Oğuz: görülən işlər ürəkaçandır

Bu gün Oğuz simasını başdan-başa dəyişib — desək, səhv etmərik. Çox iş görülüb, lap çox. Gəzdikcə, gördükcə sevinirsən. Təsadüfi deyildir ki, 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı söhbət getdi. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov hesabat məruzəsi ilə çıxış etdi.

Uğurları sadaladı, görülən işlərdən danışdı. Bildirdi ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar xeyli iş görülüb. Şəhərin Heydər Əliyev prospektində Heydər Əliyev Mərkəzi" nin inzibati binasında  tikinti işləri davam etdirilib. Rayon icra hakimiyyətinin sifarişi ilə inşasına başlanmış rayonun Qarabulaq kəndində 160 şagird yerlik tam orta məktəb binası tikilərək istifadəyə verilib, Yaqublu kəndində isə 220 şagird yerlik tam orta məktəb binasında son tamamlama  işləri aprılır və məktəb yaxın vaxtlarda istismara veriləcəkdir.          Muxas kəndi ərazisində 7,22 hektar tikinti altı sahədə,  Daşağıl çayı üzərində kiçik su elektrik stansiyalarının (KSES) tikintisi davam etdirilib. Layihə üzrə burada 1 ədəd hidroqovşaq, 3 ədəd SES binası , 3 ədəd basqılı boru və 1 ədəd aparıcı kanal tikintisi nəzərdə tutulmuşdur. Hal-hazırda tikinti işləri davam etdirilir,  yaxın vaxtlarda 1,5 meqovat gücündə  1  kiçik su elektrik stansiyasının  (KSES)  tikilib istifadəyə verilməsi nəzərdə tutulub. 4 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi başa çatdırılıb. Şəhərin Dədə Qorqud küçəsində və yeni yaşayış massivində hər biri 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılıb. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramında Oğuz rayonu üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, südlük və ətlik  istiqamətli cins mal-qara yetişdirilməsi işləri davam etdirilir.  Aqrolizinq ASC-nin Oğuz Aqroservis filialı 62 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 13 ədəd taxılyığan kombayn, 8 ədəd traktor və 31 ədəd digər kənd təsərrüfatı texnikası ilə təmin edilib. Rayon Baytarlıq İdarəsi  ilə diaqnostika kabinetinin inzibati binası tikilib istifadəyə  verilib. Yeni yaradılacaq Kənd təsərrüfatı idarəsi üçün də inzibati bina tikilir. 

Eyvaz Qurbanov vurğuladı ki, rayonda sel sularından  mühafizə  tədbirlərinin  həyata  keçirilməsi  sahəsində  müvafiq  işlər davam etdirilib. Sel sularından  mühafizə  ediləcək yerlər dəqiqləşdirilib. Təsərrüfatlararası və  təsərrüfatdaxili  kanallarda  ekskavatorla 104 min  kubmetr,  buldozerlə 31 min kubmetr lildən  təmizləmə  işləri görülüb. Daşqın və selə  qarşı mübarizə  məqsədilə mövcud çay yataqlarında ekskavatorla 75 min  kubmetr, buldozerlə 189 kubmetr  təmizləmə, mövcud daş-beton  bəndlərində 1408 kubmetr  təmir işləri görülüb.  Türyançay və Qalaçay  sistemlərində 3000 kubmetr şax-daş bəndləri  quraşdırılıb. İnvestisiya  vəsaiti  hesabına  Baş  Daşağıl  və  Muxas  kəndlərinin  sel  sularından  mühafizəsi üçün  Daşağıl  çayı  üzərində  295 metr daş-beton bəndi tikilib. Xalxal çay sistemində 120 metr, Qala çay sistemində 80 metr daş-beton bəndi  quraşdırılıb. Yaqublu və Qarabulaq kəndlərində tam orta məktəb binalarının tikintisi başa çatdırılıb.

Rayonda sahibkarlara göstərilən diqqətdən danışan icra hakimiyyətinin başçısı bu sahədə olan irəliləyişlərə xüsusi diqqət ayırdı. Qeyd etdi ki, sahibkarlığa göstərilən qayğı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalı və emalı, südlük və ətlik mal-qara və quşların sayı artırılır, rayonda fərdi sahibkarlar tərəfindən yeni inkubasiya sexi quraşdırılıb.

2002-2014-cü illərdə İqtisadiyyat  və  Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Fondu vasitəsilə 2014-cü ildə 20 sahibkara 317 min manat  güzəştli  kreditlər verilib. Bu  kreditlər hesabına  xeyli sayda  yeni  iş yerləri yaradılıb.

“Kənd təsərrüfatında da uğurlar qazanılıb”, - deyən natiq qeyd etdi ki, Oğuz ölkənin kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında  taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda  kartof və tərəvəz məhsullarının istehsalı da artır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi  rayonun  ümumi  sahəsinin  36,5  faizini  təşkil  edir.

Rayon rəhbəri bu sahədə olan uğurlarla yanaşı, nöqsanları da qeyd etdi. Bildirdi ki, bütün qüvvələr səfərbərliyə alınmalı, ərzaq bolluğunun yaradılması üçün hər kəs öz töhfəsini verməlidir.

Rayon icra hakimiyyətinin başçısı hesabat ilində təhsil, səhiyyə sahələrində olan müvəffəqiyyətlərdən söhbət açdı. İftixarla qeyd etdi ki, dövlət qayğısının nəticəsidir  ki, bu gün Oğuzda hər 14 şagirdə 1 kompüter düşür.

2014-cü ildə IX sinif şagirdlərinin buraxılış imtahanlarında hər iki fəndən müvəffəq qiymət alanlar respublikanın ümumtəhsil məktəbləri üzrə 62,04 faiz təşkil edirdisə, Oğuz rayonu üzrə bu nəticə 69,1 faizdir. Bundan başqa, ali məktəblərə qəbul imtahanlarında 28 məzun 500-dən, 9 nəfər isə 600-dən yuxarı bal toplayıb.

Oğuz turizm  bölgəsidir.  Son  illər  bu  sahənin   inkişaf  etdirilməsi  üçün  bir  sıra  işlər  həyata  keçirilmişdir. Hazırda Oğuzda 20-dən artıq turizm və ailəvi istirahət mərkəzləri və 5 otel fəaliyyət göstərir. 2008-ci ildən fəaliyyət göstərən “AFRA-otel” turizmin inkişafına xeyli təkan verib. 65 yerlik bu oteldə rayonun qonaqları və turistlər üçün hər cür şərait yaradılıb. “Saf təbiət”, “Oğuz”, “Qreland” turizm, “Qaynama”, “Oğuz eli”, “Farel” ailəvi istirahət mərkəzləri yay mövsümündə  rayonun turist və qonaqlarına nümunəvi xidmət göstərib. Aparılan işlərin nəticəsidir ki, 2014-cü ildə rayona 12 mindən artıq turist gəlib.

Daha sonra məruzəçi Oğuzun mədəniyyət abidələrinin bərpaya ehtiyacı olmasından danışdı, rayon gənclərinin uğurlarını sadaladı, elektrik və qaz təsərrüfatında görülən işlər barədə söhbət açdı.

Məruzə ətrafında çıxış edən digər natiqlər də ayrı-ayrı sahələrdə olan uğurları sadaladılar, qarşıda duran vəzifələrdən danışdılar. Bildirdilər ki, keçən il, həqiqətən, Oğuzun həyatında uğurlu və dönüş ili kimi yadda qalacaq.

Yığıncağın işində Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı və Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak və çıxış etdilər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında