fasadı, 30 binanın girişi və pilləkən məhəccəri əsaslı təmir edilmişdir.
Masazır-Saray-Novxanı yaşayış məntəqələrini birləşdirən 7.6 kilometr uzunluğunda yol 2014-cü ildə yenidən qurularaq istismara verilmiş, 33,7 kilometrlik Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yolunun tikintisi başa çatdırılmışdır. Ötən il daxili imkanlar hesabına küçə və yollara 293 min kvadratmetr asfalt örtük çəkilmiş, 104 min kubmetr çınqıl tökülərək yayılmışdır.
Gecə-gündüz işıq, qaz, su...
Ötən il 14 yeni transformator quraşdırılmış, 13 yanmış tranformator təmir edilmiş, 889 yüksək gərginlikli dayaq basdırılmış, 61 min metr uzunluğunda naqil çəkilmişdir. Şəhər, qəsəbə və kəndlərdə 70 min metr uzunluğunda özünüdaşıyan izolyasiyalı kabel çəkilmiş, 1780 dayaq basdırılmışdır. Xırdalan şəhərindəki yarımstansiyada 10 meqavatlıq transformator 25 meqavatlıq, Masazır yarımstansiyasında 25 meqavatlıq transfomator 40 meqavatlıq, Çaylı yarımstansiyasında isə 1,8 meqavatlıq transformator 4 meqavatlıq transformatorla əvəz edilmişdir.
2014-cü ildə əsasən yeni yaşayış massivlərinə 14627 poqonometr qaz xətti çəkilmiş, evlərdə 6300 “Smart-kart” tipli qaz sayğacı quraşdırılmışdır. 2010-cu ildən rayonda təbii qaz şəbəkəsində başlanılmış geniş miqyaslı yenidənqurma işləri sayəsində bu gün Abşeron əhalisinin təbii qaz ilə təchizatında problem yoxdur.
Həmçinin ötən il müxtəlif diametrli borularla 22706 poqonometr yeni su xətləri çəkilmiş, 4178 poqonometr korroziyaya uğramış xətt dəyişdirilmiş, 22706 su sayğacı quraşdırılmışdır.
Məlumdur ki, Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondu arasında 2014-cü ilin 3 iyulunda “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə 75 milyon dollarlıq kredit sazişi imzalanıb. Bu sazişin gerçəkləşməsi 190 mindən çox abşeronlunun fasiləsiz içməli su ilə təminatı deməkdir.
Kənd təsərrüfatında göstəricilər daha da yüksəlir
Rayonda aqrar islahatların səmərəli tətbiqi Abşeron kəndlisinə imkan yaratmışdır ki, şəxsi təsərrüfatını daxili tələbata və bazar iqtisadiyyatının qaydalarına uyğunlaşdırsın.
2015-ci ilin yanvarın 1-nə olan statistik məlumata əsasən, qəsəbə və kəndlərin əhalisində 19530 baş iribuynuzlu mal-qara, o cümlədən, 107 min başa yaxın davar vardır. İl ərzində 1822 ton ət, 40637 ton süd, 2783 sentner yun, 93 milyon ədəd yumurta istehsal olunmuşdur.
Tərəvəzçiliyin örtülü sahələrdə yerləşdirilməsi və yeni istixanaların işə salınması ildən-ilə bazarlara çıxarılan məhsulun artımında özünü büruzə verir. Ötən il Abşeronda 2013-cü ildəkindən 1758 ton çox- 8407 ton tərəvəz, həmçinin 2248 hektar bağda 1172 ton meyvə istehsal olunmuşdur.
Abşerona xas sahələri olan zəfərançılığın bərpa edilməsi, zeytun bağlarının, üzüm plantasiyalarının genişləndirilməsi sevindiricidir.
Yeri gəlmişkən, 2014-cü ildə rayondakı dövlət və özəl müəssisələrin 141 hektar üzüm, 1590 hektar zeytun, 23,1 hektar zəfəran sahələrindən 197 ton üzüm, 543 ton zeytun, 400 kiloqram zəfəran yığılmışdır.
2014-2018-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Mehdiabad qəsəbəsində yerləşən inzibati binasının əsaslı təmiri, yeni laboratoriyaların tikilməsi institutun nəinki Abşeronda, eləcə də digər bölgələrdə üzümçülüyün və şərabçılığın inkişafında əhəmiyyətli rol oynamasına şərait yaradacaqdır.
Ölkə başçısının təşəbbüsü ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi hələ ötən əsrin 60-cı illərindən kənd təsərrüfatı rayonu kimi formalaşmış Abşeronda da bu sahənin inkişafına təkan verəcəkdir.
... Abşeron rayonu qazandığı uğurlar silsiləsini daha da artırmaq və ikinci ayı tamamlanmaqda olan yeni ili də yeni nailiyyətlərlə zənginləşdirmək əzmindədir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.