Qaraçuq kəndinin meni növrağı
Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş tikinti-quruculuq işləri paytaxt Naxçıvan şəhərini də əhatə etmiş, mərkəzlə yanaşı, şəhərin ətraf qəsəbə və kəndləri də yeniləşmə prosesinə qoşulmuşdur. Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kəndi aparılan kompleks tikinti işlərindən sonra müasir qəsəbə görkəmi almışdır.
Abad yol iqtisadi inkişafın əsas göstəricilərindəndir. Muxtar respublikanın digər yaşayış məntəqələrində olduğu kimi, paytaxt Naxçıvan şəhərində də yol-nəqliyyat infrastrukturu yenidən qurulur.
Yanvarın 14-də Qaraçuq kənd avtomobil yolunun açılışı olmuşdur.
MR Ali Məclisinin sədri Vasif Talıbov yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Qaraçuqda yol şəbəkəsi müasir standartlara uyğunlaşdırılmış, 5,5 kilometr kənddaxili yola asfalt örtük salınmışdır. Müvafiq yerlərdə piyada keçidləri və digər yol-nəqliyyat nişanları quraşdırılmış, hərəkətin rahatlığı və təhlükəsizliyi təmin olunmuşdur. Yolun uzunmüddətli istismarı məqsədilə zəruri tədbirlər görülmüş, 51 su keçidi və 1036 metrlik beton kanal çəkilmişdir.
Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbi yeni binada
Həmin gün Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin binası istifadəyə verilmişdir. Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış edərək demişdir ki, son illər aparılan quruculuq işləri nəticəsində Naxçıvan şəhəri öz simasını tamamilə dəyişmişdir. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a uyğun olaraq Naxçıvan şəhərinin Qaraçuq kəndində də yeni məktəb binası, musiqi məktəbi, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, abad yol istifadəyə verilir. Bütün bunların muxtar respublikada əhalinin yüksək səviyyədə yaşayışının təmin edilməsinə hesablandığını bildirən Vüqar Səfərov Ali Məclis sədrini 55 illik yubileyi münasibətilə təbrik etmiş və göstərilən qayğıya görə Naxçıvan şəhər əhalisi adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aparılan kompleks quruculuq işləri nəticəsində Qaraçuq kəndində yeni sosial obyektlərin, eləcə də məktəb binasının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri və məktəbin kollektivini təbrik edərək demişdir: Ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə inkişafa nail olunmuşdur. Bu gün Azərbaycanda sabitliyin və iqtisadi inkişafın təmin olunması ölkə həyatı üçün vacib olan bütün sahələrdə, xüsusilə təhsil və ordu quruculuğu istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini zəruri edir. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Eyni zamanda, bütün bunlar həm də insan amilinə və ölkəmizin gələcəyinə göstərilən qayğının daha bir ifadəsidir.
Ali Məclisin sədri demişdir: Ölkənin gələcəyini hazırlamaq yalnız müasir məktəb binları tikməklə bitmir. Bu, həm də əsl vətəndaş yetişdirmək kimi mühüm bir vəzifəni zəruri edir. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbində dövlətimiz tərəfindən bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılıb. Bu gün Qaraçuq kəndində gənclər üçün müasir məktəb binasının, idman qurğularının, asudə vaxtın səmərəli təşkili üçün müsiqi məktəbinin istifadəyə verilməsi onların sağlam gənclik kimi yetişməsinə hesablanmış tədbirlərdir. Pedaqoji kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, bilikli, dünyagörüşlü və vətənpərvər gənclər hazırlamalıdırlar. Gənclərimiz isə özlərini gələcəyin qurucuları hesab etməli, yaxşı təhsil almalı, əsl vətəndaş kimi böyüməlidirlər.
Qeyd olunmuşdur ki, məktəbin nailiyyətləri uğurludur. Ötən tədris ilində ali məktəblərə qəbulun nəticələrinə əsasən Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbinin göstəriciləri muxtar respublikanın ümumi orta göstəricisindən yuxarıdır. Bütün bunlar nəzərə alınaraq 2014-cü ildə məktəb Azərbaycan Respublikasında “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.
Sonra Ali Məclisin sədri Naxçıvan şəhər ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbi 702 yerlikdir. Məktəb 5-i elektron lövhəli olmaqla 39 sinif otağından, kimya-biologiya və fizika laboratoriyalarından, hərbi kabinə, şahmat sinfi, 4 kompüter, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalından ibarətdir.
Ali Məclisin sədri ayrı-ayrı sinif otaqlarını və kabinələri gəzmiş, 1-ci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, cari tədris ilində məktəbin birinci siniflərinə 40 şagird qəbul olunmuşdur.
Kompüter otaqlarında 76 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Burada informatika dərsləri ilə yanaşı, ayrı-ayrı fənlərə aid elektron resurslardan istifadə və elmi-texniki yeniliklər barədə məlumat əldə etmək imkanı yaradılmışdır. Məktəbin kimya-biologiya və fizika laboratoriyaları da müasir avadanlıqlarla təchiz olunmuşdur.
Məktəbin kitabxanası da zəngin fonda malikdir. Burada 12 mindən çox dərslik və bədii ədəbiyyat vardır.
Ali Məclisin sədri elektron lövhəli sinifdə muxtar respublikanın 220 ümumtəhsil məktəbi ilə Heydər Əliyev muzeyi arasında videobağlantı vasitəsilə keçirilən virtual dərsi izləmişdir.
Şagirdlərin yüksək bilik alması və zəngin dünyagörüşünə malik olması həm də onların fiziki və əqli cəhətdən sağlam böyüməsindən asılıdır. Buna görə də ümumtəhsil məktəblərində bütün idman növləri, o cümlədən zehni inkişafın idmanı hesab edilən şahmatın tədrisinə xüsusi diqqət yetirilir. Şahmat sinfində müasir şahmat masaları və lövhələr quraşdırılmış, məktəbdə müasir idman zalı istifadəyə verilmişdir.
Məktəblilərin hərbi biliklərə yiyələnməsi, ən əsası vətənpərvər ruhda böyüməsi təhsil sahəsində qarşıya qoyulan ümdə vəzifələrdəndir. 9 nömrəli tam orta məktəbin müasir hərbi kabinəsi də bu vəzifələrin yerinə yetirilməsinə imkan verəcəkdir.
Müəllimlərlə görüşən Ali Məclisin sədri demişdir ki, məktəbin nailiyyətləri onu deməyə əsas verir ki, burada çalışqan və tələbkar müəllim kollektivi formalaşmış, tədris prosesi tələbkarlıq və qarşılıqlı hörmət əsasında qurulmuşdur. Hər bir insan öz əməyinin bəhrəsini görəndə sevinir, fərəh hissi keçirir. Müəllimlərin də əməyinin nəticəsi layiqli gənclər, vətəndaşlar yetişdirməkdir. Bu mənada hər bir müəllim öz fəaliyyəti ilə əslində ölkəmizin gələcəyinə xidmət etmiş olur. Müasir tədris avadanlıqları ilə təminat gələcəkdə də məktəbin uğurlarının artırılmasına imkan verəcəkdir. Məktəbin kollektivi də bu qayğıya cavab olaraq yaradılan şəraitdən düzgün istifadə etməli, nailiyyətlər artırılmalıdır.
Müəllimlərdən Aynur Qafarova və Lətifə Rəşidova onlar üçün yaradılan müasir tədris şəraitinə görə minnətdarlıq edərək demişlər ki, məktəbin müasir bina ilə təmin olunması, kollektivə göstərilən yüksək diqqət və qayğı təhsilin keyfiyyətinin yüksəlməsinə stimul verəcəkdir.
Məktəbin həyətində geniş abadlıq işləri görülmüş, gülkarlıqlar salınmış, açıq idman qurğuları və süni örtüklü mini futbol meydançası quraşdırılmışdır.
Musiqi məktəbinin şagirdləri üçün dəyərli töhfə
Qaraçuq kənd uşaq musiqi məktəbinin açılışı olmuşdur. Məktəbin müəllimi Rəmziyyə Abbasova çıxış edərək demişdir ki, son illər muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Qaraçuq kənd uşaq musiqi məktəbi üçün müasir binanın inşa olunması kollektivin sevincinə səbəb olmuşdur. Müəllimlər də göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc musiqiçi kadrların yetişdirilməsi istiqamətində səylə çalışacaq, muxtar respublikada mədəniyyətin inkişafına öz töhfələrini verəcəklər.
Ali Məclisinin sədri Vasif Talıbov kənd uşaq-musiqi məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Uşaq-musiqi məktəbləri muxtar respublikanın mədəni həyatının inkişafında xüsusi yerə malikdir. Ona görə ki, Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Universitetinin konservatoriyasının kollektivi bu məktəblərdə təhsil alan gənclər hesabına formalaşır. Musiqi məktəblərini bitirən gənclərimiz gələcəkdə öz təhsillərini bu məktəblərdə davam etdirəcəklər.
Ali Məclisin sədri açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, iki mərtəbəli məktəbdə 20 sinif otağı, direktor və müəllimlər otaqları, tədbirlər zalı və kitabxana vardır. Hazırda məktəbdə 55 müəllim tərəfindən 204 şagirdə musiqi sənətinin incəlikləri öyrədilir. Məktəbdə xalq çalğı alətləri, fortepiano və nəzəri fənlər şöbəsi fəaliyyət göstərir, tar, kamança, qarmon, skripka, fortepiano, nağara və xanəndəlik üzrə dərslər keçirilir.
Maddi-texniki bazanın gücləndirilməsi tədrisin yüksək səviyyədə təşkilinə, şagirdlərin müxtəlif musiqi ixtisasları üzrə hərtərəfli hazırlanmasına imkan verəcəkdir. Müasir inventar və avadanlıqlarla təchiz edilmiş məktəbdə 8 piano və digər ixtisaslar üzrə zəruri musiqi alətləri və tədris vəsaitləri vardır.
Müəllimlərlə söhbət zamanı Ali Məclisin sədri demişdir ki, muxtar respublikada gənclərin musiqi təhsili alması üçün lazımi şərait vardır. Ona görə də gələcəkdə musiqi məktəbinin fəaliyyəti daha da genişləndirilməli, nailiyyətlər artırılmalıdır. Müəllimlər ümumtəhsil məktəbləri ilə əlaqəli işləməli, istedadı və qabiliyyəti olan gənclər musiqi məktəbinə cəlb olunmalıdır.
Məktəbin müəllimi Ülkər Seyidzadə yaradılan şəraitə görə minnətdarlıq etmişdir.
Sonra Ali Məclisin sədri tədbirlər zalında məktəbin şagirdlərinin ifasında musiqi nömrələrini izləmiş, şagirdləri uğurlu çıxışlarına görə təbrik etmişdir.
Yerli icra strukturları üçün müasir iş şəraiti yaradılmışdır
Naxçıvanın müasir kənd modelinin özünəməxsus elementlərindən biri də yeni yaradılan kənd mərkəzləridir. Məhz bu mərkəzlər sayəsində kəndlərdə vahid idarəetmə sistemi formalaşır, sakinlərin problemlərinin operativ həllinə nail olunur. Aparılan quruculuq işləri zamanı Qaraçuqda da yeni kənd mərkəzi inşa olunmuşdur.
Mərkəzin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kənd mərkəzinin açılışını etmişdir.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan mərkəzdə rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 83 yerlik iclas zalı vardır.
Kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Qaraçuq və Bulqan kəndlərində 4700 nəfər əhali yaşayır. Onlardan 975-i dövlət büdcəsindən əməkhaqqı, pensiya, müavinət və ünvanlı sosial yardım alır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün ayrılan müasir iş otaqlarında sakinlərə nümunəvi xidmət göstəriləcəkdir.
Kənd mərkəzinin kitabxanası zəngin fondu ilə diqqəti cəlb edir. Burada 8 min 760 kitab vardır. Birinci mərtəbədə yerləşən rabitə evində əhaliyə nümunəvi poçt xidməti göstərilir. Burada quraşdırılan 640 yerlik yeni nəsil ATS Qaraçuq və Bulqan kəndləri üzrə 629 abonentə xidmət edir.
Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün ayrıca iş otağı ayrılmışdır. Məlumat verilmişdir ki, kəndin ictimai-mədəni həyatında fəal iştirak edən ərazi ilk təşkilatının 117 üzvü vardır. Onlardan 74-ü gənclər, 61-i isə qadınlardır. Polis sahə məntəqəsində yaradılan şərait də əməkdaşların səmərəli fəaliyyətinə imkan verəcəkdir.
Baytarlıq məntəqəsi Qaraçuq və Bulqan kəndlərinə xidmət göstərəcəkdir. Məntəqə lazımı dərman preparatları və səyyar avadanlıqlarla təchiz olunmuşdur. Bütün bunlar mal-qaranın xəstəliklərdən qorunması və baş sayının artırılması istiqamətində görülən tədbirləri daha da intensivləşdirəcəkdir.
Sakinlərə nümunəvi səhiyyə xidməti göstəriləcək
Muxtar respublikada həyata keçirilən sosial siyasətin mərkəzində səhiyyə islahatları dayanır. Bu səbəbdəndir ki, hər il yaşayış məntəqələrində müasir səhiyyə ocaqları tikilərək istifadəyə verilir. Yanvarın 14-də Qaraçuq kəndində də həkim ambulatoriyasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın açılışını etmişdir.
Binaya baxış zamanı bildirilmişdir ki, həkim ambulatoriyası 12 xidməti otaqdan ibarətdir. Burada baş həkim, stomatoloji kabinə, palata, doğuş, həkim-terapevt, peyvənd, aptek, mama, tibb bacısı, qeydiyyat, müayinə və manipulyasiya otaqları vardır. Hazırda bu səhiyyə ocağında 11 tibb işçisi çalışır. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuş, peyvəndləri saxlamaq üçün soyuducu, təcili yardım və peyvənd çantaları qoyulmuşdur. Sakinlərə nümunəvi səhiyyə xidməti göstərmək üçün burada lazımi şərait vardır.
Ali Məclisin sədri tibb işçilərinin ixtisasartırma kurslarına göndərilməsinin, onların praktik vərdişlərinin və nəzəri biliklərinin artırılmasının vacibliyini vurğulamış, kənddə dezinfeksiya işlərinin aparılması, gigiyenik qaydalara əməl olunması, əhaliyə, xüsusilə uşaqlara və hamilə qadınlara göstərilən səhiyyə xidmətinin təşkili barədə müvafiq tapşırıqlar vermişdir.
Yeni ünvan –xidmət mərkəzi
Həmin gün Qaraçuq kəndində aparılan kompleks quruculuq işləri çərçivəsində tikilən xidmət mərkəzi də istifadəyə verilmişdir. Ali Məclisin sədri xidmət mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Mərkəzdə sakinlərin zəruri məişət tələbatının ödənilməsinə hesablanmış bütün imkanlar mövcuddur. Burada ərzaq, sənaye və təsərrüfat malları olmaqla 3 mağaza, bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri fəaliyyət göstərir. Hazırda xidmət mərkəzində 9 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin sədri demişdir ki, Qaraçuq bu gün ölkəmizin, eləcə də muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrilmişdir. Müasirləşən yaşayış məntəqələrimiz, xüsusilə də kəndlər bu gün Azərbaycandakı mövcud sabitliyin və inkişafın daha bir ifadəsidir. Kənddə gənclərin yaxşı təhsil alması, idarəetmə strukturlarının səmərəli fəaliyyəti, insanların sağlamlığının qorunması və gündəlik tələbatlarının ödənilməsi üçün lazımi şərait yaradılmışdır. Bütün bunlar sakinlərin rahat yaşayışının təmin olunmasına, məskunlaşmaya xidmət edir. Kənddə aparılan quruculuq işləri və insanların rahatlığının təmin olunması ölkəmizdə ümummilli lideirmiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin, insan amilinə göstərilən qayğının və dövlətimizin iqtisadi gücünün göstəricisidir. Sakinlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, qurulanlar, tikilənlər qorunub saxlanılmalıdır.
Kənd ağsaqqalı Allahverdi Sayilov demişdir ki, bu gün Qaraçuq kəndinin quruculuq tarixi yenidən yazılır. Kənddə yaradılan şəriat insanların böyük sevincinə səbəb olmuşdur. Çünki bu işlər sakinlərin rahatlığı, firəvan yaşayışı deməkdir. Kənd əhalisi bütün bunları ulu öndərimizin siyasi xəttinin bəhrəsi kimi qiymətləndirir. Çalışacağıq ki, bundan sonra da ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafında yaxından iştirak edək, Naxçıvanın müasir tarixinin yaradıcılarına çevrilək.
* * *
Tikinti-quruculuq tədbirləri zamanı kənddə bir sıra abadlıq işləri də görülmüş, rabitə və enerji təchizatı yaxşılaşdırılmışdır. Bu məqsədlə 1300 metr fiber-optik, 1250 metr yerüstü və 1800 metr yeraltı rabitə kabelləri çəkilmiş, 400 kilovoltamper gücündə yeni transformator yarımstansiyası quraşdırılmışdır. Kəndin qaz xətləri yenilənmiş, yeni tikililərə 745 metr uzunluğunda qaz xətti çəkilmişdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.