Doğma Vətənə və xalqa xidmət görkəmli ictimai xadim Zərifə Salahovanın fəaliyyətinin əsas hədəfidir. Zərifə xanım özünün çoxşaxəli fəaliyyəti ilə cəmiyyətin tərəqqisinə, milli mədəniyyətin və milli düşüncənin inkişafına dəyərli töhfələr verib. O, həm nüfuzlu ictimai xadim, pedaqoq, maarifçi, naşir, həm də vətənpərvər, işıqlı bir şəxsiyyətdir.
Müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin yaxın silahdaşlarından biri olmuş Z.Salahova bütün ictimai-siyasi proseslərdə həmişə fəal mövqe tutub, vətənpərvərlik nümunəsi göstərib.
Vətən sevgisi Z. Salahovaya irsən keçib. O, Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan Teymur Salahovun ailəsində doğulub. Müxtəlif rəhbər vəzifələrdə çalışmış, doğma Vətənə və torpağa qəlbən bağlı olan T.Salahov məkrli xəyanətkarların, erməni millətçilərinin əli ilə repressiya dövründə - 1938-ci ildə güllələnib. Lakin gec də olsa, 18 il sonra haqq-ədalət öz yerini tapıb və ona bəraət verilib.
Zamanın ədalətsizlikləri Teymur Salahovu cismən məhv etsə də, mənən sarsıda bilməyib və işıqlı xatirəsi bu gün də ürəklərdə yaşayır. Onun yadigarları olan dünya şöhrətli Xalq Rəssamı Tahir Salahov, görkəmli ictimai xadim Zərifə Salahova, nəslin digər davamçıları xalqımızın ən dəyərli şəxsiyyətləri sırasında yer alırlar.
Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunu və Moskvada Ali Partiya Məktəbini bitirən Zərifə Salahova müxtəlif sahələrdə işləyib, 1970-1981-ci illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifədə çalışıb. 1981-1992-ci illərdə Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti sədrinin birinci müavini olub (1974-1989-cu illərdə cəmiyyətin Fəxri sədri mədəniyyət naziri Zakir Bağırov idi), 1993-cü ildən isə cəmiyyətin sədridir.
2002-ci ildə Z.Salahova dünyada ilk dəfə olaraq Bakıda Miniatür Kitab Muzeyini yaradıb. Dahi rəhbər Heydər Əliyevin qayğısı sayəsində ərsəyə gələn bu muzeydə dünyanın 67 ölkəsində, o cümlədən Azərbaycanda çap olunan 7 mindən çox miniatür kitab toplanıb. “Kitab” Cəmiyyəti ulu öndər Heydər Əliyev ilə bağlı 37 miniatür kitab nəşr edib. “İNDİGO” nəşriyyatında çap olunan bu kitablar Heydər Əliyev Fondunda və Miniatür Kitab Muzeyində nümayiş etdirilir. Muzeyin eksponatları arasındakı ən qədim kitab isə Səudiyyə Ərəbistanında nəşr olunmuş Müqəddəs “Qurani-Kərim”in 1672-ci ilə aid nüsxəsidir.
“Kitab” Cəmiyyətinin dəstəyi ilə ayrı-ayrı ölkələrdə Miniatür Kitab Muzeyi kolleksiyasının ən yaxşı nümunələri təqdim olunub. Ginnesin Rekordlar Kitabına daxil edilən bu muzeyin beynəlxalq əlaqələri də genişləndirilib. Bütün bunlar Azərbaycan mədəniyyətinin, milli mənəvi irsimizin dünyada təbliğinə və tanınmasına əvəzsiz töhfədir.
Z.Salahovanın fəlsəfi baxışlarında “milli təfəkkürün inkişafı”, “milli mənəvi dəyərlərin zənginləşdirilməsi”, “milli dövlətçiliyə xidmət”, “azərbaycançılıq təəssübkeşliyi” həmişə önəmli yer tutub. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edən Zərifə xanım ölkəmizlə bağlı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daim xüsusi əzmkarlıq göstərib.
Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev Zərifə Salahovanın fəaliyyətini yüksək dəyərləndiriblər. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Z. Salahova “Şöhrət” ordeni ilə təltif olunub.
Zərifə xanım Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun müvafiq Sərəncamı ilə bu ölkənin dövlət mükafatı Fransisk Skorina medalına (2010), Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin fəxri fərmanına, Rusiya Xarici İşlər Nazirliyinin agentliyi olan “Rossotrudniçestvo”nun “Dostluğa və əməkdaşlığa görə” (“Za drujbu i sotrudniçestvo”) Şərəf nişanına və digər mükafatlara layiq görülüb.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç: “Zərifə Salahova öz əməli, xeyirxah işi və yorulmaz fəaliyyəti ilə digərlərindən seçilir. Mən onda olan bu həyat eşqinə vurğunam. Onun yolu insanları daim düzlüyə, saflığa, oxumağa, öyrənməyə səsləyir. Bu yolda ona uğurlar arzulayıram”.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin: “Zərifə Salahova nadir muzey yaratmışdır... Miniatür Kitab Muzeyinin təşkili həm də bədii sözə hörmətin yüksək əlamətidir”.
Zərifə xanım, eyni zamanda, olduqca xeyirxah, nəcib bir ziyalı, yüksək idarəçilik bacarığına malik təşkilatçıdır.
Haşiyə: 1983-cü il idi. Mən Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin Zəngilan rayon təşkilatının sədri vəzifəsində çalışırdım. Eyni zamanda, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsində təhsil alırdım.
Bir gün xəbər tutdum ki, “Kitab” Cəmiyyəti sədrinin birinci müavini Zərifə Salahova qurumun fəaliyyəti zəif olan rayon təşkilatlarının sədrləri ilə görüşəcək. Həmin görüşə məni də dəvət etdilər. Doğrusu, çox narahatlıq keçirirdim.
Görüş zamanı Zərifə xanım bu narahatlığımı hiss etdi. Çox qayğıkeşliklə iş şəraitim, problemlərim ilə maraqlandı. Rayon təşkilatının fəaliyyətini genişləndirmək üçün tövsiyə və tapşırıqlarını verdi. Ölkənin inkişafında yüksək ixtisaslı, bacarıqlı mütəxəssislərin mühüm rolunu qeyd edən Z. Salahova dedi: “Sən həm də tələbəsən, tələbəyə daha çox diqqət və qayğı göstərilməlidir. Hansı çətinliklərin olsa, müraciət et, çalışarıq ki, öz dəstəyimizi verək”.
Qəbul otağından çıxanda qəlbimdə Zərifə xanıma sonsuz minnətdarlıq hissləri baş qaldırmışdı. Həmin duyğular bu gün də məni tərk etməyib. Zərifə xanımın tövsiyələri, ondan gördüyüm diqqət və qayğı həyatıma və fəaliyyətimə həmişə işıq tutur.
Xalqımızın ləyaqətli övladı Zərifə Salahova bir çoxlarının inam, ümid yeri olub. Bu qayğıkeşlik Zərifə xanıma irsən keçib və onun Vətənə, torpağa olan sonsuz məhəbbətindən qaynaqlanır.
İbrahim ƏSƏDOV,
AzərTAc-ın müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.