Zahid İbrahim oğlu Qaralov

Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralov 2015-ci il yanvarın 7-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Zahid Qaralov 1934-cü il iyul ayının 10-da Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1956-cı ildə Gürcüstanın Dmanisi rayonundakı Ormeşən kəndində orta məktəb direktoru kimi başlayan Zahid Qaralov 1959-1961-ci illərdə Dmanisi rayon komsomol komitəsinin birinci katibi olmuşdur. O, 1961-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun əyani aspiranturasında oxumuşdur. Zahid Qaralov 1964-1976-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və elmi işlər üzrə direktor müavini, 1976-1984-cü illərdə isə həmin institutun direktoru vəzifələrində çalışmışdır. O, 1984-1987-ci illərdə Azərbaycan Respublikası maarif nazirinin müavini işləmişdir. Zahid Qaralov 1987-ci ildən 1995-ci ilədək yenidən Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru vəzifəsini tutmuşdur.

Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq Zahid Qaralov 1995-2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Tutduğu vəzifələrdən asılı olmayaraq, o üzərinə düşən bütün işləri layiqincə yerinə yetirmiş, çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı daim doğrultmuşdur.

Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor elmi adını almışdır.

Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun xidmətləri təqdirə layiqdir. O, təhsil quruculuğu və məktəblilərin təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin 200-dən çox elmi məqaləsi və 60-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunmuşdur.

Respublikada pedaqogika sahəsində elmi kadrların hazırlanmasında Zahid Qaralovun böyük əməyi vardır. Onun rəhbərliyi altında onlarla tədqiqatçı dissertasiya müdafiə etmişdir. Alimin ölkəmizdə və onun hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr olunmuş müxtəlif elmi simpozium və konfranslardakı çıxışları mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.

Ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralov 1990-cı illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik nümayiş etdirmişdir.

Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, bacarıqlı maarif işçisi və xeyirxah insan Zahid İbrahim oğlu Qaralovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,

Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,

Ramiz MEHDİYEV, Mehriban ƏLİYEVA,

Elçin ƏFƏNDİYEV, Əli HƏSƏNOV,

Əli ƏHMƏDOV, Akif ƏLİZADƏ,

Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ,

Mikayıl CABBAROV, Yəhya KƏRİMOV,

Əjdər AĞAYEV


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında