Xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Resrublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş siyasi və sosial-iqtisadi tərəqqi dövrünü yaşayır. Ölkəmiz artıq neçə illərdir ki, sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. İldən-ilə öz inkişaf tempini artıran, bir çox nüfuzlu siyasətçilərin də təsdiq etdiyi kimi, Qafqazın lider dövlətinə çevrilən Azərbaycanda hər bir kəs bu tərəqqiyə öz töhfəsini verməyə çalışır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonunun sakinləri də artıq ikinci ildir ki, bu müsbət proseslərə qoşulmuşlar.
Rayon iqtisadiyyatında və sosial sahədə baş vermiş müsbət dəyişiklikləri əks etdirən əsas makroiqtisadi göstəricilər 2014-cü il ərzində əvvəlki illərlə müqayisədə xeyli yüksəlmişdir. Belə ki, sənaye məhsulu istehsalı 499 831,9 min manat təşkil etmiş, tikinti kompleksində bütün maliyyə mənbələri hesabına 625 430,4 min manat investisiyadan istifadə olunmuş, nəqliyyatda 2 942,4 min manatlıq xidmətlər göstərilmiş, orta aylıq əmək haqqı 1248,5 manata çatmışdır.
Dövlət proqramları ugurla icra olunur
Sevindirici haldır ki, cəmi iki il əvvəl yaranmasına baxmayaraq Pirallahı rayonu ölkəmizin inkişafına xidmət edən dövlət proqramlarının icrasında, qeyri-neft sektorunun inkişafında, ekoloji problemlərin həllində artıq öncül mövqelərə çıxmağa başlamışdır.
Üçüncü regional Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunmuş 10 saylı Birləşmiş Şəhər Xəstəxanası keçən ilin yanvarında istifadəyə verilmişdir. Ərazidə patalogiya və təcili tibbi yardım stansiyası üçün yeni binalar da inşa olunmuşdur. Qarabağ müharibəsi cəbhələrində şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının əziz xatirəsinə Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksində inşaat işləri başa çatdırılmış, ötən il yanvarın 20-də Milli Məclisin deputatlarının, ziyalıların və rayon sakinlərinin iştirakı ilə abidə-kompleksin açılışı olmuşdur.
Dövlət proqramına əsasən Pirallahıda 186, 235, 231 və 243 nömrəli tam orta məktəblər əsaslı təmir edilmişdir. Yeni dərs ilinin əvvəlində 168 nömrəli tam orta məktəbdə də əsaslı təmir işləri başa çatdırılmış və sentyabrın 15-də bu təhsil ocağı şagirdləri qəbul etmişdir. Məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisinə başlanılmışdır.
Cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır. Proqramda 35 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zallarının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının, Gürgən qəsəbəsində 60 yerlik “Qağayı” uşaq bağçasının, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması və digər mühüm məsələlər əks olunmuşdur.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, “Yüksək texnologiyalar parkı” inşa olunacaq 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılmış, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Ərazi hasara alınaraq tikinti işlərinin başlanmasına hazır vəziyyətə gətirilmişdir.
Yol mədəniyyətdir
Mədəniyyət yoldan başlayır,- deyiblər. Yollar hamar və səliqəli olanda insan da həqiqətən özünü rahat, gümrah hiss edir. Təsadüfi deyil ki, son illər Prezident İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri, diqqət və qayğısı sayəsində respublikamızda yeni yollar çəkilir və körpülər salınır, mövcud nəqliyyat infrastrukturu təkmilləşdirilir, bərpa edilir. Yeni yaranan Pirallahı rayonu da ölkə başçısının diqqət və qayğısından kənarda qalmamışdır. İlk növbədə qeyd edilməlidir ki, Qala-Pirallahı avtomobil yolunun 15 kilometrlik birinci hissəsində işlər başa çatdırılmışdır.
İnfrastruktur layihələri çərçivəsində çəkilən 4 zolaqlı müasir avtomobil yolunun birinci hissəsində il ərzində asfalt örtüyünün vurulması yekunlaşmışdır. Dübəndi bağlar massivindən Gürgən qəsəbəsi istiqamətində magistral yolun ətrafının yenidən qurulması və abadlaşdırılması üçün 50 min kubmetr torpaq işi görülmüş, dekorativ elementlər yüksək dizaynla hazırlanmış, geniş yaşıllıqlar salınmışdır. Rayonun girişinin sağ və sol hissələrində piramida formasında monumental komplekslər inşa edilərək üzərində “Pirallahı” sözü yazılmışdır. Burada həmçinin ulu öndər Heydər Əliyevin möhtəşəm portreti əks olunmuş panno və Pirallahının simvolu ucaldılmışdır.
Ötən il oktyabr ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonunda olmuşdur. Dövlət başçısı Qala qəsəbəsindən Pirallahıya çəkilən 4 zolaqlı müasir avtomobil yolunun 15 kilometrlik hissəsinin istismara verildiyini bildirən lenti kəsmiş, dövlət proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisinin gedişi ilə tanış olmuşdur. Körpü, eləcə də yaxınlıqda inşa ediləcək Gürgən şəhəri haqqında məlumatlandırılan dövlət başçısı bundan sonra Pirallahı qəsəbəsinə gəlmiş, 29-cu məhəllədə və Fioletov küçəsində görülən işlərlə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.
Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisinə də 2013-cü ilin aprelində başlanmışdır və hazırda inşaat işləri dəniz akvatoriyasında və sahilboyu ərazidə davam etdirilir. Kompleksin yaxınlıqda köhnə Helikopter meydançasının əvəzinə yenisinin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılmışdır.
Ekoloji məsələlərin həlli prioritet vəzifədir
Pirallahı rayonunda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Pirallahı qəsəbəsində mərkəzi yolboyu və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, sahiliboyu qeyri-qanuni çəpərlənmiş tikililər sökülərək abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur.
Pirallahı qəsəbəsində ötən ilin əvvəlindən başlanan ağacəkmə kampaniyası davam etmiş, rayonun bütün ərazisində idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, on minlərlə ağac və mövsümi gül kolları əkilmişdir. Ümumilikdə, Pirallahı rayonu yaranandan bəri ərazidə 100 mindən çox müxtəlif növ ağac əkilmişdir. “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində İDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala-Pirallahı magistral yolu ətrafında növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 2500 nar və 2500 zeytun ağacı əkilib. Qeyd edək ki, salınmış yaşıllıq sahəsinin ümumi uzunluğu 3 min metrədəkdir. Magistral yolun kənarındakı zolaqda 30 növdə on minlərlə ağac, ekzotik bitkilər əkilmişdir. Həmin ərazidə salınan çəmənliyinin sahəsi 30 min kvadratmetr təşkil edir.
Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması işləri aparılmış, ətraf mühitin mühafizəsi istiqamətində təsirli tədbirlər görülərək rayon ərazisində qanunsuz ağac kəsilməsi hallarına yol verilməmişdir. S.Bağırov küçəsindəki gölün qurudulması işləri son mərhələyə çatmış, əraziyə təxminən 20 min kubmetr torpaq tökülmüş, drenaj işləri görülmüşdür. Hazırda kanalizasiya sistemi qurulur. Yeni yaşayış massivinin - 2, 3 və 4 mərtəbəli binalardan ibarət “Abad məhəllə-1”in salınması üçün bu ərazidə 5 hektar torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan 48 mənzilli ilk binada işlər başa çatmaq üzrədir. İnzibati mərkəzin arxa hissəsindəki göllərin qurudulması işləri də davam etdirilir. Burada “Abad məhəllə-2” layihəsinin icrası nəzərdə tutulub.
Abadlıq və tikinti işləri baş plana uyğun aparılır
Rayonun baş planının hazırlanması istiqamətində zəruri işlər görülmüş, rayon mərkəzi Pirallahı qəsəbəsinin baş planı hazırlanmışdır. Hazırda proses aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Baş plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün yeni inzibati binanın inşasına başlanılmışdır. Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi isə başa çatdırılmış, 2015-ci il yanvarın 14-də rayonun ilk inzibati binasının açılış mərasimi keçirilmişdir.
“Sənaye ili” elan edilən 2014-cü ildə Pirallahı rayonunda da xeyli işlər görülmüşdür. Artıq tam gücü ilə işləyən Beton zavodunda yeni istehsalat sahələri işə salınmış, onlarla insan işlə təmin olunmuşdur. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2,8 Mv gücündə Günəş elektrik stansiyasının tikintisi yekunlaşdırılmışdır. Hazırda burada sazlama işləri aparılır. S.Bağırov küçəsində Çörək kombinatının tikintisi başa çatdırılmış, istismara hazır vəziyyətə gətirilmişdir. Kombinatda 30 nəfər işlə təmin olunacaqdır.
S.Vurğun küçəsində “Azərişıq” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının tikintisi də yekunlaşmış və ətraf ərazinin abadlaşdırılması işlərinə başlanmışdır. Adanın şimal hissəsində “Abşeronneft” NQÇİ-nin yeni rezervuarlar parkının tikintisinə başlanmışdır. Burada ümumi tutumu 30 min kubmetr olan 24 ədəd rezervuarın tikintisi nəzərdə tutulmuşdur. “Azərsu” ASC tərəfindən ümumi uzunluğu 150 kilometr olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Ötən ilin iyul ayından rayon əhalisinin keyfiyyətli içməli su ilə təminatına başlanmışdır. Qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulub, sakinlər 24 saat ərzində içməli su ilə təmin olunurlar. Ümumilikdə Pirallahı qəsəbəsinin içməli su ilə təchizatının yaxşılaşdırılması və kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonda 4 qazanxana tamamilə yenidən qurulmuş, inzibati və yaşayış binalarına yeni istilik xətləri çəkilmişdir. Məktəblərin, uşaq bağçalarının və yaşayış binalarının istilik sistemləri tam bərpa edilmiş və ötən il noyabrın 15-dən mənzillərə istilik verilməsinə başlanmışdır. Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 körpələr evi-uşaq bağçasının inşaat işləri yüksək sürətlə davam etdirilir.
Abad məhəllələr salınır
Qəsəbədə “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin 2 hektaradək ərazisində uğurla icra olunub. Hazırda layihə üzrə işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilir. Ümumilikdə qəsəbədə 5 “xeyir-şər” evi tam təmir olunmuş, zəruri avadanlıqlarla təmin edilərək sakinlərin istifadəsinə verilmişdir.
Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının təmirinə və dekorativ hasarın inşasına başlanılmışdır. İlk mərhələdə 22 binanın təmirinin 2015-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur. Qəsəbənin mərkəzi magistral yolunun genişləndirilməsi istiqamətində xeyli iş görülmüş, 10 ədəd köhnə tipli dayanacaq sökülərək yeni, müasir avtobus dayanacaqları ilə əvəz olunmuşdur.
“Gənclər parkı” və “Uşaq əyləncə parkı” tam abad vəziyyətə gətirilmişdir. Pirallahı rayonunda salınacaq “Gənclər şəhərciyi” və tikiləcək “Turizm mərkəzi” layihələri sənədləşmə mərhələsindədir. Dəniz sahili boyunca 6 kilometrə qədər ərazidə bulvar, park və yaşıllıqlar, eləcə də çimərliklər salınması planlaşdırılır və artıq bu məqsədlə hazırlıq işlərinə başlanılmışdır. Hazırda S.Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq müasir parkın dənizə baxan hissəsində tikinti işləri aparılır.
Çilovda və əfsanəvi Neft Daşlarında
sosial təyinatlı obyektlər inşa edilib
Son illərdə Çilov qəsəbəsində də bir sıra sosial təyinatlı obyektlər istifadəyə verilmişdir. Bunlardan ilk növbədə “28 May” NQÇİ-nin yeni inzibati binasını, yeni yataqxanalar kompleksini və çörək sexini göstərmək olar. Bundan başqa, Çilovda gündəlik 800 kubmetr su istehsalı gücünə malik, dəniz suyunu içməli suya çevirən Əks-osmos su təmizləyici qurğusu quraşdırılmış, müasir mini futbol meydançası tikilib istifadəyə verilmiş, 1500 kVt elekrik enerjisi istehsalı gücünə malik yeni qaz-turbin sahəsi yaradılmış, inzibati və köməkçi binalar tikilib lazımi avadanlıqlarla təhciz edilmişdir. Qəsəbədə bioloji təmizləmə qurgusunun inşa edilməsi, məişət tullantılarının utilizasiya sahəsinin yaradılması, Milli Qəhrəman Rasim İbrahimovun adını daşıyan 131 nömrəli orta məktəbin əsaslı təmir olunması, yeni idman zalının və uşaq bağçasının inşa edilərək lazımi avadanlıqlarla təchiz edilməsi son illərin uğurlarındandır. İl ərzində Çilov qəsəbəsindəki yollara asfalt döşənmiş, adadakı idman kompleksinin tikintisi davam etdirilmiş, Bayraq meydanı qurulmuş, ümumilikdə 50 mindən çox ağac əkilmişdir.
Əfsanəvi Neft Daşlarının 60 illiyi ilə əlaqədar Çvanov adasında ulu öndərin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmış və myzeyi tikilmişdir. Eyni zamanda, Neft Daşlarında Çay evi, bioloji təmizləmə qurgusu, yeni çörək zavodu, təzə qazanxana tikilmişdir. Neftçilərin asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət evi əsaslı təmir edilmiş, müasir mini futbol meydançası və örtülü idman zalı tikilib istifadəyə verilmişdir. Heydər Əliyev parkında “Neft Daşları” yatağını kəşf etmiş məşhur geoloq Ağa Qurban Əliyevin barelyefi qoyulmuş, Şəhidlər abidəsi ucaldılmış və 1957-ci ildə Neft Daşlarında həlak olmuş dəniz neftçilərinin şərəfinə abidə inşa edilmişdir.
Rayon icra hakimiyyətinə etimad yüksəkdir
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli də əksini tapmışdır. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının, yol və nəqliyyat infrastrukturunun, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təmin ediləcək.
Pirallahı rayonunda sakinlərin maddi rifah halının yüksəldilməsi məqsədilə bazar, ticarət mərkəzləri, yanacaqdoldurma məntəqəsi inşa ediləcək, bu işlər həm də məşğulluq probleminə öz müsbət təsirini göstərəcək. Yaxın gələcəkdə S.Vurğun küçəsindəki 4,7 hektarlıq parkın abadlaşdırılması, dənizkənarı parkın salınması nəzərdə tutulub. Pirallahıda idmanın inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunması və yeni idman meydançalarının yaradılması planlaşdırılır. Dövlət Proqramına əsasən qəsəbədə kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın dəstəklənməsi də diqqət mərkəzindədir. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə burada külək və günəş enerjisi avadanlıqlarının qurulması davam etdiriləcəkdir.
2013-2014-cü illərdə yeni yaradılmış rayonda görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, 2015-ci ildə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək. Həm rayonumuzda, həm də respublikamızda davam etdirilən geniş quruculuq işləri daha böyük uğurlara yol açacaqdır.
Vasif İMANOV,
Pirallahı Rayon
İcra Hakimiyyətinin başçısı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.