Ömürdən bir yarpaq...

İnsan həyatı zamanın gərdişindən asılı olmayaraq  təzadlarla doludur. Ən əsası isə bu təzadların arasında xeyirxahlığa, insanlarla ünsiyyətə üstünlük vermək, əsl insani simanın formalaşmasına stimul yaratmaqdır.

Aydın Ağazadə haqqında söhbət açarkən öncə bir məqama toxunmaq istərdim. Ona xas olan ən gözəl keyfiyyətlərdən biri gələcəyə ümidlə, keçmişə xoş xatirə kimi baxmaqdir.

Gələcəyə ümidlə baxmaq insan təbiətinin özündən irəli gəlir. Keçmişlə bağlı xatirələr isə insanı yaşamağa, kamilləşməyə, nümunəvi, intizamlı, səliqəli olmağa həvəsləndirir. Keçən xatirələrdən neçə-neçə ömür boylanır, həyat hekayəsi baş qaldırır.

Yaddaşda iz qoyan belə insanlar hansı yaş dövründə olursa-olsun onlarla birlikdə bu həyatda addımlamaq hər zaman insana zövq verir. Cəmiyyətdə elə insanlar var ki,  haqqın, ədalətin pozulmasına göz yumur, özündən başqasını düşünmür, belələri tez unudulur. İnsan da var ki, yaşadığı illərin hər günü köməyə ehtiyacı olanlara  dayaq durur, əl tutur. Belələrinin varlığı hər məqamda hiss edilir, çətin günlərin ümid, təsəlli yerinə çevrilir. Nə zamansa həyatının belə insanlarla bağlılığı səni zənginləşdirir, mənəvi kamilliyə doğru aparır, müdrikləşdirir.

Bəli, 60 illik ömür yolunu şərəflə keçmiş, ədliyyə müşaviri, Ədliyyə Nazirliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan Aydın Ağazadə də belələrindəndir.

Bizim onunla ilk  tanışlığımız 1990-cı ilə təsadüf edir. Həmin vaxt Aydın Ağazadə “Ədalət”, sonra isə “Azərbaycan” qəzetlərində şöbə müdiri işləyirdi. Tanışlığımız sonralar dostluğa çevrildi. Ötən illər ərzində mən onun istər bir jurnalist, istər yazıçı, istərsə də hüquşünas kimi yaxşı keyfiyyətlərinin şahidi olmuşam. Hazırladığı müsahibə və məqalələr Aydın müəllimin kamil qələm sahibi olduğundan xəbər verirdi. Biz onunla bəzi məqalələr, yaxud yazılarla bağlı mütəmadi olaraq görüşür, bir-birimizin fikirlərini öyrənirdik. Aydın Ağazadənin müsbət xüsusiyyətlərindən biri də ətrafdakıları dinləmək, onların dəyərli fikirlərindən yararlanmaqdır. Məsələn öz dəsti-xətti ilə tanınan ssenarist kimi filmlərimin ana xəttinin qurulmasına dair fikir və rəylərimizi bölüşür, bəzən də işgüzar mübahisələr edirdik.

Aydın Ağazadə ilə onun yazmış olduğu “Sonuncu şahid” adlı pyesin əsasında işlənmiş ssenari üzərində çalışarkən bəzi epizodlarda boşluq yaranmışdı. Gecə saat 23-də mənə zəng oldu. Aydın müəllim idi. Narahat etdiyinə görə üzrxahlıq edərək, “ bir ssenari üzərində işləyirəm, bəzi məqamların təhlili lazımdı, fikirlərinizi öyrənmək  istəyirəm” – dedi. Həmin pyes əsasında çəkilən filmdə məsləhətçi oldum. Dörd seriyalı bu film o zaman Azərbaycanda ilk çoxseriyalı  filmlərdən biri idi. Onu da deyim ki, Aydın Ağazadə ilə bu birgə işimiz sonralar məni bir neçə filmin ssenarisini yazmağa həvəsləndirdi.

Aydın Ağazadə dövlətə, millətə, müasir Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sədaqəti ilə tanınan bir şəxsdir. Yadımdadır, ulu öndərin cənazəsi Azərbaycana gətirilərkən biz də Aydın müəllimlə hava limanında idik. O anlarda mən Aydın müəllimin ulu öndərə olan məhəbbətinin şahidi oldum. Həmin vaxt ölkəmizin taleyini düşünən digər insanlar kimi, Aydın da kədərli və narahat idi. O, mənim bərk kədərləndiyimi görüb, qolumu sıxdı. Ona baxarkən mənimlə eyni vəziyyətdə olduğunun fərqinə vardım. Lakin şükürlər olsun ki, hörmətli Prezidentimiz İlham Əliyev ümummilli liderimizin davamçısı kimi,  Azərbaycan dövlətini daha da qüdrətli bir ölkəyə çevirdi.

Aydın Ağazadə jurnalist kimi nə qədər uğurlu bir karyeraya sahib idisə, hazırda çalışdığı Ədliyyə Nazirliyində  də mətbuat xidmətinin rəhbəri kimi öz işinin öhdəsindən bir o qədər uğurla gəlir. Bu da səbəbsiz deyil. Aydın müəllim kimi insanın bir devizi var : “Vəzifə dağa bənzəyir, qalxmaq çətindir, enmək asan”.

Yəni Aydın müəllim tutduğu vəzifənin məsuliyyətini dərk edir. Onun fikrincə, dövlət işində çalışan hər bir kəs, xalqın xidmətində olduğunu heç zaman unutmamalıdır.

O, istiqanlılığı, hər kəslə asanlıqla dil tapmaq bacarığı ilə də fərqlənir. Yadımdadır, Aydın “Azərbaycan” qəzetində işləyərkən biz onunla indiki Şirvan şəhərinə getmişdik. Çünki o vaxt belə bir tələb var idi ki, yerlərdə aktual proseslər olanda bir neçə qəzetin müxbirləri həmin proseslərdə iştirak edir, yazı hazırlayırdılar. Orada olduğumuz muddətdə mən Aydın müəllimin, eyni zamanda, insanlarla asanlıqla dil tapmaq və onlar arasında olan problemləri həll etmək qabiliyyətinə malik olduğunu gördüm. Belə ki, həmin vaxt sözügedən rayonda prokurorla məhkəmə sədri arasında müəyyən narazılığın olduğu hiss edilirdi. Lakin Aydın müəllim  cəmi bir neçə dəqiqəyə zarafatla, xoş sözlərlə onların arasında olan soyuqluğu aradan qaldırdı.

Bəli, bu, həqiqətdir ki, cəmiyyətdə hər kəsin öz yeri var, həyat hər kəsi bir cür yetişdirir. İnsanlar var ki,  cəmiyyətin hörmətini, sevgisini qazanır. Aydın müəllim də hər zaman insanlara necə yaxşılıq etməyi düşünür. Deyir ki, xeyirxah olmaq çətin deyil, ədalətli olmaq çətindir.

Bizi bir-birimizə bağlayan  həm də, onun sonralar ikinci təhsil alıb hüquqşünas kimi fəaliyyətə başlamasıdır. Aydın bu sahədə də özünə layiqli yer tuta bilmiş, uğurlara imza atmışdır. Belə insanlar, əslində, tutduqları vəzifənin belə fövqündə dayanırlar. Çünki onlar üçün həyat amalı hər hansı bir vəzifə tutmaq deyil, xalqına, dövlətinə layiqincə xidmət etməkdir. Yetmiş illik yubileyində görüşənədək, əziz qardaşım!

Ənvər SEYİDOV,
hakim, hüquq elmləri
doktoru, professor,
yazıçı-dramaturq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında