Qocaman jurnalistin unudulmaz xatirəsi

Azərbaycan jurnalistikasına ağır itki üz vermişdir. Ömrünün 60 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr etmiş əməkdar jurnalist, II Dünya müharibəsinin veteranı Kazım Hacı oğlu Ələkbərov  uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat etmişdir.

Uşaqlığı Bakıda repressiya olunmuş ailədə, ağır mənəvi- fiziki çətinliklər şəraitində keçən gələcəyin jurnalisti bütün bunlara baxmayaraq, həyatın işıqlı cəhətlərindən güc alaraq, milli və ictimai dəyərlərə rəğbət ruhunda böyümüş, dövrünün təhsil və tərbiyə imkanlarından bacarıqla bəhrələnmişdir.Orta məktəb partasından Dünya savaşı cəbhəsinə yollanan Kazım Ələkbərovun döyüş yolu Böyük Vətən müharibəsinin başlanğıcından Qələbəyədək davam etmiş, doğma Bakıya sinəsi orden- medallarla  qayıtmışdır. O, jurnalistik fəaliyyətinə də əynində əsgər şineli ilə başlamışdır.

Kazım Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində (indiki AzərTAc ), “Kommunist” (indiki “Xalq qəzeti”), “Bakı”- “Baku” qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələrdə işləmişdir. Peşəkar jurnalistikamızın formalaşmasında və inkişafında, gənc jurnalistlər nəslinin yetişməsində layiqli xidmətləri olan Kzım Ələkbərov əmək fəaliyyətinin son illərində paytaxtın idarəetmə sistemində çalışmış, dövlət idarələrində ana dilinin tətbiqi işinə yaxından kömək göstərmişdir.

 Təcrübəli və nüfuzlu jurnalistin mərkəzi mətbuatda  aktual mövzularda, müxtəlif janrlı yüzlərlə yazısı dərc olunmuşdur. Uzun illər Kazım Ələkbərov elm, təhsil, tərbiyə mövzusunda yazan ən yaxşı qələm sahiblərindən biri olmuşdur. Obyektivliyi, prinsipiallığı, məsuliyyəti, aşkarlığı, nəzakəti  həmişə peşə davranışı norması kimi qəbul etmiş Kazım Ələkbərov ömrü boyu jurnalist üçün vacib olan bu prinsiplərə sadiq qalmış, paklığı və təmənnasızlığı ilə seçilmişdir.

Təqaüdə çıxandan sonra da Kazım Ələkbərov jurnalistika aləmindən uzaq düşməmiş, bir- birinin ardınca 6 kitab (“Mən necə jurnalist oldum”, “Jurnalist ömrünün akkordları”, “İki cəbhə əsgərinin xatirələri”, “Yazmışam ki, izim qala”, “Xeyirxahlarım”, “Şirin- acı xatirələr” ) yazıb həmkarlarına və gələcəyin jurnalistlərinə hədiyyə etmişdi. Bu nəşrlərdə milli jurnalistikamızın müharibədən sonrakı mərhələsinin peşəkarlıq xüsusiyyətləri, tanınmış nümayəndələri, yaddaqalan hadisələri, milli maraqlarımız uğrunda mübarizəsi geniş əksini tapmışdır. Kazım müəllim bir vaxtlar çalışdığı kollektivlərlə əlaqəsini kəsmir, vaxtaşırı gənc jurnalistlərə tövsiyələrini çatdırır, ölkədə gedən media proseslərinə faydalı mülahizələri ilə xeyirxah köməyini göstərirdi.

Kazım Ələkbərovun milli jurnalistikamızın inkişafında xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Əməkdar jurnalist fəxri adına,  dövrünün nüfuzlu yaradıcılıq mükafatı olan “Qızılıl qələm”ə və AMŞ-nin xüsusi Diplomuna layiq görülmüşdür.

Son illərdə gözləri və ayaqları tutulsa da, Kazım müəllim gümrahlığını və nikbinliyini qoruyub saxlayırdı. I qrup müharibə əlili olsa da, bu şux qamətli, son dərəcə mədəni görkəmi ilə Hollivud aktyorlarını xatırladan yaraşıqlı insanı heç vaxt qəddibükük, giley- güzarlı görmədik.Tez-tez redaksiyamıza zəng vurur, qəzetimizi ardıcıl izlədiyini söyləyirdi. Ürəyinə yatan yazıların müəllifləri ilə ayrıca danışırdı. Jurnalistikada baş verən neqativ hallara ürək ağrısı ilə yanaşır, buna son qoymaq üçün bizi mübarizliyə çağırırdı.

 Bir də dünyasını dəyişmiş jurnalist və redaktor dostlarını – Əli Vəliyevi, Rza Quliyevi, Nəsir İmanquliyevi, İsrafil Nəzərovu, Rəşid Mahmudovu... unutmur, yubileylərində onları yada salmağımızı, yazı verməyimizi xahiş edirdi. Kitablarını, ilk növbədə, redaksiyaya göndərir, öz yubileylərində doğma kollektivin təmsilçilərini başda əyləşdirirdi. 85 yaşının tamamında keçirilən məclisdə ürək dolusu dedi- güldü, ötən illərdən xoş xatirələr danışdı. Böyük Üzeyir Hacıbəyovun dəfnindən hazırladığı geniş tarixi xronikanı və Stalinə yazdığı məktubu, həmişə olduğu kimi, yenə öyünclə xatıtladı.  O gün bəxtəvər saatları ilə hamımıza xoş əhval, unudulmaz xatirə bəxş elədi.

Ötən il avqustun 12-də 90 yaşı tamam olanda Azərbaycan Mətbuat Şurasına gəlməsinin çətin olduğunu nəzərə alıb, AMŞ-nin və qurumun Ahıl Jurnalistlər Məclisinin rəhbərləri, redaksiyamızın təmsilçiləri qocaman jurnalist Kazım Ələkbərovu mənzilində ziyarət və təbrik etdilər. Yubiliyara AMŞ-nin Diplomu və AJM-in hədiyyəsi də təqdim olundu. Bu qədirbilənlik onu çox sevindirdi, ağrı- acılarını unutdurdu. O vaxt sevimli Kazım müəllimə daha bir yubileyini bizimlə birlikdə qeyd etməyi arzuladıq...

Bu günlərdə isə jurnalistikamızın ağsaqqallarından biri olmaq mötəbərliyini sonadək qoruyan qocaman yazarı və dostumuzu böyük ehtiramla əbədiyyətə yola saldıq. Silinməz- pozulmaz  jurnalistika irsi və unudulmaz xatirəsi isə bizimlə qaldı.

 Kollektivimiz adından deyirik: Allah rəhmət eləsin!

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında