Ölkəmizin subtropik “paytaxt”ıdır Lənkəran. Dumanı, yağışı-yağmuru başından əskik olmur. Ormanları hər fəsildə bir dona girir. Elə bu qış günlərində bəyaz örpəyinin altından yaşıl cığaları görünən çöllər əsrarəngiz tabloları xatırladır.
Qala-abidələr, təbiət qoruqları Lənkəranın sanbalını qat-qat artırır. Tarixin üz “qırış”ları yurdun qədimliyindən soraq verir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tunc dövründən, yəni eramızdan əvvəl III-II minilliklərdə insanların yaşadığını təsdiqləyir. Əsas karvan yollarının üstündə yerləşməsi Lənkəranın tarixi inkişafını şərtləndirib...
Azərbaycanda mövcud olan beş təbii coğrafi vilayətdən biri də Lənkərandır. Əlverişli fiziki-coğrafi şəraiti var. Ərazisi başdan-başa gözəlliklərlə hüdudlanıb. Uca dağətəyi sahədə 200 metr hündürlükdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.
Sovet dönəmində Lənkəran onilliklər boyu “ümumittifaq bostanı” kimi tanınsa da, hazırda zəruri infrastrukturu formalaşan böyük bir mədəni mərkəzə çevrilib. Şəhər park və xiyabanları, dövlət teatrı və universiteti, regional televiziyası, müasir hava limanı, modern emal və istehsal sahələri, parlaq reklamları ilə də öyünə bilər.
Bugünkü Lənkəranı cənub bölgəsinin mayak şəhəri də adlandırmaq olar. Sürətlə böyüyüb və turizm məkanı kimi tanınır. Bu qədim diyar limonu, narıngisi, mirvari düyüsü, ətirli çayı, mərcan balıqları ilə məşhurdur. Son bir neçə ildə burada şəhərsalma mədəniyyətinin geniş tətbiqi, zövqlə görülən abadlıq işləri diqqət çəkməyə bilmir. Lənkəranı bir görən bir də görmək istəyir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı hər addımda hiss olunur. Ölkəmizin bütün bölgələri kimi, Lənkəran da son illərdə sürətlə dəyişərək özünün ən parlaq dövrünü yaşayır. Hər tərəf təmizliyə bələnir, səliqə-sahmanla süslənir. Yeni parklar, bağlar salınır, çoxlu sayda sosial əhəmiyyətli obyektlər tikilir, iş yerləri açılır. Əhalinin həyat şəraitini yaxşılaşdırmaqdan ötrü yaşayış massivlərinə yeni qaz, su xətləri çəkilir, ən ucqar dağ kəndlərinin yolları təmir edilir, körpülər salınır. Dövlət başçısının müvafiq sərəncamları ilə arzu layihələri gerçəkləşir, xəyal ilğımları həqiqətə dönür.
İdarəetmə sahəsində böyük təcrübəsi olan Taleh Qaraşov Lənkərana icra hakimiyyəti başçısı təyin ediləndən sonra burada bütün sahələrdə xüsusi bir canlanma yarandığı müşahidə olunmağa başlayıb. İndi Lənkəranda hər kəs vəzifə borcuna daha böyük məsuliyyətlə yanaşır, etimadı konkret əməli işləri ilə doğrultmağa çalışır. Çünki tələb belə qoyulub.
Bu məqamda dahilərdən hansınınsa söylədiyi fikirlər yada düşür: yalnız əllərinin məharətinə güvənən adam fəhlədir, həm əlləri, həm də beyni ilə işləyən adam ustadır, əlləri və beyni ilə, eyni zamanda, ürəklə çalışanlarsa sənətkarlardır. Görünür, Lənkəranda üçüncülərə daha çox üstünlük verilir. Buna görə də əksər sahələrdə davamlı uğurlar qazanılır.
Şair dostumuz Ağamir Cavad bu diyarın gözəlliklərini misra-misra şeirlərə köçürən, dillər əzbəri edən qələm sahiblərindəndir. Lənkəran haqqında yazı hazırlamaq istədiyimizi bilən kimi dedi:
-Doğru olmaq, düz danışmaq imandandır. Mən Lənkəranın təəssübkeşi olsam da, obyektivlik hissini arxa plana atmaram. Nə üstünə qoyaram, nə də əskildərəm. Burada gedən quruculuq, abadlıq işlərini, əhalinin sosial rifah halını digər bölgələrimizlə müqayisə etmişəm. Açığını deyim ki, Lənkəran təkcə Bakıdan və digər iri şəhərlərdən geri qalır, qalan hamısından öndədir. Bunu necə görməmək olar? Rayon rəəhbərliyi, Taleh müəllimin özü şəxsən quruculuq işlərini gündəlik diqqətdə saxlayır. Deyir ki, zövq və keyfiyyət əsasdır. Lənkəranlılar Azərbaycan hökumətinin bu rayona xüsusi diqqətini hər zaman görür, dəyərləndirir və alqışlayırlar. Şairlərimiz, rəssamlarımız Lənkəranın ecazkar mənzərələrindən, təbəssüm dolu baxışlarından sonsuz ilham alır, yeni-yeni əsərlər yaradırlar. Bu həqiqətləri görmək istəyənlər, qoy, buraya qonaq gəlsinlər. Onları gülər üzlə qarşılayar, həvəslə rayonu gəzdirib gözəllikləri göstərərik.
Foto sənəti ilə məşğul olan, gözəlliklər aşiqi Əyyar Bədəlov da söhbətə qoşuldu:
-Lənkəranın gözəl guşələrini saymaqla, fotokameranın lentinə köçürməklə bitən, tükənən deyil. Buranın həm təbii gözəllikləri ruh oxşayır, həm də yaradan əllər mənzərələrə əlavə rəng qatır. Lənkəranda yaranmış işgüzar əhval-ruhiyyə örnək sayıla bilər. Bura həm də ictimai-siyasi, mədəni həyatın qaynar qazanıdır. Rəhbərlik öz iştirakı ilə bütün vacib tədbirlərə dəyər verir. Elə həftə olmur ki, bu və ya digər yaşayış məntəqəsində əhali ilə görüş keçirilməsin, camaatın sözü eşidilməsin. Müraciətlərin, təkliflərin hamısına həssaslıqla yanaşılır. Rəhbərlik hər hansı bir kəndə növbəti dəfə daha da ürəkli gedir. Çünki verdiyi vədlərin böyük bir qismini yerinə yetirmiş olur. Nəticədə yaşayış məntəqələri sürətlə simasını dəyişir. Bax, yenicə çəkdiyim bu şəkillərdən də gördüyünüz kimi, Lənkəran daim inkişafdadır.
Qısa müddətdə rayonun əsas magistral yolları olan Şürük-Vel-Qamışlı, Lənkəran-Vilvan-Osakücə-Türkəncil, Vilvan-Zövlə-Boladi-Liman, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolları tamamilə yenidən qurulub. Görülən işlər nəticəsində 100 mindən çox insanın rahat gediş-gəlişi təmin olunub.
Son 2 il ərzində Lənkəranda qazlaşdırma işlərinin sürətləndirilməsi nəticəsində rayonun 55 yaşayış məntəqəsinə təbii qaz xətti çəkilib. Hazırda ümumi dəyəri 210 milyon manatdan artıq olan su-kanalizasiya layihəsi həyata keçirilir. Artıq şəhərdə mindən çox ailə dünya standartlarına cavab verən içməli sudan istifadə edir. Eyni zamanda, qaz və su-kanalizasiya xətləri çəkilərkən qazılan küçələr və yollar daşıyıcı borular düzüləndən sonra örtülərək asfaltlanır.
Cənab Prezidentin sərəncamı ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanası yüksək səviyyədə əsaslı təmir olunub, şöbələr ən müasir tibb avadanlığı ilə təmin edilib.
Heydər Əliyev Xatirə parkı, Dövlət Bayrağı meydanı, Heydyr Əliyev Mərkəzi, lənkəranlı gənclərin sevimli yerinə çevrilmiş Gənclər Mərkəzi yerli sakinlərlə bərabər, rayona gələn qonaqların da sevimli məkanıdır.
Şəhərdə Azərbaycanlıların Soyqırımı parkı, Milli Qəhrəman Əsgər Əliyev adına park, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidə kompleksi yenidən qurulub, dekorativ ağac və kollar əkilib, yaşıllıqlar üçün suvarma şəbəkəsi yaradılıb, artezian quyuları qazılıb. Əraziyə tamet üzlüklər, səki daşları düzülüb, müasir işıqlandırıcılar çəkilib. Milli Qəhrəman Əsgər Əliyev adına parkda müasir dizaynda mənzərəli fəvvarə quraşdırılıb.
Lənkəran şəhərindəki Q.Vəliyev adına mədəniyyət mərkəzində əsaslı təmir və yenidənqurma işləri aparılıb. 2014-cü il aprel ayının sonlarından təmirə saxlanmış mərkəzdə ötən müddətdə binanın iç hissəsindən başlayaraq damı, tavanı və həyəti ən müasir şəkildə yenilənib, fasadı keyfiyyətli tikinti materialları ilə yenidən üzlənib. Şəhərin qədim tarixini özündə əks etdirən Tarix-Diyarşünaslıq Muzeyində (Xan evi) əsaslı təmir-bərpa işləri başa çatmaqdadır.
Təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün də tədbirlər davam etdirilir. Cari tədris ilinin başlanması ilə əlaqədar şəhər 8 saylı, Qurunba, Yuxarı Nüvədi, Daşdalığjar, Tütəpeştə, Xanbulan, Bəliton, Şağlaser, Separadi, Tükəvilə məktəbləri üçün yeni binalar tikilərək istifadəyə verilib, şəhər 2 saylı tam orta məktəbi əsaslı təmir edilib. Darquba kənd tam orta məktəbinin tikintisində son tamamlama işləri aparılır.
Sahibkarlar tərəfindən inşa edilən 120 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.
Şəhərin bütün mərkəzi küçələrində müasir işıqlandırıcılar quraşdırılıb. Şəhidlər Xiyabanı küçəsi şəhidlərin adına layiq şəkildə yenidən qurulub, ərazidəki avtomobil körpüsü genişləndirilərək əsaslı bərpa olunub, xiyaban boyunca hər iki tərəfdə səkilər tikilib, yan daşlar düzülüb, müasir işıqlandırıcılar quraşdırılıb, küçə boyu milli ornamentli divarlar hörülüb.
Şəhərin giriş hissəsindəki Göyşaban kəndi ərazisində yaradılmış yaşıl təpələr, “Ləvəngi”, Gərmətük yol dairələrindəki mənzərəli guşələr, magistral yollar boyunca milli ornamentli barılar ən tələbkar turistləri belə heyran edir. Bunların araya-ərsəyə gəlməsi üçün gərgin əmək sərf olunduğu şəksizdir.
Göyşaban kəndinədək uzanan Heydər Əliyev prospekti boyunca, Beynəlxalq Hava limanına gedən yolda ornamentli hasarlar hörülüb. Dəmiryol vağzalı ərazisində barılar təmir edilib, ağ laylarla üzlənib və əraziyə tamet döşənib, piyadalar üçün səkilər qurulub. Bakı-Astara magistral yolu boyunca rayonun Qumbaşı kəndindən Hirkan qəsəbəsinə qədər olan ərazidə də divarlar, hasarlar suvanaraq rənglənib, təzələnib.
Hazırda Lənkəran şəhərində, qəsəbə və kəndlərdə abadlıq, quruculuq və səliqə-sahman işləri davam etdirilir. Qışa hazırlıq üzrə tədbirlərin yerinə yetirilməsi rayon rəhbərliyinin ciddi nəzarətindədir.
Biz bu yazını hazırlayarkən rastlaşdığımız ayrı-ayrı vətəndaşların da ürək sözlərini diktofona yazdıq. Lənkəran şəhər sakini Nəsir Rzayev fikirlərini belə ifadə elədi:
-Yaşım 85-i haqlayıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan Xatirə parkı mənim və tay-tuşlarımın, eləcə də digər sakinlərin sevimli istirahət yeridir. Burada ürəyimiz istəyən kimi dincəlməyimizdən ötrü lazımi şərait yaradılıb. Vaxtımın çox hissəsini ağsaqqallarla birlikdə bu parkda, təmiz havada, gözəlliklərin əhatəsində keçirirəm. Bura zövqoxşayan, xoş ovqat yaradan ünvan olmaqla bərabər, biz qocalar üçün də həzin, kövrək xatirələr limanıdır.
Aşağı Nüvədi qəsəbə sakini Barat Məhərrəmov isə əmək veteranı olduğunu söyləyərək abadlıq-quruculuq işlərindən razılığını bildirdi:
-Mən uzun illər Baloğlan Abbasov adına sovxozda mexanizator işləmişəm. Hazırda təqaüddəyəm. Rayonun ictimai həyatında yaxından iştirak edirəm. Tez-tez nəvələrimi şəhərin park və xiyabanlarına gəzintiyə gətirirəm. Yaradılan gözəlliklər hamımızın ürəyincədir. Buna görə ölkəmizin rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyevə dərindən minnətdarıq.
Lənkəran Dövlət Humanitar Kollecinin tələbəsi Ramil Məmmədzadənin dedikləri:
-Bizim Lənkəran əsl gözəlliklər diyarıdır. Böyük həvəslə asudə vaxtımızın çox hissəsini oxuduğumuz kollecin lap yaxınlığında yerləşən Gənclər Mərkəzində keçiririk. Burada olduqca səmərəli və mənalı istirahət edirik. Vaxtın necə keçməsindən xəbərimiz olmur. Belə şəraitin yaradılmasına sevinirik. Şəhərimizin rəhbərliyi qədim diyarın tarixiliyini qoruyub saxlamaq şərtilə onun günbəgün müasirləşməsi üçün önəmli layihələri bacarıqla reallaşdırır. Bu gözəllikləri yaradanlar var olsun!
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri,
İltifat ƏHMƏDOV,
“Lənkəran” qəzetinin redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.