9 fevral Azərbaycanın siyasi həyatında xüsusi məna kəsb edən bir tarixdir. Bir tərəfdən, 9 fevral 1924-cü ildə Naxçıvan muxtar respublika olaraq Azərbaycanın tərkibində qaldı. Digər tərəfdən isə, bu tarixi Azərbaycanın, xüsusən də ölkəmizin ayrılmaz bir parçası olan Naxçıvanın taleyində bir imtahan, sınaq kimi də qiymətləndirmək olar.
XX əsrin əvvəllərində böyük dövlətlərin Qafqaz planlarında ciddi dəyişikliklər baş vermişdi. Həmin dövrdə Qafqaz Qərblə Şərqin, İslam və xristian dünyasının qarşıdurma nöqtəsi hesab olunurdu. Buna görə də neft iyinə yığışan bütün böyük dövlətlər Qafqazda öz dayaq nöqtəsini yaratmağa çalışırdılar. Başqalarının əlində alət olmaq missiyası isə tarix boyu, sanki, ermənilərin boyuna biçilmişdir. Qafqazda tarixin heç bir mərhələsində müstəqil dövləti olmayan ermənilər bu fürsətdən maksimum yararlandılar.
Hələ keçən əsrin əvvəllərində erməni təcavüzkarlığı öz zirvəsinə qalxmışdı. 1905-1907, eləcə də 1918-1920-ci illərdə Naxçıvanda, Zəngəzurda, Qarabağda, Şamaxıda, Qubada və digər Azərbaycan torpaqlarında erməni silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı qırğınlar törətmişdilər. Mərkəzi Naxçıvan olmaqla, Şərur-Dərələyəz, Vedibasar və Sürməli bölgələrində qurulan Araz-Türk Respublikasının əsas missiyası yerli əhalini erməni qırğınlarından qorumaq idi. Həmin dövrdə regionda ingilis, amerika hərbi qüvvələrinin olması, Amerika general-qubernatorluğunun yaradılması böyük dövlətlərin Qafqaz planlarına doğru atılmış addımlardır. Bu planların nəticəsində 1918-ci ildə tarixi Azərbaycan torpaqlarının hesabına Ararat Respublikası yaradıldı, qədim Azərbaycan şəhəri İrəvan regionda gərginliyin azaldılması üçün bu yeni dövlətə güzəştə gedildi. 1920-ci ildə Sovet işğalı nəticəsində isə böyük mübarizədə regionun qalibi müəyyənləşmiş oldu. Qısa zamanda tarixi arzularına çatan ermənilərin ambisiyaları daha da artdı. Digər “böyüklər”dən müstəqil dövlət payı alan ermənilər Qafqazın yeni ağası olan Sovet Rusiyasından da Azərbaycan torpaqlarını pay almaq uğrunda səy göstərirdilər. Nəticədə, Zəngəzur ermənilərə hədiyyə edildi, Naxçıvan və Qarabağ isə növbəti hədəf seçildi.
Həmin dövrdə Naxçıvan, ilk növbədə, yerli əhalinin mübarizəsi və qətiyyəti hesabına Azərbaycanın tərkibində qalmış oldu. Yerli əhalinin təkidi ilə Moskva tərəfindən keçirilən rəy sorğusuna əsasən, Naxçıvanda yaşayan əhalinin böyük əksəriyyəti qətiyyətlə Azərbaycanın tərkibində qalmaq istəklərini bildirdilər. 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri isə Naxçıvanın statusunun toxunulmazlığına beynəlxalq zəmanət qazandırmış oldu. Bütün bu siyasi-hərbi mübarizə 9 fevralda Naxçıvanın Azərbaycan SSR-in tərkibində Muxtar Sovet Sosialist Respublikası statusu ilə yekunlaşdı. Təqvimin bu günü Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını təsdiqləməklə tarixə yazıldı. Buna görə də 9 fevralı, hər şeydən əvvəl, Naxçıvanda yaşayan əhalinin qətiyyətinin zəfəri adlandırmaq olar.
Min illərlə Azərbaycan tarixində özünəməxsus yeri olan bu diyar ermənilərin və onların havadarı olan xarici qüvvələrin məkrli planlarından bütövlük prinsipini saxlayaraq çıxdı. Məhz bu səbəbdən də 9 fevral Azərbaycandan yalnız coğrafi cəhətdən ayrı salınmış, ancaq Azərbaycanın ayrılmaz tərkib hissəsinin yeni tarixinin başlanğıcı kimi tarixə düşmüşdür.
Sovet dövründə də Naxçıvana qarşı erməni fitnəsi və ögey münasibət davam etmişdir. Belə ki, Kremlin təzyiqi ilə 1929-1931-ci illərdə Naxçıvanın 9 kəndi Ermənistana verilmişdir. Sonrakı illərdə də bir sıra ərazilər Ermənistana birləşdirilmişdir və Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit edilmiş ərazisinin, təqribən, 15 faizi XX əsrin müxtəlif illərində Ermənistan tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Sovet rejimi dövründə Naxçıvan xüsusi sərhəd zonası olaraq SSRİ-nin mərkəzi planlaşdırılmasında bir çox iqtisadi layihələrdən kənarda saxlanılmışdır. Müqayisə üçün deyək ki, Azərbaycanın tərkibində digər bir muxtar statuslu bölgə olan Dağlıq Qarabağ Muxtar Vilayətinə büdcədən dəfələrlə çox vəsait ayrılır, güzəştlər edilirdi.
Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını və böyük Azərbaycançılıq ideallarına dönməz sədaqətini Sovetlər İttifaqının dağılması dövründə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinə xidməti ilə bir daha təsdiq etmişdir. 1990-cı ildə ilk dəfə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması ilə bağlı qərar verildi. 20 yanvar gecəsi isə Naxçıvan MSSR-in Ali Sovetinin fövqəladə sessiyasında muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul edildi. Sonralar bu tarixi qərarı şərh edən görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Naxçıvanlıların bu tarixi hərəkəti həmin dövrdə Sovet İttifaqı üçün misli görünməmiş hadisə idi... Bu, naxçıvanlıların nə qədər mərd, cəsarətli və azadlıqsevər olduqlarının sübutu idi.” Əsrin sonlarında ermənilərin Azərbaycan torpaqlarına yeni təcavüzü başlayarkən ulu öndər Heydər Əliyev Qars müqaviləsini yenidən gündəmə gətirməklə Naxçıvanın Azərbaycanın ayrılmaz parçası olmaq taleyini bir daha həll etmiş oldu.
Anklav regionun uğurlu modeli
Yeni dövrdə Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmişdir. Təkcə onu sadalamaq kifayətdir ki, son 10 ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 10,3 dəfə, sənaye məhsulunun ümumi həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə artıb. Nəzərə alsaq ki, Naxçıvan anklav bölgə, həm də blokada şəraitindədir onda bu statistik rəqəmlərin həyata keçirilən ardıcıl və məqsədyönlü işin bəhrəsi olduğu daha aydın olar.
Fikrimizcə, Naxçıvan dünyada mövcud olan anklav bölgələr arasında hərtərəfli inkişafın uğurlu modeli hesab oluna bilər. Azərbaycanın əsas ərazisindən ayrı düşdüyü üçün və müharibə ilə bağlı blokada şəraitində olan Naxçıvan iqtisadi siyasətində özünəməxsus tənzimləmələr mexanizmləri tətbiq edir. Regionun hazırkı yüksək inkişaf səviyyəsi göstərir ki, Naxçıvan Muxtar Respublikası rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasət uğurlu anklav bölgə modelinin əsasında dayanır.
Hazırda dünyada siyasi, tarixi, coğrafi səbəblərdən yaranmış müxtəlif ölçüdə 283 anklav ərazi mövcuddur. Dünya təcrübəsində bu tip ərazi quruluşlarının yaranması tarixi, siyasi və coğrafi səbəblərlə əlaqədardır. Naxçıvan anklavının yaranması daha çox siyasi-tarixi proseslərin nəticəsidir. Belə ki, keçən əsrin 20-ci illərində Sovet Rusiyası tərəfindən Qafqaz işğal olunarkən bu regionda yaradılmış müttəfiq respublikaların sərhədlərində dəyişikliklər edilmişdir. Tarixi Azərbaycan torpaqları Zəngəzurun, Dərələyəzin Sovet rəhbərləri tərəfindən Ermənistan SSR-ə hədiyyə edilməsi hesabına Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru əlaqəsi kəsilmiş və nəticədə, Naxçıvan anklav əraziyə çevrilmişdir.
Müstəqillik dövründə isə anklav region olan Naxçıvan Muxtar Respublikası Ermənistanın hərbi təcavüzü nəticəsində blokada şəraitində yaşamağa məcbur olmuşdur. Məhz bu səbəbdən Azərbaycanın vahid iqtisadi sistemindən təcrid olunmuş muxtar respublika anklav şəraitdə olsa belə, uğurlu gömrük-vergi tənzimləmələri tətbiq etməklə daxili bazarı qoruyur, xarici bazarlara çıxış imkanlarını genişləndirir.
Gələcəyin üfüqləri
Bu gün sevinclə qeyd etmək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin ilk günlərindən blokada şəraitində olan Naxçıvan öz ağır günlərini artıq arxada qoymuşdur. Gələcəyə nəzər salarkən indi Naxçıvanda yeni bir mənzərə açılır. Məlum olduğu kimi, blokada şəraitində Naxçıvanın Azərbaycanın vahid təsərrüfat sistemindən ayrı düşməsi, quru yolu ilə birbaşa nəqliyyat əlaqələrinin kəsilməsi nəticəsində region iqtisadi cəhətdən ağır vəziyyətə düşmüşdü. Amma bu gün Naxçıvan bir sıra istiqamətlər üzrə nəinki özünün ehtiyaclarını təmin edir, hətta xarici ticarət əlaqələrini yeni bazarlara doğru genişləndirir. Elektrik enerjisi sahəsində mövcud vəziyyət deyilənlərin əyani təzahürüdür. Elektrik enerjisinin böyük fasilələrlə verilməsinin çətinliklərinin şahidi olan, təbii qazın az qala unudulduğu dövr artıq arxada qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət əsasında regionların sosial-iqtisadi inkişaf proqramının uğurlu icrası nəticəsində indi muxtar respublikanın ən ucqar dağ kəndində belə təbii qaz da, fasiləsiz işıq da vardır. Nəqliyyat sahəsində Naxçıvan yaxın gələcəkdə böyük perspektivlər vəd edir. Hazırda Azərbaycanın əsas ərazisi ilə yükdaşımalar daha çox İran ərazisi vasitəsilə aparılır. Naxçıvanın beynəlxalq aləmə çıxışı isə Türkiyə və İranla sərhəd keçid məntəqələri və beynəlxalq aeroportun üzərinə düşür. Naxçıvandan İstanbula, Moskvaya müntəzəm uçuşların həyata keçirilməsi ilə Naxçıvan blokada tilsimini sındırır.
Dəmir yolu ilə bağlı layihələrin isə Naxçıvanı Yeni İpək Yoluna qaytaracağı gün uzaqda deyildir. Məlum olduğu kimi, Naxçıvan bütün tarix boyu öz inkişafının yüksək mərtəbəsinə qədim İpək Yolunun işlək vəziyyəti zamanı yüksələ bilmişdir. Orta əsrlərdə Naxçıvanda bu yol üzərində onlarca karvansara, məscid, körpü salınmış, Naxçıvan, Ordubad, Culfa, Aza kimi böyük şəhərlər olmuşdur. Azərbaycan Atabəylər dövrünü Naxçıvanın tarixi inkişafının “qızıl dövrü” adlandırmaq olar. Azərbaycan Atabəylər dövlətinin paytaxtı olan Naxçıvanda Möminə xatın məqbərəsi başda olmaqla, bir çox memarlıq abidələri əsrlər boyu bu diyara bəzək vermiş, tarixi simvola çevrilmişdir. Müasir dövrümüzdə Naxçıvanın yenidən mühüm nəqliyyat yollarına çıxış imkanı yaranmışdır.
Azərbaycanın təşəbbüsü ilə tikintisinə başlanan Bakı-Tbilisi-Qars dəmir yolu artıq yekunlaşmaq üzrədir. Bu nəqliyyat arteriyası Pekini Londona birləşdirəcək ən qısa yoldur və Şərq-Qərb nəqliyyat marşrutunda ən mühüm vəsilə olacağı gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu böyük coğrafi kəşflərdən sonra itirilən Böyük İpək Yolunu tamamlayacaq bir layihədir. Heç bir xarici donordan, beynəlxalq maliyyə institutlarından vəsait almadan, hətta tikintisinə müxtəlif qüvvələr tərəfindən əngəllər törədilən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin Azərbaycanın geosiyasi çəkisinə güc qatacağını əminliklə söyləmək olar.
Dəmir yolu xəttinin Qarsdan Naxçıvana qədər uzadılması ilə bağlı planlar isə strateji xarakter daşıyır və Naxçıvanın gələcək taleyində müstəsna rola malik olacaqdır. Bu, dövlət başçısının uzaqgörən siyasətinin təzahürüdür və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvanın dünyaya və Ana Vətənə qovuşmasına hesablanmışdır. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvanın beynəlxalq aləmə yeni çıxış imkanı yaradacaqdır. Naxçıvan yenidən “Şərqə açılan qapı” və “Türk dünyasına qapı” olaraq öz layiqli yerini tutacaqdır. Muxtar respublikada dəmir yol infrastrukturunun işlək vəziyyətdə saxlanılması Qars-İqdır marşrutunun Naxçıvanda dərhal Şərur, Culfa və Ordubada qədər hərəkətdə olmasını təmin edə biləcəkdir. Bundan başqa, bu marşrut tarixi ənənəsi olan Culfa-Təbriz xəttinin də Mərkəzi Asiyaya qədər uzadılmasına imkan yaradacaqdır. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana qədər uzadılması Dəmir İpək Yolunu dairəvi halqaya çevirəcəkdir. Şərq-Qərb tranzit əlaqələri Naxçıvanın inkişafında mühüm rol oynayacaqdır.
“İslam mədəniyyətinin paytaxtı”
Məlum olduğu kimi, 2009-cu il oktyabrın 14-də Bakıda İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında qəbul edilmiş qərara əsasən, qədim Azərbaycan torpağı olan Naxçıvan 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdir. Bu, bütün İslam aləmində Azərbaycanın və onun ayrılmaz parçası olan Naxçıvanın daha yaxından tanıdılması, xalqımızın tarixin dərin qatlarında yatan maddi-mənəvi dəyərlərinin təbliği baxımından mühüm bir platforma və gözəl bir fürsətdir.
Qeyd etməliyik ki, Naxçıvan öz tarixi və dini abidələri ilə mədəniyyət paytaxtı olmağa tamamilə layiqdir. Bəşəriyyətin yenidən yaranış tarixini simvolizə edən Nuh peyğəmbərin məzarüstü abidəsi, adı müqəddəs “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf ziyarətgahı, min ilə yaxındır ki, öz mövcudluğunu qoruyan Möminə xatın türbəsi, orta əsrlərə aid Qarabağlar türbəsi, yüksək səviyyədə yenidən bərpa olunmuş Naxçıvan şəhər-qalası bu qədim torpağı dünyaya tanıdacaqdır. Bu təqdimat isə Azərbaycançılıq və İslam dini dünyagörüşünün vəhdətinin fəlsəfəsini ortaya qoymağa qadirdir. Naxçıvandakı tarixi abidələr burada bəşər sivilizasiyası ilə Türk-İslam mədəniyyətinin və müasirliyin vəhdət halında mövcudluğunu göstərir.
Çünki Naxçıvanda bəzi islamaqədərki tarixi abidələri burada yaşayan yerli əhalinin tək Tanrıya inamını ortaya qoyur. Bu mənada Əshabi-Kəhf ziyarətgahını xüsusi fərqləndirmək olar. Bu qədim tarixi-dini məkan hətta İslamdan əvvəl də türklərin tək Tanrıya inancını əks etdirən bir fəlsəfəni təcəssüm etdirir. Fikrimizcə, İslamın bu regionda asanlıqla qəbul edilməsinin əsas səbəbi türklərin İslamla yekun nəticədə çox yaxın olan göytanrıçı inama sahib olması ilə əlaqəlidir. Bu baxımdan İslam mədəniyyətinin paytaxtında bu fəlsəfi dünyagörüşün təqdimatı da maraqlı olar.
Digər mühüm tarixi abidə kimi, Əlincə qalasının və ətrafındakı dini-tarixi abidələrin İslam aləmi üçün xüsusi maraq doğuracağını güman etmək olar. Çünki bu tarixi məkan bir neçə aspektdən Azərbaycan həqiqətlərinin və fəlsəfi dünyagörüşünün təbliğinə xidmət edir. Birincisi, “Kitabi – Dədə Qorqud” dastanında adı çəkilən abidə kimi Əlincə qalası bu məkanın qədim türk yurdu olmasının əsas göstəriciləri sırasında mühüm yer tutur. Dünya ictimaiyyəti, o cümlədən İslam ölkələri Naxçıvanda ermənilərin qədimdən yaşaması ilə bağlı erməni diasporunun uydurmaları, saxtalaşdırmaları ilə tez-tez qarşılaşırlar. Naxçıvan tarixinin saxtalaşdırılması ilə bağlı ermənilərin məkrli təbliğatına qarşı ən tutarlı cavablardan biri “İslam mədəniyyəti paytaxtı”na yığışacaq nümayəndə heyətlərinə ən qədim türk dastanlarından olan “Kitabi – Dədə Qorqud”da əks olunan Azərbaycan torpaqlarının, o cümlədən Əlincə qalasının təqdimatı olar.
İkinci bir məqam Əlincə qalası- hürufilik bağlılığının təqdimatıdır. Məlumdur ki, hürufiliyin yaranıb formalaşdığı XIV-XV əsrlərdə İslam təlimində bu dünyagörüşünə münasibət birmənalı olmamış, bəzən hətta küfr sayılmışdır. Həmin dövrdə hakimiyyətdə olanların bir çoxu hürufiliyi və sufi dünyagörüşünü dinə təhdid kimi görmüş, ona qarşı mübarizə aparmışdır. Lakin bu da bir faktdır ki, bütün bu mübarizələrin müqabilində xalq arasında hürufi təlimi və dünyagörüşü geniş yayılmışdır. Bu baxımdan Əmir Teymurun hürufilik təliminin banisi Fəzlullah Nəimini 1394-cü ildə Əlincə qalasının ətəyində edam etdirməsi bu günə qədər yaddaşlardan silinməmişdir. Xalqın böyük sevgisi sayəsində Nəiminin məzarı bu gün də Əlincənin ətəyində qorunub saxlanılmışdır. Ehtimallara görə, Fəzlullah Nəiminin burada basdırılmasının səbəbi onun Əlincədən Araz çayına tərəf orta əsr şəhəri olan Astarabaddan olmasıdır. Yəni, Fəzlullah Nəiminin məzarının burada əsrlərdir qorunması vətəni ilə əlaqədardır. Bu isə o deməkdir ki, Naxçıvan hürufizmin əsas mərkəzlərindən biri olmuşdur. Xalq arasında Nəiminin türbəsi kimi tanınan həmin abidənin son illərdə əsaslı şəkildə yenidən qurulması böyük tarixin yaşadılması ilə yanaşı, həm də dünyaya təqdim edilməsinə yol açacaqdır.
Müasir dövrümüzdə İslam dini dünyagörüşündə hürufi fəlsəfəsinə münasibət dəyişmişdir. Artıq bu fəlsəfə dünyada İslama qarşı deyil, İslam daxilində təsəvvüf dünyagörüşü kimi öyrənilir. Bu mənada hürufiliyin mərkəzlərindən olan Əlincə qalası və ətrafındakı abidələr İslam dünyasında bir fəlsəfi təlimin incəliklərinə diqqət etmək üçün fürsət verir və şübhəsiz, bu, mütəxəssislərin də diqqətini cəlb edəcəkdir.
Tarixdən o da məlumdur ki, Əlincə qalası 14 il (1387-1401) Əmir Teymurun qoşunlarının mühasirəsində qalmış və təslim olmamışdır. Bütün dünyanı lərzəyə gətirən Əmir Teymurun Əlincəni ala bilməməsi Azərbaycan tarixinə yazılan bir mübarizənin, qətiyyətin, əzəmətin rəmzidir. Beləliklə, Əlincə qalası İslam dünyasına Azərbaycan xalqının qəhrəmanlıq səhifəsini, milli-mənəvi dəyərlərini, fəlsəfi dünyagörüşünü, tarixini təqdim edə biləcək möhtəşəm bir abidədir. Bu mənada Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Əlincə qalası tarixi-memarlıq kompleksinin tikintisi 2018-ci il “İslam mədəniyyətinin paytaxtı” kimi Naxçıvanın bu missiyaya hazırlığına böyük bir töhfədir. Hazırda Naxçıvan şəhərində inşa edilməkdə olan böyük məscid kompleksi də İslam memarlığının müasir səviyyəsini əks etdirmək imkanlarına malikdir.
Beləliklə, hər tərəfdən, sıra dağlarla əhatə olunan Naxçıvandan gələcəyə doğru baxarkən yeni-yeni üfüqlər açılır. Minillərdir ki, Naxçıvanın taleyinə şahidlik edən həmin dağlar diyarın inkişafının əzəmətinin rəmzinə çevrilib. Dağların Naxçıvan üçün xüsusi bir mənası vardır. Bu yaxınlarda nəşr olunan “Naxçıvan - Şərqin əfsanəsi” kitabında qeyd edildiyi kimi, “Venesiyada kanallar, Naxçıvanda isə dağlar yerli mənzərənin səciyyəvi detalı kimi çıxış edir”. İndi Naxçıvanda həyatın və inkişafın səviyyəsi heyrətamizdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət Vətənimizin ayrılmaz bir parçası olan və muxtariyyətinin 91-ci ilini qeyd edən Naxçıvanı hər keçən gün daha böyük zirvələrə aparır. Yüksəlişin uğurlu və davamlı olsun, Naxçıvan!
Ərəstü HƏBİBBƏYLİ,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Xarici əlaqələr şöbəsi analitik informasiya sektorunun müdiri,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.