Mingəçevir ərazisində məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri sürətlə davam etdirilir

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədilə yanvarın 6-da Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub.

Müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələrinin, eləcə də Mingəçevir Şəhər İcra Hakimiyyətinin, şəhərin elektrik enerjisi, təbii qaz, içməli su, istilik sistemi, telekommunikasiya sahələri üzrə idarələrinin rəhbərlərinin, eləcə də “Bakı-2015”  ilk Avropa Oyunları Əməliyyat Komitəsinin atletlər kəndinin və idman xidməti şöbəsinin müdiri Donna Teylerin, Kanoe Atletlər Kəndinin əməliyyat üzrə meneceri İsmayıl Zalovun iştirakı ilə əraziyə birgə baxış keçirən Əli Həsənov yeni şəhərcikdə tikinti işlərinin hazırkı vəziyyəti, indiyədək görülən işlər, nəzərdə tutulan tədbirlərlə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə yetirilməsi üçün konkret tapşırıqlarını verib.

 Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Mingəçevir şəhərinin ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün şəhərciyin salınması işləri sürətlə davam etdirilir. Layihəyə uyğun olaraq ərazidə 11 ədəd doqquzmərtəbəli, 594 mənzilli binalar tikilib. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər vardır. Ərazidə bundan əlavə, 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binalar tikilib. 

Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu ilin yayında “Bakı-2015” ilk Avropa Oyunlarının avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək. Həmin yarışların iştirakçısı olan idmançılar və komandaların nümayəndələri bu yeni salınan şəhərcikdə yerləşdiriləcək. Əli Həsənov ”Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələrinin iştirakı ilə bir neçə dəfə yeni qəsəbədə aparılan tikinti işlərinə baxış keçirdiklərini bildirib.

Əli Həsənov sözünə davam edərək deyib: “Bu gün biz Mingəçevirə yenidən səfər edərək yeni şəhərcikdə yarışın təşkilatçılarının tələblərinin icra olunması vəziyyətini yoxladıq. Onların dediklərinə görə, hələ ki, ərazidə işlər yaxşı gedir. İdmançıların qalmaları və məşq etmələri üçün lazımi şərait yaradılır. Biz bu binaları mart ayının əvvəlində  ”Bakı-2015”  ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinə və Azərbaycan Milli Olimpiya Komitəsinə təhvil verəcəyik. Bu gün Mingəçevir şəhərinin bəzi xidmət təşkilatlarının rəhbərlərinə də yarışlar zamanı bu şəhərcikdə yerləşəcək idmançılara hər cür şəraitin yaradılması üçün öz tapşırıqlarımı verdim. Burada qonaqların rahatlığının təmin olunması üçün lazımi işlər görüləcək. Hesab edirəm ki, şəhərcikdə inşaat işləri artıq başa çatdırılıb. Hazırda binaların daxilində təmir işləri sahəsində və ətrafın abadlaşdırılması ilə bağlı son tamamlama işləri görülür.

 Bu gün biz “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin atletlər kəndinin və idman xidməti şöbəsinin müdiri Donna Teyler və Kanoe Atletlər Kəndinin əməliyyat üzrə meneceri İsmayıl Zalov ilə müəyyən məsləhətləşmələr apardıq ki, gələcəkdə heç bir çətinlik olmasın. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq inşaatçılar işlərini vaxtında və keyfiyyətlə icra edirlər. Dövlətimizin başçısı İlham Əliyev Mingəçevirə səfəri zamanı bu yeni şəhərciyə də baxış keçirəcək, yaradılan şəraitlə tanış olacaq”.  

Baş nazirin müavini Əli Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin arzu və təkliflərini dinləyib və onlara öz tövsiyələrini verib.

Əli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilən Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir.

Məlumat verilib ki, ötən ilin mayında ərazidə tikinti işlərinə başlanılıb və hazırda binalarda son tamamlama işləri görülür. Binalarda hörgü işləri başa çatdırılıb, fasad hissəsində suvaq-malyar və rəngləmə işləri yekunlaşıb, elektrik, su-kanalizasiya xətləri çəkilib.

Əli Həsənov inşaat işlərinin sürətləndirilməsi məqsədilə konkret tapşırıqlar verib, işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib. O, tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması məqsədilə  əlavə işçilərin cəlb edilməsi ilə bağlı tapşırıq verib.

Məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edən Əli Həsənov bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Müşavirədə tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar və kifayət qədər işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildiriblər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında