Ağsu: İl ildən uğurlu gəlir

Ağsuda görülən işlər barədə qəzetimizdə çox yazmışıq. Buradakı tikinti-quruculuq işləri, yaradılan səliqə-sahmanla hər bir ağsulu, sözün həqiqi mənasında, fəxr edir. Söz düşəndə doğulduqları bu yer, yurd haqqında həvəslə danışırlar. Haqları da var. Çünki gündən-günə dəyişən Ağsu haqqında deməyə söz çoxdur.

2014-cü ildə rayonda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bu barədə iftixarla söhbət açdı, geniş hesabat verdi. Bildirdi ki, keçən il Ağsu rayonu üçün bütün sahələrdə dinamik  inkişafın davam etdirilməsi ilə bağlı  uğurlu il kimi  yadda qalıb. Son illərdə reallaşan layihələr yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, sosial infrastruktur təminatı həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.  Həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği 2003-cü illə müqayisədə 131 dəfə artaraq ötən il 36,7 milyon  manata çatıb.

2014-cü ildə yeni obyektlərin tikilməsinə və istifadəyə verilməsinə diqqət  artırılıb. Təhsil, səhiyyə, mədəni-məişət  obyektlərinin inşası,  hər il  olduğu  kimi,  nəzarətdə saxlanılıb. Dilman və Muradlı  kənd  tam orta, Keşdiməz kənd ümumi orta məktəbləri  üçün 80 şagird yerlik müasir  binalar tikilib  istifadəyə  verilib. Regional dövlət proqramlarının icra olunduğu müddətdə  dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondu tərəfindən şagird yerlərinin ümumi sayı 4324 olan 22  yeni məktəb binası inşa olunub.  Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayılıq yeni bina inşa olunub, Azərbaycan Kənd  İnvestisiya Layihəsi çərçivəsində Padar kəndində həkim məntəqəsi  binası tikilib  istifadəyə verilib, Yaponiya hökumətinin qrant yardımı proqramı əsasında Ərəbmehdibəy kəndində həkim məntəqəsi əsaslı təmirdən çıxıb. Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları  ilə ayrılmış  vəsait hesabına rayon Mərkəzi Xəstəxanası üçün 145 çarpayılıq müasir tipli binada ötən il  tikinti-quraşdırma  işləri davam etdirilib.

Ə.Seyidəliyev yol infrastrukturunun təzələnməsi sahəsində görülən işlərdən də danışdı. Bildirdi ki, 2013-cü  ildən inşasına  başlanmış Ağsu-Kürdəmir  avtomobil yolunun Ağsu rayonu ərazisindəki 18 kilometr hissəsinin əsaslı  təmiri başa  çatıb. Həmin yolun üzərində 1 yeni körpü tikilib, 2 körpü  isə yenidən qurulub. Bakı-Şamaxı-Yevlax  magistralının rayon ərazisində - Ağdar çayı üzərindəki körpüdə təmir işləri davam edib.

Ağsu şəhərində ümumi uzunluğu 14,1 kilometr olan avtomobil yoluna 131,6 min kvadratmetr asfalt vurulub, Daşdəmirbəyli və Çaparlı-Cəfərli avtomobil yolunun 6,5 kilometr  hissəsində  çınqıl döşənməklə cari təmir işləri aparılıb. Şəhərin cənub hissəsindən salınan dairəvi yolun 0,9 kilometri yenidən qurulmaqla 3,4 kilometr  hissəsi tikilib istifadəyə verilib.

Ənvər Seyidəliyev daha sonra bildirdi ki, mərkəzi küçələrin yaxınlığında vətəndaşlara məxsus yaşayış evlərinin, yardımçı tikililərin, ticarət, iaşə, məişət və digər xidmət obyektlərinin, ictimai və inzibati binaların dizaynı müasirləşdirilib, həyətyanı sahələrin ətrafına mişar daşından yeni divarlar hörülüb, piyada səkiləri, yaşıllıqlar salınıb. Heydər Əliyev, T.İsmayılov, 20 Yanvar, Tariyel Xasiyev, S.Vurğun, M.Ə.Sabir, Firdövsi və M.Ə.Rəsulzadə küçələrində hasarlar dekorativ üzlük daşları ilə üzlənməklə yenidən qurulur. M.Ə.Rəsulzadə küçəsinin qərb istiqamətində 700 metrlik hissəsi sökülərək yeni layihə əsasında abadlaşdırılıb. Həmin ərazidə küçənin hər iki tərəfində torpaq yamaclar tikilib, yaşıllıqlar salınıb, gül kolları və dekorativ bəzək ağacları əkilib. Küçələrdə 58 ədəd yeni işıqlanma dayaqları quraşdırılıb. Küçələrin genişləndirilməsi məqsədilə bordyurlar sökülərək yenisi ilə əvəz edilib, hər iki tərəfdə səkilərə tamet plitələr döşənib.

Ümumilikdə, rayonda beş min kvadratmetrə yaxın yaşıllıq zolaqları salınıb, 12830 ədəd ağac, 4362 ədəd gül və bəzək kolları əkilib.

İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində rayon ərazisində 14  layihə icra olunub. 2014-cü  ildə  24,1  kilometr  çınqıl  yol  salınıb, 5,1 kilometr  uzunluğunda hasar  çəkilib, 4,8  kilometr drenaj  kanalları  və 12,5  kilometr suvarma  arxları təmizlənib.

Dövlət  Miqrasiya Xidmətinin  regional idarəsi, Səfərbərlik və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət Xidmətinin rayon  şöbəsi üçün yeni  inzibati  binalar inşa edilib.  Rayonda sənaye sahəsinin, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sənayesinin maddi-texniki bazası möhkəmləndirilib. 2011-ci  il oktyabr  ayının 30-da açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyevin  iştirak  etdiyi “Az-Granata” MMC-nin şirə  və  şərab  emalı  zavodunda ötən il  581  min  dekalitr  məhsul istehsal edilib ki,  bu da əvvəlki  ildəkindən 52  min  dekalitr  çoxdur. Hesabat dövründə məhsul  satışının  həcmi  3,5 faiz  artıb, müəssisədə çalışan işçilərin sayı 416-ya çatıb. Dövlət proqramının  uğurla  həyata  keçirilməsi nəticəsində 2014-cü  ildə rayonda  764 yeni  iş  yeri  açılıb.

Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olanlara  dövlət tərəfindən hərtərəfli dəstək verilib. Təkcə 2014-cü  ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 116 sahibkara 6,1  milyon manat məbləğində güzəştli  kreditlər  verilib. Həyata  keçirilən layihələrdən  sonra rayonda  əlavə olaraq 199  yeni  iş  yeri  yaradılacaq. Xüsusi qeyd olundu ki, 2002-2014-cü  illərdə  ümumilikdə 528  sahibkar  11  milyon  manatlıq  güzəştli  kredit almışdır. Kənd təsərrüfatı istehsalçılarına dövlət maliyyə yardımı davam etdirilib, yanacaq və motor yağlarına, buğda əkininə və s. görə onlara 2 milyon  302 min manat  vəsait ödənilib. 

Hesabat məruzəsində son illər rayonda elektrik və qaz təsərrüfatının, əhalinin su təchizatının, yol infrastrukturunun təzələnməsi  sahəsində görülən işlərə də yer ayrıldı. Qeyd olundu ki, Ağsu şəhərində və Çiyni  kəndində  elektrik verilişi xətləri SİP markalı müasir kabellərlə əvəz olunub və “Smart-kart” tipli sayğaclar quraşdırılıb.  Yaşayış məntəqələrinin  qazlaşdırılması davam etdirilib, 5 kənd  yaşayış  məntəqəsi   qazlaşdırılıb.  Bununla  da  təbii  qaz yanacağı  ilə  təmin  olunan kəndlərin  sayı  41-ə  çatıb.  Hazırda 6 kənddə qaz təsərrüfatının istifadəyə  verilməsi üçün işlər  başa çatmaq  üzrədir. 

Sonra icra hakimiyyətinin başçısı təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurları sadalamaqla yanaşı, nöqsanları da qeyd etdi, həlli vacib problemlərdən danışdı.

Məruzə ətrafında çıxış edən digər natiqlər də bildirdilər ki, keçən ili uğurla yola salan ağsulular 2015-ci ilin ilk günlərindən bütün qüvvələri səfərbərliyə alıblar. İlk nəticələr sevindiricidir. Deməli, il ildən uğurlu gəlir.

Milli Məclisin deputatı Ərəstun Cavadov və Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev yığıncaqda çıxış etdilər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında