Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda bunun əksini görürük. Biz böyük sosial layihələri icra etmişik. Vaxtilə sovet dövründən qalan əmanətləri kompensasiya şəklində MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla insanlara qaytardıq...
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ötən ilin oktyabr ayında keçirilən IV Bakı Beynəlxalq Forumunda iştirak edən BMT-nin İnkişaf Proqramının direktoru Helen Klark çıxışında Azərbaycanın yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübəsinin başqa ölkələr üçün də örnək ola biləcəyini qeyd etmiş, təbii ehtiyatın ölkə sərvətinə və daha geniş insan inkişafına çevrilməsi üçün düşünülmüş və uzaqgörən dövlət siyasəti tələb olunduğunu və Azərbaycanın bu sahədə əhəmiyyətli qərarlar qəbul etdiyini vurğulamışdır.
Yoxsulluğun azaldılmasının bilavasitə iqtisadi və sosial siyasətlə bağlı olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti demişdir: “Bu bizim siyasətimizdir ki, sadəcə olaraq iqtisadi islahatlarla məşğul olmamalıyıq. Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərə gətirib çıxarır. Ancaq Azərbaycanda bunun əksini görürük. Biz böyük sosial layihələri icra etmişik. Vaxtilə sovet dövründən qalan əmanətləri kompensasiya şəklində MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla insanlara qaytardıq. Maaşlar, pensiyalar durmadan artır. Bir daha demək istəyirəm ki, yanaşmamız bundan ibarətdir və bu da ölkə qarşısında yeni imkanlar açır”.
Hazırda dünyada yoxsulluq səviyyəsi Dünya Bankının təklif etdiyi metodologiya üzrə ölçülür və gündəlik gəliri 2 dollardan aşağı olanlar yoxsul, həmçinin 1 dollardan aşağı gəliri olanlar ifrat yoxsul hesab edilirlər. Əgər 2003-cü ildə dünyada gündəlik gəliri 2 dollardan aşağı olan 2,6 milyard əhalinin müəyyən hissəsi ölkəmizdə idisə, bu gün dünyada gündəlik gəliri 2 dollardan az olan 2,5 milyard nəfər arasında Azərbaycan əhalisi artıq yoxdur. Çünki ölkəmizdə adambaşına ehtiyac meyarının məbləği (hazırda 100 manat) ayda 128 ABŞ dolları səviyyəsindədir və bundan aşağı gəlirlərlə həmin səviyyə arasında yaranan fərq yardım şəklində dövlət hesabına ödənilir.
BMT-nin son hesabatına əsasən, Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə sırasında 76-cı yerdə qərarlaşıb və yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub. Ölkədə minimum əməkhaqqının məbləği son 10 ildə 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əməkhaqqı 5,5 dəfə, əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə, 2006-cı ildən müəyyən edilən ehtiyac meyarının məbləği isə ötən dövrdə 3,3 dəfədən çox artmışdır. Bununla yanaşı, hazırda ehtiyac meyarı məbləğinin (100 manat) yaşayış minimumu məbləğinə (125 manat) nisbət göstəricisi də 80 faiz olmaqla, bir sıra inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri ilə eyni səviyyədədir. Ümumilikdə əhalinin gəlirləri 2003-cü ildəki 5,7 milyard manatdan 2014-cü ilin əvvəlinə 37,6 milyard manata çatmışdır. Əhalinin gəlirlərinin artımı müqabilində inflyasiya səviyyəsinin ilbəil birrəqəmli saxlanılması bu gəlirlərin rifah halının yüksəlməsinə təsirini stimullaşdırır.
Statistikaya görə, ötən ildə dövlət büdcəsinin xərcləri 12 milyard 694 milyon manat və yaxud 86 faiz icra olunmuşdur. Dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252 milyon manat və ya 8,9 faiz çoxdur. 2014-cü ilin 9 ayında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil etmişdir. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2 milyard 184 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44 milyon manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545 milyon manat vəsait yönəldilmişdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədlərinə cari ilin dövlət büdcəsindən 1 milyard 292 milyon manat vəsait sərf edilmişdir.
Ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan bütün infrastruktur layihələri uğurla icra edilmiş, 80 mini daimi olmaqla yüz mindən çox yeni iş yeri açılmışdır. Proqramın əvvəlindən, 2004-cü ildən indiyə qədər 1 milyon 300 min yeni iş yerinin açılması ölkədə işsizliyin 5 faiz səviyyəsinə enməsinə imkan vermişdir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25-30 faizə, gənclər arasında 50 faizə çatsa da, Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası əsas rol oynayır.
Azərbaycan Prezidentinin tapşırığı və nəzarəti ilə sosial proqramlar, layihələr icra edilmiş və deyə bilərik ki, dövlətin investisiya portfelində sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür. Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün önəmli addımlar atılmışdır. Ötən il də böyük vəsait ayrılmışdır ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Bakı və onun qəsəbələri proqramı icra edilib. Bu proqram çərçivəsində 3 minə yaxın məktəb tikilib istifadəyə verilib, onlarla xəstəxana, olimpiya kompleksi, mədəniyyət ocağı təmir edilib, tikilib, uşaq bağçalarının sayı artıb və təminat yaxşılaşıb. Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisi xüsusilə diqqət çəkir. Bir neçə il bundan əvvəl uşaq bağçaları ilə təminat cəmi 17 faiz idisə, son iki-üç il ərzində bu təminat 42 faizə qalxmışdır. İndi bölgələrdə yeni açılan sənaye müəssisələrində, tikiş fabriklərində işləyənlərin demək olar ki, mütləq əksəriyyəti qadınlar olduğundan bağçalara ciddi ehtiyac var.
Sosial məsələlərin həlli ilə bağlı ölkəmizin dinamik inkişafı, 2014-cü ildə uğurla davam etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamların icrasının nəticəsində, müharibə əlilləri və onlara bərabər tutulanlara Prezident təqaüdünün aylıq məbləği 50 faizə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezident təqaüdünün aylıq məbləği 81,8 faiz, əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6 faiz artırılmış, sosial təminat sistemində iki yeni təqaüd, bir yeni sosial müavinət növünün tətbiqinə başlanılmışdır. Belə ki, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinət kimi aldıqları 67 manatla birgə aprelin 1-dən ayda əlavə olaraq 60 manat Prezident təqaüdü ödənilir, İkinci Dünya müharibəsində müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə ilin əvvəlindən Prezident təqaüdünün və beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanıb. Eyni zamanda, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə qərar verilib. 11 avqust 2014-cü il tarixli fərmanla isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 2015-ci ildən ayda 200 manat məbləğində Prezident təqaüdü təyin olunacaq. Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği ötən il aprelin 1-dən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata qədər artırılmışdır. Ölkə üzrə əlilliyə görə əmək pensiyası alanların pensiyalarının orta aylıq məbləği 2006-cı ildə 32,3 manatdan 2014-cü ildə 149,2 manata yüksəlib. 2014-cü ilin əvvəlinədək növbədə olan, Qarabağ müharibəsi, 20 Yanvar, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət, ümumilikdə 5259 nəfər (onların 1453 nəfəri 2014-cü ildə) avtomobillə təmin olunmuş, oktyabra qədər bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilmiş, ilin sonuna kimi ayrı-ayrı bölgələrdə yeni yaşayış binaları istifadəyə verilməklə, daha 198 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilmişdir. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən isə 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.
Əlilliyi olan şəxslərin reabilitasiya göstəricisi ötən ildə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlmiş, təkrar əlillik müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı ümumən 5 251 nəfər azalmış, 5 882 nəfərə bərpa-müalicə xidməti göstərilmiş, əlilliyi olan şəxslər 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunmuşdur. Əhalinin rifah halının yüksəlməsi nəticəsində ünvanlı yardım alan ailələrin sayı 17,1 faiz azalmış, 200 peşə standartının layihəsi hazırlanmış, məşğulluq orqanları 27 727 nəfəri münasib işlərlə təmin etmiş, 3573 nəfər işsiz və işaxtaran vətəndaş peşə kurslarına cəlb olunmuşdur.
AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan AŞ-nın beynəlxalq və regional təşkilatlar, o cümlədən Aİ ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə xüsusi diqqət göstərir. Azərbaycan Hökuməti Avropa Sosial Xartiyasına qoşulduqdan sonrakı 10 il Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox səmərəli olub. Ölkədə ÜDM 3,4 dəfə artıb, iqtisadiyyata yatırılan investisiyaların həcmi 132 milyard ABŞ dolları təşkil edib. Ölkə əhalisinin gəlirləri isə 6,5 dəfə artıb. Son on il ərzində sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi 2014-cü ilin sonuna əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.
Azərbaycanın bir çox ölkələr üçün nümunəyə çevrilən, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən uğurlu təcrübələrindən biri dövlət başçısının fərmanına əsasən, ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılması və tətbiqinə başlanmasıdir. Bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib. “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın icrası ilə əlaqədar pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılmışdır. “Elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri DSMF-nun təqdim etdiyi elektron xidmətlər tutmuş, əhaliyə təqdim edilən elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanmışdır.
Dünya Bankının biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business 2015" hesabatına əsasən, Azərbaycan ən çox islahat aparan on ölkə sırasında səkkizinci yer alıb və məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir. Son 10 il ərzində Fondun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği, ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılması, orta aylıq məbləğin hazırda pensiyaçılar üçün yoxsulluq həddini üstələməsi, MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması təqdir edilən haldır.
Hazırda vətəndaşların pensiya kapitalı ödənilən sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Azərbaycan Prezidenti İlham Əliyevin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə, ümumiyyətlə, staj tələbi qoyulmayacaq. Yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 17,7 il, kişilər üçün isə 12,7 il təşkil edir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, güzəştli şərtlərlə erkən pensiyaya çıxan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir. Ölkəmizdə 1 milyon 290 min nəfərdən çox vətəndaş pensiya ilə təmin olunub, eyni zamanda 491 min nəfər sosial yardım, 321 min nəfər sosial müavinət alır. Ümumiyyətlə, sosial təminat sistemi ölkə əhalisinin 22 faizini əhatə edir.
Bu gün nüfuzlu beynəlxalq qurumlar və maliyyə institutları tərəfindən sosial islahatların Azərbaycan modeli keçid ölkələri üçün nümunə kimi qiymətləndirilir. Çünki sosial siyasətin ana xəttini təşkil edən ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi təmin edilmiş, müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur. İkincisi, dünyada olan çox mühüm bir problem - qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsi həyata keçirilmişdir. Üçüncü isə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunmuş və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapmışdır. Bütün bu uğurlara isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu sosial siyasət məsələlərinə daimi və ciddi nəzarəti, diqqəti, qayğısı nəticəsində nail olunmuşdur.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.