Davud Mehti oğlu Kazımov

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Davud Kazımov 2015-ci il fevral ayının 14-də, ömrünün 89-cu ilində vəfat etmişdir.

Davud Mehti oğlu Kazımov 9 noyabr 1926-cı ildə  Bakı şəhərində anadan olmuşdur. İlk ixtisas təhsilini 1941-1945-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır . 1979-cu  ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmişdir. 1947-ci ildən 1966-cı ilədək  həmin məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1946-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 1984-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmiş, 1994-cü ildən həmin universitetin dosenti, 1996-cı ildən isə professoru olmuşdur. 2001-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının akademik rəngkarlıq kafedrasının professoru idi.

Pedaqoji fəaliyyəti ilə yanaşı, fəal yaradıcılıq proseslərinə qoşulması, öz dövrünün hadisələrinə əsil ziyalı mövqeyindən yanaşması ilə də Davud Kazımov sənətsevərlərin arasında dərin hörmət qazanmışdı.

O, sərbəst yaradıcılıq fəaliyyətinə ikinci dünya müharibəsindən sonrakı dövrdə başlamışdı. Bu vaxt bir çox rəssamların, o cümlədən də Davud Kazımovun yaradıcılığında müharibə qəhrəmanlarının bədii obrazlarının yaradılması əsas yer tuturdu. Davud Kazımov ilk dəfə ictimaiyyətin diqqətini ordudan tərxis olunmuş əsgərin qarşılanma mərasimini əks etdirən “Əsgərin qarşılanması” adlı əsəri ilə özünə cəlb etmişdi. Daha sonra onun yaradıcılığında müharibədən sonrakı dövrün dinc quruculuğuna həsr olunmuş mövzulara müraciət genişlənmişdi. “Konsert-tapmaca” (1953), “Çimərlikdə” (1954), “Uşaq konsultasiyası” (1955) kimi əsərlərində Davud Kazımov uşaqlara aid olan məsələ və mövzulara toxunan rəssam kimi çıxış edirdi. Onun əsərlərində səmimiyyət, uşaq məsumluğu, onları əhatə edən qayğıkeşlik bacarıqla verilmişdir.  Bu əsərlər səmimiliyi ilə yanaşı, əhval ruhiyyənin təzəliyi, hisslərin təmizliyi  ilə də yadda qalmışdır.

Davud Kazımov öz dövrünün insanlarını, onların əhval-ruhiyyəsini, psixoloji durumunu açıqlayan portret əsərlərinin də müəllifi idi. Bu əsərlər rəssamın portret ustası kimi dəqiqliyini, dərin müşahidə qabiliyyətini, obrazların konkret xüsusiyyətlərini çatdırmaq istedadını əks etdirirdi. Mənzərə janrı ilə yanaşı, o, həm də natürmort janrının əsl ustası kimi tanınmışdı.

Forma və məzmunun vəhdəti, realistik üslubu, özünəməxsus rəng yaxıları, plastik həllərin düzgünlüyü, ölçülü kompozisiya tərtibatı Davud Kazımovun yaradıcılığının əsas xüsusiyyətlərindəndir. Sənətkarın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının bədii fondu, Rusiya, Türkiyə, İran, Macarıstan, Almaniya və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.

Ölkəmizdə müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Davud Kazımovun böyük xidmətləri vardır. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr etmişdi.

Davud Kazımovun yaradıcılığı həmişə sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. 1978-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı, 1992-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülməsi  onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir.

Görkəmli sənətkar, əsl ziyalı və qayğıkeş insan Davud Mehti oğlu Kazımovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Əbülfəs QARAYEV,

Fərhad XƏLİLOV,

Ömər ELDAROV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında