Bu yazını bilavasitə öz fikirlərimlə deyil, indi haqqında söz açmaq istədiyim həmkarımızın təxminən beş il əvvəl - 2010-cu ildə qəzetimizdə verilmiş bir yazısının girişindəki iki cümlə ilə başlamaq istəyirəm: “Həyatın hansı sahəsində olursa-olsun, ən böyük uğurların açarı peşəkarlıqdır. Peşəkarlıq səviyyən nə qədər yüksək olarsa, yaradıcılıq fəaliyyətində özünü bir o qədər inamlı hiss edərsən”. Çox yerinə düşür. Çünki bu cümlələri bilavasitə onun özünə çəkinmədən şamil etmək həddən artıq asandır. O, qabiliyyəti, istedadı, təcrübəsi və peşəkarlığı nəticəsində həmişə sevilmiş, seçilmiş, adı və şəxsiyyəti yüksək tutulmuşdur.
İlk baxışda adama elə gəlir ki, bu qələm sahibi haqqında yazı hazırlamaq su içmək qədər asandır. Çünki 46 ildir ölkənin üzdə olan mətbuat vasitələrində çalışır, müasir mətbuatımızın ən təcrübəli və həmişə məhsuldar yaradıcılıq tendensiyasını qoruyub saxlayan həmkarımızdan biridir, uzun illər ölkə oxucularının daim sevdiyi mətbuat vasitələrindən olan “İdman” qəzetində çalışıb, indi də “Xalq qəzeti”nin imzası yadda qalan, yazıları diqqət çəkən müəlliflərindən biridir. Biz hamımız onu müstəqillik illərində ölkəmizdə Olimpiya hərəkatının təşviqində və dövlətin gənclər siyasətinin təbliğində özünəməxsus nümunələr yaratmış həmkar, həm də təcrübəli mətbuat təşkilatçısı kimi tanıyırıq. Yəni onun haqqında söz açmaq üçün istənilən qədər arqument, fakt və mülahizə vardır. Məhz elə həmin faktların çoxluğu da məsələni bir az qəlizləşdirir.
Söhbət Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Fəxri bədən tərbiyəsi və idman işçisi, Həsən bəy Zərdabi mükafatı laueratı, “Azərbaycan Milli Ensiklopediyası”nın 2007-ci ildə nəşr olunmuş “Azərbaycan” adlı xüsusi cildində verilmiş “Bədən tərbiyəsi və idman” bölməsinin, eləcə də, idman tariximizdə xüsusi xidmətləri olmuş Azərbaycanın və SSRİ-nin Əməkdar məşqçisi, məşhur güləşçi Ehsan Kərimov haqqında yazılmış “İdmanda yaşanan şərəfli ömür” kitabının müəllifi, mətbuatda keçən ömrünü başdan-başa özünün sevdiyi sahəyə – idman jurnalistikasına həsr etmiş Oqtay Nəsib oğlu Bayramovdan gedir.
Oqtay müəllim, ümumiyyətlə, az danışmağı qiymətləndirən azsaylı həmkarlarımızdan biridir. Ürək dolusu söhbət açdığı məqamları ancaq Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək əyarlı medal qazanmasının ertəsi günü — redaksiyanın dəhlizində görürük. Elə danışır ki, elə bil medal qazananlar onun öz övladı və ya ən əziz adamıdır. Belə məqamlardan birində iş yoldaşımız Telman Əliyevdən bir fikir eşitmişdim: “Oqtay müəllimin dilini açmağın yolunu ancaq idmançılarımız bilirlər”.
Oqtay Bayramov elə bir beynəlxalq idman tədbiri olmaz ki, onu işıqlandırmağa çalışmasın. Xüsusilə şahmat idman növü ilə bağlı olan xəbərlər onun qələminin bəzəyinə çevrilir. Özü də elə məqamları seçir ki, istənilən informasiyası hamı üçün maraqlı olur. İnsafən, onun haqqında da az yazmayıblar. Məsələn, “Xalq qəzeti”nin 5 fevral 1998-ci il tarixli nömrəsində verilmiş “30 ilin idman jurnalisti Oqtay Bayramovla idman üstündə bir söhbət” adlı yazıda oxuyuruq: “Azərbaycan Xarici Dillər İnstitutunda ispan dili mütəxəssisləri hazırlayan fakültə yeni yaranmışdı. Həmin il mən də orta məktəbi bitirdim. Evdəkilərin istəyi və özümün arzumla dillər institutunun ispan dili şöbəsinə imtahan verdim və qəbul oldum. Tənbəllik eləmədim. İspan dilini yaxşı öyrəndim. Elə Kubada bir illik təcrübədə olarkən də mənim Sovet İttifaqından olduğuma inanmaq istəməyənlər tapılırdı. Çünki dili yaxşı mənimsəmişdim... Dördüncü kursda olanda o zamankı SSRİ Balıq Sənayesi Nazirliyinin Kubaya göndərdiyi mütəxəssislər arasında tərcüməçi kimi mən və tələbə yoldaşım Adil Nəcəfov müqavilə əsasında bir il həmin ölkədə işləmişik. O bir ildə çox maraqlı hadisələr oldu. Ancaq daha xoş olanı mənim gəmidə radiodan eşitdiyim bir xəbər idi. 1966-cı il noyabrın 30-da Bakının ”Neftçi" futbol komandası SSRİ çempionatının bürünc mükafatını almışdı. “Neftçi”nin tarixində ən yüksək mükafat aldığı həmin il mən bir futbol azarkeşi kimi “oyundan kənar”da qalmışdım".
“Olimpiya dünyası” qəzetinin 9 sentyabr 2011-ci il tarixli nömrəsində verilmiş “35 il idman dünyasının ən qaynar nöqtəsində olan adam” adlı məqalədə Oqtay Bayramov “İdman” qəzetində çalışdığı illəri xatırlayır: “Müxtəlif xarici ölkələrdə keçirilən çempionat və yarışlara idman müxbiri kimi ezam olunurdum. O vaxt SSRİ İdman Jurnalistləri Federasiyası xaricdə keçirilən mötəbər yarışlara hər respublikadan 1-2 nəfər jurnalist göndərirdi. Doğrudur, bu, redaksiyanın vəsaiti hesabına başa gəlmirdi, yol xərclərini özümüz ödəyirdik. Amma peşman olmurduq. Çünki yalnız oyunları izləməklə kifayətlənmir, həm də çempionat keçirilən şəhərlərin gəzməli yerləri ilə də tanış olurduq."
“Olimpə doğru” jurnalının 2012-ci il fevral-mart nömrəsinin 8-14-cü səhifələrində verilmiş “Ömrünün 43 ilini idman jurnalistikasına həsr edən adam”adlı əhatəli məqalə Oqtay Bayramovu Azərbaycan oxucusuna bir daha tanıtmaq baxımından çox əhəmiyyətlidir. Çünki orada “Uzaq Havanadan təbrik teleqramı”( yuxarıda “Neftçi”nin uğuru barədə qeydimiz vardı. Havanadan “İdman” qəzetinə həmin uğur münasibətilə təbrik göndərilmişdi), “Peşəkarlıq — uğurların açarı”, “Müasir idman jurnalistikası çox inkişaf edib”, “Nəvəm Kənanın jurnalistikaya marağı var” və “Jurnalistin qeyd dəftərçəsinin ”yaddaşında"..." adlı yığcam materiallarla yanaşı ,sanki bizim hər birimizin bu adama olan arzusunu ifadə edən sərlövhə altında da cümlələr verilmişdir: “Qələmimi yerə qoymağı bir an belə düşünməmişəm”. Əla, Oqtay müəllim, əsl idmançı xarakteri, iradəsi, qətiyyətidir. O barədə fikirləşmə. Yeri gəlmişkən, Kənan hələ onuncu sinifdə oxusa da, iki aydır ki, “Olimpiya dünyası” qəzeti ilə əməkdaşlıq edir və qəzetdə ilk yazısının verilməsi də bilavasitə babasının 70 yaşının tamam olduğu günlərə təsadüf edib.
Sonda bir məsələyə yenidən qayıdaq. Qəhrəmanımız Azərbaycan idman tarixinin bütün məqamları barədə verilən sualları həvəslə və ətraflı cavablandırsa da - bir daha qeyd edirik, o, danışmağı sevmir, ancaq suallara cavab verir – öz tərcümeyi - halı barədə suallarımıza cavab verməyi təxirə saldı. Ona görə də biz “idman.gov. az.” saytının “Təltiflər” bölməsinə müraciət etdik. Bölmənin “Əməkdar jurnalistlər” sırasında yazılıb:
“Oqtay Nəsib oğlu Bayramov 1945-ci ildə Qazax şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ispan dili şöbəsini bitirib. 1966-1967-ci illərdə Kuba Respublikasında tərcüməçi işləyib. 1968-ci ildən 1995-ci ilədək “İdman” (“Sport”) qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1974-1992-cü illərdə redaktor müavini, 1992-1995-ci illərdə baş redaktorun birinci müavini olub. 1995-ci ilin noyabr ayından “Xalq qəzeti”ndə çalışır. 1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslavakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarının, 1993-cü ildə Hollandiyada gənclərin Avropa Olimpiya həftəsini birbaşa yarış meydanından işıqlandırıb. Ailəlidir, iki övladı, iki nəvəsi var". Vəssalam.
...O boyda fəaliyyəti belə kiçik tərcümeyi-halda ifadə etməyi elə Oqtay Bayramov bacarardı. Çünki onun çöx mötəbər idman tədbirlərini cəmi 6-7 cümlə ilə ifadə etdiyini az görməmişik. Qərəz, hörmətli həmkarımızı 70 yaşının tamam olması münasibətilə təbrik edir, ona cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.