Tanınmış yazıçı Xeyrəddin Qocanın anadan olmasının 65 illiyini ədəbi ictimaiyyət yubilyarın yaradıcılığına və şəxsiyyətinə böyük hörmət və qədirbilənliklə qeyd edir. Ədib ömrünün yarım əsrini ictimai qayəli sözə, cəmiyyəti narahat edən mövzuların yüksək vətəndaşlıq mövqeyindən gündəmə gətirilməsinə, ciddi publisistikaya və satirik-bədii yaradıcılığa həsr etmişdir.
Duyub-düşündüklərini oxucularla bölüşmək ehtiyacı Xeyrəddin Qocada hələ orta məktəbdə oxuduğu illərdə qarşısıalınmaz özünüifadə kimi təzahür etmişdir. Elm- bilik öyrəndiyi məktəb dərsliklərinin, bədii kitabların səhifələrindən bəlirlədiyi Azərbaycan maarifçi ədəbiyyatı və demokratik mətbuatı klassiklərinin – böyük mirzələrimiz Fətəli Axundzadənin, Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, böyük əsilzadələrimiz Həsən bəy Zərdabinin, Üzeyir bəy Hacıbəyovun, Əbdürrəhim bəy Haqverdiyevin və digər milli oyanış, ictimai tərəqqi fədailərinin xalqa sözlə xidmət məfkurəsinin tilsiminə düşən yeniyetmə Xeyrəddin bir də heç vaxt bu cazibəli çevrədən çıxa bilməmişdir. Bu müstəvidə həqiqət axtarışına çıxan, Bakıya gəlib ali təhsil alan, qəzet-jurnal redaksiyalarına ayaq açıb, ilk qələm təcrübələrini böyük mətbuatdan oxuculara təqdim edən gənc yazar illər keçdikcə ədəbi-bədii mühitdə, ictimai arenada özünü həqiqətsevər ədib, yurdsevər ziyalı kimi tanıtmağı bacarıb.
Aradan on illər keçəndən sonra demokratik ədəbiyyat və mətbuatımızın görkəmli tədqiqatçısı, akademik İsa Həbibbəyli bu möhtəşəm milli- estetik irsin fədakar və istedadlı davamçılarından olan Xeyrəddin Qocanın keçib gəldiyi sənət yolunu belə formulə edib: “Çoxcəhətli fəaliyyətə malik olan Xeyrəddin Qocanın keçdiyi yol maarifçilikdən publisistikaya, ictimai fəaliyyətdən rəsmi diplomatik işə, qəzetçilikdən satirik nəşrə qədər geniş bir dairəni özündə cəmləşdirir. Keçilən yolun təhlili göstərir ki, maarifçilik onun çoxcəhətli fəaliyyətinin möhkəm bünövrəsini təşkil edir. Yazıçı üçün zəruri olan cəmiyyət həyatının, ictimai gedişatın, insanlararası münasibətlərin dərindən dərk olunub ələkdən keçirilməsi maarifçi düşüncənin səviyyəsi ilə müəyyən olunur. Müəllim ailəsində böyüyüb boya-başa çatması, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alması Xeyrəddin Qocanın maarifçi dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyətə malikdir.”
Söz xiridarlarının dediyi kimi, Xeyrəddin Qoca cəmiyyətin və insanların ağrıyan yerinə yaxşı bələddir. O illərdir ki, bu ağrıların içində yaşayır. Yazıçı insanların daxili aləminə bələd olmasa, onların içdiyi suyun dadını bilməsə, udduğu havanı ciyərlərində hiss etməsə heç zaman mükəmməl əsər yarada bilməz. Xeyrəddin Qoca qələmini, yazmaq məharətini cəmiyyətin ovqatı üstə kökləyən bir yazıçı-dramaturq, satirikdir. Ədib indiyə qədər günün sualını cavablandıran və sabah da aktual olacaq məsələlərə ayna tutur. Bu güzgüdə eybəcər görünənlər bizim yanımızda, yaxud beş-on addım uzaqda olanlardır.
Bax beləcə, Vətən sevgili, yurd qeyrətli ustadların xeyir-duası ilə Xeyrəddin Qoca illər keçdikcə püxtələşib-yetkinləşib, dövrümüzün sözükeçən publisist-yazıçısı kimi mötəbər mövqe qazanıb. Onun ömür və yaradıcılıq yolunu açıqlıq, sadəlik, səmimilik, doğruluq, xeyirxahlıq kimi dünyanın o başından üzü bəri Xeyirin Şərlə savaşında silaha çevrilmiş ulu dəyərlər səciyyələndirir.
Beləliklə, ömür yolu soyuq bir qış günündən başlayan Xeyrəddin Qoca indi ömrünün 65-ci ilinin zirvəsində qərar tutub. Arxada qalan illərin diqqətçəkən məqamlarını birlikdə vərəqləyək.
1950-ci il yanvarın 29-da Ağdaşın Qülbəndə obasında dünyaya göz açan Xeyrəddin Qoca Qəsil kənd orta məktəbini bitirib. 1971-ci ildə Pedqaqoji Universiteti, 1977-ci ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Uzun müddət müxtəlif qəzet-jurnal, teleradio redaksiyalarında çalışıb və əməkdaşlıq edib. “Dan ulduzu” qəzetində baş redaktorluğu isə həyatının seçilən və öyünclü bir dovrü kimi xatırlanır. Korlar üçün buraxılan bu çoxtirajlı nəşrdə 1990-1991-ci illərdə ümümmilli lider Heydər Əliyevi çevrələyən sərt informasiya blokadasını yaran materiallar çap etdirdiyinə, korların belə fəhm etdiyi həqiqətləri gözlülərin də görməsinə çalışdığına görə bundan xəbər tutan səlahiyyətlilər “cəsarət və itaətsizliyin qarşısını almaq” üçün onu redaksiyadan kənarlaşdırıblar.
Lakin cəza və hədə-qorxular artıq çoxsaylı satirik hekayə və yazıları ilə tanınan, geniş oxucu rəğbəti qazanan yazıçı-publisisti haqq yolundan döndərə bilməyib. “Mədəniyyət”və “Açıq söz” qəzetlərində, ölkə jurnallarında mübarizəsini davam etdirib, ümummilli lder Heydər Əliyevin itirilməkdə olan dövlət müstəqilliyimizi qorumaq və pozulmuş ərazi bütövlüyümüzü bərpa etmək, xalqı bəlalardan xilas etmək üçün hakimiyyətə qaytarılması ilə bağlı zamanın çağırışını daha ucadan səsləndirib. Bu mübarizə zəminində xalqın ayıq-sayıq və dəyanətli ziyalılarının çağırışı ilə ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının əsas publisistlərindən olan Xeyrəddin Qoca ilk 5 ildə partiyanın orqanı olan “Yeni Azərbaycan” qəzetinə baş redaktor kimi rəhbərlik edib. 1995-ci ildə Milli Məclisə deputat seçilən tanınmış yazar 1997-2003-cü illərdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində baş konsulu olub.
Hazırda Xeyrəddin Qoca dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsinə xidmət göstərən nüfuzlu ziyalılardan, ədəbi- mədəni aləmin söz sahiblərindən biri sayılır. Tanınmış yazıçı- publisist, sabiq millət vəkili və diplomat Azərbaycan Respublikası Prezidentininin fərdi təqaüdünə layiq görülüb. Çoxcəhətli fəaliyyəti ilə o, müxtəlif yaradıcılıq və vətəndaş cəmiyyəti qurumlarında təmsil olunur. Yubilyar təmiz ad, geniş populyarlıqla yanaşı, çoxsaylı ədəbi təltif və mükafatlar da qazanıb.
Ədəbi prosesə keçən əsrin 70-ci illərində “Kirpi” jurnalında çap edilən “Hədiyyə” hekayəsi ilə qoşulan Xeyrəddin Qoca yarım əsrə yaxındır ki, öz qələmilə cəmiyyətin eyiblərini qamçılayır, naqis insanları islah olunmağa çağırır. Onun satirik hekayə və miniatürlərində böyük maarifçi-demokratlarımızın milli oyanışa səslədikləri mürgülü, öz maraqları ilə yaşayan tarixi tiplərin bizim günlərdəki xələflərinin qanqal və kol- kos kimi baş qaldırması dəyişməz hədəflərdir. İnsanlıqla qoşa doğulmuş Şər adlı naqislikləri Xeyrəddin Qocanın Xeyirdən ovxar almış qılıncı kəsib- tökür. Bu ədəbi mübarizəsi haqqında danışan yazıçı deyir: “Vaxtilə Mirzə Cəlil, Sabir, Haqverdiyev niyə yazırdılar? Mən də onun üçün yazıram”.
Ömrünün ahıllıq, yaradıcılığının məhsuldar dövrünü yaşayan ədib minlərlə çap olunmuş yazı və teleradioda çoxsaylı çıxışından əlavə, son 20 ildə ölkəmizdə və xaricdə buraxılmış “Filankəslər”, “Hərə öz payını götürsün”, “Marallar”, “Gərək yazam”, “Pyeslər”, “Bu da belə həyatdır”, “Biz bizə bənzərik” kimi kitabların da müəllifidir. “Hərənin öz payı...” pyesi Milli Akademik Dram Teatrında, “Qonşularıma, qohumlarıma, kirvələrimə” komediyası Azərbaycan Televiziyasında, “Düzü-düz, əyrini-əyri”, “Bu bizim zəmanədir”, “Toy olacaq...” pyesləri Azərbaycan radiosunda tamaşaya qoyulub.
Ciddi publisist, satirik yazıçı-dramaturq Xeyrəddin Qocanın əhatəli və dövrün aktual mövzuları ilə sıx bağlı olan yaradıcılığı ötən illərdə ədibi geniş tanıdıb və şöhrətləndirib. Onun əsərlərini təhlil edən, dəyərləndirən bir sıra məqalə və kitablar işıq üzü görüb. Son dövrdə daha bir kitab - “Həyati proseslərin axarında” toplusu ərsəyə gəlib. Nəşrdə ölkənin tanınmış elm və mədəniyyət xadimlərinin dəyərli mülahizələri, Xeyrəddin Qocanın həyat və yaradıcılığına işıq salan fakt, sənəd və illüstrasiyalar toplanıb. Yazıçı- şairlərdən Anarın, Elçinin, Qabilin, Cabir Novruzun, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının, Ramiz Heydərin, alimlərdən Pənah Xəlilovun, İsa Həbibbəylinin, Nizami Cəfərovun və s. yazılarında Xeyrəddin Qoca yaradıcılığının bədii-satirik özəllikləri, yazıçının ədəbi prosesdəki mövqeyi yüksək dəyərləndirilir.
Ustad ədəbiyyatşünas, professor Pənah Xəlilov Xeyrəddin Qocanın bədii yaradıcılığında əsas yön olan ictimai satiranın özəlliyini belə təqdim edir: “Mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin “Marallar”ı yadıma düşür. Demək istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində o kişinin ruhu yaşayır. Onun açdığı, qoyduğu cığırı Xeyrəddin Qoca indi öz əsərlərində yaşadır.
Xeyrəddin Qoca həyatda adi, sadə görünənləri, sanki, gülməli, keçici bir adilik saymır, bu “adiliklərin” “kiçikliyi” qarşısında bizdən biganəlik deyil, ayıq-sayıqlıq istəyir. Əbdürrəhim bəy Haqverdiyev, xüsusən, Yusif Vəzir məişətimizin “adicə” lövhələrini çəkəndə həmin adilikdə fəlakət görürdülər”.
Müasirləri Xeyrəddin Qocanı əsərlərində mühüm ictimai məsələlərə toxunan, oxucusunu uydurmalar, illüziyalar aləmindən ayırıb, real həyata gətirən, nöqsanları milli maraqlar mövqeyindən tənqid edən satirik kimi tanıyıb qəbul edirlər. Onun satirik qələminin məziyyətlərindən söz düşəndə birmənalı olaraq bildirilir ki, Xeyrəddinin yumorlu istehzası öz üslubuna görə klassiklərimizin kinayəli təhkiyəsinə söykənsə də, təmsillərinin, atmacalarının, hekayələrinin məzmunu təzədir, günümüzü əks etdirir. Müasir həyatımızın acı həqiqətlərini satirik qələmlə oxuculara çatdıran yazıçı öz “marallar”ının min bir xislətini məharətlə açıb göstərir. Ədibin uğuru bir də ondadır ki, o, mövzuya konkret yanaşır və mətləbi oxuculara xalq leksikonunun sadə, sərrast ifadələri ilə, yığcam və inandırıcı situasiyalarla çatdırır.
Xeyrəddin Qoca güclü müşahidə qabiliyyətinə malikdir. Ancaq o, təkcə müşahidə ilə kifayətlənmir, onların səbəblərini açaraq, canlı obrazlar yaratmağa müvəffəq olur, ən ümdəsi, nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır.
Komediyalar, satirik hekayələr, novellalar və miniatürlər ustası Xeyrəddin Qocanın yaradıcılığı haqqında Azərbaycan və türk yazıçıları, tənqidçiləri, sənətşünasları dəyərli fikirlər söyləmişlər. Onun jurnalistikanın ciddiyyətindən bədii yumora, sonra satiraya, nəhayət, dramaturgiyaya gəlişində qanunauyğunluq var. Pyeslərində hadisələrə dərin bir baxış olmaqla yanaşı, ictimai ziddiyyətlərə də əhatəli və ciddi münasibət var.
Xeyrəddin Qoca müsahibələrinin birində bədii məsləkini və satirik “mən”ini belə açıqlayır:
“Başqalarına nikbin təsir bağışlasam da, əslində, hər dərdi ürəyimdə çəkirəm. İnsanları çox sevirəm. Mənim tənqidim də insanlara olan hədsiz sevgimdən irəli gəlir. İstəyirəm ki, cəmiyyətimizdə nöqsansız, eyibsiz insanlar çox olsun. Onu da deyim ki, kövrək, hissiyatlı adamam. Məsələn, “Segah” muğamını dinləyərkən ürəkdən kövrəlirəm. Heç vaxt satiralarımı gülüş naminə yazmıram. Ona görə yazıram ki, yazmaya bilmirəm.
Bəzən özümə qarşı çox qəddar oluram. Düşünürəm ki, boş vaxtım çox keçib, təəssüf edirəm ki, həmin vaxtdan lazımınca istifadə edə bilməmişəm. Lakin düşünürəm ki, özümdən razı qalmaq üçün də səbəblər var. Sadə insanam, şəxsiyyətimi hər şeydən üstün tuturam. Hiss edirəm ki, insanlar da mənə hörmətlə yanaşırlar. Həqiqəti sevən insanlar məni qiymətləndirirlər”.
Azərbaycan satirik ədəbiyyatının ən yaxşı ənənələrini yaşadan və zənginləşdirən Xeyrəddin Qocanın yaradıcılığının əsas keyfiyyətini incələyən akademik İsa Həbibbəyli yazır: “Hazırda Xeyrəddin Qoca yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publislistika sahəsində mövcud boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir. Məhz onun yorulmaz satirik kimi ardıcıl yaradıcı fəaliyyəti ilə ədəbiyyatımızda həmin boşluq hiss olunmur. Yazıçı Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatür satirik nəsrin əsas yaradıcısı kimi tanınır. Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın “marallar”ının bədii obrazını yaratmağa müvəffəq olmuşdur. Onun “marallar”ı Molla Nəsrəddin “marallar”ının davamçıları, xələfləridir... Bütövlükdə, ədibin çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanıb”.
Şair Ramiz Heydər isə “Yaş üstə yaş gəlsə də...” şeirində Xeyrəddin Qocanın bədii portretini sözlə belə rəsm edib:
Şirin ürəklərdədir onun
sözü-söhbəti,
Yazıb- yaratdıqları onun
varı-dövləti,
Özündən öndə gedir adı,
şanı-şöhrəti,
Vallah mənim gözümdə
Nəsrəddin Xocadır o
- Xeyrəddin Qocadır o !
Böyük ədəbiyyata jurnalistikanın çətin və şərəfli yollarından keçib gəlmiş, Azərbaycanda hamının və hər kəsin dostu kimi ehtiram göstərilən Xeyrəddin Qocanı 65 illik yubileyi münasibəti ilə jurnalistlərimiz adından təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.