Çağdaş elm dünyasında ətrafında qızğın söhbətlər və mübahisələr gedən ünlü bir alim var. O, dünya elm aləminə Lütfi Zadə adı ilə daxil olan Lütfi Rəhim oğlu Ələskərzadədir. Lütfi Zadə bizim müasirimiz və soydaşımızdır. O, 1921-ci il fevral ayının 4-də Bakıda dünyaya göz açmış, ibtidai təhsilini 16 saylı məktəbdə almışdır. Lütfi Zadələr ailəsi ötən əsrin 30-cu illərində Bakıdan İranın Tehran şəhərinə köçmək məcburiyyətində qalmışdır.
Lütfi Zadə Tehranda ingilis təmayüllü “Albroz” adlı peresvitran missioner kollecində təhsilini davam etdirmişdir. Sonra o, Tehran Universitetinin mühəndis-elektrik fakültəsinə daxil olmuşdur.
Lütfi Zadə 1942-ci ildə həmin universiteti uğurla başa vurub, Amerika Birləşmiş Ştatlarına getmişdir. O, 1944-cü ildən ABŞ-da yaşayır. 1946-cı ildə Masaquset Texnologiya İnstitutunu bitirmişdir. 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq dissertasiyası müdafiə edib professor elmi dərəcəsi almışdır. Bir müddət bu universitetdə çalışdıqdan sonra dünya şöhrətli alim Norbert Viperin təşəbbüs və təkidi ilə o, Berklidəki Kaliforniya Universitetinə getmişdir. Elə həmin vaxtdan professor Lütfi Zadə burada çalışır.
Harada işləməsindən asılı olmayaraq, professor Lütfi Zadədə elmi araşdırmaya, yenilik yaratmağa güclü meyil və maraq olmuşdur. Kaliforniya Universitetində işlədiyi dövrlərdə bu işə daha geniş imkan yaranmışdır. Ardıcıl elmi araşdırmalar nəticəsində 1965-ci ildə onun “Qeyri-səlis məntiq nəzəriyyəsi” meydana gəlmişdir.
Misilsiz elmi əhəmiyyətə malik olan bu nəzəriyyəni elə ilk andan Amerika elmi ictimaiyyəti soyuq qarşılamış və nə az, nə çox, düz 20 il bu münasibət beləcə davam etmişdir. Ayrı-ayrı dönəmlərdə Lütfi Zadənin özünə, həm də yeni elmi kəşfinə hücumlar olmuşdur. Hətta çox sonralar bu nadir kəşfin praktik nəticələri Yaponiyada böyük əks-sədaya səbəb olanda belə Amerika elmi ictimaiyyəti professor Lütfi Zadənin yaxasından əl çəkməmiş, onun yeni istiqamətini “yalançı”, “zərərli” elm adlandırmışlar. Çox da uzaq olmayan bir zaman kəsiyində — 1989-cu ildə ABŞ-ın Milli Elmi Cəmiyyəti qəflətən Berklidəki Kaliforniya Universitetinin professoru Lütfi Zadənin qeyri-səlis məntiqə aid dərsliklərinin elmi kitabxanalardan yığışdırılması, müsadirə edilməsi, “yalançı elm” olduğu üçün dərslik proqramlarından çıxarılması məsələsini ortaya atmışdır. Amma çox təəssüf ki, Amerika Milli Elmi Cəmiyyətinin bu “təmizləmə” əməliyyatı bir nəticə verməmişdir. Çünki artıq professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi praktik bəhrəsini göstərməyə başlamışdı.
Bu nəzəriyyə ilkin olaraq dünya informasiya texnologiyalarında çox ciddi dəyişikliklərə səbəb olmuş, diqqətçəkən irəliləyişlər yaratmışdır. Həmin səbəbdən də başabəla Amerika elm məmurları bu yeni riyazi fənnin və onun tətbiqinin inkişafını dayandıra bilmədilər. Professor Lütfi Zadənin bu elmi nəzəriyyəsi – kəşfi ilk dəfə çox şeyi özünə yaxın buraxmayan Gündoğar ölkə adlandırdığımız Yaponiyanın nəhəng sənaye və elektron şirkətlərində öz tətbiqini tapdı.
Onu deyək ki, professor Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsini ortaya qoymaqla həm dünya şöhrəti qazandı və həm də yeni riyaziyyatın əsasını qoydu. Bununla da həm dəqiq, həm də ictimai elmlərin inkişafında dərin iz buraxdı, yeni yanaşma üsulları yaratdı. Lütfi Zadə qeyri-səlis məntiqlə bu nəzəriyyənin kökündə duran modeli əsaslı surətdə həyata yaxınlaşdırdı, reallığa körpü saldı. Hazırda sənayenin çox sahələri qeyri-səlis məntiq üzərində qurulub. Müasir kompüter, paltaryuyan maşın, fotoaparat və s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır və gəlirlər milyardlarla ölçülür.
Bir ömürdə 6-7 elmi nəzəriyyə irəli sürən və dünya elmində çevriliş yaradan professor Lütfi Zadə XX və XXI əsrin ən böyük elm nəhəngidir. Müqayisə həmişə xətalıdır, ancaq daha anlaşıqlıdır. Fikir verin, Albert Eynşteyn fizikada inqilab etdi və özünə kimi Nyuton mexanikasının hər şeyə qadir olduğu fikrini aradan qaldırdı. Nəticədə, bu və ya digər elmi nəzəriyyələrin və ideyaların işləmə sərhədləri müəyyən edildi. Aydın oldu ki, bu sərhədə kimi Nyuton mexanikası - yəni klassik mexanika işləyir, bundan sonra isə yüksək sürətlər mexanikası, Eynşteyn nəzəriyyəsi gəlir.
Dünya elm tarixindən yaxşı bəllidir ki, Lütfi Zadə 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsini təklif etməklə Aristotelin bikar məntiqinin çərçivəsini yaxşı mənada dağıtdı, genişləndirdi. Riyaziyyatı ikiləşdirdi. Bu gün dünya universitetlərində iki riyaziyyat oxunur: klassik riyaziyyat, Zadə riyaziyyatı. Artıq bu, həqiqətdir: riyaziyyat dəyişəndə elmin dilləri və onlara yanaşmalar da başqalaşır. Lütfi Zadə gözümüz qarşısında fizikanı, kimyanı, təbiət elmlərinin əksəriyyətini dəyişdi və bu fərqlər onların sərhədlərini genişləndirdi.
94 yaşlı soydaşımız Lütfi Zadə indi bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-səlisliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq və reallığa bir addım da yaxınlaşmaq. Xatırladaq ki, bu elmi ideya, istiqamət ətrafında bir vaxtlar Albert Eynşteyn də baş sındırmışdı. Hətta ölümündən bir neçə saat əvvəl “imkanlar nəzəriyyəsi” ifadəsini işlətmişdi. Bu, elə qeyri-səlis məntiqdir ki, indi onun bazasında Lütfi Zadənin təklif etdiyi ikiqat qeyri-müəyyənlik bərqərar olur.
Xatırladaq ki, Lütfi Zadənin elmi kəşfləri, ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, həyatını yaxşılaşdırmağa xidmət edir. Elə bunun nəticəsidir ki, indi dünyanın aparıcı şirkət və firmaları Lütfi Zadə nəzəriyyələrinə, onun elmi ideyalarına dayaqlanırlar. Hamımızın yaxşı tanıdığı “Hitachi”, “Matsushita”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Fuji”, “Electric”, “Toshiba”, “Omron”, “Sanyo”, “Sony Trinitron”, “Daewoo”, “Samsung”, “Nec”, “Honda”, eləcə də Amerikanın kosmik uçuşlar sənayesində, “General Motors”, “General Electric”, “Motorola”, “DuPont”, “Kodak” kimi dünya şirkətləri bu dahi alimin elmi nəzəriyyələrindən bəhrələnərək, sıçrayışla inkişaf edir və böyük iqtisadi səmərəyə nail olurlar.
Həmyerlimiz Lütfi Zadə yaşının kifayət qədər yaşlı çağında da məhsuldar işləyir. O, NASA-nın və NATO-nun aparıcı mütəxəssisidir. Həmişə olduğu kimi, yenə də tez-tez dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar keçirilən beynəlxalq konfranslara qatılır, elmi məclislərə sədrlik edib dünya alimlərini yeni istiqamətlərə yönəldir. Bununla paralel, yaşadığı Berkli şəhərində öz adına olan “Institute Zadeh-ZİFT” informasiya texnologiyaları institutuna direktorluq edir. Professor Lütfi Zadə ünlü alman alimi Maks Plankdan sonra dünyada yeganə alimdir ki, hələ sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz var.
Təltiflərə o qədər də meyilli olmayan dahi alimin aldığı mükafatlar da yetərincədir. O, ayrı-ayrı vaxtlarda Yaponiyanın elmə ayırdığı ən nüfuzlu “Honda” və “Okava” mükafatlarını almışdır. Bir vaxtlar idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş və nüfuzlu beynəlxalq qurumların fəxri qızıl medallarına layiq görülmüş dörd nəfərin – Harri Nuquist, Riçard Belman, Rudolf Kaxman və Karl Astromun sırasına Zadə də daxil edilmişdir. O, həm də bir sıra beynəlxalq elmi qurumların üzvü və fəxri üzvüdür. Zadə “Qriqor Moisil”, “Rudolf Oldenburger”, “Riçard V. Hamming”, “Kempe de Feriye” və onlarca başqa qızıl medal və platin fəxri nişanlara da layiq görülmüşdür. Soydaşımız ABŞ Milli Mühəndislik Akademiyasına, Rusiya Təbiət Elmləri Akademiyasına üzv, Azərbaycan Milli Elmlər Akademiyasına fəxri akademik seçilmişdir.
Soruşula bilər: dahi alimi bu nəhəng işləri görməyə sövq edən nədir? Cavab birmənalıdır: gördüyü işə sonsuz sevgisi, nəzəriyyə və kəşflərinin praktik nəticələrini görmək arzusu və bir də qoynunda dünyaya göz açdığı Vətəni Azərbaycanı dahiliyi timsalında dünyaya tanıtmaq iddiası!..
Möhbəddin SƏMƏD,
yazıçı-jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.