Beləliklə, Baba dağı, Allah bilir, neçə milyonuncu dəfə kiçik çilləni də başa vurub “boz ay”ı yaşamağa başlayırdı. Yaxşı ki, əməlli-başlı qar yağdı, yoxsa qışın ötən illərə nisbətən yağmursuz keçməsindən “incik qalan” bu dağlar Novruz çərşənbələrinin astanasında çox qaş-qabaqlı, rəngi tutqun görünürdü. Mən də dağlar yaşında olmasa da, dünyanın hər üzünü görmüş İsmayıllı Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyevi eynilə həmin əhval-ruhiyyədə gördüm: - qaş-qabaqlı. Dəfələrlə həmsöhbət olmuşuq. Dediklərini neçə dəfə qələmə almışam. Amma onu heç zaman nədənsə gileylənən, kimdənsə umu-küsü eləyən görməmişdim. İndi isə... sanki ürəyi dolu idi:
– Oğul, Bakıdakı bəzi dostlarınızın, həmkarlarınızın başına niyə ağıl qoymursunuz?
Düzü, qəfil sualdan donub qaldım. Axı ağsaqqal nə demək istəyir, kimi nəzərdə tutur? Mətləbə özü qayıtdı: “Bəzilərinin adamların ağa qara deməsinə, şər-böhtan yazmağına, görəsən, nə ad vermək olar? Vallah onlara yazığım gəlir, yerlərinə xəcalət çəkirəm. Elə bilirsən, İsmayıllının bugünkü tərəqqisini onların özləri görmürlər? Görürlər, lap yaxşı görürlər. Bilirlər ki, son iki ildə bizim rayon bəlkə də, əvvəlki 10-15 ildəki qədər inkişaf edib. Bu boyda həqiqət göz qabağında ola-ola, ayrı-ayrı qəzetlərdə, saytlarda, daha nə bilim haralarda yüz cür qarayaxmalar yazırlar. Əgər insanların qınağından qorxmurlarsa, onda Allahı unutmasınlar. Göz görə-görə yalan yazmaq birinci növbədə Allah qarşısında günahdır.”
Ağsaqqalın dedikləri tamamilə həqiqət olduğuna, üstəlik, onun haqlı sualına cavab verə bilməyəcəyimə görə mövzunu dəyişməyə cəhd etdim: – İlk çərşənbə ərəfəsində havanın bu qədər kəskin şəkildə dəyişməsi bağ-bağata ziyan vuracaqmı?
Məqsədimi dərhal tutdu:
– Yox, oğul, Allaha şükürlər olsun ki, havalar pisləşənə qədər ağaclar oyanmamışdılar. Ona görə heç bir ziyan ola bilməz. Əksinə, xeyir gözləyirik.
Yenə əvvəlki söhbətə qayıtdı:
– Elə bəzi adamlar da hələ oyana bilmirlər. Xalqın mənafeyinin harada, ziyanının hayanda olduğunu kəsdirə bilən adam el üçün çalışanlara badalaq gəlməz. İstəyirsiniz inanın, istəmirsiniz, öz işinizdir. Bizim rayonun indiki rəhbərini buraya göndərdiyinə görə İsmayıllı camaatı dövlət başçısının atasına rəhmət oxuyur. Son iki ildə rayonda görülən işlərdən hamı razıdırsa, bu cızma-qaraçılar haradan peyda olurlar bilmirəm.
Əziz oxucu, öz doğma yurduna canı-qanı ilə bağlı olan 85 yaşlı bir ağsaqqalın harayı idi, bu. Sözün düzü, İsmayıllıya budəfəki səfərim zamanı ilk növbədə rayon rəhbərlərinin deyil, sadə insanların sosial-iqtisadi inkişaf barədə fikirləri ilə tanış olmaq istəyirdim. Çünki əvvəllər bu rayon haqqında dəfələrlə qəzet materialı hazırladığıma görə indi adi bir hesabat xarakterli yazı qələmə almaq fikrindən uzaq idim. İnanırdım ki, sakinlərin və bu gözəl diyarın qonaqlarının bugünki İsmayıllı həqiqətləri barədə deyəcəyi fikirlər həmin yazının əsasını təşkil edə bilər. Belə də oldu. Əvvəlcə rayon rəsmilərindən heç kimlə görüşmədən, heç bir arayış, məlumat almadan şəhərin gündən-günə abadlaşan və müasirləşən küçələrində heç kəsin adını soruşmadan və özümü təqdim etmədən xeyli adamla söhbət etdim. Bu dağlar diyarının sakinləri də, qonaqları da rayondakı tərəqqi ab-havasını sidq-ürəklə alqışladılar.
Biri bildirdi ki, Bakı küçələrində “İsmayıllıda istehsal edilmişdir” yarlıqlı velosipedlərin şütüyəcəyi günə az qalır. Digəri dedi ki, İsmayıllı bu gün Qafqazın ən tolerant yaşayış məntəqələrindən birinə çevrilib. Bir başqası vurğuladı ki, rayonun indiki rəhbəri iqtisad elmləri doktoru, professor olsa da, istənilən kəndə gedəndə sıravi zəhmət adamlarının hamısı onun səmimiyyətinin, sadəliyinin əvəzsizliyindən məmnun qalır. Hətta, danışdılar ki, Mirdaməd müəllimin atası rəhmətlik Mirsadıq ağanın ocağı təkcə Lahıcın deyil, bütün rayonun inanc yerinə çevrilib. Elə bir qonaq olmayıb ki, Lahıca gedib bu nurani insanın süfrəsində əyləşməsin, çörəyini dadmasın. Allah rəhmət eləsin! Ehtiyat etdim ki, indi kimsə mənə sual verə bilər:
– “Məgər İsmayıllının inkişafını özün görmürsənmi ki, bizdən soruşursan?” Haqlı sualdır. Buradakı tərəqqini, hər gün, hər addımda rastlaşdığımız müasirləşməni görürəm. Amma, mənim görməyimlə qələmə alınan yazı bir nəfərin fikirləri olduğuna görə kim tərəfindənsə subyektiv mülahizələr kimi qiymətləndirilə bilər. Sadə sakinlərin dedikləri isə, təbii ki, ən böyük həqiqətdir.
Bir sözlə, sırasında ağsaqqal, həkim, fermer, şagird, mədəniyyət işçisi... olan çoxsaylı həmsöhbətlərimin əksəriyyəti bu rayonun son iki ildəki inkişafı barədə elə fikirlər səsləndirdilər ki, mən onların əksəriyyətini birinci dəfə eşidirdim. Amma, bildiyim fakltlar da az deyildi. Məsələn, həmsöhbətlərimdən biri danışdı ki, ötən il sentyabrın 22-də Prezident İlham Əliyevin İsmayıllıya etdiyi tarixi səfəri sakinlərin hamısının yaddaşında unudulmaz hadisə olaraq qalıb. Prezident rayondakı tikinti-quruculuq və inkişafıla bağlı görülən işlərlə yaxından tanış olub, neçə-neçə obyektin açılışında iştirak edib. Dövlət başçısı İsmayıllını inkişaf etdirmək, insanların həyatına zənginlik gətirmək, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq və quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə rayon rəhbərlərinə dəyərli tövsiyə və tapşırıqlar verib. Hamını sevindirən məsələ o olub ki, dövlət başçısı rayonun inkişafından razı qaldığını deyib.
Sakinlərdən eşitdiyim fikirləri rayon icra hakimiyyətində danışanda yazını zənginləşdirə biləcək daha maraqlı məqamlar barədə də eşitdim. Dedilər ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə 15 bölmədən ibarət 19 bənd nəzərdə tutulub. İlk gündən başlayaraq həmin tədbirlərin icrası istiqamətində ardıcıl tədbirlər görülür.
İsmayıllıda tikinti-quruculuq işlərinin həcmi ilbəil genişləndirilir. 2014-cü ildə yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. Şəhər ərazisində elektrik xətləri yeniləşdirilib, yeraltı qaz xətləri üzə çıxarılıb, yerüstü rabitə kabelləri yeraltı kabellərlə əvəz olunub. Küçələrin səki daşları dəyişdirilib, səkilərə yeni üzlük daşlar döşənib...
Hələ bu, harasıdır? Sayım, siz də bilin. Rayon mərkəzindəki Heydər Əliyev adına Mədəniyyət Sarayı, Mərkəzi Xəstəxana yenidən qurulub, Yeni Azərbaycan Partiyası üçün inzibati bina, 140 yerlik uşaq bağçası, uşaq əyləncə və istirahət parkı istifadəyə verilib. Həmin obyektlərin açılışında Prezident İlham Əliyev şəxsən iştirak edib. İsmayıllı bələdiyyəsinin, rayon təhsil şöbəsinin binası əsaslı təmir olunub. Nizami Gəncəvi küçəsində beşmərtəbəli yaşayış binalarının tikintisi davam etdirilib. Mirzə Fətəli Axundov küçəsində iki 9 mərtəbəli iki yaşayış binasının tikintisinə başlanılıb. Heydər Əliyev prospektində, M.F.Axundov küçəsində əsaslı yenidənqurma işləri görülüb, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai obyektlərin dam örtüyü dəyişdirilib və fasadı müasir memarlıq üslubunda təmir olunub. Nizami küçəsində “Soyqırımı abidəsi” qoyulub, abidənin ətrafı abadlaşdırılıb. Heydər Əliyev adına parkda “Yaşıl teatr” üçün səhnə tikilib. Şəhərin S.Ə.Şirvani və Məhsəti küçələrinin arasında park isə bu yaxınlarda qonaqlarını qəbul edəcək.
Bəlkə, bir az da yollardan danışım. Təkcə son iki ildə rayonun 20 küçəsinə asfalt döşənib. Baxdıqca ürəyin açılır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ayrılan 5,4 milyon manat vəsait hesabına ümumi uzunluğu 18 kilometr olan İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 19 kilometr olan İsmayıllı-Lahıc avtomobil yolunda isə tikinti işləri davam etdirilir. Artıq asfalt vurulması üçün yol əsası hazır vəziyyətə gətirilib, 16 kilometrlik hissəsi asfaltlaşdırılıb və yolkənarı arxlar çəkilib. Diyallı kəndinin giriş yolu da təmir olunub, orada 1,6 kilometr əraziyə asfalt örtük vurulub. Tamam yadımdan çıxmışdı, Talıstan kəndinin giriş yolunun da təmirinə başlanılıb.
Həmsöhbətlərimdən biri demişdi ki, İsmayıllını müasir və abad bir məkana çevirmək yolları dərindən düşünülür. Bu barədə icra hakimiyyətində də eşitdik. Dedilər ki, rayonda İsmayıllı Humanitar Texnologiyalar Kolleci üçün bütün infrastruktura malik binanın, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 2-ci kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyində yeni körpülərin, Kürdmaşı, Talıstan, Təzəkənd, Diyallı, İstisu, Gəraybəyli kəndlərində kənd həkim məntəqələrinin, yeni təhsil müəssislərinin, uşaq bağçalarının tikilməsi, İsmayıllı şəhərinin müasir və sivil bir mərkəzə çevrilməsi üçün əsaslı işlərin görülməsi planlaşdırılıb.
Aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı Avropa Birliyinin dəstəyi ilə “Fermerlərin imkanlarının yerli innovasiyalar vasitəsilə zənginləşdirilməsi” layihəsi çərçivəsində Topçu, Qurbanəfəndi, Sumağallı kəndlərində istixanalar yaradılıb, “Fermer mağazası” tikilib, tərəvəz məhsullarının istehsalı və satışına başlanılıb. Arıçılıq təsərrüfatlarının yaradılmasına da meyil güclənib. Belə ki, bu məqsədlə “Arıçılar Birliyi yaradılıb. Rayonda 6 minə yaxın arı ailəsi mövcuddur. Son illər Bakı şəhərində keçirilən respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında İsmayıllı arıçılarının məhsullarına nə qədər tələbat olduğunu görmək üçün ən azı həmin sərgiyə baş çəkmək lazım idi.
Rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biri, sözsüz ki, üzümçülüklə bağlıdır. Təkcə ötən il 87 hektar yeni üzüm bağı salınıb, 2791 ton məhsul yığılıb. Keçən il bağlardan 8138 ton meyvə yığılıb ki, bu da əvvəlki ilə nisbətən 108 ton çoxdur.
Görürsünüzmü, hansı sahədən danışırıqsa, uğur var. Mirdaməd müəllimin özü ilə görüşəndə isə, sözün əsl mənasında, təvazökar insan olduğuna görə öz söhbətinə İsmayıllılı gənclərin daha savadlı böyüməsi üçün atılan addımlardan danışdı.
– Həqiqətən, sevindiricidir. Bu gün İsmayıllıda təhsil siyasəti uğurla həyata keçirilir. Rayon üzrə hər 16 şagirdə 1 kompüter düşür. Oxuyun, siz də sevinin. Keçən il ümumtəhsil məktəblərinin 276 nəfər məzunu ali məktəblərə qəbul olunub. Onlardan 51 nəfəri 500-dən, 20 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Son iki ildə rayonun 5 məzunu Prezident təqaüdünə layiq görülüb. 2013-2014-cü dərs ilində təhsildə qazandıqları müvəffəqiyyətlərə görə rayonun 4 nəfər məzunu qızıl medalla təltif olunub və onlar bu etimadı ali məktəblərə qəbulda doğruldublar. Bax elə ona görə də imtahanlarda yüksək bal toplayan məzunların şərəfinə rayonda bayram tədbiri keçirilib, 600-dən yuxarı bal toplayanlar rayon icra hakimiyyətinin qiymətli hədiyyələri və fəxri fərmanları ilə mükafatlandırılıb. Ali məktəblərə qəbul olan bütün məzunlara hədiyyələr verilib. Mən şəxsən həmin tədbirin iştirakçısı olmuşam. Həmin tədbirə gələn başqa qonaqlar kimi, inanın, səmimi deyirəm, mənim də gözlərim yaşarıb.
İsmayıllıdan yazıb, onun turizm imkanlarından söhbət açmamaq ən azı insafsızlıq olardı. Qonaqlı-qaralı bu diyarda 22 istirahət mərkəzi fəaliyyət göstərir. Onlardan 9-u Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını alıb. İstirahət mərkəzlərində 1040-dan çox yataq yeri vardır. “Şeraton-İsmayıllı” otel kompleksinin istifadəyə verilməsi, yeni turizm istirahət mərkəzlərinin tikintisi İsmayıllının Beynəlxalq turizm marşrutuna daxil edilməsinə imkanlar açır. Sizə nədən danışım?! Rayonda dağ, atçılıq, ekoturizm sahələri inkişaf etdirilməsi İsmayıllını zəngin turizm mərkəzi kimi dünyaya tanıdacaqdır.
Mirdaməd Sadıqovla görüşdə isə icra hakimiyyətinin başçısı 2015-ci ildə qarşıda duran vəzifələrdən, Azərbaycanın uğurlu gələcəyi naminə yerinə yetirilməsi vacib olan çox böyük işlərdən danışdı. Bildirdi ki, Qubaxəlilli kəndində “Aqroparkın”, Nikitin adına kollektiv təsərrüfatın bazasında “Aqrar şəhərciy”in yaradılması, İsmayıllı şəhərində çox—funksiyalı fermer evinin təşkili, “Yaşıl market”in, ət və süd emalı sahələrinin, qarışıq yem və un istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulub. Topçu, Təzəkənd, Kürdmaşı, Qalagah kəndlərində fermer mağazalarının açılması, Talıstan kəndində tutumu 5 min ton olan üzüm və meyvə saxlama kamerasının, Tircan kəndində bal məhsullarının qablaşdırılması müəssisəsinin, bir çox kəndlərdə istixana təsərrüfatının, Qubaxəlilli, Kəlbənd, Keyvəndi kəndlərində iri heyvandarlıq, Mollaisaqlı, Gəraybəyli, Quşencə, Qalınçaq kəndlərində quşçuluq təsərrüfatının yaradılması nəzərdə tutulub. Velosiped zavodunda tikinti davam etdiriləcək, Göyçay çayı üzərində su elektrik stansiyasında bu il inşaat işləri başa çatdırılacaq. Dövlət Proqramında nəzərdə tutulan Kürdmaşı-Kəlbənd yolunun tikintisi aparılacaq.
Başçı görüləcək işlərdən həvəslə söhbət açırdı. Bu, doğulub boya-başa çatdığı yurdu ən müqəddəs yer sayan bir insanın manifesti idi. Bütün bunları sadalayanda kaş siz də mənim yanımda olaydınız. Görəydiniz ki, adam öz torpağına necə bağlı olur.
... Biz universitetdə oxuyanda əziz müəllimlərimiz Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Cahangir Məmmədli və digər söz-sənət adamlarından necə yazı yazmağı, öyrənməklə yanaşı, insanlıq dərsi də almışıq. Onlar bizə həqiqəti söyləməklə, ədalətli olmağı bacarmaqla bərabər ağa qara deməyin də nə qədər rəzil olduğunu öyrədiblər. Bəs, görəsən, indi hamının gözü qabağında jurnalistikadan xəbəri olmayanlar kimdən dərs alıblar? Şəxsən mən İsmayıllı həqiqətlərinə kölgə salmaq istəyən “həmkarlarımın” əməllərindən utanıram. Görəsən, onlar bu yolun nə qədər səhv olduğunun fərqindədirlərmi? Əgər həmin reallıqların fərqini görə bilmirlərsə, onda mən bütün həmkarlarımı İsmayıllıya dəvət edirəm. Gəlib, baxıb, görün, heyran qalın...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.